Maddi və təbii varlıqlar və hadisələr çərçivəsində məhdud olan hissi və təcrübi mərifətə diqqət yetirməklə aydın olur ki, dünyagörüş prinsiplərini və onunla əlaqədar məsələləri təkcə təcrübi elmin nailiyyətləri əsasında tanıyıb həll etmək olmaz. Çünki bu kimi məsələlər təcrübi elmlərin hüdudları xaricindədir və heç bir təcrübi elm onların isbat və ya inkar olunması barəsində söz deməmişdir. Məsələn, Allahın varlığını laboratoriyalarda aparılan analiz və tədqiqatlar vasitəsilə isbat etmək, yaxud (nəuzu billah) inkar etmək olmaz. Çünki hissi təcrübə o qədər məhduddur ki, heç vaxt təbiətin fövqündə olan şeylərə yol tapa və maddi varlıqların və hadisələrin hüdudlarından xaricdə heç bir şeyi isbat, yaxud inkar edə bilməz.
Deməli, (əvvəldə qeyd olunan) elmi və təcrübi dünyagörüş ilğımdan başqa bir şey deyildir və onu tam mənada dünyagörüş adlandırmaq olmaz. Onu təkcə maddi aləmlə tanışlıq hesab etmək olar və bu cür mərifət dünyagörüşün əsaslı məsələlərinə cavab verə bilməz.
Amma təəbbüdi yollarla əldə olunan mərifət, qeyd olunduğu kimi, ikinci dərəcəli yönə malikdir və bu mərifət onun bir və ya bir neçə mənbəyinin etibarlı olmasının sübut olunmasından sonra gəlir. Yəni ilk növbədə bir şəxsin peyğəmbərliyi isbat olunmalıdır ki, onun sözləri mötəbər sayılsın. Bundan da əvvəl peyğəmbəri göndərənin, yəni Mütəal Allahın varlığı isbat olunmalıdır. Aydındır ki, peyğəmbəri göndərinin varlığını peyğəmbərə və həmçinin, peyğəmbərin peyğəmbərliyini onun sözlərinə istinad edərək isbat etmək olmaz. Məsələn, heç vaxt “Quran Allahın varlığı barədə bizə xəbər verdiyinə görə Onun varlığı bizim üçün isbat olunub” deyə bilmərik. Əlbəttə, Allahın vücudunun isbat olunmasından, İslam Peyğəmbəri (s) barədə mərifət kəsb edib onu tanıdıqdan və Quranın haqq olmasını bildikdən sonra füruiddini və digər əməli göstərişləri sadiq xəbərverənə və mötəbər mənbəyə istinadən qəbul etmək olar. Amma əsaslı məsələləri əvvəlcədən başqa bir yolla həll etmək lazımdır.
Deməli, təəbbüdi yol da dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yetərli deyildir.
İrfani və işraqi üsluba gəldikdə isə çoxlu mülahizələr və məsələlər meydana gəlir:
Əvvəla: Dünyagörüş zehni məfhumlardan təşkil olunan bir mərifətdir. Lakin şühudda (müşahidə olunan şeylərdə) zehni məfhumlara yer yoxdur. Deməli, zehni məfhumların şühuda istinad edilməsi bir növ məcazi məna daşıyır və onların mənşəyi mülahizə olunur.
Dostları ilə paylaş: |