İNSANIN HƏQİQİ KAMALI
Əgər alma ağacını barsız söyüd ağacı ilə müqayisə etsək, alma ağacının ona nisbətən daha artıq dəyərə malik və səmərəli olduğunu görərik. Bu mühakimə yalnız insanın meyvə ağacından istifadə etməsinə görə deyildir, əksinə, meyvəli ağac daha artıq kamil vücuda malik olduğundan və ondan daha artıq əsərlər vücuda gəldiyindən, zatən daha dəyərli sayılır. Amma elə həmin bu alma ağacı müəyyən xəstəliyə düçar olaraq təkamül yolundan çıxarsa, öz dəyərini əldən verəcəkdir. Hətta, başqaları üçün müəyyən infeksiya və ziyanların da mənşəyi olması gözlənilir.
İnsan da digər canlılarla müqayisədə həmin hökmdədir. Əgər öz layiqli kamalına çatsa və öz fitrətinə münasib olan əsərlər zahir etsə, onlardan (digər canlılardan) daha dəyərli olacaqdır. Amma azğınlığa düçar olarsa, heyvanlardan da alçaq və zərərli olması mümkündür. Belə ki, Qurani-kərim bəzi insanları canlıların ən pisi və heyvanlardan da azğın hesab edir.1
Digər tərəfdən, əgər bəzi adamlar alma ağacını yalnız çiçəklənən vaxta qədər görmüş olsalar, onun təkamülünün son həddinin elə bundan ibarət olduğunu və bundan artıq heç bir kamala malik olmayacağını təsəvvür edərlər. Eləcə də insanın orta səviyyədə olan kamalını müşahidə edənlər onun son kamal və həqiqətini dərk edə bilməzlər. İnsanın həqiqi dəyərini yalnız o kəslər tanıya bilər ki, onun yekun və son kamalından agah olsunlar.
Amma insanın həqiqi kamalı maddi və təbii kamallar kimi deyildir. Çünki əvvəllər bəyan olunduğu kimi, şəxsin insaniyyəti onun mələkuti ruhuna bağlıdır. İnsanın təkamülü də həqiqətdə onun ruhunun təkamülüdür ki, özünün ixtiyari fəaliyyətləri ilə əldə olunur. İstər onun daxili və qəlbi fəaliyyətləri olsun, istərsə də xaricdəki və bədənin üzvləri ilə olan fəaliyyətləri. Həmçinin belə bir kamal hissi təcrübələr və kəmiyyət tipli müqayisələrlə tanıyıb dəyərləndirmək olmaz və nəticə etibarı ilə, təbiidir ki, ona çatmaq yolunu da təcrübi vasitələrlə tanımaq olmaz. Deməli, özü belə kamal mərhələsinə çatmayan, hüzuri elm və qəlbi müşahidə ilə onu dərk edə bilməyən şəxslər onu əqli dəlil, yaxud ilahi vəhy və asimani kitablar yolu ilə tapmalıdır.
Amma ilahi vəhy, Quran ayələri və Əhli-beytin (ə) sözləri nəzərindən danılmaz bir məsələdir ki, insanın son kamalı onun vücudunun elə bir mərhələsidir və “qürbi ilahi” təbiri ilə qeyd olunur. Onun səmərəsi axirət aləmində zahir olacaq əbədi nemətlər və Allahın razılığıdır. Onun ümumi yolları ictimai və fərdi həyatın bütün yönlərini əhatə edən Allaha itaət edib təqvalı olmaqdan ibarətdir.
Əqli nəzərdən isə, bu mətləbə dair müəyyən fəlsəfi müqəddimələrə ehtiyac duyulan çox mürəkkəb dəlillər gətirmək olar ki, burada onların ən sadəsini təqdim edirik.
Dostları ilə paylaş: |