«Bunlar bizim Allah yanında şəfaətçilərimizdir.»1
«Biz bunlara yalnız ona görə ibadət edirik ki, Allah yanında bizim üçün böyük bir məqam əldə etsinlər.»2
Qurani-kərim belə cahilanə və yanlış təsəvvürləri rədd edərək buyurur:
«Onun üçün Allahdan başqa heç bir dost və şəfaətçi yoxdur.»3
Amma diqqət yetirmək lazımdır ki, belə şəfaətçiləri və belə şəfaəti inkar etmək şəfaətin mütləq şəkildə inkar edilməsi demək deyildir. Belə ki, Qurani-kərimdə mövcud olan bəzi ayələr Allahın izni ilə olan şəfaəti isbat edir, şəfaət edənlərin, eləcə də şəfaətə layiq görülənlərin şərtlərini bəyan edir. Allah tərəfindən icazə verilən şəfaətçilərin şəfaətinin qəbul olunması da Allahın onlardan qorxması və ya onlara ehtiyaclı olması mənasına deyildir, əksinə bu, elə bir yoldur ki, əbədi rəhmətə nail olmaq üçün azacıq ləyaqətə malik olan şəxslərin üzünə açılır, onun üçün müəyyən qayda-qanunlar da təyin edir. Həqiqətdə səhih şəfaətlə şirklə qarışıq olan şəfaət arasındakı fərq Allahın izni ilə olan təqdir və vilayətlə tam müstəqil şəkildə olan təqdir və vilayətə olan etiqad kimidir ki, bu da Allahşünaslıq bölməsində qeyd olundu.
Şəfaət kəlməsi bəzən daha geniş mənada işlənir və insanda başqasının vasitəsilə zahir olan hər bir xeyir təsirə səbəb olan işlərə aid edilir. Belə ki, ata-ana öz övladlarına, yaxud, müəllim şagirdlərə və şagirdlər də müəllimlərə, hətta azan verən şəxs onun azanı ilə namazı yad edən və namaza gələn şəxslər üçün şəfaət edir və həqiqətdə dünyada malik olduqları xeyrə səbəb olan əsərlər qiyamətdə şəfaətçi və əlindən tutan şey kimi zahir olur.
Digər məsələ bundan ibarətdir ki, günahkarlar üçün istiğfar edilməsi elə bu dünyada bir növ şəfaətdir. Hətta, başqalarının barəsində dua etmək, Allahdan onların hacətlərinin yerinə yetirməsini dilmək də həqiqətdə Allah yanında şəfaət hesab olunur. Çünki bunların hamısı Allah dərgahında başqa bir şəxsə xeyir çatdırmaq, yaxud şərin ondan dəf olması üçün vasitəçilikdir.
Dostları ilə paylaş: |