ALLAHIN KƏLAMI
Allah-taalaya mənsub edilən məfhumlardan biri də danışmaqdır. Qədim zamanlardan etibarən mütəkəllimlər arasında Allahın kəlamı barəsində geniş təhqiqat aparılmış və bəhslər irəli sürülmüşdür. Hətta, kəlam elminin belə adlandırılmasının səbəblərindən biri də bu elmin ardıcıllarının ilahi kəlam barədə təhqiqat aparmalarıdır. Əşərilər onu zati, mötəzililər isə feli sifət hesab etmişlər. Bu iki dəstədən olan mütəkəllimlərin arasındakı kəskin ixtilaflı məsələlərdən biri də Allahın kəlamı olan Quranın məxluqmu, yoxsa qeyri-məxluq olmasıdır. Hətta onlar bu məsələ ilə əlaqədar bir-birlərini kafir hesab edirdilər.
Zati və feli sifətlər barədə verilən izah və təriflərə diqqət yetirməklə asanlıqla anlamaq olar ki, danışmaq feli sifətlərdəndir və bunu müəyyən etmək üçün xitab olunan şəxsi nəzərə almaq lazımdır ki, səsi eşitmək, yazını görmək, zehnində bir məfhumu tapmaq, yaxud başqa bir şey vasitəsilə danışanın məqsədini başa düşsün. Əslində bu məfhum həqiqəti bir şəxs üçün aşkar etmək istəyən Allah ilə o həqiqəti dərk edən məxluq arasındakı əlaqədən irəli gəlir. Əgər danışıq üçün başqa bir məna nəzərə alınsa və misal üçün söz danışmağa qadir olmaq, yaxud sözün mənasından agah olmaq mənasına yozulsa, bu halda zati sifətlərə aid olur. (Bunun oxşarını feli sifətin digər qismləri barəsində demişdik.)
Amma Qurani-kərim yazılar, sözlər, zehnlərdə mövcud olan məfhumlar, nurani və mücərrəd həqiqət mənasında nəzərdə tutulsa, o zaman o, məxluqdur. Bir şəxs Allahın zati elmini Quran həqiqəti kimi qələmə versə, o halda o, zati sifət olan elmə qayıdacaqdır. Lakin Allah kəlamı, Qurani-kərim və s. barəsində bu cür yozumlar mövcud ürfdən kənardadır və bundan uzaq olmaq lazımdır.
Dostları ilə paylaş: |