Belə dualardan sonra gecənin yarısı yata bildim".(Qeyd)2
Sonradan məlum oldu ki, onun dua etdiyi an Həsənin yaralandığı an imiş. Xanım Daipur həmin həyəcanlarına görə bacılara tapşırmışdı ki, Həsən Baqirini gətirsələr, tez ona xəbər versinlər. Çox çəkmədən hadisənin xəbəri gəldi.
"Sübh namazı vaxtı mərkəz uşaqlarından Zöhrə Şəhabi xəstəxanadan zəng vurub dedi ki, gəl, gətirdilər. Soruşdum ki, necədir? Dedi: "Beyni zədələnib, durumu naməlumdur”.
Maşınım yox idi. Piyada yola düşüb özümü xəstəxanaya çatdırdım. Məhəmməd ağa orada idi. Məni görən kimi yol açdı. Başının üstə gedib salam verdim. Məni adımla çağırdı. Salamımı cavablayandan sonra beyninin sağlam olduğuna əmin olub rahatlaşdım".(Qeyd)1
Həsən alnından dərin yara almışdı. Həkimlərin tövsiyəsi ilə onu İsfahana, sonra da Tehranın Şəriəti xəstəxanasına apardılar. Bu hadisə ilə eyni zamanda düşmən Bostanın cənubunda güclü hücuma başladı, Sabilə körpüsündən keçib Çəzzabə boğazını kəsdi. Möhsün Rzayi çox narahat oldu.
"Düşmən cənubdan şimala, Həsən Baqirinin nəzarətində olan yerə keçib oranı tutmağa çalışırdı. Orada yolu aça biləcək şəxs Həsənin özü idi. Dostlara dedim ki, görün vəziyyəti necədir, xəstəxanadan çıxa bilər, yoxsa yox. Həkimlə birlikdə olsa da, gətirin, qərargahda otursun. Orada yaxından nəzarət və idarə edə bilsə, problemin həllinə kömək edər".(Qeyd)2
Həsən Baqiri də xəstəxanada qərarsız idi. Möhsün Rzayinin mesajını alan kimi dərhal ayağa qalxdı. Həkimlər deyirdilər ki, ən azı bir ay istirahət etməli, beyin sümüyü birləşməlidir, yoxsa daim başağrıları olacaq. O, həkimləri qane etdi ki, istirahət və müalicəsini qərargahda davam etdirəcək.
"Qərargahdan hadisələri izləyirdi. Elə arıq və yaralı bədəni ilə çəkdiyi zəhmət insan təsəvvürünün fövqündə idi. Uzun müddət işlədiyinə və yuxusuz qaldığına görə bədəni dözmür, şəkəri düşürdü. Serum qoşandan bir neçə dəqiqə sonra cana gəlirdi, qolunda serum iynəsi olduğu halda deyirdi ki, bu işi görün, o işi görməyin".(Qeyd)3
Düşmən Sabilənin önündən geri çəkildi və Qüds yolu əməliyyatı tam qələbə ilə başa çatdı. Bütün müsbət nəticələrindən əlavə, bu əməliyyat sübut etdi ki, yaradıcılıq qüvvəsi ilə dəmir divarları aşmaq mümkündür.
"Beynəlxalq sərhədlərə çatdığımız ilk bölgə Qüds yolu əməliyyat bölgəsi idi. Düşmən orada bacardığı qədər mina, kanal, tikanlı məftil və zirehli silahlardan ibarət dəmir divar çəkmişdi, onu aşmaq olduqca çətin idi. O qalanı yalnız kreativ bir fikirlə açmaq olardı. Biz onu “İmam Əlinin (ə) Xeybər zəfərindəki kreativliyi” adlandırdıq. O zaman Allah Rəsulunun (s) bütün komandirləri Xeybər qalasını aça bilməyəndə növbə Əmirəl-mömininə (ə) çatmışdı. Ondan soruşmuşdular ki, siz digərlərinin görmədiyi hansı işi görmək istəyirsiniz? İmam buyurmuşdu ki, mən bir yolla gedəcəyəm. Əksəri gülməyə başlamışdı. Bəziləri demişdilər ki, o, İslam döyüşçülərinin olan-qalanını da ölümə verəcək, İslam döyüşçülərindən heç birinin belə bir yolla Xeybər qalasına çatması mümkün deyil. Orada elə dərələr vardı ki, onlardan keçmək üçün saatlarla vaxt lazım idi. Biri də zarafata demişdi ki, oranın əqrəbləri Əlinin qoşununu sıradan çıxarmağa yetər. İmam Əli (ə) qətiyyətlə və ağıllı fikirlə Xeybər qalasını elə yerdən açdı ki, düşmən əsla nə baş verdiyini duymadı. Qaladakılar bir də başlarını qaldıranda İslam qoşununun başlarının üstündən qalaya girdiklərini gördülər. Qüds yolu əməliyyatı da belə oldu. Əgər döyüşçülərimiz cənub cəbhəsindən, Bostandan və ya Süsəngird istiqamətindən hücuma keçsəydilər, bir keçid də açıla bilməzdi. Bu, əməliyyatdan sonra bizə aydın oldu. Həsən Baqiri elə qumlu bölgə seçmişdi ki, yeriyəndə dizə qədər batırdın. Quruculuq cihadı təşkilatının uşaqları qum döşənəcəklər ixtira etmişdilər. Onlar torpağı qumla qarışdıraraq elə yol çəkmişdilər ki, düz hədəfə doğru gedirdi və göydən çəkilmiş fotolarda da görünmürdü. Bütün bu işlərin əsas yükü Həsən Baqirinin üzərinə düşürdü".(Qeyd)1
***
Qüds yolu əməliyyatından sonra növbəti addımın dəfələrlə böyük olacağını hamı bilirdi. Korpus getdikcə böyüyür, yeni hərbi birləşmələrə komandirlər seçilirdi. Bu seçim zamanı problem yaranırdı. Onlar komandirlik məsuliyyətini qəbul etmir, deyirdilər ki, xalqın övladları bizim əlimizin altında şəhid olacaqlar, biz bu məsuliyyəti qəbul edə bilmərik. Onlar deyirdilər ki, biri komandir olsun, biz də ona kömək edərik. Həsən Baqiri bu barədə Möhsün Rzayi ilə danışdı. Sonda qərara gəldilər ki, komandirlər İmam Xomeyni ilə görüşsünlər. 1982-ci il yanvarın 16-da Həsən Baqiri və digər komandirlər Tehrana yola düşüb ertəsi gün səhər çağı korpusun baş qərargahına çatdılar.
"İçəri girmək üçün korpus rəhbərliyindən qapıçıya icazə verilməli idi. Dedik ki, Həsən Baqiri və Rəşid korpus komandirləridir. Qapıçı dedi ki, komandir və qeyri-komandir fərq etmir. Bu zaman qapının altından korpusun binasına bir pişik girdi. Həsən qapıçıya dedi: "Pişik icazə almadan korpusa girdi!" Hamımız gülüşdük. Nəhayət, qapıçıya xəbər verildi və əməliyyat şöbəsində bir saat istirahət etdik. Baş komandanın əməliyyat üzrə müavini Hüseyn Kəlanimüqəddəm, ağa Rəhim və ağa Möhsün gəldi və Cəmarana yola düşdük. Oraya çatanda korpusun Ali Şurasının üzvlərinin və Kürdüstandan Nasir Kaziminin də gəldiyini gördük".(Qeyd)1
İmam Xomeyninin otağına təxminən iyirmi nəfər girdik. İmamın Qüds yolu əməliyyatı barədə ətraflı məlumatı vardı. Bununla yanaşı, qərara gəldilər ki, bir nəfər əməliyyat barədə məruzə etsin. Bu iş Həsən Baqiriyə həvalə olundu. Cəld bir ağ kağız üzərinə əməliyyat planını çəkib imama izah etdi. İmam ona bir neçə sual verdi, Həsən də cavabladı. Sonra Möhsün Rzayi danışmağa başladı:
"Ağa Möhsün imama dedi ki, əməliyyatlarda böyük uğurlar əldə olunub, biz artıq irimiqyaslı əməliyyatlara başlamaq istəyirik. Xalq könüllüləri yaxşı dəstək verirlər, təşkilat genişlənib, amma komandirlər tabeliklərində olan uşaqların şəhid olmalarından narahatdırlar. Onlar komandir yerinə sıravi döyüşçü olmaq və ya təhsillərini davam etdirmək istəyirlər. İmam Xomeyni buyurdu ki, bu işin sizin əlinizlə baş tutduğuna görə Allaha şükür etməlisiniz. Allah bu işdən ötrü sizi seçib. Şəhidlərin adları Allahın dəftərindədir. Siz kimin şəhid olduğu, kimin olmadığı ilə maraqlanmayın. Lakin ağılla, düşüncə ilə hərəkət edin. Özünüzü boşuna ölümə verməyin. Unutmayın ki, cəsarət başqa şeydir, dəlilik başqa şey.
İmam Xomeyni “Kaş mən də bir pasdar olaydım” cümləsini həmin görüşdə söylədi və əlavə etdi: “Siz nə edirsiniz, mən nə edirəm! Siz gedib İslam düşmənləri ilə vuruşursunuz, mənsə burada qalmışam, vuruşa bilmirəm. Öz qədrinizi bilin. Əsas odur ki, niyyətiniz ixlaslı olsun və Allaha şükür ki, belədir. İyirmi yaşlı bu gənclərin ruh yüksəkliyi insanı heyran edir. Məqsədimiz budur ki, Qərbin və şah sisteminin iflic etdiyi bu ölkəni İslama qaytaraq. Bundan başqa məqsədimiz yoxdur”.
İmamın evini mühafizə etdiyim dövrdə olduğu kimi, yenə onun yanında dayandım. Uşaqlar bir-bir imamın əlini öpdülər. Həsən Baqiri dedi ki, dua edin, şəhid olaq. İmam buyurdu: "Dua edəcəyəm ki, qalib olasınız".
Dostları ilə paylaş: |