Nə deyə bilərdim?! Dedim ki, düz deyirsiniz. Mənə dedi: "Üzərindən götürülsün deyə, məruzə yazırsan".
Deməyə söz tapa bilmədim. Həsən Baqiri ilə dəqiq danışmalı, sözümüzü əsaslandırmalı idik. Heç nəyi asanlıqla qəbul etmirdi".2(Qeyd)
***
Əməliyyatların ilk mərhələsində əldə olunan qənimətlər arasında Həsən Baqiri hər şeydən çox sənədlərə diqqət yetirirdi.
"O zaman heç kim iraqlıların sənədlərinə əhəmiyyət vermirdi, kağız parçası kimi ayaqlar altda qalırdı. İlk dəfə Həsən Baqiri onların dəyərli olduğunu söylədi. Hamıya tapşırmışdı ki, iraqlılara aid sənəd tapsaq, dərhal Cənub əməliyyat qərargahına göndərək. İlk dəfə sənəd tapanda tez bir neçə nəfərə onları tərcümə etməyi tapşırdı və kəşfiyyat-diversiya bölüyündə tərcümə şöbəsini yaratdı. O, dinləməyə də çox əhəmiyyətli yanaşırdı. Əvvəldən qardaşlara demişdi: "Əgər imkan olsa kiçik bir ratsiya təşkil edin və iraqlıların nə danışdıqlarını dinləyin".1(Qeyd)
Bəlkə də jurnalist keçmişindən irəli gələrək öz üsulu ilə iraqlı əsirlərlə danışır, İraq ordusunu öyrənməyə kömək edən məlumatlar toplayırdı.
"O, zabitlərdən gizir və əsgərlərlə necə rəftar etdikləri haqda soruşurdu, qida məsələsində zabitlərlə gizirlər arasında hansı fərqlərin olduğunu öyrənməyə çalışırdı, əsgərlərin yeməyi, meyvəsi, deserti, siqareti ilə maraqlanırdı, zabitlərin onlarla rəftarına dair suallar verirdi. Məzuniyyət barədə soruşurdu ki, komandirlərin neçə günlük məzuniyyət haqları var, yüksək rütbəli komandirlər nə zaman məzuniyyətə çıxırlar: ayın əvvəlində, ortasında, yoxsa sonunda? Yoxsa xüsusi bir zamanı yoxdur? Çavuş və gizirlərdən onların əsgərlərlə hansı fərqlərinin olduğunu soruşurdu, onları pulla, məzuniyyətlə, rütbə ilə, yoxsa ordenlə həvəsləndirdiklərini öyrənir, hər birinin təfərrüatı ilə maraqlanırdı".1(Qeyd)
Həsən Baqiri düşmənə dair ümumi məlumatlardan əlavə İraq komandirləri adlı bir qovluq açdı, Səddamdan tutmuş Müdafiə naziri Adnan Xeyrullaha, qərargah rəisi Əbdülcabbar Xəlilə, istixbarat rəisi Əbdülcavad Zənuna, korpus, diviziya, briqada, batalyon, bölük və taqım komandirlərinə qədər hamısını araşdırmağa başladı. O, Səddamın və Bəəs ordusunun yüksək rütbəli komandirlərinin çıxışlarını diqqətlə dinləyirdi, onların sözlərinin arasında mühüm məqsədlərini və lazımi informasiyaları öyrənməyə çalışırdı. O, bütün imkanlardan bəhrələnirdi, peyk fotosundan, dinləmədən, sənədlərdən, əsirlərlə və İraq hərbi birləşmələrinə nüfuz etmiş şəxslərlə söhbətlərdən məlumatlar toplayırdı.
"İraq ordusunda onun iti gözlərindən qaçan bir şey yox idi. İraqın bölgədə irəliləmə sisteminin necə olduğunu, hansı korpusunun hansı əraziyə nəzarət etdiyini, diviziya və briqadalarının harada yerləşdiyini bilirdi. İraq ordusunun zirehli birləşmələrini onun qədər heç kim tanımırdı. O, tankların növünü, topların, zenit raketlərinin və yüngül silahların sayını və modelini, batalyonların silah-sursat imkanlarını bilirdi. İraq ordusunu tam öyrənmişdi".2(Qeyd)
Həsən Baqiri düşməni tanımaqdan ötrü tez ərəb dilini öyrəndi. Onun kəşfiyyatçılarından olan Müəyyid Rizvani 1981-ci ilin ilk aylarında Həmid Müiniyan tərəfindən təqdim olundu və qolf meydanında sənədlərin tərcüməsi işinə başladı. Həsən Baqiri ondan ərəb dilini öyrənmək üçün də kömək alırdı.
"Bir gün mənə dedi: "Ərəbcə danışmağı o qədər istəyirəm ki, balıq kimiyəm". Soruşdum ki, yəni necə? Dedi: "Balıq suda nə deyir?" Dedim ki, məgər balıq nəsə deyir? Dedi: "Balığın ağzına baxsan görərsən ki, "ab" (su) deyir. Bu onu göstərir ki, həmişə su istəyir. Mən də balığın su istədiyi qədər ərəb dilini öyrənmək istəyirəm".
Dostları ilə paylaş: |