AYƏ 73:
﴿وَلاَ تُؤْمِنُواْ إِلاَّ لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللّهِ أَن يُؤْتَى أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾
TƏRCÜMƏ:
«(Həmçinin dedilər): Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»
İNCƏ MƏTLƏBLƏR
1. İslam düşmənləri öz məkirli planlarında gizli iş görməyi üstün tutur və özlərindən başqasına etimad etmirlər.
2. Allahın mərhəmət və lütfü hansısa qrupa məxsus deyildir.
3. Təəssübkeşlik qadağandır.
AYƏ 74:
﴿ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ ﴾
TƏRCÜMƏ:
«İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir.»
TƏFSİR:
Allahın heç bir qövmə yəhudilər kimi Öz lütf və mərhəmətini şamil etməyəcəyini təsəvvür etmək xam xəyaldan başqa bir şey deyildir. Allah-təala Öz risalətini hansı qövmün öhdəsinə qoyacağını daha yaxşı bilir. O Öz bəndələri arasında ən yaxşı fərdi seçərək Öz mərhəmətini onun halına şamil edir. Allahın həm lütf və mərhəməti genişdir, həm də bir kəsi hikmət əsasında seçir.
AYƏ 75:
﴿وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لاَّ يُؤَدِّهِ إِلَيْكَ إِلاَّ مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَيْسَ عَلَيْنَا فِي الأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ﴾
TƏRCÜMƏ:
«Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.»
TƏFSİR:
Əxlaqi dəyərlər və insani keyfiyyətlər həmişə sabitdir: əmanət həmişə yaxşı iş, xəyanət həmişə və hər kəsə qarşı pisdir. Günahdan da böyük və xoşagəlməz iş günaha bəraət qazandırmaqdır. Onlar camaatın mal-dövlətini nahaq yerə yeyir və deyirlər ki, Allah bizim bu işlərimizlə razıdır.
Dostları ilə paylaş: |