«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə19/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

AYƏ 61:


﴿فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ﴾

TƏRCÜMƏ:


«Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa ( haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz öz övladlarımızı çağıraq, siz öz övladlarınızı çağırın, biz öz qadınlarımızı çağıraq, siz öz qadınlarınızı çağırın, biz öz nəfslərimizi (canlarımızı) çağıraq, siz öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək

TƏFSİR:


1. Bu şərif ayə, onda işlənən «nəbtəhil» kəlməsinə əsasən «mübahilə» adı ilə məşhurdur. Mübahilənin mənası şəxsi mənafeləri kənara qoyaraq Allah dərgahına üz gətirib yalvarış etməklə batil əhlinin həlak olub lənətə məruz qalmasını istəməkdir.

Sünni və şiə təfsirlərində, eləcə də bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin onuncu ilində bir neçə nəfər Rəsuli-Əkrəmin (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran məsihiləri Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyirlər. Bu ayə nazil oldu və buyuruldu: “Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtina edənlərə de: “Gəlin biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (bizim canımız dəyərində olanları) çağıraq, siz də öz nəfslərinizi çağırın, sonra mübahilə edək və yalançılara Allahın lənət etməsini istəyək. Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik.

Nəcran nümayəndə heyəti Peyğəmbəri-Əkrəmdən (s) mübahilə təklifini eşitdikdə təəccüblə bir-birinə baxaraq heyrətdən donub qaldılar. Buna görə də bu barədə fikirləşib məşvərət etmək üçün Peyğəmbərdən (s) möhlət istədilər. Onlar Peyğəmbərin (s) hüzurundan gedib bir-biri ilə məsləhətləşməyə başladılar.

Böyükləri onlara dedi: “Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur. Amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın.”

Mübahilə günündə gördülər ki, Peyğəmbəri-Əkrəm (s) iki uşaq, bir cavan kişi və bir cavan qadınla gəlir. O iki uşaq Həsən (ə) və Hüseyn (ə), o cavan kişi Əli ibn Əbu Talib (ə) və qadın da Fatimeyi Zəhra (s) idi.

Məsihilərin yepiskopu dedi: “Mən elə çöhrələr görürəm ki, əgər Allahdan dağların yerindən qopmasını istəsələr, hökmən qopar. Əgər bunlar qarğış etsələr, yer üzündə bir nəfər belə məsihi qalmaz.”

Beləliklə də mübahilə fikrindən dönüb Peyğəmbərlə (s) razılaşdılar ki, hər biri qırx dirhəm qiymətində olan iki min hilləni müsəlmanlara versinlər.

Bu hadisə şiə təfsir kitablarından əlavə, mötəbər sünni kitablarında da qeyd olunmuşdur.1

2. Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin və Peyğəmbərin (s) qəbrinin arası təqribən iki kilometrdir. İlahi, bizə onun ziyarəti və şəfaətini nəsib et!

3. Mübahilə məsələsi həmin dövrlə bitmir; bəzi rəvayətlərdə qeyd olunur ki, siz də istədiyiniz şəxslə mübahilə edə bilərsiniz. «Nurus-səqəleyn» təfsirinin 1-ci cildinin 351-ci səhifəsində bu məsələ ilə əlaqədar imam Sadiqdən (ə) bir hədis nəql olunmuşdur. Həzrət (ə) bu barədə müəyyən göstərişlər vermişdir.

«Üsuli-kafi» kitabının 2-ci cilidinin «mübahilə» adlı bölməsində beş hədis qeyd olunmuşdur. Orada bəyan edilir ki, siz də 3 gün özünüzü islah edib oruc tutduqdan sonra müxaliflərinizlə mübahilə edə bilərsiniz. Mübahilə belə edilməlidir: Sübh açılan vaxtla gün çıxan vaxt arasında sağ əlinizin barmaqlarını qarşı tərəfin barmaqlarının üstünə qoyacaqsınız. Bu zaman xüsusi dua oxunmalıdır.

İNCƏ MƏTLƏBLƏR

1. Əli ibn Əbu Talib (ə) Rəsuli-Əkrəmin (s) canıdır.

2. Hər kəs məntiq, dəlil və möcüzə yolu ilə haqqın qarşısında təslim olmazsa, onu qəbul etməzsə, onu məhv olmaqla təhdid etmək lazımdır.

3. Möminin ən axırıncı vasitəsi və ən kəsərli silahı duadır.

4. Əgər siz möhkəm dayansanız, düşmənləriniz batil olduğuna görə geri çəkiləcəklər.

5. Allah və Onun Rəsulu (s) bu əməllə bizim hamımıza anlatmaq istəyir ki, adları qeyd olunan şəxslər Rəsuli-Əkrəmin (s) haqq dəvətindəki köməkçiləri və onun hədəfinin aparıcılarıdır. Buna görə də bu hadisə zamanı onunla gələrək hər növ təhlükəni qəbul etməklə onun başladığı hərəkəti davam etdirmişlər.




Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin