AYƏ 46:
﴿ وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَمِنَ الصَّالِحِينَ ﴾
TƏRCÜMƏ:
«İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»
TƏFSİR:
Həzrət İsanın (ə) beşikdə danışması onun gələcəkdən xəbər verməsidir ki, böyüdüyü vaxta qədər sağ qalacaqdır.
İNCƏ MƏTLƏBLƏR
1. Həyat yoldaşına malik olmayan Həzrət Məryəmə övlad verməyə qadir olan Allah beşikdə olan uşağa da danışmaq qüdrəti verə bilər.
2. Allah-təala bir şəxsin yersiz ittihamlardan pak olmasını istəsə, hətta dilibağlı uşağı da danışdıra bilər.
3. Allah istəyərsə, uşaq da böyüklər kimi danışar.
4. Məryəm kimi əməlisaleh və pak bir qadının övladı məhz İsa kimi əməlisaleh insandır.
5. Allahın istədiyi bir şəxs hətta uşaqlıq çağlarında belə ilahi xəbərləri insanlara çatdıra bilər. Buna görə də imamlarımızdan bəziləri, o cümlədən, İmam Cavad (ə), İmam Əliyyən Nəqi (ə) və İmam Zaman (ə) uşaqlıq çağlarında imamət məqamına çatmışlar.
AYƏ 47:
﴿ قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ ﴾
TƏRCÜMƏ:
«(Məryəm) dedi: Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?! Dedi: Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur.»
TƏFSİR:
Allahın iradəsi varlıqların yaranma səbəbidir və O, maddi və təbii amillər, vasitələr və səbəblər olmadan da hər hansı bir şeyi yarada bilər. Səbəbləri yaratmaq və səbəblərin təsirini aradan aparmaq Allahın əlindədir. Bəzən müəyyən şeylərin mövcud təsirini ondan alır, bəzən isə müəyyən şeylərə (onların malik olmadıqları halda) təsir bağışlayır. Varlıqların yaranması, onların həyatının davam etməsi, varlığın əsər-əlamətləri, əsərlərin miqdarı, növü və zamanı və s. bütün bunların hamısı Allahın iradəsinə tabedir. Quranda Zəkəriyyanın (ə) cavabında «yəfəlu ma yəşau» (istədiyi işi yerinə yetirir), Məryəmin (ə) cavabında isə «yəxluqu ma yəşau» (istədiyini xəlq edir) deyə buyurulmasının səbəbi bu ola bilər ki, ərsiz, bakirə qızın övlad dünyaya gətirməsi qoca kişinin övlad sahibi olmasından daha da təəccüblüdür.
Daha sonra bu mətləb təkmilləşdirilərək buyurulur: «Bir şeyi iradə və müqəddər etdiyi (və onun vücuda gəlməsinin hökmünü verdiyi) zaman ona «ol!» deyər, o da dərhal vücuda gələr.»
İNCƏ MƏTLƏBLƏR
1. Allahın hansısa bir şeyi yaratmaqda iradəsi qeyri-məhduddur. Onun xəlq etməsi – istər təbii, istərsə də qeyri təbii yollarla olsun, eyni səviyyədədir.
2. Allahın hər hansı bir varlığı qeyri adi yollarla yaratması yeni bir məsələ deyil. Əvvəllər də belə bir hadisə baş vermişdir.
3. Sual və təəccübün mənşəyi inkar və inadkarlıq olmazsa, heç bir eybi yoxdur.
AYƏ 48:
﴿ وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ ﴾
TƏRCÜMƏ:
«Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.»
TƏFSİR:
Şiə və sünni alimlərinin təfsir kitablarında qeyd olunur ki, «kitab təlimi» dedikdə məqsəd xətt və yazı, «hikmət təlimi» dedikdə isə məqsəd əşyaların faydaları, təsirləri, məsləhət və ziyanları, eləcə də işlər, əxlaq və etiqad nəzərdə tutulur. İstər dünyaya aid olsun, istərsə də axirətə.
İNCƏ MƏTLƏBLƏR
1. Rəhbərliyin şərait və prinsiplərindən biri kimi əsas şey elm, hikmət və səmavi kitabların möhtəvasından lazımi qədər agahlığa malik olmaqdır.
2. Hər bir zamanda rəhbərlik keçmişdəki hadisə və qanunlara agahlıqla yanaşı olmalıdır (Allah İsaya (ə) Musanın (ə) Tövratını öyrətmişdi).
AYƏ 49:
﴿وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِىءُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
TƏRCÜMƏ:
«Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.»
TƏFSİR:
Bu ayədə Həzrət İsanın (ə) möcüzələrindən söhbət açılaraq buyurulur ki, Allah-təala onu peyğəmbər olaraq Bəni-İsrail qövmünə göndərdi. Ona əmr olunmuşdu ki, Bəni-İsrail qövmünə belə desin: “Mən Pərvərdigarınız tərəfindən sizin üçün nişanə gətirmişəm. Təkcə bir nişanə deyil, çoxlu nişanələr gətirmişəm! Mən palçıqdan quş şəkilli bir şey düzəldib, sonra ona üfürürəm, Allahın izni ilə quşa çevrilir.”
Sonra onun ikinci möcüzəsinə, yəni çox çətin müalicə olunan və ya ümumiyyətlə, əlacsız xəstəlikləri sağaltmasına işarə edilir. O buyurur: “Mən anadangəlmə korları və xora xəstəliyinə tutulanları müalicə edirəm.”
Şübhəsiz bu məsələ, xüsusilə o dövrün həkim və alimləri üçün inkaredilməz bir möcüzə sayılırdı. Üçüncü mərhələdə isə Həzrətin (ə) digər bir möcüzəsinə işarə edilərək onun dilindən buyurulur: «Mən ölüləri Allahın izni ilə dirildirəm.»
Bütün zamanlarda bu iş möcüzə və xariquladə işlərdən sayılıb.
«Məcməül-bəyan» təfsirində deyilir: Həzrət İsa (ə) çox ölüləri diriltmişdi. O cümlədən, bir nəfərin tabuta qoyularaq dəfn olunmaq üçün qəbristanlığa tərəf aparıldığını görüb dua edir və o dirilir. Sonra tabutdan çıxıb, paltar geyinir və evlərinə qayıdır. Daha sonra çoxlu övlad sahibi olur.
Digər bir möcüzəsi də on yaşlı qızı diriltməsidir. Belə ki, İsa (ə) onu ölümündən bir gün sonra diriltdi və o öz evlərinə qayıtdı. Bir müddətdən sonra ailə qurdu və övlad sahibi oldu.
Bu möcüzələr Peyğəmbəri-Əkrəm (s), Əmirəl-möminin Əli (ə), sair Əhli-beyt imamlarından (ə) da baş vermişdir. Məsələn, Kufə əhalisindən biri Xorasanda İmam Rzanın (ə) hüzuruna gəlib dedi: “Ey peyğəmbər övladı, Kufə camaatı cəddiniz Əmirəl-möminin Əlidən (ə) çoxlu möcüzələr nəql edir. Siz də bir möcüzə göstərin, mən onu Kufə camaatı üçün hədiyyə aparım.”
İmam Rza (ə) buyurdu: “Nə etməyimi istəyirsən?”
Dedi: “Anam ölmüşdür, sizdən xahiş edirəm ki, Allahdan istəyin, onu diriltsin.”
İmam (ə) dua etdikdən sonra onun anası dirildi. Həmin şəxs camaata elan edib bildirdi ki, bu, imam Rzanın (ə) möcüzəsidir. Dirilən şəxs bir neçə il yaşadıqdan sonra yenidən dünyadan getdi.
Həzrət İsanın (ə) möcüzələrinin nə üçün məhz bu xüsusda olması barədə danışarkən qeyd etmək lazımdır ki, onun zəmanəsində tibb elmi çox sürətlə inkişaf edib özünün ən yüksək zirvəsinə çatmışdı. Allah-təala onun möcüzəsini də zəmanəsinin elminə uyğun qərar verdi ki, dövrün alimlərinə qalib gəlsin. Bununla da nübüvvətinin haqq olması sübuta yetsin.
Musa ibn İmranın (ə) dövründə sehrkarlıq çox geniş yayılmışdı. Allah-təala da onun əsasını möcüzə kimi ona əta etdi ki, həmin şəxslərin sehrlərini batil etsin və onlar belə bir möcüzə gətirməkdə aciz olsunlar.
Bizim Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) dövründə fəsahət, bəlağət və söz ustalığı özünün son dərəcəsinə çatmışdı. Buna görə də Allah-təala o Həzrətə Qurani-Kərim kimi bir möcüzəni əta etdi. Bu da öz növbəsində söz ustalığı və bəyan üslubunun ən gözəl və xariquladə nümunələrindən biridir.
Yuxarıdakı ayədə möcüzəli işlərin dördüncü mərhələsində camaatın gizli sirlərindən xəbər vermək irəli çəkilir. Çünki hər kəsin həyatında adətən, elə sirləri vardır ki, başqaları ondan agah deyildir. Həzrət İsa (ə) buyurur: «Mən sizin yediyiniz və evlərinizdə ehtiyat etdiyiniz şeylərdən xəbər verərəm.»
Axırda bu dörd möcüzənin hamısına işarə edilərək buyurulur: «Şübhəsiz, əgər imanlı və həqiqətaxtaran olsanız, bunlarda sizin üçün nişanələr vardır.»
Bu və buna oxşar ayələrdən məlum olur ki, Allahın göndərdiyi peyğəmbərlər və ilahi övliyalar lazım olan vaxtlarda Onun izni ilə təkvin və yaradılış aləmində təsərrüf edir, təbii qayda-qanun və adətlərin əksinə olaraq müəyyən hadisələr yaradırlar. Bu da camaata rəhbərlikdən ibarət olan təşrii vilayətdən çox yüksəkdə olub «təkvini vilayət» adlanır.
Dostları ilə paylaş: |