AYƏ 98:
﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَاللّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ ﴾
TƏRCÜMƏ:
«De: “Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!”»
TƏFSİR:
Tənbehlə yanaşı olan sual çox ədəbli tərzdə olduqda təbliğin ən yaxşı yolu hesab olunur. Bunu da qeyd edək ki, əgər bir şəxs Allahı nəzərə alıb Onu özünün bütün əməllərinə şahid görsə, kafirlikdən mütləq əl çəkər.
AYƏ 99:
﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاء وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾
TƏRCÜMƏ:
«De: “Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.”»
TƏFSİR:
Əvvəlki ayədə əhli-kitabın kafirliklərindən söhbət gedirdi. Bu ayədə isə onların keçmiş əməl və rəftarları tənqid olunmaqla yanaşı, soruşulur ki, sizin özünüz iman gətirmir və Allah ayələrinə qarşı kafir olursunuzsa, hansı səbəblərə görə başqalarının da Allah yoluna yönəlməsinə mane olursunuz? Bilin ki, Allah heç vaxt sizin əməllərinizdən qafil deyildir.
İNCƏ MƏTLƏBLƏR
1. Düşmənləriniz hər an sizi azdırmaq üçün səy göstərirlər.
2. Onlar sizin haqq yolda olmağınızdan agah və bu işə şahiddirlər.
3. Düşmənlər bilməlidirlər ki, Allah onların əməllərindən agahdır və onları izləyir.
4. Əgər Allah-təalanın bizim əməl və rəftarlarımızdan bir an belə qafil olmadığını bilsək, yaramaz işlərdən əl çəkərik.
AYƏ 100:
﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ ﴾
TƏRCÜMƏ:
«Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar.»
TƏFSİR:
Müxtəlif təfsirlərdə qeyd olunur ki,1 yəhudilərdən Şas ibn Qeys adlı bir nəfər Mədinə müsəlmanlarının, xüsusilə, Ovs və Xəzrəc qəbilələri arasındakı səfa-səmimiyyəti və qardaşlığı görəndə çox narahat oldu. Fikirləşdi ki, bu qəbilələr keçmişdə bir-birinə qarşı uzunmüddətli müharibə aparmışlar, amma hazırda Həzrət Məhəmmədin (s) düzgün idarəçiliyi və rəhbərliyi sayəsində sülh, qardaşlıq və səfa-səmimiyyətdə yaşayırlar. Bu rəhbərlik davam edərsə, yəhudilik ciddi bir təhlükə ilə qarşılaşacaqdır. O xüsusi tədbirlə bir qrupu yoldan çıxarıb özü ilə həmfikir etdi. Cavan bir müsəlmana göstəriş verdi ki, bu iki qəbilənin arasında baş vermiş köhnə müharibələri və müharibənin baş verdiyi yeri xatırladaraq onları yeni davaya təhrik etsin. Cavan bu işi gördü: müharibə odu şölələnmək ərəfəsində olduqda Rəsuli-Əkrəm (s) özünün xatircəmlik bağışlayan sözlərilə xəbərdarlıq verib onları bu məkirli hiylə və onun acınacaqlı nəticələrindən agah etdi. Onlar qəflət yuxusundan oyanaraq silahı yerə qoyub bir-birini qucaqladılar, ağlaşdılar və əməllərindən peşman oldular. Təfsirçilərin nəzərinə görə, bu ayə və ondan əvvəlki iki ayə həmin hadisə ilə əlaqədar nazil oldu və kitab əhlini danlayıb müsəlmanlara xəbərdarlıq verdi.
AYƏ 101:
﴿ وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
TƏRCÜMƏ:
«Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.»
TƏFSİR:
İnhiraf və küfr ya düz yolun, ya da düzgün rəhbərin olmamasından irəli gəlir. Amma kitab, sünnə, ilahi qanun və rəhbərlərin mövcud olması ilə, artıq inhirafa, düz yoldan azmağa yer qalmır.
Allaha arxalanmaq, Ona təvəkkül etmək, hər bir işdə Ondan kömək diləmək bütün inhiraf və vəsvəsələlərdən amanda qalmağa səbəb olur.
İNCƏ MƏTLƏBLƏR
1. Allaha sarılmaq yolu hər kəsin üzünə açıqdır.1
2. Qanun təklikdə küfr, azğınlıq və inhirafın qarşısını almağa kifayət etmir; düzgün rəhbər də lazımdır.
3. Allahdan başqa hər kəsə və hər bir məqama üz döndərmək inhiraf, azğınlıq sayılır.
4. Hərəkətdən öncə ən mühüm məsələ düzgün yolu tapmaq və onun əsasında hərəkət etməkdir.
5. Allaha sarılmağın hökmən müsbət nəticəsi vardır.
6. Allaha sarılmaq agahlıq nəticəsində olan seçmə ilə yanaşı bir hərəkətdir və bu da Allah övliyaları ilə birlikdə Onun yolunda hərəkət etməkdən ibarətdir.
Dostları ilə paylaş: |