«Alimlərin müqəddəsliyi»
Tehran sakini Hacı Müin Şirazi nəql edirdi:
Bir gün ruhani yoldaşlarımdan biri ilə birlikdə Tehranın xiyabanlarından birində durub maşın gözləyirdik. Yarım saata qədər gözlədik, maşın tapa bilmədik; taksilər ya dolu gəlirdi, ya da saxlamayıb keçirdilər.
Yorulub əldən düşmüşdük. Birdən bir taksi gəlib yanımızda dayandı, sürücü dedi:
Cənablar, buyurun əyləşin, hara lazımdı sizi çatdıraram. Biz əyləşib ünvanı söylədik.
Yol əsnasında dostuma dedim:
Allaha şükür ki, Tehranda bir nəfər müsəlman sürücü tapıldı ki, bizim halımıza yansın.
Sürücü bu sözləri eşidib dedi:
Cənablar qəribə də olsa mən müsəlman deyiləm, xristianam.
Dedik, bəs nə əcəb bizə maşın saxladın? Dedi:
Düzdür ki, müsəlman deyiləm, amma müsəlmanların alimlərinə və ruhani libası geyinmiş elm əhlinə böyük hörmətim var. Başıma bir iş gəldi, ondan sonra ruhanilərə ehtiram etməyi özümə lazım bildim. Soruşdum:
Nə iş? Dedi:
Mirzə Sadiq Müctəhid Təbrizini (vəfatı 1351 q.) Təbrizdən Tehrana sürgün edən ili mən kəşfiyyat idarəsinin sürücüsü işləyirdim və onu aparan maşını da mən sürürdüm. Yol üstündə çəmənlik və bulağı olan bir yerə yetişdik. Cənab Təbrizi bu yerə çatanda dilləndi: Burada saxlayın günorta namazımı qılım. Maşında oturan zabit mənə dedi:
Fikir vermə, yoluna davam et. Mən də etina etməyib maşını saxlamadım. Bulağın başına çatanda birdən maşının mühərriki söndü. Nə qədər çalışdım işə düşmədi. Yerə düşüb maşının kapotunu qaldırıb orasına-burasına baxmağa başladım ki, görüm harası xarab olub. Amma baş çıxara bilmədim.
Rəhmətlik Təbrizi dedi:
İndi ki, maşın dayanıb, icazə verin namazımı qılım. Zabit dillənmədi. Ağa düşüb namaza başladı. Mən də maşının mühərrikini qurdalayırdım. Ağa namazını qurtarıb ayağa qalxanda, maşın da işə düşdü.
O vaxtdan başa düşdüm ki, elm əhlinin libasını geymiş şəxslərin Allah yanında hörmət, izzəti var.1
Dostları ilə paylaş: |