Etiologiya, patogenez. Xəstəliyə səbəb β zəncirin sintezinə cavabdeh olan genin 6-cı kodonundakı qlutamin turşusu-nun valinlə əvəzlənməsidir. Nəticədə anomal S hemoqlobini sintez olunur (α2β2 6glu→val).
Oraqvar-hüceyrəli anemiyada HbS23-98% arasında tərəddüd edir. Heteroziqot anomaliyada isə eritrositlərdə həm HbS həm də HbA aşkar olunur. HbS oksigeni verdikdən sonra həll olma və polimerizasiya qabiliyyəti 100 dəfələrlə azalır və eritrositlərdə gellər əmələ gəlir. Mikroskopda 1,5 mkm ölcüdə, eritrositləri oraq formasına bənzədən kristallar görünür (“qızıl külçələri”) və eritrositlər oksigenlə birləşdikdən sonra bu kristallar yox olur. Deformasiya olunmuş eritrositlər retikulo-histositar sistemin hüceyrələri tərəfindən faqositoz prosesinə uğrayır və hemoliz olur.
Qeyd etmək lazımdır ki, hər bir xəstədə gellərin yaranma sürəti fərqlidir. Hətta eyni bir xəstədə də şəraitdən asılı olaraq müxtəlif olur. Bəzən gel və oraqvari hüceyrələrin yaranması müəyyən ləngimə ilə gedir. Bu ləngimə müddəti hemoqlobinin konsentrasiyası və temperaturdan asılıdır. Ləngimənin hesabına hətta oksigenin parsial təzyiqi aşağı olduqda belə eritrositlərin çoxu venoz qanda oraqvari formaya çevrilmir və ağ ciyərlərdən oksigeni ala bilirlər. Hesab olunur ki, bu faktor xəstəliyin gedişatına təsir göstərir.
Xəstəliyin heteroziqot formasında klinik əlamətlər oksigenin parsial təzyiqi əhəmiyyətli dərəcədə azaldıqda yaranır. Homoziqot formada isə xəstəlik ağır hemolitik anemiya şəklində gedir. Homoziqot xəstələrdə eritrositlərin orta yaşama müddəti 17 gündür (Şiffman F.D. 2000).
S hemoqlobininin hipoksiya şəraitində həll olma qabiliyyətinin kəskin azalması eritrositlərin deforma-siyasına səbəb olur. Deformasiya olunmuş eritrositlər oraq və ya aypara formasını alır. Belə eritositlər qanın yapışqanlığın artırır, damar endoteli, trombositlər və koaqulyasion zülallarla qarşılıqlı şəkildə mikrosirkulyasıyanı pozur. Orqan və toxumalarda sümük iliyi də daxil olmaqla hipoksiya yaradır. Ağır halda işemiya, ağrı əlamətləri ilə müşayət olunan vazookklyuzion kriz müşahidə olunur. Elastiklik və deformasiya qabiliyyəti pozulmuş eritrositlər kiçik damarların mənfəzini tutduğu üçün işemiya və nekroz yaradır. Qanın axını zəifləyir, oksigenin təzyiqi azalır və nəticədə oraqvarilik daha da artır.
Mikrosirkulyasiyanın pozulması, ocaqlı infarkt bir sıra orqanlarda tədricən fibrozun yaranmasına səbəbolur. 95% halda autopsiyada həm ağ ciyərlərdə, həm də ağciyərlərin kiçik arteriya, arteriol və venulalarında fibrozlaşma aşkar olunur.Xəstələrin çoxunda fibroz və nekroz səbəbindən dalaqda funksional aspleniya yaranır, infeksiyaya qarşı həssaslıq artır.
Hemolitik kriz oksigenin parsial təzyiqini dəyişən faktorların təsirindən yaranır. Bu faktorlara təyyarədə uçuş, hündür dağ zirvəsinə qalxmaq-hipoksiya, fiziki yüklənmə və s. aiddir. Bəzən isə xəstələrdə spontan olaraq hemoqlobinuriya ilə müşahidə edilən hemolitik kriz başlayır.
Aşağı hərarət eritrositlərdə in vitro oraqvariliyi uzun müddət ərzində artırır. Amma xəstələrdə də soyuq havada kriz başlaya bilər. Asidoz vəziyyəti eritrositlərin deformasiyasını artırır, alkaloz isə əksinə oraqvariliyi azaldır. S hemoqlobinin miqdarı 50%-dən az olduqda xəstəliyin əlamətləri müşahidə edilmir. Hemolitik krizlər infeksiya, dehidratasiya, titrətmə, aclıq zamanı, ağ ciyər xəstəliklərində də yarana bilər.
Dostları ilə paylaş: |