Klinika. Xəstəliyin homoziqot formasında mülayim normoxrom anemiya və trombozla ağırlaşmalar müşahidə edilir.
Yenidoğulmuşlarda xəstəliyin əlamətləri 3-4 aylığından başlayır. Neonatal dövrdə isə xəstəliyin əlamətləri nadir halda müşahidə edilir. Çünki bu dövrdə fetal hemoqlobinin səviyyəsi yüksək olur və o qoruyucu rol oynayır. 3-4 aylıqdan başlayaraq fetal hemoqlobin HbS ilə əvəz olunur və bu səbəbdən də xəstəliyin əlamətləri müşahidə edilir. Ona görə də oraqvari-hüceyrəli anemiya neonatal skrininq vasitəsi ilə aşkar olunmur və diaqnostika 6 ayından sonra aparılır.
Uşaqlarda dəri və görünən selikli qişalar avazıyır, yüngül sarılıq müşahidə edilir. Zəif splenomeqaliya, limfoadenopatiya aşkar oluna bilər. Kiçik yaşlarda daha xarakter əlamət sümük-oynaq sisteminin zədələnməsidir. Oynaqlarda kəskin ağrılar yaranır, topuq, bilək, baldır şişir. Bu əlamətlər sümükləri qidalandıran damarların trombozu nəticəsində olur. Bud sümüyü başlığının və çiyin sümüyünün nekrozu yaranır.
Xəstəliyin ağır və orta ağır formalarında uşaqlar fiziki və cinsi inkişafdan qalırlar. Qan yaranmanın pozulması və eritroid şaxənin hiperplaziyasımedulyar boşluqların genişlənməsinə səbəb olur və nəticədə skeletin quruluşu dəyişir. Kəllə sümüklərində diplopik sahələrin genişlənməsi səbəbindən rentgenoloji müayinədə sümüklər “günəş şüaları” şəklində görünür. Dişlərin quruluşunun dəyişməsi, qülləvari kəllə xarakter əlamətlərdəndir.
Daktillit adətən 4 yaşından sonra yaranır. Onun yaranması avaskulyar sklerozla əlaqədardır. Böyüklərdə avaskulyar skleroz çiyin sümüyündə və bud sümüyünün baş hissəsində yaranır. Xəstələr adətən borulu sümüklərdə, topuq və biləklərdə olan ağrılardan şikayət edirlər. Buna səbəb mikrosirkulyasiyanın pozulması nəticəsində sümük infarktları və aseptik nekroz ocaqlarının yaranmasıdır. Əl və ayaqda sümük infarktları olan nahiyələrdə dərin və müalicəyə çətin tabe olan xoralar əmələ gəlir. Yaranan intensiv agrıları analgetiklər bəzən ancaq qısa müddətə azalda bilir. Bu kateqoriyadan olan xəstələrdə osteomielitin yaranma ehtimalı da yüksəkdir. Diaqnostika zamanı bu nəzərə alinmalıdır. Osteomieliti sümük infarklarından fərqləndirmək lazımdır. Osteomielit salmonella, stafilakokk, və enterobakteriyalar tərəfindən törədilir. Müalicədən əvvəl bakterioloji müayinə aparılmalıdır (Şiffman 2000).
Təxminən 10-20% xəstələrdə trombovaskulyar dəyişikliklər, trofik xoralar, çiyin və bud sümüyünün başlıqlarının aseptik nekrozu, daxili orqanlarda infarkt, müsariqə kapilyarlarında tromboz nəticəsində abdominal kriz müşahidə edilir. 50% xəstə kişilərdə residivləşən priapizm olur.
Oraqvari-hüceyrəli anemiya ücün xarakter əlamətlərdən biri də qarında yaranan kəskin tutmaşəkilli ağrılardır. Ağrıya səbəb müsariqə kapilyarlarında əmələ gələn tromblardır. Bu ağrılar qarın boşluğunun müxtəlif xəstəlikləri kimi imitasiya edə bilər. Qarında ağrı dalağın infarktı nəticəsində də ola bilər.
Uşaqlarda böyüklərə nisbətən kəskin damar pozğunluğu daha çox yaranır. 3 yaşa qədər uşaqlarda adətən baş beyində təkrari damar pozğunluğu müşahidə olunur. Ona görə də S hemoqlobinin miqdarını 50%-dən aşağı saxlamaq məqsədi ilə mütəmadi olaraq mübadilə transfuziyasından istifadə etmək lazımdır. Bəzən insult, koma kimi daha ağır fəsadlar yaranır. Ölümün əsas səbəblərindən biri serebrovaskulyar agırlaşmalardır.
Mikrosirkulyasiyanın kəskin pozulması səbəbindən güclü ağrı sindromu, şişkinlik, bədən hərarətinin yüksəlməsi müşahidə edilir. Döş qəfəsində ağrı, təngənəfəslik, hipoksiya, titrəmə, ağ ciyərlərdə infiltratla (rentgen müayinəyə əsasən) müşayət olunan kəskin döş qəfəsi sindromu yaranır. Kəskin döş qəfəsi sindromu ağ ciyər mikrodamarlarının oraqvari hüceyrələrlə dolması ilə əlaqədardır. Sindromun klinik əlamətləri pnevmoniyadan fərqlənmir. Bu halda antibiotiklərin təyini mütləqdir. Belə vəziyyət xəstənin həyatı ücün təhlükəli olduğuna görə mübadilə transfuziyası da aparılır.
Xəstələrin bir çoxundakəskin nevroloji dəyişikliklər yaranır. Bu özünü tranzitor işemik tutmalar vəhemorragik, trombotik insult şəklində göstərir.
Xəstələr üçün vazo-okklyuzion krizlər xarakterdir. Vazo-oklyüzion krizin səbəbləri soyuqlama, infeksiya, fiziki yüklənmə, emosional gərginlik və stressdir. Belə krizlərə müxtəlif tezliklərdə rast gəlinir. Bəzən hər gün, bəzən də ildə bir neçə dəfə təsadüf edilir. Vazo-oklyüzion krizlər həyati vacib orqanların ciddi zədələnməsinə və hətta ölümünə də səbəb olur. Xarakter əlamətləri toxuma hipoksiyası və infarktlardır. Xəstələrdə taxikardiya, ürək nahiyəsində ağrı olur, küy eşidilir. İnfeksiya və ya ağciyər infarktından sonra ağ ciyərlərdə infiltratlar yaranır.
Vazo-okklyuzion kriz zamanı xəstə isti şəraitdə saxlanmalı, hidratasion, ağrıkəsici və oksigen terapiyası təyin edilməlidir. Ağciyərinfiltratları zamanı empirik antibiotik təyin etmək, ciddi ağırlaşmalarda isə mübadilə transfuziyası məsləhətdir.
Aplastik kriz eritropoezin tükənməsi zamanı yaranır. Oraqvari-hüceyrəli anemiya zamanı eritrositlərin yaşama müddəti qısalır. Sümük iliyinin qısa müddətli tükənməsi zamanı hemoqlobinin səviyyəsi də azalır. İnfeksiya, parvovirus B 19, Epşteyn-Barr virusu, pnevmokok və s. aplastik kriz yarada bilər. Aplastik krizin başqa bir səbəbi də hamiləlik zamanı yaranan folat defisitidir. Aplastik kriz adətən 10 günə qədər davam edir.
Sekvestrasion kriz adətən uşaqlarda olur. Böyüklərdə isə nadir halda təsadüf edilir. Dalağa birdən-birə kütləvi şəkildə eritrositlər toplanır, qarın böyüyür, hipovolemik şok yaranır, hematokrit kəskin azalır. Belə vəziyyət ölümlə nəticələnə bilər.
Hemolitik kriz nadir halda olur. Eritrositlərin daimi hemolizi oraqvari-hüceyrəli anemiyanın əsas əlamətidir. Bəzən də eritrositlərin sürətli destruksiyası nəticəsində qanda hemoqlobinin konsentrasiyası kəskin azalır.
Mikrosirkulyasiya və dəri trofikasının pozulması xoralanmaya səbəb olur. Bu prosesə daha çox böyüklərdə rast gəlinir. Adətən bu xoralar çətin sağalır, uzunmüddətli müalicə tələb edir.
Xroniki hemoliz və təkrar damar okklyuziyası tədricən bir sıra orqanlarda disfunksiya yaradır. Ağ ciyər hipertenziyası tənəffüs çatışmazlığına qədər inkişaf edir. Bu xəstələrdə ölümün əsas səbəblərindən biridir. Anemiya və hemodilyusiya fonunda ürəyin xroniki yüklənməsi olur. Xəstələrin əksəriyyətində kardiomeqaliya müşahidə edilir. Belə ki, ürəyin böyüməsi, xüsusi ilə sol mədəciyin böyüməsi anemiya dərəcəsi ilə uyğun gəlir.
Oraqvari - hüceyrəli anemiya zamanı böyrəyin konsentrasion funksiyası pozulur, disfunksiya yaranır. Xəstələrdə hipostenuriya, asidoz, hiperkaliemiya, böyrək infarktı nəticəsində hematuriya müşahidə edilir.
Xəstələr arasında qaraciyər funksiyasının pozulmasına, öd daşı xəstəliyi və retinopatiyaya da tez-tez rast gəlinir. Retinopatiya torlu qişanın damarlarının tutulması və mikrosirkulyasiyanın pozulması nəticəsində yaranır. Bəzən bu torlu qişanın qopmasına və korluğa səbəb olur.
Hamilə qadınlar adətən isti geyinməli, profilaktik olaraq yuyulmuş eritrosit kütləsi transfuziya olunmalıdır. Yenidoğulan körpələrin çəkisi normaya nisbətən az olur. Ciftin vazo-okklyuziyası nəticəsində fetal hemoqlobinin itirilməsi müşahidə edilir.
Kiçik yaşlı uşaqlarda dalaq böyüyür. Sonradan isə tez-tez baş verən infarkt və dalağın eritrositlərlə yüklənməsi onun fibrozlaşmasına və ölçülərinin kiçilməsinə (autosplenektomiya) səbəb olur. Həyatının ilk iki ili ərzində funksional asplenizm yaranır.İmmun sistemin zəifləməsi nəticəsində tez-tez infeksion ağırlaşmalar, pnevmokokk sepsisi olur.
Heteroziqot oraqvari - hüçeyrəli anomaliyada adi şəraitdə xəstəliyin əlamətləri olmur. Əlamətlər hipoksik (pnevmoniya, narkoz, sualtı üzmə, hündürlüyə çıxma) şəraitdə müşahidə edilir. Bəzən S hemoqlobin β talassemiya, C,D hemoqlobinozlarla müştərək olur.
Qanın tərkibi. Hemoqlobinin səviyyəsi adətən50-110 q/l arasında tərəddüd edir. Anemiya normoxrom, normositar olur. Eritrositlərdə anizositoz, poykilositoz (oraqvari və hədəfvari hüceyrələr), polixromatofiliya, Jolli cisimcikləri aşkar olunur. Oraqvari hüceyrələrin miqdarı hər xəstədə müxtəlifdir. Xəstələrdə reaktiv leykositoz (sola meyilli), trombositoz, retikulositoz (8-12%) müşahidə edilir. EÇS adətən normal olur. Xəstələrin çoxunda zərdabda dəmirin konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksək olmasına baxmayaraq hemoxromatoz əlamətlərinə az rast gəlinir.
Hemolizin əlaməti kimi xəstələrdə qeyri-düz bilirubin və plazmada sərbəst hemoqlobinin miqdarı artır, qaptoqlobulin isə əksinə azalır. Sümük iliyində eritroid şaxənin hiperplaziyası yaranır.
Elektroforez zamanı S hemoqlobinin miqdarı yüksək olur. Oraqvari-hüceyrəli anemiya β talasemiya ilə müştərək olduqda isə HbF və HbA fraksiyaları artır.
Yenidoğulmuşlarda fetal hemoqlobinin konsen-trasiyasının çox olmasına baxmayaraq elektroforetik müayinədə S hemoqlobin də aşkar olunur.
Dostları ilə paylaş: |