Әfradi-әhli-mәclis Ә s g ә r--dövlәtli bir tacir oğlandır.
C a h a n--Әsgәrin xalası, kök arvaddır.
S ü l e y m a n--Әsgәrin yoldaşı.
V ә l i--Әsgәrin nökәri.
S o l t a n b ә y--qoca mülkәdardır.
G ü l ç ö h r ә--Soltan bәyin cavan qızıdır.
A s y a--Soltan bәyin qardaşı qızıdır.
Telli--Soltan bәyin qulluqçusudur.
Qonşu qızlar.
BİRİNCİ MӘCLİS
Ә s g ә r i n evindә vaqe olur. Otaq yaxşı bәzәnib, fәrş ilә döşәnibdir. Stol vә sәndәllәr dәxi vardır. Pәrdә qalxmazdan qabaq Ә s g ә r sağ tәrәfdә vә x a l a s ı sol tәrәfdә oturublar. Qapının ağzında nökәr V ә l i hazır durubdur. Musiqi müqәddimәsi çalınır.
Pәrdә qalxır. Ә s g ә r oxuyur. Ә s g ә r. Nalәdәndir ney kimi avazeyi-eşqim bülәnd, M u s i q i Nalәdәndir ney kimi avazeyi-eşqim bülәnd.
Nalә tәrkin qılmazam ney tәk kәsilsәm bәnd-bәnd. M u s i q i Nalә tәrkin qılmazam, nalә tәrkin qılmazam,
Gәr kәsilsәm bәnd-bәnd, gәr kәsilsәm bәnd-bәnd. M u s i q i Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil mümkün deyil. M u s i q i Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil mümkün deyil.
Böylә kim ol dilrüba bidәrddir, mәn--dәrdimәnd. M u s i q i Nalә tәrkin qılmazam, nalә tәrkin qılmazam,
Gәr kәsilsәm bәnd-bәnd, gәr kәsilsәm bәnd-bәnd. M u s i q i Açılır könlüm gәhi kim, giryeyi-tәlxim görüb. M u s i q i Açılır könlüm gәhi kim, giryeyi-tәlxim görüb,
Açar ol gülrüx tәbәssüm birlә lәli-nuşxәnd, M u s i q i Nalә tәrkin qılmazam, nalә tәrkin qılmazam,
Gәr kәsilsәm bәnd-bәnd, gәr kәsilsәm bәnd-bәnd. M u s i q i C a h a n. Xalan sәnә qurban, nә olubdur ki, belә qәmli-qәmli oxuyursan, adam eşidәndә ürәyi yanır?
Ә s g ә r. Ürәyin yanırsa görünür ki, sәnin ruhun var, ay xala!
C a h a n. Qanmadım nә dedin, xalan sәnә qurban, bir dә de, başa düşüm.
Ә s g ә r. Heç, bir elә söz demәdim ki, bir dә tәzәdәn deyim.... İndi sәn bura bax, ay xala. Bircә mәnә de görüm axı belә olmaz ki, belә dә qalsın, bu dünya belә gәlib belә getsә, bәs axırı nә olsun, onda işimiz necә olsun?
C a h a n. Xalan sәnә qurban, allaha şükür, dünyaya nә olubdur ki?
Ә s g ә r. Belә deyirәm ki, axı bunun axırı necә olsun, nәticәsi necә olsun, mәsәlәn, biz, bәli, böyudük, başa çatdıq. Allaha şükür, mal-dövlәt hamısı var, amma yenә dә bilirsәn, bununla adamın işi düz olmur, ürәyi toxtamır, nә isә bir şeyә yenә ehtiyac görünür. Düz deyirәm, yoxsa yalan deyirәm?
C a h a n. Xalan sәnә qurban, әlbәttә, düz deyirsәn, amma yenә dә әmәlli başa düşmәdim ki, nә deyirsәn.
Ә s g ә r. Dediyim aşkar söhbәtdir, ay xala! Belә sözün doğrusu o tәrәfә, bu tәrәfimә baxıb göz yetirirәm, görürәm bir şeyim çatmır.
C a h a n. Bay!... Çatmayan bir şey varsa, gәdәni göndәr bazardan alsın, onda nә fikir var ki?
Ә s g ә r. Sәn mәn deyәni başa düşmәdin. Әşi, mәn sәninlә böyük şeyin söhbәtini elәyirәm, sәn bazardan danışırsan. Belә deyirәm ki, bu cürә dolanacağın axırı nә olsun? Malım var, pulum var, amma pul sahibi gәrәk bir özgә şeyin dә sahibi olsun. Vәhalün ki, heç malı, pulu olmayanların görürsәn ki, bir sürüsü var.
C a h a n. Xalan sәnә qurban, sәn bir tacir adamsan, sürünü nә elәyirsәn? V ә l i başını bulayır. Ә s g ә r. Of, ay xala. Yenә bilmәdin nә istәyarәm?
V ә l i (birdәn-birә). Mәn bilirәm ağam nә istәyir....
Ә s g ә r (ona tәrәf yönәlir). Әdә, sәn dә burdasan? Hә, de görüm nә istәyirәm....
V ә l i (irişә-irişә). Mәn bilirәm sәn nә istәyirsәn....
Ә s g ә r vә C a h a n. Di bilirsәn de, nә dayanıbsan?
V ә l i. Sәn istәyirsәn.... (Birdәn hırıldayıb tez qapıdan çıxır, Әsgәr gülümsünür).
C a h a n. Bay, elә bil ki, gәdәnin dәliliyi var. (Әsgәrә) Xalan sәnә qurban, bircә mәni yaxşıca başa sal görüm nә istәyirsәn?
Ә s g ә r. Ay xala, bura bax, ağlınca mәnim neçә yaşım var?
C a h a n. Boy, bu ramazan yox, gәlәn ramazan gәlib ötәndәn sonra sәnin iyirmi sәkkiz yaşın tamam olacaqdır. Nәyin dәrdin çәkirsәn? Sәn ki, hәlә uşaqsan, sәni görüm yüz yaşayasan!
Ә s g ә r. Çox әcәb. Axı nә qәdәr uşaq olsam da yenә dә ayaq üstә dura bilәrәm ki? V ә l i daxil olub haman sayaq dayanır. C a h a n. Әlbәttә, dura bilirsәn, allaha şükür, sağ-salamat cavansan.
Ә s g ә r. Yaxşı indi bu sağ-salamat cavan bәs neylәsin, elә yeyib-yatsın?
C a h a n. Әsgәr, sәn allah, gәl mәnimlә açıq danış ki, mәn başa düşüm; axı mәn türkәsayәcә bir arvadam, әrәb dilini nә başa düşürәm, xalan sәnә qurban.
Ә s g ә r (kәnara). Әşi, daha utanmaq yeri deyildir. (Cahana). Belә bilirsәn nә var, xala? (Bәrkdәn). Mәn arvad almaq istәyirәm ey, arvad, arvad!...
V ә l i. Bax, mәn deyәn oldu.... (hırıldayır).
C a h a n. Bay ... ay xalan sәnә qurban, habelәcә de ki, mәn dә başa düşüm, daha bunun nә çәk-çeviri var ki?!
Ә s g ә r. Hә, bәs bunu bil ki, arvad almaq istәyirәm.
C a h a n. Belә çox yaxşı elәyirsәn, xalan sәnә qurban. Allah o günlәri elәsin ki, belә toyunda oynayım. (Vәli oynayır). Bax, Әsgәr, xalan sәnә qurban, gördün ki, axırda sәn gәldin mәn deyәnә. Neçә vaxtdır mәn sәnә deyirәm ki, Әsgәr, gәl evlәn, ev-eşik yiyәsi ol, oğul-uşaq sahibi ol, amma nә fayda ki, sәn qulaq asmırdın deyә, mәn dә daha dinmirdim. İndi görünür ki, mәn deyәnә getdin. Әlbәttә, arvad al, toy elә, dost sevinsin, düşmәn yansın. (Vәli ah çәkir). Bax, istәsәn günü bu güncә gedәrәm, sәnә qız axtararam. Rәhmәtlik bacım canı ağzından çıxana kimi mәnә deyirdi: Cahan, bax, Әsgәri sәnә qoyub gedirәm; onu tәk qoyma, evlәndir. (Ağlayır. Vәli bәrk ah çәkir).
Ә s g ә r. Әşi, daha bura ağlamaq yeri deyildir ki? Qoy, söhbәt açmışıq, görәk axırı necә olur.
C a h a n. Xalan sәnә qurban, evlәn.
Ә s g ә r. Axı nә sayaq evlәnim, iş elә burasındadır ki, evlәnmәk asan iş deyildir.
C a h a n. Xalan sәnә qurban, evlәnmәk su içmәk kimi asan şeydir, onda nә çәtinlik var ki? Әlәlxüsus sәnin kimi cavana ki, allaha şükür, hәmi pulun var, hәmi dövlәtin var, hәmi cavansan. Vallah, lap padşahın da qızını istәsәn sәnә verәr. Bax, burda çox fikir lazım deyildir, qoy elә bu güncә çadramı başıma salıb gedim sәnin üçün qız bәyәnib seçim. Ya özün, istәsәn mәnә de, hansı bәyin vә ya tacirin qızını istәsәn, gedim sәnә alım.
Ә s g ә r. Axı mәn nә bilirәm ki, hansı bәyin vә ya tacirin qızı yaxşıdır ki, deyim get al; mәn ki, onları görmәmişәm.
C a h a n. Buy. Xalan sәnә qurban, bәs mәnim gözlәrim kordur? Vallah, gedәrәm, dolanaram, gәzәrәm, baxaram, bәyәnәrәm, seçәrәm, bir qız alaram ki, adam baxanda ağlı gedәr.
Ә s g ә r (gülür). Ay xala, bәs elә olsa ağlım gedәr, dәli olaram ki.... Yox, xala, bu, әl vermәz. Mәn gәrәk әvvәlcә özüm qızı görәm, xoşuma gәldi alam, gәlmәdi almayam.
C a h a n. Sәn bir ağıllı-başlı mәnә nağıl et görüm necә qız alarsan? (Oxuyur vә oynayır). Çadramı sallam başıma,
Üz-gözümü bәzәrәm. (2 dәfә)
Gedib sәnә qız axtarıb,
Hәr tәrәfi gәzәrәm. (2 dәfә) M u s i q i Bәyin, xanın vә tacirin
Qızlarını düzәrәm. (2 dәfә)
Çәmәndәki o güllәrin
Әn gözәlin üzәrәm. (2 dәfә) M u s i q i Xalan sәnә qurban ola,
Zәhmәtinә dözәrәm. (2 dәfә)
Toyunda da sәnin, bala,
Bax, belәcә, süzәrәm. (2 dәfә) M u s i q i C a h a n. Bәs sәn kişi xeylağı, qızı nә sayaq görәrsәn, xalq qızını sәnә göstәrәrmi?
Ә s g ә r. Hә, bәs mәtlәb elә buradadır ki, sәhәrdәn bәri sәnә deyirәm ki, bunun axırı nә olsun? İstәyirәm evlәnim, amma bilmirәm kimi alım; çünki heç kәsi görmәmişәm vә görmәk dә olmaz.
C a h a n. Ay xalan sәnә qurban, sәn gәl ata-baba yolu ilә evlәn. Sәnin nә borcundur, qoy mәn gedim sәnә qız alım, hәrgah pis olsa tәqsir mәnim boynuma.
Ә s g ә r. Ay xala, sәn nә fikir edirsәn? Mәn arşını iki şahılıq çiti görmәmiş almaram; halbuki diri gözlü arvad ola. Yox, mәn bu sayaq evlәnmәk istәmirәm. Bacarsan mәnә bir yol göstәr ki, qızı görüm, sonra alım.
C a h a n. Xalan sәnә qurban, nә yol göstәrim?
Ә s g ә r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mәn dә evlәnmirәm. V ә l i ah çәkir. Sükut. Musiqi çalınır, sonra S ü l e y m a n daxil olur. S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vәli, sәn necәsәn?
C a h a n. Allaha şükür, sağ olasan, Süleyman.
V ә l i. Bәy, iltifatın artıq olsun. S ü l e y m a n Ә s g ә r ә tәrәf gedib oxuyur. M u s i q i Nәdir sәnin dәrdin, bu nә ahü zardır? (2 dәfә)
Nәdir sәnin fikrin, belә tarü mardır? (2 dәfә)
Utanma gәl söylә, belә dәrdini mәnә, (2 dәfә)
Nә qüssәdir böylә әsәr eylәyib sәnә? (2 dәfә)
Bu dünyada yoxdur belә dәrdi-bidәva. (2 dәfә)
Dәvasın al dәrdin, belә görginәn sәfa. (2 dәfә)
Eşitmәmişsәnmi belә bir mәsәl dә var, (2 dәfә)
Nә arzu varsa, belә axtaran tapar! (2 dәfә) Balam nә olub ki, belә qaradinmәzcә oturubsan, yoxsa dünyanın dәrdi sәnә qalıbdır? Ә s g ә r. Ay Süleyman, yaxşı oldu sәn gәldin; axı deyirlәr ki, sәn bir ağıllı adamsan, gәl görәk sәn nә mәslәhәt tökürsәn?
S ü l e y m a n. Demәli, sәn özün inanmırsan ki, mәn ağıllıyam?
Ә s g ә r. İnanıram, amma mәslәhәt töksәn lap yaxşı inanaram.
S ü l e y m a n. İndi bir-bir söylә görüm nә olubdur?
Ә s g ә r. Nә olacaqdır, onu fikir edirәm ki, yaxşı, axı bunun axırı nә olsun? Elә bu dünya belә gәlib belә getsә....
S ü l e y m a n (sözünü kәsir). Dayan, bildim nә istәyirsәn.
Ә s g ә r. Nә istәyirәm?
S ü l e y m a n. Әlbәttә, arvad almaq istәyirsәn. H a m ı tәәccüb edir. Ә s g ә r (tәәccüblә). Paho, nә bildin?
S ü l e y m a n. Sifәtindәn görürәm. Onu bilmәk çәtin deyil ki. (Cahana). Belәdir, belә deyil, Cahan xala?!
C a h a n. Qadan alım, әlbәttә, elәdir.
S ü l e y m a n (Vәliyә). Belәdir, belә deyil, Vәli.
V ә l i. Bәy, әlbәttә, belәdir.
S ü l e y m a n (Әsgәrә). İndi bildin ki, mәn ağıllıyam?!
Ә s g ә r. Yarısına qәdәr bildim. Aşna, indi bir iş dә var; hәrgah ona bir tәdbir töksәn, onda bilәrәm ki, başdan ayağa qәdәr ağıllısan.
S ü l e y m a n. Di bir-bir söylә, qulaq asım.
Ә s g ә r. Bax, Süleyman, mәn belә fikirdәyәm ki, qız almaq mal almaq kimi bir şeydir. İndi malın pisi-yaxşısı olan kimi....
S ü l e y m a n. Dayan, bildim nә istәyirsәn.
Ә s g ә r. Nә istәyirәm?
S ü l e y m a n. İstәyirsәn ki, әvvәlcә qızı görüb, baxıb sonra alasan. Yenә h a m ı tәәccüb edir. Ә s g ә r. Balam necә bildin?
S ü l e y m a n. Ağzını açan kimi. Onu bilmәyә nә var ki.... (Cahana). Belәdir, belә deyil, xala?...
C a h a n Qadan alım, әlbәttә, elәdir.
S ü l e y m a n. Belәdir, belә deyil, Vәli?
V ә l i. Bәy, doğru buyurursan.
S ü l e y m a n (Әsgәrә). İndi bildin ki, başdan ayağa qәdәr ağıllıyam?
Ә s g ә r. Bir azca qalıbdır, hәrgah bir işi dә bilsәn, onda imanım kamil olar.
S ü l e y m a n. Bir-bir söylә. Qulaq asaq.
Ә s g ә r. Yaxşı, ağıllı oğlan, bәs, mәn qızı harada görüm vә nә sayaq görüm ki, heç olmasa bir balaca bәlәd olum?
S ü l e y m a n. Ondan asan nә var ki; paltarın dәyiş, köhnәsini gey, qoltuğuna bir top çit-mit nә varsa vur, әlinә dә bir arşın al. Ondan sonra düş qapı-qapı gәz vә arşın mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lәlәşini göndәr, gedim elçilik elәyim, vәssәlam.
Ә s g ә r (sevinir). Әcәb fikirdir, vallah!
C a h a n. Qadan alım, әlbәttә, yaxşı fikirdir.
S ü l e y m a n. Ayrı cürә әlacı yoxdur. (Cahana). Belәdir, belә deyil, xala?
C a h a n. Qadan alım, әlbәttә, belәdir.
S ü l e y m a n. Belәdir, belә deyil, Vәli?
V ә l i. Bәy, doğru buyurursan.
S ü l e y m a n (Әsgәrә). İndi gördün ağıllıyam?
Ә s g ә r. Ağıllısan qardaş, ağıllısan. Vallah, sәn deyәn kimi edәcәyәm.
C a h a n. Ay Süleyman, bәs sәn niyә özünü qocaldıb evlәnmirsәn?
S ü l e y m a n. Mәn dә evlәnәrәm, xala. O fikirdәn mәnim dә başımda var. Hәlә indi әvvәlcә bir Әsgәri evlәndirәk, görünür ki, bu çox tәlәsiyir. Sonra mәn dә evlәnәrәm.... (Birdәn). Yaxşı, xala, bәs sәnin fikrin nәdir?
C a h a n. Heç nә, qadan alım, nә olacaqdır ki?...
S ü l e y m a n. Yox, xala, daha bu qәdәr dul qaldın bәsdir. Qoy sәni bir allah bәndәsinә verәk, canımıza dua elәsin.
C a h a n. Buy, qadan alım, mәnim nә әrә getmәk vaxtımdır ki?
S ü l e y m a n. Necә, çox balacasan? Әlbәttә, vaxtındır, belәdir, belә deyil, ay camaat? Әlbәttә, belәdir. (Vәliyә). Balam, Vәli, sәn dә hazırlaş ha! V ә l i utanır, başını aşağı salır. S ü l e y m a n. Hә, Әsgәr, fikrә gedibsәn.
Ә s g ә r. Vallah, sabahdan arşın malı satan olacağam.
S ü l e y m a n. Әcәb elәrsәn, allah sәni dә tez muradına yetirsin, bizi dә. Belәdir, belә deyil, xala?
C a h a n. Qadan alım, әlbәttә, elәdir.
S ü l e y m a n. Belәdir, belә deyil, Vәli?
V ә l i. Bәy, doğru buyurursan.
S ü l e y m a n. Bәs indi ki, belә oldu, qulaq as. (Oxuyur) M u s i q i Öyrәn bu kәlәyi arvadı tap, tez toy elә. (2 dәfә).
Bil kim, düşmәyәcәk böylә kәlәk bir dә әlә. (2 dәfә).
Amma bax, unutma sәn, unutma sәn, bizlәri sәn,
Görәndә qaşı qara, gözü qara qızları sәn. H a m ı. (Әsgәrdәn başqa). Amma bax, unutma sәn, unutma sәn, bizlәri sәn,
Görәndә qaşı qara, gözü qara qızları sәn. M u s i q i. Oynayırlar. C a h a n. O gün ola, balam, toy edәsәn, qız alasan, (2 dәfә)
Bәlkә biz dә gün görәk, bir gün görәk, bir gün görәk. H a m ı. Bizә dә sәn qur kәlәk, sәn qur kәlәk, sәn qur kәlәk.
Bәlkә biz dә gün görәk, bir gün görәk, bir gün görәk. M u s i q i. Oyun. V ә l i. Düş bazar--şәhәrә, sat arşın mal, Әsgәr ağa (2 dәfә)
Axtar, bax, qızı tap, tez arvad al, Әsgәr ağa (2 dәfә)
Dәrdinә tapdın әlac, tapdın әlac, tapdın әlac,
Bizә dә tez bir yol aç, sәn bir yol aç, sәn bir yol aç. H a m ı Dәrdinә tapdın әlac, tapdın әlac, tapdın әlac,
Bizә dә tez bir yol aç, sәn bir yol aç, sәn bir yol aç. (Oyun) P ә r d ә
İKİNCİ MƏCLİS
Musiqi müqәddimәsi çalınır, sonra pәrdә qadxır. Soltan bәyin evinin qabağıdır. G ü l ç ö h r ә, A s y a vә T e l l i oturub, biri tikiş tikir, digәri corab hörür. G ü l ç ö h r ә (tikiş tikә-tikә oxuyur) M u s i q i Pәrişan xәlqi-alәm ahü әfğan etdiyimdәndir. M u s i q i Pәrişan xәlqi-alәm ahü әfğan etdiyimdәndir,
Pәrişan olduğum, xәlqi pәrişan etdiyimdәndir. (2 dәfә) M u s i q i Dili-zarimdә dәrdi-eşq gün-gündәn füzun olmuş, M u s i q i Dili-zarimdә dәrdi-eşq gün-gündәn füzun olmuş.
Binasın tişeyi-ahımla viran etdiyimdәndir. (2 dәfә) Ü ç ü bir yerdә Ah, ah, ah.... Gәl yarım
Gәl yarım, gәl yarım, gәl yarım. A s y a (ah çәkir). Ay Gülçöhrә, sәn oxuyanda hәmişә mәnim ürәyim tutulur, bikef oluram.
G ü l ç ö h r ә. Görünür ki, oxumağım sәnә xoş gәlmir.
A s y a. Yox, çox xoş gәlir, elә ona görә dә mәni bir sayaq qәm basır, qüssә eliyirәm.
G ü l ç ö h r ә. Ah, bizim ömrümüz başdan-ayağa kimi qәm-qüssә deyilmi?
A s y a. Hә, vallah, doğru deyirsәn.
T e l l i. Ay xanımlar, nә olub ki, qәm-qüssә elәyirsiniz? Allah qoysa, Soltan bәy bu gün-sabah sizi әrә verәr, gedib ev yiyәsi, oğul-uşaq sahibi olarsınız, onda qәminiz dә olmaz.
G ü l ç ö h r ә. Ah, Telli, o cürә ki, bizi әrә verirlәr, heç vermәsәlәr yaxşı olar.
T e l l i. Nә üçün, ay xanım, niyә elә danışırsan?
G ü l ç ö h r ә. Doğru deyirәm, vallah, o cürә әrә getmәk mәnim xoşuma gәlmәz ki, heç bilmirsәn sәni kimә verirlәr, әrin kim olacaqdır, getdiyin adam cavandır, qocadır, keçәldir, qoturdur, adam döyәndir....
A s y a (tәәccüblә). Bәs, ay Gülçöhrә, onda daha heç әrә getmәyib evdә qalıb un çuvalına tay olacaqsan?
T e l l i. Allah elәmәsin.
G ü l ç ö h r ә. Mәn deyirәm ki, evdә qalıb un çuvalına tay olasan? Mәn onu demәk istәyirәm ki, belә adam әvvәlcә bir kәrә ki, kimә gedәcәkdir. Baxa, bәyәnә, təhəp-tövpünә bәlәd ola, sonra әrә gedә.
A s y a (gülür). Elә söz danışırsan ki, bişmiş toyuğun gülmәyi tutar. Sәn bu dörd divarın içindә kimi görә bilәrsәn, a yazıq ki, (rişxәndlә) hәlә baxıb bәyәnәsәn?
G ü l ç ö h r ә. Elә olanda, evdә qız qalmaq yaxşıdır.
T e l l i. Әşi, tәki ağam sizi әrә versin, mәn qaçıb, gedib nişanlını görәrәm, evinә-eşiyinә baxaram, sonra gәlib hamısını sizә nağıl edәrәm. G ü l ç ö h r ә ilә A s y a gülürlәr. G ü l ç ö h r ә. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sәn görsәn kifayәtdir, dәxi bizim görmәyimiz lazım deyilmiş.
T e l l i. Yox, xanım, әvvәl mәn görәrәm, sonra siz görәrsiniz.
A s y a. Yaxşı, Telli, qoy sәn deyәn olsun, tәki bizi әrә versinlәr, yerdә qalanı asandır.
G ü l ç ö h r ә. Yox, mәnciyәz görüb bәyәnmәyincә әrә getmәyәcәyәm. Amma siz elә görmәmişdәn әrә gedәrsiniz.
T e l l i. Vallah xanım, elә görmәmişdәn әrә getmәk lazımdır, yoxsa әvvәl görәndә daha sonra yaxşı olmur. Amma görmәyәndә ürәyin tәlәsir ki, bir tez görәsәn. (Oxuyur) Sәn o yanda, yar bu yanda,
Ceyran tәk boynun buranda
Baxışın min canlar alır,
Mәni qәmә-dәrdә salır. M u s i q i Sәn o yanda, yar bu yanda,
Hәrdәn qıyqacı baxanda,
Gözüm o gözlәrdә qalır,
Mәni qәmә-dәrdә salır. M u s i q i Sәn o yanda, yar bu yanda.
Saçların üzә salanda,
Göylәrә ahım ucalır,
Mәni qәmә-dәrdә salır. (Nağıl edir). Sәni yaxşıca geyindirirlәr, bәzәyirlәr, sonra faytona mindirib allah-allahla aparırlar. Hәlә desәn ayağının altında qurban da kәsirlәr, sonra otağa aparıb gәrdәk dalında oturdurlar, ürәyin döyünә-döyünә gözlәyirsәn. Bir dә görürsәn ki, qapı açılıb oğlan çıxdı.... Bu әsnada qapı açılıb S o l t a n bәy çıxır. Qızlar sәslәrini kәsib işlәrinә mәşğul olurlar. T e l l i (kәnara). Allah elәmәsin ki, belә oğlan olsun.
S o l t a n b ә y (әsnәyir). Ay qız Telli, min kәrә demişәm ki, mәn yatanda gәl mәnim üstümü basdır; indi üstü açıq yatmışam, deyәsәn belimә soyuq dәyibdir. (Әsnәyir). Ay ... rәhmәtlik Sona sağ olaydı.... Qәrәz ki, tәklik bir sәnәt deyildir.
G ü l ç ö h r ә. Ay ata, bizә desәydin örtәrdik, bilmәdik.
S o l t a n b ә y. Demәdim, demәdim, keçibdir. (Әsnәyir). Di, durun gedin evә, mәn dә şәhәrә çıxıram. Evdәn yaxşı muğayat olun. Durun. (Qızlar hamısı durub içәri daxil olurlar.) Olmur, tәklik mәnә әl vermir. Beş ildir ki, gün-gündәn geri gedirәm. Srağagün hәkim Mirzә Hüseynә deyirәm ki, oram ağrıyır, buram ağrıyır, deyir ki, bir arvad al. Hanı bir elә arvad ki, uğruma gәlәydi alaydım. Әlbәttә, mәnә qız vermәzlәr. Çünki yaşım çoxdur, pulum da yox. Vә bir dә tәzәdәn top-tüfәnglә evlәnmәk mәnә yaraşmaz; mәnimki bir hallıca, dulluca arvaddır ki, bir nәfәr molla, üç manat pul vә bir kәllә qәnd ilә iş tamam ola. Ondan sonra arvad başlar gecәlәr saqqalıma hәna yaxar, sәhәrlәr dә yuyar. Yatanda da belimә soyuq dәymәz. Qәrәz, gedәk, bazara, görәk nә var, nә yox. (Gedir). M u s i q i Ә s g ә r pәrdә dalında oxuyur. Ә s g ә r. Arşın mal alan. (2 dәfә)
Arşın mal alan.
Bafta, tafta, buxça hey.... Ә s g ә r qoltuğunda arşın malı vә arşın sәhnәyә çıxır. Ә s g ә r. Tamam üç gündür, qapı-qapı dolanıb gәzirәm, amma axtardığımı tapa bilmirәm. Bu günü dә başa çıxardım görüm nә olur. Ey bәxt sәndәn mәdәd. M u s i q i (Yenә oxuyur). Arşın mal alan. (2 dәfә)
Arşın mal alan.
Bafta, tafta, buxça hey.... Bu halda G ü l ç ö h r ә, A s y a vә T e l l i bir tәrәfdәn vә qonşu qızlar o tәrәfdәn bayıra çıxırlar. Qızlar Ә s g ә r i çağırır. Q ı z l a r. Arşınmalçı, arşınmalçı bura gәl.
Q ı z l a r xoru. (Soprano) Arşınmalçı mal göstәr,
Bir-bir yerә sal göstәr.
Göstәr-göstәr hәr nә var,
Qızlar bәzәnmәk istәr. M u s i q i H a m ı. Ah, nә gözәl parçadır,
Güllәri dә qonçadır,
Toy bәzәyi xonçadır, xonça, (2 dәfә)
Xonça....
Ondan bir paltar tikdirsәydim,
Oynardım mәn doyunca-doyunca, M u s i q i Xor bir dә tәkrar olunur. Ә s g ә r (gedә-gedә). Aha, deyәsәn qız mәdәninә düşmüşәm. Bir sürü birdәn çıxdı. Görәk necә şeydirlәr. (Onlara). Deyin görüm, gözәl xanımlar, nә istәyirsiniz? Çit, ipәk, mәxmәr, bafta, tafta, hәr şeyim var.
G ü l ç ö h r ә. Aç görәk xoşumuza gәlәn nә var.
Ә s g ә r. Bu saat, xanım. (Açır, Gülçöhrәyә diqqәt yetirir).
A s y a (kәnara). Batmış nә göyçәk oğlandır.
Ә s g ә r. (yenә diqqәtlә baxır). Bax, xanım, hәr nә könül istәyәn desәn, hamısı burada vardır. (Kәnara). Amma əcәb qızdır.