İkinci mövzu məhərrəm və təbliğat mövzusudur. Dinin əsası Aşura ilə bağlanmış və Aşuranın sayəsində qalmışdır. Əgər Hüseyn ibn Əlinin (ə) böyük fədakarlığı olmasaydı - bu fədakarlıq bütün tarixin vicdanını oyatmışdır - elə hicrətin birinci əsrində, yaxud ikinci əsrin ortasında İslamın kitabı bütünlüklə bağlanmışdı. Şübhəsiz belədir. Tarixə müraciət edən və tarixi həqiqətləri nəzərdən keçirən hər bir şəxs bunu təsdiqləyər. O zaman İslam cəmiyyətinin vicdanını oyadan və sonrakılar üçün nümunə və örnək olan məsələ o günə qədər İslamda analoqu olmayan həmin qəribə hadisə idi. Düzdür, ondan sonra çoxlu nümunələr peyda oldu, lakin, onların heç biri orijinala uyğun deyildi. İslam ümməti çoxlu şəhidlər verdi, kütləvi şəhidlər verdi, amma heç biri Aşura hadisəsinə çatmadı. Aşura hadisəsi fədakarlığın zirvəsində qaldı və qiyamətə qədər də qalacaq: “Sənin müsibətli günün kimi bir gün yoxdur, ey Əbu Abdullah!” Biz şiələr bu hadisədən çox bəhrələnmişik. Əlbəttə, şiə olmayanlar da istifadə etmişlər. Bu gün Misirdə "Rəs əl-Hüseyn" məscidi (o həzrətin müqəddəs başının dəfn olunduğu güman edilən yer) Misirin əhlibeytsevər xalqının hisslərinin cəm olduğu yerdir. Misir xalqı yaxşı bir xalqdır. O ölkənin rejimi və hökuməti ilə işimiz yoxdur, xalq Əhli-beyti (ə) sevir. Dünyanın hər yerində bu hadisədən təsirlənirlər, lakin Şiə bu hadisədən möhtəşəm şəkildə istifadə etmişdir. Biz dini bu hadisənin vasitəsi ilə qorumuşuq, hökmləri xalqa bəyan etmişik, xalqın hisslərini dinin və imanın xidmətinə yönəltmişik. "Biz" dedikdə ötən bir neçə əsrin ruhani və təbliğatçılarını nəzərdə tuturuq. Kərbəla hadisəsinin son əzəmətli faydası bizim möhtəşəm inqilabımızdır. Əgər Kərbəla hadisəsi və ondan örnək götürmək olmasaydı, bu inqilab qələbə çalmazdı. Bunu “qanın qılınca qələbə çaldığı ay” adlandıran Böyük İmamımız məhərrəmdən istifadə edib bu xətti və bu dərsi təlim etdi. Müharibəyə də getsəniz, budur.