Dördüncü fəsil: Aşura səhabələri İmam Hüseynin (ə) həyatının mərhələləri
Bu hadisənin nə qədər əzəmətli olduğunun bir qədər bilinməsi üçün mən Həzrət Əbu Abdullah İmam Hüseynin (ə) həyatının üç qısa mərhələsini ixtisarla izah edəcəyəm. Siz görün bu üç mərhələdə tanınan bir insanı haçansa babasının ümmətindən bir qrupun mühasirəyə alacağını, özünü, bütün dostlarını, səhabələrini və ailə üzvlərini elə faciəli şəkildə qətliam edəcəyini və qadınlarını əsir tutacağını güman etmək olardımı?
Bu üç mərhələnin biri həzrətin əziz Peyğəmbərin (s) vəfatına qədərki uşaqlıq dövrüdür. İkinci mərhələ onun gənclik dövrüdür; yəni Əmirəl-mömininin (ə) hökumətinə qədərki 25 il. Üçüncü mərhələ isə Əmirəl-mömininin (ə) şəhidliyindən Kərbəla hadisəsinə qədərki 20 illik dövrdür.
Əziz Peyğəmbərin (s) zamanında İmam Hüseyn (ə) Peyğəmbərin (s) istəklisi və gözünün işığı olan bir uşaqdır. Əziz Peyğəmbərin (s) Fatimə adlı bir qızı var. O zaman bütün müsəlmanlar bilir ki, Peyğəmbər (s) belə buyurub: “Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir, onu razı salan isə məni razı salmışdır". Görün bu qızın məqamı nə qədər böyükdür ki, əzəmətli Peyğəmbər (s) xalqın qarşısında və camaat içində onun barəsində belə danışır. Bu adi məsələ deyil.
Əziz Peyğəmbər (s) bu qızı İslam cəmiyyətində ən üstün dərəcəyə malik olan bir şəxsə vermişdir; yəni Əli ibn Əbu Talibə (ə). O gənc şücaətli, şərafətli, hamıdan imanlı, hamıdan parlaq keçmişli, hamıdan igid və bütün meydanlarda hazır olan bir şəxsdir. Elə bir şəxsdir ki, İslam onun xəncərinə bağlıdır; hamının aciz qaldığı yerdə bu gənc önə çıxır, düyünləri açır və sədləri qırır. Bu əziz və sevimli kürəkənin sevimli olması qohumluq münasibətinə görə yox, şəxsiyyətinin əzəmətinə görədir. Peyğəmbər (s) qızı belə bir şəxsə vermişdir. İndi bunlardan bir uşaq da olmuşdur və o, Hüseyn ibn Əlidir (ə).
Düzdür, bu sözlərin hamısını İmam Həsən (ə) barədə də demək olar. Lakin indi mənim söhbətim İmam Hüseyn (ə) haqdadır. İslam dünyasının başçısı, İslam cəmiyyətinin hakimi, xalqın sevimlisi və əzizlərin əzizi olan Peyğəmbər (s) onu qucağına götürüb məscidə aparır. Hamı bilir ki, bu uşaq hamının sevimlisi olan bu şəxsin istəklisidir. O, minbər üzərində çıxış edir. Bu uşağın ayağı nəyəsə ilişir və yıxılır. Peyğəmbər (s) minbərin üstündən enib bu uşağı qucağına götürür və sakitləşdirir. Baxın, məsələ bu qədər əhəmiyyətlidir. Peyğəmbər (s) altı-yeddi yaşlı uşaqlar olan İmam Həsən (ə) və İmam Hüseyni (ə) “cənnət gənclərinin ağaları” adlandırdı. Bunlar hələ uşaqdırlar, gənc deyillər, amma Peyğəmbər (s) buyurur ki, cənnət gənclərinin ağalarıdırlar. Yəni altı-yeddi yaşlarında da bir gənc həddindədirlər; anlayır, dərk edir, əməl edir, addım atır, ədəb-ərkan göstərirlər, onların bütün vücudundan nəciblik duyulur. Əgər o zaman kimsə desəydi ki, bu uşaq heç bir günahı və cinayəti olmadan həmin Peyğəmbərin (s) ümmətinin əli ilə qətlə yetiriləcək, xalq inanmazdı; Peyğəmbər (s) buyurdu və ağladı da, amma hamı təəccüb etdi ki, məgər belə bir şey mümkündür?!
İkinci mərhələ Peyğəmbərin (s) vəfatından Əmirəl-mömininin (ə) hökumətinə qədərki 25 illik dövrdür. O bu dövrdə gənc, bacarıqlı, elmli və şücaətlidir, döyüşlərdə iştirak edir, böyük işlərdə rol oynayır, hamı onu uca tutur, yaxşılıq edənlərin adı gələndə hamının gözü ona sarı yönəlir; Mədinə və Məkkə müsəlmanları arasında və İslam dalğasının çatdığı hər bir yerdə, hər bir dəyər baxımından günəş kimi parlayır. Hamı ona hörmət göstərir. Dövrün xəlifələri ona və qardaşına hörmət bildirir, onun qarşısında təzim edir, adını hörmətlə çəkirlər. O, dövrün nümunə gənci və hamı yanında möhtərəmdir. Əgər o zaman kimsə desəydi ki, bu gənc həmin camaat tərəfindən öldürüləcək, heç kəs inanmazdı.
Üçüncü mərhələ Əmirəl-möminin (ə) şəhidliyindən sonrakı dövrdür; yəni Əhli-beytin (ə) qürbət dövrü.
İmam Həsən (ə) və İmam Hüseyn (ə) yenə Mədinədədirlər. İmam Hüseyn (ə) bu zamandan sonra 20 il bütün müsəlmanların mənəvi imamı, bütün müsəlmanların böyük müftisi, bütün müsəlmanların hörmət bəslədiyi, təriflədiyi, Əhli-beytə (ə) hörmət bildirmək istəyən bütün şəxslərin üz tutduğu bir şəxs kimi Mədinədə yaşamışdır; sevimli, böyük, şərafətli, nəcabətli, köklü və alim bir şəxsiyyət kimi. O, Müaviyəyə elə bir məktub yazır ki, hər hansı bir şəxs hər hansı bir hakimə yazsaydı, ölümlə cəzalanardı. Müaviyə bütün əzəmətilə bu məktubu alır, oxuyur, dözür və bir söz demir. Əgər o zaman da kimsə yaxın gələcəkdə hamının nəzərində İslamı və Quranı təcəssüm etdirən bu möhtərəm, şərafətli, əziz və nəcabətli kişinin həmin Quran və İslam ümməti tərəfindən, özü də elə bir vəziyyətdə öldürülməsinin mümkün olduğunu desəydi, heç kəs təsəvvür də etməzdi. Amma həmin inanılmaz, həmin qəribə və heyrətləndirici hadisə baş verdi. Kimlər etdilər? Yanına gəlib salam verənlər və hörmət bildirənlər. Bu nə deməkdir? Mənası budur ki, İslam cəmiyyəti bu əlli il ərzində İslam həqiqətindən və mənəviyyatından uzaq düşdü. Zahiri İslamdır, batini isə puç bir şey. Təhlükə budur. Namazlar qılınır, camaat namazı qılınır, insanların adları da müsəlmandır, bəziləri də Əhli-beyt (ə) tərəfdarıdırlar.
Dostları ilə paylaş: |