Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Elçibəy - Gerçəkçi bir Türk və Turan sevdalısı



Yüklə 2,29 Mb.
səhifə10/30
tarix12.08.2018
ölçüsü2,29 Mb.
#70455
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

1.17. Elçibəy - Gerçəkçi bir Türk və Turan sevdalısı
Quzey Azərbaycan milli azadlıq hərəkatının öndəri, XX əsrin sonlarında bütün Türk dünyasının aparıcı lideri, Azərbyacan Respublikasının demokratik yolla seçilən ilk prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyev 24 iyun 1938-ci ildə Azərbaycan Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur. İlk təhsilini Ordubad rayonunun Unus kəndində, orta təhsilini Ordubad şəhər 1 saylı orta məktəbində başa vuran Əbülfəz Bəy 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakultəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş, oranı bitirdikdən sonra Misir Ərəb Respublikasında tərcüməçi kimi çalışmışdır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının əyani aspiranturasına daxil olan Əbülfəz Bəy 1968-ci ildə "Tulunilər dövləti" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb. 1975-ci ilin yanvar ayında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tələbələr arasında antisovet və millətçi təbliğat aparmaq ittihamı ilə həbs edilən Əbülfəz Bəy 17 iyul 1976-cı ilədək azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra bir müddət işsiz qalan Əbülfəz Bəy 1976-cı ilin dekabrından Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitunda) öncə kiçik elmi işçi, sonra baş elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi vəzifələrdə çalışıb.

Hələ tələbəlik illərindən Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparan, gizli tələbə dərnəkləri yaradan, azadlıq ideyaları yayan Əbülfəz Bəy 1988-ci ildə başlayan Azərbaycan Xalq hərəkatının öndərlərindən biri və birincisi olmuş, hərəkatın təşkilatlanmış ictimai-siyasi forması olan Azərbaycan Xalq Cəbhəsinin sədri seçilmiş və ömrünün sonunadək bu təşkilatın əvəzedilməz lideri olmuşdur. Əbülfəz Bəyin öndərliyində Azərbaycan Xalq Cəbhəsinin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt 18 oktyabr 1991-ci ildə qəbul edilmiş, 7 iyun 1992-ci ildə Əbülfəz Bəy müstəqil Azərbaycan Respublikasının ilk demokratik prezidenti seçilmişdir.



Elçibəy adı ilə Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətə başlayan Əbülfəz Elçibəy ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi, xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm addımlar atdı. İlk olaraq bütün imkanlar Milli Ordu quruculuğuna səfərbər edildi, rus ordusu Azərbaycandan çıxarıldı, sərhəd qoşunları yaradılaraq Azərbaycan sərhədlərinin qorunması onlara tapşırıldı, Azərbaycan gömrük sistemi və Ləl-cəvahirat Fondu yaradıldı, Azərbaycan milli valyutası dövriyyəyə buraxıldı, ölkənin siyasi sistemini dəyişdirmək məqsədilə siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi, Milli Məclisə seçkilər haqqında qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edidi, məhkəmələrin statusu haqqında qanun qəbul edildi, liberal iqtisadi islahatlara başlanıldı, bazar iqtisadiyyatının formalaşması üçün addımlar atıldı, bu məqsədlə 34 qanun qəbul edildi ki, bunlardan ən başlıcaları özəlləşdirmə haqqında, banklar və bank fəaliyyəti haqqında, mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında və s. qanunlardır. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. kimi dövlət orqanları yaradıldı. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə Respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə Respublikada minlərlə xüsusi müəssisə, onlarla müstəqil bank fəaliyyətə başladı, kəndlərdə 10 mindən artıq sərbəst icarə kollektivi yaradıldı. Emal sənayesinin inkişaf proqramına uyğun olaraq il ərzində onlarca emal müəssisəsinin tikintisinə başlanıldı. Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlara başlanıldı. Təhsil haqqında qanun qəbul edildi. Bu qanuna uyğun olaraq təhsil sahəsində özəl müəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbul test üsulu ilə keçirildi, yüzlərcə gəncə xarici ölkələrdə onlarca nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı. Müstəqil Azərbaycanın orta məktəbləri üçün dövlətin mənafeyinə uyğun yeni proqram və dərsliklərin hazırlanması sahəsində dəyişikliklər həyata keçirildi, yüzlərlə alim, müəllim və metodist cəlb edilməklə bir il müddətində orta məktəbdə keçirilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 90-a qədər adda yeni dərsliklər hazırlandı. Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla yeni nəşriyyat-"Öyrətmən" nəşriyyatı yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı. Latın əlifbasına keçidə nəhayət nail olundu. Orta məktəb dərslikləri bu əlifba ilə nəşr edildi, dövlət idarələrində də latın əlifbasından intensiv istifadəyə başlanıldı. Bir illik hakimiyyət dövründə Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilmiş, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyulmuşdu. Prezident milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman vermiş, bu fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi yaradılmış, onlar normal iş şəraiti ilə təmin edilmişdi.

Elçibəy prezidentliyinin bir ilində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bilmişdi. Elçibəy bir sıra xarici səfərlərdə olmuş, İstanbul sammitində Qara Dəniz İşbirliyi Anlaşması və "Bosfor bəyanatı"nı, ATƏM-in (indiki ATƏT-in) zirvə toplantısında Helsinki Müşavirəsinin Yekun aktını və Avropada adi silahalrın məhdudlaşdırılması haqqında müqaviləni, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləni, Ankarada Türk Cümhuriyyətləri başçılarının zirvə toplantısında sammitin Yekun Bəyannaməsini, Türkiyə ilə bir sıra müqavilələri, Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalamışdı.

Elçibəyin prezidentliyi dönəmində Azərbaycan Respublikası BMT-də, ATƏM-də, İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başlamış, Bakıda BMT-nin nümayəndəliyi açılmış, Rusiya, İran, Türkiyə, Ukrayna və Gürcüstanla bərabərhüquqlu əməkdaşlığın əsası qoyulmuş, Moldova, Qazağıstan və Türkmənistanla iqtisadi sazişlər imzalanmış, ABŞ, Almaniya, İsrail, Belçika, Misir, İngiltərə və Pakistanla sıx əlaqələr yaradılmış, Türkiyə, Rusiya və Gürcüstanla dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlanmışdı. BP, AMOKO, Yunokl, Statoyl, Pennzoyl və digər böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlanmış, neftin Aralıq dənizinə oradan da Avropa ölkələri və ABŞ-a daşınması haqqında ilkin sənəd imzalanmış, Qərbdə Azərbaycanın demokratik imici formalaşmış, bir sözlə, Azərbaycanın inkişafı üçün böyük prespektivlər açılmışdı.

Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil edərək ölkədə vətəndaş müharibəsi yaratmağa səy göstərdilər. Öz xalqını bu ağır faciədən qurtaran Elçibəy 1993-cü ilin iyun ayında hakimiyyətdən çəkilərək Bakını tərk etmiş, doğma kəndi Kələkiyə gedərək burada qanuni hakimiyyəti mənimsəmiş iqtidarın arasıkəsilməz basqıları altında 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirmiş, nəhayət prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra, yəni 30 oktyabr 1997-ci ildə yenidən Bakıya qayıdaraq Azərbaycan müxalifətinə liderlik etmişdi. 1997-ci ildə Demokratik Konqresə sədr seçilən AXCP sədri Elçibəy həmin ilin noyabr ayında Bütöv Azərbaycan Birliyini yaradaraq ona rəhbərliyi öz üzərinə götürmüş, həmin ildə həm də Türk Xalqları Assanbleyasının fəxri sədri seçilmişdi. Bütöv Azərbaycan ideyasını dünya siyasi gündəminə ilk dəfə gətirən Elçibəyi İngiltərənin sabiq Baş Naziri Marqaret Tetçer "Qafqazın ən böyük demokratı" adlandırmışdı.

Çağdaş Azərbaycan ictimai-siyasi həyatına yön verən, yorulmadan bütün mənalı həyatını Azərbaycan xalqının milli azadlığı və bütövlüyü uğrunda mübarizəyə həsr edən, gerçək ümummilli lider kimi qəbul edilən, dünya Türklərinin XX əsrin sonundakı ən böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə 63 yaşında qardaş Türkiyənin paytaxtı Ankara şəhərində əbədiyyətə qovuşmuş, Bakıda Fəxri Xiyabanda milyonlarla insanın iştirakı ilə dəfn olunmuşdur.

Ruhu şad olsun. Amin.

Gerçəkçi bir Türk və Turan sevdalısı olan Elçibəyin əsas idealları aşağıdakı sistem və inanclar üzərində qurulmuşdur:

1) Quzey Azərbaycanın müstəqilliyi, Demokratik Azərbaycan Cümhuriyyətinin yaradılması;

2) Qarabağın erməni işğalından azad edilməsi;

3) Güney Azərbaycanın müstəqilliyi;

4) Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi - Bütöv Azərbaycan Dövlətinin yaradılması;

5) Azərbaycanla Türkiyənin bütünləşməsi - Türkiyə - Azərbaycan Konfederasiyası;

6) Türk dünyasının mədəni, iqtisadi, hərbi və nəhayət Konfederativ əsasda siyasi birliyi.

Elçibəy mənalı həyatında bu ideyalardan yalnız birini - Quzey Azərbaycanın müstəqilliyini gerçəkləşdirə bildi. Digərlərinin gerçəkləşməsi üçün yollar göstərdi, konkret addımlar atdı.

Elçibəy rus imperializminin və fars şovinizminin qarşısına cəsur, ürəkli, bilikli bir Türkçü kimi çıxdı. Öncə Quzey Azərbaycanın müstəqilliyini təmin etmək üçün Azərbaycanda uzun illər boyu qan, sürgün və hər çeşid zorakı metodlarla aşılanan ideyalara qarşı yüz minlərlə insanda Türk şüuru ilə istiqlal eşqi yaratdı, üçrəngli, ay ulduzlu milli bayrağımızı yenidən göylərə qaldırdı, böyük öndər Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" ilahi kəlamını təsdiq etdirdi.

Azərbaycanın bütövləşməsini həyatının mənası hesab edən Elçibəy Azərbaycan Türklərini milli hədəflərə doğru istiqamətləndirən, onların ruh boşluğunu doldurmağa çalışan, onları müqəddəs Vətənin-doğma Azərbaycanın və bütövlükdə Ana Türküstanın Bütövlüyü uğrunda mübarizəyə səsləyən və onları bir bayraq altında birləşdirməyə çağıran Ümummilli bir liderdir. Elçibəy: "Hər bir döyüş əzablı olduğu kimi iki imperiya arasında Türk təfəkkürünün yenidən doğuşu da əzablı olacaq... Mənim çalışdığım Bütöv, Müstəqil və Demokratik Azərbaycan Dövləti qurmaqdır. Bu isə xalqın- 50 milyonluq Azərbaycan Türkünün istəyinin yerinə yetirilməsinə kömək etmək deməkdir" - demiş və Bütöv Azərbaycan ideyası ilə meydana atılmış və ömrünün sonunadək atıldığı bu yoldan dönməmişdi. "Xalqımızın yaxın gələcəkdə Milli Birliyə nail olacağına tam əminəm. Tutduğumuz yol böyük öndər Məmməd Əmin Rəsulzadənin yoludur. Bu yol Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin və Məmməd Əmin Rəsulzadənin yoludur. Bütöv, Müstəqil və Demokratik Azərbaycana aparan bu yolu şərəf və ləyaqətlə davam etdirəcəyik. Xalqımızın apardığı bu mübarizə gec-tez öz bəhrəsini verəcək, Güneyli Quzeyli Azərbaycan birləşəcək və Bütöv Azərbaycan Dövləti yaranacaqdır. Bu yolda Sizlərə dözüm, iradə və qətiyyət arzulayıram. Yolumuz açıq, Tanrı yardımçımız olsun. Ulu Tanrı Millətimizə yar olsun"-deyərək real addım atmış, bu məaqsədlə müəzzəm bir təşkilat-"Bütöv Azərbaycan Birliyi" adlı ictimai-siyasi bir təşkilat yaratmış və ömrünün sonunadək bu təşkilata rəhbərlik etmişdir.

Elçibəy dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, məfkurəsi və əxlaqı ilə illər boyu Türklərin yaşadığı torpaqlarda təşəkkül tapmış Türk mədəniyyətini Türklük ideyasının, Türk dövlət və imperatorluqlarının yaradıcı amili saymış və sonda belə bir qənaətə gəlmişdi ki: "Dövlətçilik məsələsində dünyada Türklərdən üstünü yoxdur. Birincisi, Türklər aldıqları, ağalıq etdikləri ölkələrdə heç vaxt dinə toxunmamışlar. İkincisi, yerli xalqların dillərinə dəyməmişlər. Üçüncüsü, dövləti ədalətlə idarə etmişlər. Ancaq başqaları rusların əlinə düşən kimi milli əritmə siyasəti başlanıb. İngilislər hərtərəfli assimilyasiyaya əl atıblar. Farslar, çinlilər, ərəblər və başqaları da o cürə... Halbuki dövlət və xalq yalnız və yalnız humanizm və ədalətlə idarə olunmalıdır".

Elçibəyin fəlsəfi anlayışında "Səadət qət edilən məsafədir". Vətən Elçibəyin anlamında Böyük Türküstandır. Bu Böyük Türküstanın hər yeri onun üçün müqəddəsdir. Bu baxımdan Elçibəy şüurlu həyatını bu müqəddəs Vətənin ürəyi sayılan Azərbaycanın azadlığı, birliyi uğrunda mübarizəyə sərf etdi və "bu (Azərbaycanın bütövlüyü-A.M.), istək deyil, fantastikadır. Elçibəy fanatikdir"-deyənlərə cavab olaraq bəyan etdi ki: "Kim nə deyirsə, desin. Mən gerçəkçiyəm. Gerçəkdən-gerçəyə mənim arzum, istəyim daha çox vurulduğum Azərbaycanın Bütövlüyü olmuşdur. Azərbaycanın Bütövlüyü həyatımın mənasıdır. Unudulmamalıdır ki, Azərbaycanın quzeyində olan hərəkat milli azadlıq hərəkatı deyil, xalq hərəkatı idi. Çünki bu hərəkatda 50 milyonluq Azərbaycan xalqı deyil, 6 milyonluq bir xalq iştirak edirdi. Azərbaycan Özünü Milli Azadlıq Hərəkatına hazırlamalıdır. Bu, günün, zamanın tələbidir. Bu, Azərbaycan Türkünün XXI əsr imtahanıdır. Bu imtahandan şərəflə çıxmasaq, tarixdəki mövcudluğumuz sual altında qalacaq. Milli Birliyimizi təmin edə bilməsək, özgələrə yem olacağıq".

Elçibəy Türk dilinə, Türk ədəbiyyatına, Türk tarixinə, Türk fəlsəfəsinə, Türk hərb sənətinə, bütövlükdə Türk mədəniyyətinə çox böyük önəm verən, onları dərindən bilən, dünya Türklərinin bugünkü məsələlərinin çözüm yollarını göstərən bir Türk düşünürüdür. Böyük İsmayıl bəy Qaspıralının məşhur "Dildə, fikirdə, işdə birlik" ideyasını əsas götürən Elçibəy göstərmişdi ki: "Dahi İsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmış "Dildə, fikirdə və işdə birlik" çağırışının dərin və ölməz mənasını bu gün biz Türklər daha yaxından anlamağa başlamışıq. Anlamağa başlamışıq ki, dili bir olmayan millət tarixdə yüksələ bilməz, əksinə,zaman-zaman birliyini itirib dağılar, başqa millətlərin şikarına, sonra da quluna, köləsinə çevrilər. Rusiya imperiyasının Türkə qarşı yüz illərlə yerirdiyi barbar və qanlı siyasətini çikkindən-bikkinədək bilən İsmayıl bəy Qaspıralı sanki millətinə səslənmişdir ki: "Ey Türk! Ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa, fikirdə birliyin olmaz, fikirdə birliyin olmasa, işdə birliyin olmaz və Sən məhv olarsan". Elçibəy istər şifahi nitqlərində və istərsə də yazılarında dəfələrlə göstərmişdi ki: "Nə vaxtsa ortaq Türk əlifbası və ortaq Türk ədəbi dili yaranacaq. Bu ortaq Türk dilinin yaranması üçün Türk xalqlarının, ayrı-ayrı Türk etnoslarının birliyi, onların mədəniyyətlərinin birliyi lazımdır. Türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır. Dil də canlı bir varlıqdır. Dil, bir bütün olaraq xalqa aiddir. Ortaq Türk dilinin yaranması üçün Türk xalqlarının birliyi, onların mədəniyyətlərinin birliyi gərəkdir. Onların özləri yavaş-yavaş ortaq olacaqlar. Bunun üçün bəlirli bir zaman və böyük bir mədəni birlik gərəkdir. Türk Dünyasının intellektual gücü bu gün bu işi gerçəkləşdirməyə yetər. Fəqət, Türk Dövlətlərinin ortaq mədəniyyət siyasətləri də olmalıdır. Ümumtürk mədəniyyətinin, ümumtürk dilinin, ümumtürk ədəbiyyatının oluşdurulması bu mədəni siyasətin təməl bölümlərindən olmalıdır. Hətta bu mədəni siyasətə yatırım yapılmalı, Türk dövlətləri bu iş üçün büdcə ayırmalıdırlar. Bu, dövlətçiliyin əsl qayələrindən biridir". Elçibəy qeyd edirdi ki: "Bəzi Türk dövlət rəhbərləri bunu anlamır, sadəcə iqtisadi, siyasi və hərbi məsələləri həll etməklə məşğuldurlar. Unudulmamalıdır ki, böyük dövlətlər böyük mədəniyyət üstündə inkişaf edirlər".

Türklərin qədim, orta əsr, yeni və müasir tarixini mükəmməl bilən, onu tarixi mənbələrə dayanaraq özünəməxsus yeni metodologiya ilə incələməyə çalışan Elçibəy özünəqədərki bütün təlimləri sərf-nəzər edərək belə bir qənaətə gəlmişdir ki: "İnsanlığın yaranış, yaşayış və gəlişməsində, dünənində, bugünündə Türk insanı çox önəmli rol oynamışdır. Nə yazıq ki, Türkün tarixi gərəyincə öyrənilmədiyi üçün Türklərin tarixi qədər dolaşdırılmış, Türk düşmənləri tərəfindən saxtalaşdırılmış, Türklərin özləri tərəfindən ən az araşdırılmış ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyil. Tarixi millətlər içərisində Türklər qədər öz tarixinə biganə yanaşan ikinci bir millət yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir Millət unutmuşdur ki: "Tarixi yazmaq, onu yaratmaq qədər alidir".

"Türkün tarixini qəlbində Türklük ruhu daşıyan Türk yazmalıdır" - fikrini irəli sürən Elçibəy Türklüyün gələcəyinin parlaq olacağını söyləmiş və tarixin inkişaf qanununa əsaslanaraq göstərmişdi ki: "İnşallah, bütün Türk dünyasında Cümhuriyyətlər yaranacaq, demokratiya yürüyəcək, harada əzilən Türklər varsa, orada onlar öz bayraqlarını qaldıracaqlar. Türk yenidən gücünü toplamaqdadır. O, yeni bir kimliklə yenidən doğulacaqdır. Yeni Türk kimliyinin 500 il öncəki Türk kimliyindən fərqi çox böyük olacaqdır. Onun milli mədəniyyəti yüksəlməkdədir. İndi sırf milli Türk kökü üzərində qurulan yeni dövlətlər meydana çıxmaqdadır. Bu, tamamilə yeni və müəzzəm bir doğuşdur. Yaxın 5-10 il içərisində Türkiyə dünyanın ən böyük, dünya siyasətinə yön verəcək dövlətlərindən biri olacaqdır. İnşallah, 260-270 milyon Türk insanı da iç-içə, yan-yana olarsa, Türklər 10-15 ildən sonra dünyaya sözünü söyləyəcəkdir. Türkün sözü olmadan dünya öz başına yaşayıb durmayacaq, dünya Türksüz davrana bilməyəcək, Türkün sözü ilə hesablaşacaqdır. Bax, onda yeni Turan məfkurəsi meydana çıxacaq. Türk kimliyi Avropaya yalnız Türkün öz mədəniyyətinə sahib çıxmasından sonra təqdim olunacaq. Soydaşlarımız öz xalqını tanıdıqca, öz millətinin keçmişini, mədəniyyətini öyrəndikcə, təbii ki, qürur duyacaq. Bir zaman gələcək Azərbaycan birləşəcək, Uyğurustanda Türk bayrağı dalğalanacaq. Bu gün artıq dünyada 27 Türk bayrağı dalğalanır".

Türkiyə ilə Azərbaycan və digər Türk Cümhuriyyətləri ilə əlaqələrə toxunan Elçibəy göstərirdi ki: "Türkiyə ilə Azərbaycan Konfederasyona getməli, birləşməli, sərhədlər götürülməlidir. Türkiyə yeni Türk Cümhuriyyətləri ilə qeyd-şərtsiz siyasi, iqtisadi və mədəni münasibətlər qurmaq məcburiyyətindədir. Türkiyənin bağımsızlığı və rifahı üçün ikinci bir yol yoxdur. Azərbaycanla, Türküstanla maraqlanmamaq kökündən qopmaqdır, qəflətdir, xəyanətdir. Bu gün 300 milyonluq Türk Dünyasının başı Türkiyə, ürəyi Azərbaycan, bədəni Türküstandır. Bunlardan hər hansı birinə zərbə dəyərsə, baş pozular, ürək dayanar, bədən iflic olar".

Elçibəy irsi, onun Türk dili, Türk tarixi, Türk mədəniyyəti, Türk fəlsəfəsi, Türk dövlətçiliyi, milli kimliyimiz, milli məfkurəmiz, din, əxlaq, elm, azadlıq, demokratiya və s. haqqında söylədiyi və yazdığı fikir və mülahizələr bütövlükdə Türk dünyasının mənəvi enerji qaynağıdır.

Elçibəy böyüklüyünü, Elçibəy şəxsiyyətini, Elçibəy müdrüklüyünü yüksək qiymətləndirənlər göstərmişlər ki:

"Elçibəy Türk dövlət adamları və qəhrəmanları zincirinin altun halqalarından sonuncusudur".

"Elçibəy erişilmez ucalıqla Ruh soyluluğuna sahib bir Türk lideridir".

"Azərbaycanın bağımsızlığının öndə gələn memarı olan Elçibəy hər şeydən öncə bir özgürlük savaşçısı, düşüncəsi çağdaş, ürəyi Türklük dolu bir dövlət adamı idi".

"Elçibəy planetin ən böyük demokratıdır".

"Elçibəy Türk dünyasının yetişdirdiyi nadir bir şəxsiyyətdir".

"Elçibəy bütün ömrünü Türk milləti üçün yaşayan, ürəyi millətimizin yüksəlməsi və xoşbəxtliyi üçün çarpan tam və kamil anlamda milli şüur sahibi, örnək bir mübarizə adamıdır. Azərbaycanın bağımsızlığına qovuşmasının simvoludur".

"Elçibəy ömrünü Türk dünyası üçün sərf edən, milli azadlıq hərəkatının lideri, öncüsüdür".

"Elçibəy çağdaş Türkçülüyün ideoloqudur".

"Elçibəy Azərbaycan Türkünü azad etməyi bacardı. Ömrü boyu mücadiləsini verdiyi savaşdan qalib çıxdı, qısa zamanda Azərbaycan Türkü və Türk dünyası üçün ümid oldu".

"Elçibəy Azərbaycanda Türklük şüuru və ruhunu oyandıran bir Türk lideri, bütün Türk dünyasının bilgili, fəzilətli qəhrəmanıdır. Türk dünyasının hər yerində Elçibəydən çox sevgi və sayğı görən bir liderimiz yoxdur. Elçibəy Türk dünyasının hər yerində Türklərin qəlbində taxtını qurmuşdur".

"Elçibəy Azərbaycanın şərəfi, Türk dünyasının ən böyük liderlərindəndir".

Bütün bu deyilənlərin sayını artırmaq da olar. Bu qədər müəzzəm bir şəxsiyyətin fiziki yoxluğundan istifadə edən və doktrinar mənada müəyyən bir tarixi dönəmdə Elçibəyə yaxın kimi görünən və məhz Elçibəyin kölgəsində siyasi arenaya çıxan bir çox müasir əllaməçi siyasilər tarixi Türk qəhrəmanlarına, Türk dövlət başçılarına, Türk mənəviyyatına, Türk milli dəyərlərinə, Elçibəyin həyatını qurban verdiyi Türklüyə qarşı mahiyyəti və mənbəyi bəlli olmayan fikir və mülahizələr irəli sürməklə kimlərəsə yarınmağa və bununla da siyasi kapital toplamağa çalışsalar da "Yel qayadan heç nə apara bilməyəcək". Çünki keçici fikirlər böyük məfkurələrin önündə duruş gətirə bilməyib və bundan sonra da duruş gətirə bilməyəcək.

Elçibəy davamçıları əmindir ki, yenidən Türk kimi yaşamaq, Türk olmanın mənəvi yükünü dərk etmək və bundan qürur duymaq, yəni Elçibəy yolunu ləyaqətlə davam etdirmək sonda üç böyük ideyanın - Bütöv Azərbaycan Birliyinin, Türkiyə-Azərbaycan Birliyinin və nəhayət Ümumtürk Birliyinin gerçəkləşməsinə gətirib çıxaracaq. Elçibəysevərlər və Elçibəy yolçuları buna varlıqları qədər inanırlar.

Ruhun bizimlədir, Bəy!




Bilgə Tonyukuk

II FƏSİL
Türklüyə xidmət edən Türkçü ictimai-siyasi xadimlər
2.1. Türklük üçün çalışan tarixə bəlli ilk böyük Türk ictimai-siyasi xadimi
Bilgə Tonyukuk
Həyatını Türklüyün yüksəlişinə həsr edən tarixə bəlli ilk böyük Türk mütəfəkkiri və dövlət xadimi İkinci Göy Türk dövlətinin qurucularından biri olan Bilgə Tonyukukdur. Doğum tarixi bəlli olmasa da, qaynatası Bilgə Tonyukukun İkinci Göy Türk Xaqanlığının qurulması və inkişafındakı Bilgə Xaqanın Ulan-Batorun 66 km cənub-şərqində yerləşən Nalayxa adlanan yaşayış məntəqəsi ilə Tola çayının sağ sahili arasında Bayın-Sokto adlanan yerində ucaltdırdığı yazılı abidədə onun vəfat tarixi 726-cı olaraq göstərilmışdir. “Tonyukuk abidəsi” məqbərə kompleksinə daxil olan iki daşdan ibarətdir. Birinci daşın hündürlüyü 1 m 70 sm, ikinci daşın hündürlüyü isə 1 m 60 sm-dir. Mətnin 35 sətri birinci, 27 sətri isə ikinci daşdadır.

Birinci Göy Türk İmperatorluğu yıxıldıqdan sonra Göy Türklər Çin əsarətindən qurtulmaq üçün yorulmadan 50 il mübarizə aparmışlar. Bu mübarizənin ilk Türk qəhrəmanı Türk tarixinin qızıl səhifəsini yazan Türk Xaqanı Çuluğun kiçik oğlu məşhur Kür-Şaddır. 639-cu ildə 39 Türk silahdaşı ilə Çin sarayına hücum edərək saray çevrilişi etməyə cəhd göstərən Kür-Şad son damla qanlarına qədər vuruşaraq şəhid olmuşlar. Onlar şəhid olsalar da, əsir Türklərin könlündəki azadlıq eşqini alovlandırmış, hadisə böyüyərək bütün Türk ellərinə yayılmış, dastanlaşmış, Türk millətinin qəlbində əbədi taxt qurmuşlar. Bu üsyandan sonra Çin əsarətindən qurtulmaq üçün bir neçə dəfə də təşəbbüslər olmuş, nəhayət, Türklərin Aşina soyundan olan Qutluğun başçılığı və böyük mütəfəkkir, cəsur sərkərdə Tonyukukun tövsiyyəsi ilə Qutluğ “Xaqan” elan olunmuş və “Eltəriş” (El qurtaran) adını almış, tarixdə Eltəriş Xaqan kimi tanınmışdır.

İkinci Göy Türk İmperatorluğunun qurucularından olan Bilgə Tonyukuk xaqanın ən böyük köməkçisi və baş vəziri kimi ordunun və diplomatik işlərin qurulması və yürüdülməsini təşkil etmiş. Qutluğ Eltəriş Xaqan öldükdən sonra yerinə keçən qardaşı Qapağan Xaqanın, onun ölümündən sonra da Eltəriş Xaqanın böyük oğlu Bilgə Xaqanın dövründə də bu işləri yerinə yetirmişdi. Ulu mütəfəkkir Tonyukuk Göy Türklərin müstəqillik savaşından başlayaraq ölənə qədər Türk millətinə xidmət etmiş, böyük Türk birliyini yaratmağa nail olmuş, şərəfinə Türk dili və ədəbiyyatının ən qədim nümunələrindən olan daş kitabə dikilmişdi.

Göy Türk Xaqanları olan Qutluğ Eltəriş, Qapağan və Bilgə Xaqan Türklərin “Aşina” qəbiləsinə, Bilgə Tonyukuk isə “Aşidə” qəbiləsinə mənsubdurlar.

Bilgə Tonyukuk Çin sarayında təlim-tərbiyə almış, dövrünün savadlı, bilgə (müdrik) şəxsiyyətlərindən olmuş, düşmənlərə qarşı savaşlarda böyük qəhrəmanlıqlar göstərmiş, İkinci Göy Türk Xaqanlığının qurulması və inkişafında müstəsna xidmətlər göstərmiş, Xaqanlığın xarici siyasətini yürütmüşdü. Bu münasibətlə “Tonyukuk abidəsi”ndə o, özü haqqında aşağıdakı bilgiləri vermişdir:

“Mən hakim Tonyukuk (Görünür ki, bu mətn Tonyukukun dövlət müşaviri dövrlərində deyil, 705-706-cı illərdəki yüksək məhkəmə üzvü olduğu dövrlərdə yazılmışdır –A.M.) Çində dünyaya gəldim. Çünki o zaman Türk milləti Çində dustaq idi...

O vaxt Tanrı belə demişdi: “Mən (Tanrı –A.M.) Sizə (Türklərə -A.M.) bir xaqan vermişdim, fəqət siz onu buraxıb hökm altına girdiniz. Bu səbəblə də Tanrı onları ölümlə cəzalandırdı. Türk milləti pərişan olmuş və birləşmiş Türk yurdunda toplu bir xalq qalmamışdı... İlk öncə Şad Qutluğun yanında 700 adam toplandı. Mən də onların arasında idim. Tanrı mənə sezgi verdiyi üçün onun (Qutluğun – A.M.) xaqan olmasına çalışdım... O da: “Tonyukuk mənimlə bulunduqca mən “Eltəriş” (Milləti toplayan) xaqan olaram” dedi. Kitayların və Çinlilərin bu yeni gücə qarşı hərəkətə keçdiyini öyrənincə gündüz oturmadım, gecə uyumadım və dərhal durumu xaqanıma bildirdim, düşmənlər birləşmədən üzərlərinə varalım, dedim. Xaqanım mənim – Bilgə Tonyukukun müraciətini eşitdi. “Bildiyin kimi et” dedi. Ordumu Göy Önük tətəfdən Ötükən ormanına apardım. Tanrı yardımı ilə düşmənləri pərişan etdik. Xaqan və Türk milləti Ötükəndə yerləşincə cənub, şimal, şərq və qərbdə bulunan bütün boylar bizə qatıldı. (Tonyukuk kitabəsi).

Bilgə Tonyukuk praqmatik bir siyasətçi olmuşdur. O, həyatını Türk xalqının rifahı və yüksəlişinə həsr etmişdir. Tanrı ona bilik vermişdir ki, o, öz bilik və bacarığını Türk xalqının yüksəlişinə həsr etsin. Bilgə Tonyukukun əsas məqsədi Çində və digər yerlərdə dağınıq halda yaşayan Türkləri ana vətən Ötükənə qaytarmaq, Türk ölkəsində hərbi və iqtisadi gücü artırmaq, bütün Asiya Türklərini qızıldan hazırlanmış “Qurd başlı Göy Türk Bayrağı” altında birləşdirmək idi. Bu məqsədlə o, ilk öncə bu işə mane olan Çinlilərlə Kitanların arasını vurmağa çalışmış və buna Qapağan Xaqanın hakimiyyəti dövründə nail olmuşdu. Kitanlarla müharibədə zəif düşən Çinlilərə öz istəklərini həyata keçirmək üçün Kitanları məğlub edən Göy Türk Xaqanı Qapağan Çinlilərdən bunun qarşılığını ödəməyi tələb etmiş və bu tələblər yerinə yetirilmişdi. Tələblərdən biri də Çin torpaqlarında yaşayan Türklərin ana vətən Ötükənə qaytarılması idi. Çin İmperatoriçəsi Göy Türk xaqanı Qapağanın istəklərini qəbul etmək məcburiyyətində qalmış, Türklər ana vətən Ötükənə göndərilmışdi.

Bilgə Tonyukuk, Bilgə Xaqan və Kül Təkin bütün imkanları dəyərləndirərək ən səmərəli taktikaları işlətmiş, hətta qohumluq əlaqələri yaradaraq bir-birlərinə bağlanmış, yeri gəldikcə güc işlədərək ətrafındakı bütün Türk boylarını birləşdirmiş, hərbi və iqtisadi cəhətdən güclü Göy Türk İmperatorluğunu yenidən bərpa etmişlər. İmperatorluğun sərhədlərini Sarı dənizə, Xəzər dənizinə, Kırıma və Kəşmirə qədər genişkəndirməyə nail olmuşdular.İki qrdaş – Bilgə Xaqan və Kül Təkin və baş vəzir Tonyukuk bilik, təcrübə və cəsarətlə tam bir anlaşma içərisində çalışaraq dövləti sürətlə hər baxımdan yüksəltmişdilər. Onların birliyi Türk milləti və o dövrkü Türk ölkəsi Ötükənin yenidən diriliyi, canlanması ilə nəticələnmişdi. Türk tarixində nə zaman hökmdar oğulları arasında birlik olmuşsa, dövlətin gücü də inanılmaz dərəcədə yüksəlmiş, dövlət İmperatorluq səviyyəsinə çatmışdı. Bilgə Xaqan, Kül Təkin və baş vəzir, Bilgə Xaqanın qaynatası Bilgə Tonyukukun sayəsində də Göy Türk dövləti bir imperatorluğa çevrilmiş, Çini belə təhdid altında saxlamışdı. Bu üç böyük şəxsiyyətin birliyini, ağlını və cəsarətini xarakterizə edən Çinlilər o dövrdə İmperator Nüantsyunqun başçılıq etdiyi bir toplantıda Göy Türklər haqqında bunları söyləmişlər:

“Bu Göy Türklərin nə zaman, nə edəcəkləri bilinməz... Bilgə Xaqan yaxşı bir hökmdardır. O, Türkləri, Türklər də onu çox sevir. Qardaşı Kül Təkin hərb sənətinin böyük ustasıdır və ona qarşı çıxacaq bir qüvvə çətin ki, tapıla. Baş vəzirləri Tonyukuk isə çox ağıllıdır, sözü ötkün, niyyətləri də çoxdur... İndi bu üçü tam fikir birliyi, anlayış birliyi içində birləşmişlər.” (İqtibas Rəfik Özdəkin “Türkün qızıl kitabı” əsərindən götürülmüşdür. Bax: Rəfik Özdək, Türkün qızıl kitabı, Bakı, 1992, səh.105).

Bilgə Tonyukuk Eltəriş Xaqanla birlikdə Çin əsarətindən qurtularaq Türklərin Çinlilərə qarşı qurtuluş savaşını idarə etmiş, gənclik illərində ordu başçısı kimi cəsarət və qəhramanlığı, orta yaşlarında ordu quruculuğu, siyasət və diplomatiyası, yaşlı dövrlərində isə təcrübə və bilgisi ilə Türk dövləti və Türk millətinin yüksəlişinə xidmət etmişdir.

Göy Türk istiqlal savaşının başlanğıcından etibarən, Eltəriş, Qapağan və Bilgə Xaqanlar dövründə dövlətə və millətə 46 il xidmət edən, heç bir savaşda məğlub olmayan, “Boyla Baqa Apa Tarkan” (Baqa boyunun Baba Tarkanı) ünvanlarını daşıyan, “Bilgə” (bilici) və strateq Tonyukuk İkinci Göy Xaqanlığının ordusunu, maliyyəsini, ədliyyəsini tənzimləyən, “Ayqucu” (indiki anlamda dövlətin baş naziri – A.M.) olaraq xaqanlar üzərində xüsusi təsirə malik olmuşdur. Bilgə Tonyukuk o dövrün dini cərəyanlarını yaxından öyrənmiş, Bilgə Xaqanın istəyinə baxmayaraq Çin Buddizminin Türklər tərəfindən qəbul edilməsinə, şəhərlərin qala divarları ilə hasara alınmasıa imkan verməmişdir. Bu və digər məsələlərlə bağlı bir kitabədə Tonyukuk göstərir ki, Buddizm dini və fəlsəfəsinin “hər ikisi də insandakı hökm etmə və iqtidar duyğusunu zəiflədir. Güc və savaşçılıq yolu bu deyildir, bizə (Türklərə - A.M.) uyğun düşməz. Türk millətini yaşatmaq istəyiriksə, nə bu cür təlimlərə, nə də bu cür tapınaqlara ölkəmizdə yer verməməliyik”. Şəhərləri hasara almaq haqqında da bunları söyləmişdir:

“Bunlar olmamalı. Biz (Türklər- A.M.) ömrünü sulu və otlu ərazilərdə keçirən bir millətik. Həyat tərzimiz bizi daima bir müharibə şəraiti içində tutmaqdadır. Göy Türklərin sayı Çinlilərin yüzdə biri qədər deyil. Başarılarımız yaşayış tərzimizdən irəli gəlir. Güclü zamanlarımızda orduları hazırlayıb axınlar yapar, zəif olduğumuz dövrlərdə bozkırlara çəkilir, mücadilə edərik. Əgər qala və hasarlar içinə qapansaq, Tanq orduları (Çinlilər nəzərdə tutlur – A.M.) bizi məhv edər, ölkəmizi istila edərlər”. Mənbənin əlavə etdiyinə görə, Bilgə Tonyukukun bu tövsiyyələrindəki dərin məna Göy Türk paytaxtında yaxşı qarşılanmışdı. (Seçmələr bizimdir – A.M. bax: Osman Turan, Türk Cihan hakimiyeti mefkuresi tarihi, səh. 63, 65, 90, 94).

Bilgə Tonyukuk Çin səlnamələrində “Yuançjən” yəni “İnci” adı ilə anılmışdır. Tonyukukun “Bilgə”, yəni “Bilici, Müdrik” adlandırılması onun təkcə savadlı olması ilə deyil, həm də gördüyü işlərə görə qazandığı bir epitetdir.

“Tonyukuk” adlı digər bir abidə olan “Külü Çör” abidəsində də Eltəriş, Qapağan və Bilgə Xaqanla birgə hörmətlə yad edilmişdir.

“Bilgə Tonyukuk” abidəsində müəllif özünü belə təqdim edir: “Mən Bilgə Tonyukukam... Mən qoşuna başçılıq edirəm... Mən gecə-gündüz yatmadan, rahatlıq bilmədən, öz qırmızı qanımı, qara tərimi tökmüşəm. Mən özüm uzun hərbi yürüşləri istiqamətləndirmişəm. Mən Bilgə Tonyukuk Türk Bilgə Xaqanın xalqı üçün yazmaq əmr etmişəm. Eltəriş Xaqan, Qapağan Xaqan, Bilgə Xaqan və Bilgə Tonyukukun səyi nəticəsində Türk-sir xalqları mövcuddur”. (Bax: Bilgə Tonyukuk abidəsi). Mətndən də göründüyü kimi Bilgə Tonyukukun adı xaqanlarla birgə çəkilir və Tonyukuk öz millətini “Türk-sir budun” adlandırır.

Bilgə Xaqanın ölümündən sonra yerinə sıra ilə Tonyukukun qızından olan övladları Türk Bilgə Xaqan və Tenqi xan keçmiş, fəqət bunların hər ikisi gənc və təcrübəsiz olduqlarından dövləti anaları, Tonyukukun qızı idarə etmişdi. Bu vəziyyətdə Türk boylarının başçıları arasında hakimiyyət üstündə ixtilaflar başlamış, bundan istifadə edən Basmillər, Qarluqlar və Uyğurlar birləşərək Aşina ailəsindən olan Basmili xaqan elan etmişlər.

Bir müddət sonra Basmil hakimiyyətdən imtina etdiyindən yerinə Uyğur başçısı Qutluğ Bilgə Kül gətirilmiş və beləliklə də, xaqanlıq Göy Türklərdən Uyğurlara keçmişdi.

Göy Türk Xaqanlığının yerini Uyğur Xaqanlığı tutduqdan sonra da Tonyukuk soyundan gələn bəzi bəylər Uyğur Xaqanlığında vəzifədə bulunmuşdular.

Qərb araşdırıcıları Bilgə Tonyukuku “Göy Türk Bismarkı” adlandırmışlar.

Ruhu şad olsun.


Yusuf Xas Hacib Balasağunlu


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin