Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Bir fəqih, İblisə qarşı min abiddən güclüdür."
ŞİƏ ALƏMİNİN MƏRCƏYİ-TƏQLİDİ AYƏTULLAHÜL-ÜZMA FAZİL LƏNKƏRANİNİN HƏYATİ BARƏDƏ QİSA MƏLUMAT
TƏVƏLLÜDÜ
Ayətullahül-üzma Fazil Lənkərani 1310-cu hicri şəmsi ilində (1931) İranın Müqəddəs Qum şəhərində dünyaya gəlmişdir. Atası mərhum Ayətullah Fazil Lənkərani Qum Elmiyyə Hövzəsinin böyük alimlərindən və ustadlarından sayılırdı. Anası isə pak və tanınmış nəcabətli seyyid övladlarından idi.
TƏHSİLİ
İbtidai təhsil aldıqdan sonra, on üç yaşında ikən Qum Elmiyyə Hövzəsinə daxil olub, dini elmləri öyrənməyə başlayır. Gözəl istedad və bacarığı olduğuna görə müqəddimat və səth dərslərini altı ildə oxuyub başa çatdırır. On doqquz yaşında ikən Ayətullah Burucerdinin "istidlali fiqh və üsul" dərslərinin xaricinə gedir. Yaşının az, ağıl və zəkasının çox olması ilə ustad və tələbələrin diqqətini özünə cəlb edir. Onun səmimi dostu və elmi müzakirələrdəki yoldaşı İmam Xomeyninin oğlu şəhid Ayətullah Mustafa Xomeyni idi.
USTADLARİ
Ayətullahül-üzma Lənkərani on bir il müddətində Ayətullahül-üzma Burucerdinin üsul və fiqhin xarici dərslərində, həmçinin doqquz il Ayətullahül-üzma İmam Xomeyninin dərslərində iştirak etmiş, bu iki elm mənbəyindən son dərəcədə bəhrələnmişdir.
Neçə il Ayətullah Əllamə Təbatəbainin fəlsəfə və təfsir dərslərində iştirak edərək bu görkəmli şəxsiyyətin də məarif dolu elm dəryasından istifadə edərək feyz almışdır.
TƏDRİSİ
Ayətullahül-üzma Fazil Lənkərani Qum Elmiyyə Hövzəsində neçə il səth dərslərini tədris etmişdir. Hal-hazırda 25 ildən artıqdır ki, üsul və fiqh xaric dərslərini tədris edir. Bu dərslərdə Qum Elmiyyə Hövzəsinin 700-dən artıq elmi şəxsiyyətləri iştirak edir.
Neçə illərdir ki, onun xaric dərslərinin lent yazısı İİR radiosundan efirə buraxılır və İranın hər bir nöqtəsində, habelə dünyanın müxtəlif yerlərində çoxlu elmi şəxsiyyətlər onun dərslərindən istifadə edir.
TAĞUT REJİMİ ƏLEYHİNƏ SİYASİ MÜBARİZƏLƏRİ
İmam Xomeyni (rəhmətullahi əleyh) tağut Pəhləvi rejiminin törətdiyi zülm və fəsada qarşı mübarizəyə başlayanda, Ayətullahül-üzma Lənkərani ən yaxın dost, sirdaş kimi onunla qədəm-qədəm hərəkət edir, İslam İnqilabının qələbəyə çatması üçün yorulmadan fəaliyyət göstərir, Qum Elmiyyə Hövzəsinin fəal üzvlərindən sayılırdı. Dəfələrlə dövlət məmurları tərəfindən tutularaq həbs edilmiş, axırda isə "Bəndəri-Lənge"yə sürgün edilmişdir. Orada dörd ay qalandan sonra Yəzd şəhərinə sürgün olunur və iki il yarım orada qalır.
CAMAATA PİŞNAMAZLİQ
Əhli-beyt(əleyhimussalam) (əleyhimüssalam) məhəbbəti səbəb oldu ki, o, Qum şəhərinin mühüm yerlərində camaat namazına imamət etsin. Ayətullah Nəcəfi Mərəşinin vəfatından sonra tələbələr və Qum camaatının təkidi ilə Həzrəti Məsumə (əleyha salam)-ın hərəmində camaat namazına imaməti öhdəsinə götürdü ki, minlərlə alim, tələbə və ziyarətə gələnlər onun arxasında namaz qılıb feyz alırdılar.
MƏRCƏİYYƏT MƏQAMİ
Həzrəti İmam Xomeyninin vəfatından sonra möminlərdən çoxu təqlid məsələsində ona müraciət etməyə başladılar. Mərhum Ayətullah Ərakinin vəfatından sonra isə, Qum Elmiyyə Hövzəsi Müdərrislər Yığıncağı tərəfindən rəsmi olaraq əksəriyyət təşkil edən rəy çoxluğu ilə ilk şəxs kimi İslam ümmətinə mərcəyi-təqlid seçildi.
ƏSƏRLƏRİ
Ayətullahül-üzma Lənkərani dini elmlər üzrə tələbə yetişdirməklə eyni zamanda, müxtəlif dəyərli elmi əsərlər də yazmışdır:
1. "Ürvətül-vüsqa" kitabına haşiyə
2. "Nəhayətüt-təqrir", (iki cilddə, ərəbcə)
3. Görkəmli fəqih, Mühəqqiq Həmədaninin "Təharət" kitabına haşiyə (ərəbcə)