On ikinci fəsil: İmam Sadiq (ə)
İmam Səccadın (ə) və İmam Baqirin (ə) çoxlu fəaliyyətləri nəticəsində vəziyyət Peyğəmbər (s) ailəsinin xeyrinə çox dəyişmişdi. Mən qısaca İmam Baqirin (ə) və İmam Sadiqin (ə) planını açıqlamaq istəyirəm. O zaman bu, sirr idi. Eşitmisiniz ki, deyirlər məsələn, Cabir ibn Yezid Cöfi sirr sahiblərindən idi; deyirdilər ki, Allah bizim sirrimizi açan şəxsə lənət eləsin və sair. İndi mənim söyləmək istədiyim də həmin sirlərdəndir, lakin bu gün bunu açmağın nəinki eybi yoxdur, hətta imamın nə etmək istədiyini bilmək üçün vacibdir də. İmam Sadiqin (ə) planı bu idi ki, İmam Baqirin (ə) vəfatından sonra qiyam edib Bəni-Üməyyə hakimiyyətini devirsin. O zaman Bəni-Üməyyə rejimi olduqca zəif idi. İmam Sadiqin (ə) qurduğu Şiə şəbəkəsi Xorasana, Reyə, İsfahana, İraqa, Hicaza, Misirə, Mərakeşə və digər müsəlman bölgələrinə yayılmışdı. Onların hamısı Mədinəyə toplaşmalı, İmam Şama yürüş etməli, Şam hökumətini devirib öz xilafət bayrağını ucaltmalı və Mədinəyə gələrək Peyğəmbər (s) hökuməti qurmalı idi. İmam Sadiqin (ə) planı bu idi.
Buna görə də İmam Baqirin (ə) son günlərində Məhəmməd (s) ailəsinin qiyamçısı haqda söhbət düşəndə İmam Sadiqə (ə) baxıb buyururdu ki, qiyamçı budur. Bildiyiniz kimi, Məhəmməd (s) ailəsinin qiyamçısı sözü ümumi addır, yalnız on ikinci imama məxsus deyil. Dövrümüzün imamı Məhəmməd (s) ailəsinin son qiyamçısıdır, amma bu ailənin istər qələbə çalan, istərsə də qalib gəlməyən bütün imamları Məhəmməd (s) ailəsinin qiyamçılarıdır. Rəvayətlərdə deyilir ki, bizim qiyamçımız qiyam edəndə filan işləri görəcək, rifah yaradacaq, ədaləti bərqərar edəcək və sair. O zaman bu sözlərdə məqsəd on ikinci imam deyildi; məqsəd bu idi ki, haqq və ədalət hakimiyyətini qurmalı olan şəxs qiyam edəndə bu işləri görəcək. Həqiqətən elə idi, o zaman İmam Sadiq (ə) Məhəmməd (s) ailəsinin qiyamçısı olmalı idi. O, belə bir vəziyyətdə imamətə çatdı.
İmam Sadiq (ə) mübarizə, elm və təşkilat adamı idi. Onun elm adamı olmasını hamınız çox eşitmisiniz. İmam Sadiqin (ə) dərsləri və tədris dairəsi ondan həm öncə, həm də sonra imamların həyatında misilsiz idi. İmam Sadiq (ə) bir əsrdən artıq müddətdə qərəzli, azğın, yaxud cahil insanlar tərəfindən təhrif olunmuş bütün düzgün İslam sözlərini və əsl Quran təlimlərini düzgün formada bəyan etdi və bu, düşmənin qorxuya düşməsinə səbəb oldu. Siz bunları eşitmisiniz, amma onun mübarizə adamı olmasını az eşitmisiniz. İmam Sadiq (ə) geniş və müntəzəm bir mübarizə ilə məşğul idi, hakimiyyətə gəlmək, İslam və Əli (ə) hökuməti qurmaq üçün mübarizə aparırdı, Əməviləri devirib onun yerinə əsl İslam hökuməti - Əli (ə) hökuməti qurmağa çalışırdı. İmam Sadiqin (ə) həyatını diqqətlə mütaliə edənlərə bu aydındır.
Çoxlarının ümumiyyətlə eşitmədiyi üçüncü məsələ isə onun təşkilat adamı olmasıdır. İmam Sadiq (ə) uzaq Xorasandan və Orta Asiyadan Şimali Afrikaya qədər İslam dünyasında Əli (ə) hökumətinin tərəfdarlarından ibarət böyük bir təşkilat yaratmışdı. Təşkilat nə deməkdir? Yəni İmam Sadiq (ə) xalqın bilməsi lazım olan hər bir sözü bütün İslam dünyasında olan nümayəndələri vasitəsi ilə xalqa çatdırır və onlar hər yerdən Əli (ə) ailəsinin böyük siyasi mübarizəsini idarə etmək üçün şəriət ödəncləri və büdcə toplayırlar. İmam Sadiqin (ə) ardıcılları onun bütün şəhərlərdə olan vəkil və nümayəndələrinə müraciət edir, dini və siyasi vəzifələrini soruşurlar. Siyasi vəzifə də dini vəzifə kimi vacibdir. İtaəti vacib olan şəxsin və əmr sahibinin namaz, zəkat, oruc və digər dini fətvaları ilə siyasi fətvaları, cihad, siyasi münasibətlər, ölkədaxili məsələlər və digər sahələrə dair fərmanı eynidir, onların hamısına tabe olmaq vacibdir. İmam Sadiq (ə) belə böyük bir təşkilat yaratmışdı, bu təşkilatla və xalqın köməyi ilə Bəni-Üməyyə rejiminə qarşı mübarizə aparırdı. İmam Sadiqin (ə) imamlığı çox əhəmiyyətli və öyrədicidir. O, on il Bəni-Üməyyəyə və uzun müddət də Bəni-Abbasa qarşı mübarizə apardı. Onun Bəni-Üməyyə üzərində qələbəsi qaçılmaz olanda Bəni-Abbas fürsətçi bir cərəyan kimi təşəbbüsü ələ aldı və imam ondan sonra həm Bəni-Üməyyə, həm də Bəni-Abbasa qarşı mübarizə apardı.
Məşhur tarixçi Təbərinin yazdığına görə, İmam Sadiq (ə) imamətinin ilk on ilində Bəni-Üməyyə ilə vuruşdu. Bu dövrdə onun mübarizəsi açıq idi, fəaliyyətində təqiyyə və məxfilik yox idi. Səbəb Əməvi xəlifələrinin başlarının qarışıq olması idi. Onlar İmam Sadiqlə (ə), şiələrlə məşğul olmaq, onlara qarşı sərt tədbirlər görmək iqtidarında deyildilər. Bu baxımdan məxfi fəaliyyətə ehtiyacı qalmırdı. İmam Sadiq (ə) Ərəfə günü Ərəfata gedib bütün İslam dünyasından - Afrikadan, Orta Şərqdən, Hicazdan, İraqdan, ozamankı İrandan, Xorasandan, ozamankı Əfqanıstandan, Şərqi Türküstandan və digər yerlərdən gəlmiş izdiham qarşısında çıxış edirdi. Burada bir bomba partlatsan, sanki bütün İslam dünyasında partlatmısan; bir söz desən, sanki beynəlxalq bir informasiya kanalından demisən. İmam Sadiq (ə) bu izdiham qarşısında açıq şəkildə və rəsmən elan edirdi ki, ey insanlar, bu gün imam və haqlı hakim Cəfər ibn Məhəmməddir (ə), Əbu Cəfər Mənsur deyil. Buna dəlil də söyləyirdi. Kəlami və əqli dəlil demirdi, o zaman insanlarda belə əsaslandırmaya hövsələ yox idi, başqa cür əsaslandırırdı. Mənsur Abbasi və digərləri xalqı qane etmək üçün Peyğəmbərin (s) canişini olduqlarını söyləyirdilər. Bir şəcərə düzəldib deyirdilər ki, biz Abbasın övladlarıyıq. Onların iki şəcərələri vardı, hər dəfə birini deyirdilər.
Biri bu idi ki, deyirdilər biz Peyğəmbərin (s) əmisi Abbasın övladlarıyıq. Peyğəmbərin (s) vəfatından sonra xilafət hüququ Bəni-Haşimə məxsus idi və bu qəbilədə hamıdan yaşlı olduğuna görə Abbas xəlifə olmalı idi. Sonra isə xilafət onun övladları olan bizə çatır. Bu bir əsas idi. Başqa bir şəcərə də düzəldib deyirdilər ki, biz Əli ibn Abdullah ibn Abbasın övladlarıyıq. Doğru deyirdilər; onlar Əli Abbbasinin oğulları, nəvələri idilər. Onlar deyirdilər ki, Əli Abbasi Əmirəlmöminin Əli ibn Əbutalibin (ə) oğlu Məhəmməd Hənəfiyyənin şagirdidir. Xilafət Peyğəmbərdən (s) Əliyə (ə), Əlidən (ə) Məhəmməd Hənəfiyyəyə, ondan Abdullah ibn Abbasın oğlu və bizim babamız olan Əliyə və ondan da bizə çatmışdır. Buna görə də biz xəlifə olmalıyıq.
Belə bir şəcərə düzəldirdilər və bu, təfəkkür səviyyəsi aşağı olan ozamankı insanları qane edirdi. İmam da yuxarıda danışdığımız böyük izdiham qarşısında dayanıb imamətin həqiqi sahiblərini ardıcıllıqla təqdim edirdi. Buyururdu ki, ey insanlar, Peyğəmbərin (s) özü imam və cəmiyyətin rəhbəri idi. Ondan sonra Əli ibn Əbutalib (ə) imam oldu, sonra Həsən (ə), sonra Hüseyn (ə), sonra Əli ibn Hüseyn (ə), sonra Məhəmməd ibn Əli (ə) və sonra mən. O özünü imam kimi təqdim edirdi. Bu böyük cəsarət tələb edirdi, sadə söz deyildi, ən böyük müxaliflik idi. İmam Sadiq (ə) Bəni-Üməyyə dövründə bu işi görürdü. Bəni-Abbas dövründə isə təqiyyə və məxfilikdən istifadə etməyə başladı. Səbəb bu idi ki, Bəni-Abbas Əli (ə) ailəsinin şüarlarını və fikirlərini söyləyirdilər. Zahirləri Əli (ə) ailəsi, əməlləri isə Bəni-Üməyyə kimi idi.
Bəni-Üməyyənin hakimiyyəti dövründə mübarizə o formada idi, daha uzun sürən Bəni-Abbas dövründə isə məxfi şəkil aldı. Bəni-Abbas fürsətdən istifadə edib İmam Sadiqin (ə) hazırladığı inqilabı yolundan yayındıran azğın bir cərəyan idi. Bu, inqilabların həmişəki təhlükəsidir. İnqilabın əsas meyarlarına uyğun olan düzgün xətt bəzən öz yerini haqq şüarları verən azğın və batil bir xəttə verir. Çox diqqətli olmaq lazımdır. O zaman insanlar diqqətlərini toplamadılar. Abbasilərin hakimiyyətə gəlməsindən 20-30 il sonraya qədər ucqar bölgələrin əhalisi elə bilirdilər ki, bu onların Əli (ə) ailəsi üçün apardıqları mübarizənin məhsuludur. Elə bilirdilər ki, Əli (ə) ailəsinin hökuməti budur. Onların qəsbkar olduğundan xəbərsiz idilər.
İmam Sadiq (ə) bu dövrdə iki mərhələni keçdi. 114-cü ildən Mənsurun xilafətinə qədərki dövr dinclik və sakitlik dövrüdür. Bu dövrdə Bəni-Üməyyə və Bəni-Abbas arasındakı ixtilaflara görə imamlar fəaliyyət imkanı qazandılar. İmam Baqirin (ə) dövründə belə bir şey yox idi. O zaman Bəni-Üməyyə qüdrətli idi və Əbdülməlikdən sonra ən böyük şəxsiyyətləri olan Hişam ibn Əbdülməlik hakimiyyətdə idi. Odur ki, İmam Baqirin (ə) dövründə heç bir qarşıdurma yox idi və onun üçün belə bir imkan yaranmadı. İmam Sadiqin (ə) dövründə, Abbasilərin dəvətinin yavaş-yavaş başlandığı, genişləndiyi və bütün İslam dünyasında Şiə dəvətinin zirvəyə çatdığı dövrdə isə bu imkan yarandı.
Mənsur hakimiyyətə gələndə vəziyyət ağırlaşdı, İmam Sadiqin (ə) vəziyyəti İmam Baqirin (ə) dövründəki formaya qayıtdı, repressiyalar başladı. İmam Sadiqi (ə) dəfələrlə Hirəyə, Rümeyləyə və digər yerlərə sürgün etmişlər. İmamı dəfələrlə yanına çağırmış Mənsur bir dəfə ona belə dedi: "Səni öldürməsəm, Allah məni öldürsün!"1 Bir dəfə də Mədinənin hakiminə xəbər yolladı ki, Cəfər ibn Məhəmmədin (ə) evini yandır.2 Mənsur İmam Sadiqlə (ə) çox sərt rəftar edirdi və dəfələrlə onu təhdid etmişdi.
İmam Sadiqin (ə) Mənsurun qarşısında təzim göstərdiyini və özünü alçaltdığını bildirən rəvayətlərin heç biri düzgün deyil. Mən bu rəvayətləri araşdırdım, onların heç bir əsası yoxdur və əksəri Rəbi Hacibə çatır. Rəbi Hacib Mənsurun yaxınlarından olan fasiq bir insandır. Bəzi adamlar sadəlövhcəsinə onun şiə olduğunu söyləmişlər. Rəbinin harası şiə olmuşdur?! Rəbi ibn Yunisin həyatını araşdırarkən gördüm ki, o, doğulduğu evdən birbaş Bəni-Abbasın sarayına gəlmiş, onlara nökərlik etmiş, Mənsurun vaxtında keşikçibaşı vəzifəsində çalışmış və Abbasilərə böyük xidmətlər göstərmişdir. Rəbi olmasaydı, Mənsurdan sonra xilafət onun ailəsindən çıxacaqdı. O, Mənsurun adından saxta bir vəsiyyətnamə hazırlayıb oğlu Mehdini taxta çıxardı. Fəzl ibn Rəbi də onun oğludur. Bu ailə Abbasilərə sadiq ailələrdəndir, Əhli-beytə heç bir hörməti keçməmişdir. Rəbinin qoşduğu rəvayətlər də saxtadır. O, İmam Sadiqin (ə) xəlifənin qarşısında özünü alçaltdığını deyir ki, digərləri də öz vəzifələrini başa düşsünlər. Hər halda, İmam Sadiqlə (ə) Mənsurun münasibəti çox pis olmuş və nəhayət, 148-ci ildə birincinin şəhidliyi ilə nəticələnmidir. (1986)
İmam Sadiqin (ə) həyatında bizim yanaşdığımız baxışla əlaqədar olan mühüm cəhətlər aşağıdakılardan ibarətdir:
1- İmamət məsələsinin təbliği;
2- Şiə fiqhinə uyğun din hökmlərinin bəyan edilməsi, eləcə də Şiə baxışına uyğun Quran təfsiri;
3- Məxfi siyasi-ideoloji təşkilatın yaradılması. (Sadiq rəhbər, səh. 67)
Dostları ilə paylaş: |