Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


“Türk dili” anlayışı orta əsrlərdə



Yüklə 0,73 Mb.
səhifə2/9
tarix24.05.2018
ölçüsü0,73 Mb.
#51171
1   2   3   4   5   6   7   8   9

2. “Türk dili” anlayışı orta əsrlərdə

I minilliyin birinci yarısında türklərə və ya türklərin hakimiyyəti altında cəmləşmiş müxtəlif etnoslar birliyinə verilmiş “hun// xun// syun” adı tarixdə həm Şərq, həm də Qərb mənbələrində nə qədər məşhur olsa da, həmin minilliyin ortalarından etibarən öz populyarlığını, demək olar ki, tamamilə itirmişdir.

Bir sıra tədqiqatçılar, xüsusilə G.Dörfer hunların etnik tərkibinin bilinmədiyi kimi, onların hansı dildə danışdıqlarının da məlum olmadığı iddiasındadır.Onun fikrincə, “1. Biz xunların hansı dildə danışdıqlarını bilmirik. 2. Biz syunnuların hansı dildə danışdıqlarını bilmirik. 3. Biz Avropa hunlarının hansı dildə danışdıqlarını bilmirik. 4. Bizim əsasımız var güman edək ki, Avropa hunlarının dili syunnuların dilindən fərqlənmişdir, yəni Avropa hunları, görünür, syunnuların varisləri deyillər, hər halda onların bilavasitə varisləri deyillər” (22, s.59).

Nəticə etibarilə, belə bir qərara gəlir:

“Bizim əsasımız var güman edək ki, nə syunn dili, nə də Avropa hunlarının dili heç bir məlum və ya hazırda mövcud olan dil ailəsinə aid deyil, ən azından (Şumer, uqarit hadisələrində olduğu kimi) söhbət ölmüş dil qruplarından gedir” (22, s.59).

N.A.Baskakov isə, məlum olduğu kimi, türk dillərinin Şərqi və Qərbi hun qruplarına bölünməsindən inamla bəhs etmişdir (123).

Hun tarixşünaslığına gəldikdə, demək lazımdır ki, bu xalqın və ya cəmiyyətin əsasında türk etnosunun dayandığına, onun liderinin isə türk olduğuna mənbələr şübhə etmir (məsələn, geniş məlumat üçün bax: 135).

“Türk” sözü ilk dəfə qədim türk (run) yazılı abidələrinin dilində işlənmişdir:

“Tenqri təq tenqridə bolmış türk bilqə kağan bu ödkə olurtım” (24, s.159).

“Türk bəqlər türk atın ıtı, tabğaçğı bəqlər tabğaç atın tutıpan tabğaç kağanka körmis” (24, s.160).

“Türk kara kamuğ budun ança timis...” (24, s.160).

Burada həmin sözün həm etnos, həm də dövlət adı bildirməsi diqqəti xüsusi olaraq cəlb edir. “Türk”ün dil adı (linqvonim) kimi işlədilməsinə isə təsadüf olunmur. Lakin türk bəylərinin “türk adı”nı atıb Çin adını qəbul etməyə məcbur olmaları barədəki təəssübkeşlik göstərir ki, bu dövrlərdə türklər aydın təzahür edən ad həssaslığına malik olmuşlar.

“Türk dili” anlayışının məzmununu əks etdirən ilk ən mötəbər mənbə, şübhəsiz ki, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”üdür (XI əsr).

Araşdırıcıların çoxu “Divan”ın adını “Türk dillərinin divanı” şəklində verməyə meyllidir ki, fikrimizcə, bu o qədər də doğru deyil. Hər şeydən əvvəl ona görə ki, Mahmud Kaşğari, prinsip etibarilə, “türk dilləri”ndən yox, “türk dili”ndən bəhs etmişdir.

Əsərin başlanğıcında “Divan” müəllifi yazır:

“...Peyğəmbərimiz qiyamətin əlamətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin ortaya çıxacağını söylədiyi vaxt “Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır” deyə buyurmuşdur.

Vəbalı söyləyənlərin boynuna, bu hədis doğru isə, türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl əmr edir” (52, s.55).

Elə isə “Divan”dan bəhs edərkən “türk dili” əvəzinə “türk dilləri” ifadəsinə üstünlük verilməsinin səbəbi nədir?

Görünür, əsas səbəb Mahmud Kaşğarinin ayrı-ayrı türk tayfalarının dillərini (eyni bir dilin ləhcələrini) müqayisə etməsidir ki, bu da araşdırıcılarda belə bir təsəvvür yaratmışdır ki, guya “Divan” müəllifinin məqsədi artıq bir-birindən az və ya çox dərəcədə fərqlənən türk dillərinin müqayisəsini verməkdir. Ancaq əsərin ideyası, məramı açıq şəkildə göstərir ki, dahi dilçi-lüğətçinin məqsədi ərəblərin, yaxud ərəbdillilərin “türk dilini öyrənmək” ehtiyacını qarşılamaqdan ibarətdir. Mövcud ləhcə müqayisələri isə türk dili barədə daha dərin, daha müfəssəl məlumat çatdırılmasına xidmət edir.

Görkəmli dil tarixçisi Ə. Dəmirçizadə yazır:

“... Ümumiyyətlə, dilçilikdə, xüsusən türkologiyada müqayisəli-tarixi metodun başlanğıcını XVIII və ya XIX əsrlərdən deyil, məhz XI əsrdən - Mahmud Kaşğarinin “Türk dillərinin divanı” adlı kapital əsərindən hesablamaq daha doğru olar” (10, s.18).

Maraqlıdır ki, həmin fikri ümumi dilçilik üzrə məşhur mütəxəssis A. Axundov da təsdiq edir (10, s.18).

Fikrimizcə, C.Heyət məsələyə daha düzgün yanaşır. O göstərir ki, “bu kitab (yəni “Divani-lüğət it-Türk”) ərəblərə ədəbi türk dili olan Xaqaniyyə və ya Kaşğar ləhcəsini və o zamankı türk ləhcələrini (oğuz, qıpçaq, çigil, yağma və kırğız) öyrətmək üçün yazıldı” (107, s. 161).

Mahmud Kaşğari yazır:

“Türk və ərəb dillərinin atbaşı bərabər yürüdükləri bilinsin deyə Xəlilin “Kitabül-əyn”də elədiyi kimi, mən də işlək sözlərlə arxaik kəlmələri bu kitabda birlikdə vermək niyyətində idim. Əlbəttə, bu daha mükəmməl iş olardı. Lakin mənim tutduğum yol daha doğrudur, çünki bu halda sözləri tapmaq daha asandır və hər kəs bu üsula üstünlük verir. Buna görə də sözü qısa etmək məqsədilə işlədilməyən kəlmələri kitaba daxil etmədim” (52, s.57).

Bu isə o deməkdir ki, “Divan” işgüzar bir lüğət olduğuna görə, türk dilini öyrənmək istəyən ərəbdillilərə onu mövcud ləhcələri, şivələri ilə təqdim edir; arxaizmləri isə vermir. Halbuki ərəb lüğətçiliyində arxaik sözlərin verilməsi ənənə idi.

M.Kaşğarinin guya türk dillərini müqayisəli-tarixi metodla tədqiq etməsi barədə geniş yayılmış mülahizənin doğru olmadığı özünü burada da göstərir. Əgər lüğətə işlədilməyən və ya arxaik sözlər (təbii ki, onların əksəriyyəti qədim türk sözləri olmalı idi) daxil edilmirsə, burada hansı tarixi-müqayisəli metoddan söhbət gedə bilər? Ümumiyyətlə “türk dillər”indən söhbət gedə bilərmi? Təbii ki, gedə bilməz. Bu özünü onda da göstərir ki, “Divan” müəllifi ayrı-ayrı türk tayfa “dili” (ləhcə, şivə) xüsusiyyətlərini fərqləndirərkən tez-tez bu “dil”lərin “türk dili” olduğunu xatırladır.

Lakin məlum olduğu kimi geniş bir coğrafiyanı əhatə edən türklər arasında türk mənşəli olmayan xalqlar, tayfalar da yaşayırdılar ki, Mahmud Kaşğari onların “türkcə”lərindən də bəhs etmişdir:

“... Pauza vermək üçün sözlərin sonuna h hərfi əlavə olunur... Ancaq bir şey anlatmaq üçün söylənən sözlərdə h yoxdur. Xotən dilində bu hərf var, çünki bu dildə hind dillərinin təsiri hiss edilir. Bu hərf kənçək dilində də var və bu dil də təmiz türk dili deyildir” (52, s.60).

Bununla belə, istər türk mənşəli, istərsə də türkcə danışan qeyri-türk mənşəli tayfaların dili üçün ümumi olan həm fonetik, həm də leksik göstəricilərin kəmiyyəti sübut edir ki, burada bir neçə türk dilindən- “türk dilləri”ndən deyil, yalnız bir “ türk dili”ndən söhbət gedə bilər. M.Kaşğari yazır:

“Köçəri xalqlardan olan çomul boyunun dili ayrıdır. Lakin türk dilini yaxşı bilirlər. Kay, yabaku, tabar, başmil boyları da belədir. Hər boyun özünəməxsus ayrı ləhcəsi olsa da, türkcə gözəl danışırlar.

Qırğız, qıpçaq, oğuz, toxsi, yağma, çigil, uğrak, çaruk boylarının dilləri ancaq türkcədir.

Yəmək və başqırdların dilləri bunlara yaxındır.

...Uyğur şəhərlərinə qədər Ərtiş, İla, Yamar, Ətil çayları boyunca yaşayan xalqın dili düzgün türk dilidir. Bunların içində ən açıq, şirini Xaqaniyyə ölkəsi xalqının dilidir” (52, s.104).

M.Kaşğarinin “Divan”ı sübut edir ki, a) dil adı (liqvonim) ümumi etnosun (türklərin) adı ilə bilavasitə bağlıdır; b) müxtəlif türk boylarının öz adları olsa da, onların dialektlərinin və ya şivələrinin xüsusi adı yoxdur; c) artıq ədəbiləşmiş türkcənin konkret adını bildirmək üçün etnosun deyil, hakimiyyət sülaləsini bildirən adlardan istifadə olunur (xaqaniyyə, qaraxanlılar və s.).

Dahi dilçinin Xaqaniyyə türkcəsinə xüsusi önəm verməsi birinci minilliyin sonlarından başlayaraq türk dilinin həmin paytaxt ləhcəsinin ədəbi dilə çevrilməsilə bağlıdır.

Təsadüfi deyil ki, XI əsrin böyük türk-Qaraxanlı şairi Yusif Xas Hacib Balasaqunlu iri həcmli poeması “Kutadqu bilik”i məhz bu dildə qələmə almışdır.

Y.Balasaqunlu əsərin ön sözündə yazır:

“...Gündoğan vilayətində Türküstan ellərində Buğra xan dilində (qeyd edək ki, bu ifadə çox maraqlıdır, belə ki, müəllif öz möhtəşəm əsərini Qaraxanlı hökmdarı Satuq Buğra xana təqdim etdiyinə görə hörmət-ehtiram əlaməti olaraq əsərin dilini belə adlandırır - A.Q.) bircə kimsə bu kitabdan yaxşı kitab yaza bilməz... Biri ədl, ikincisi dövlət, üçüncüsü əql, dördüncüsü qənaət. Yəni bunların hər birinə türkcə bir ad verilib (Gündoğdu, Aydoldu, Ögdülmüş və Özgurmuş - A.Q.) ...
... Türkcənin qüdrəti, cürəti, əzmi

Bu gözəl kitabın bayramı, bəzmi.

... Yetirdim kamala Kaşğar elində,

Verdim hər vəsfini ana dilində.
... Ərəbcə, tacikcə bu cür kitab çox,

Bizim dilimizdə , heyhat, misli yox.

... Türkcə təranələr qoşmuşam sənə,

Oxu da, unutma, dua qıl mənə” (24, s.222-225).
“Qutadqu bilik”in dili və bu dilin “türkcə”, yaxud “xaqaniyyə türkcəsi”, yəni türk ədəbi dili olması barədə elmi təsəvvürlər, demək olar ki, eynidir (bu barədə bax: 90, 92, 103, 106 və s.).

C.Heyət həmin təsəvvürləri belə ümumiləşdirir:

“Xaqaniyyə türkcəsi hökumətin rəsmi dili olub Kaşğar və Balasaqun xalqının da danışıq diliydi. Ona görə Kaşğar ləhcəsi də deyilirdi. Qaraxanlılar daha çox uyğur və karluq tayfalarından ibarət olmuşlar. Bu iki tayfanın ləhcələri də bir-birinə çox yaxın idi... Bu ləhcə Xarəzm və Çağatay ədəbi ləhcələrinin formalaşmasına qədər Orta Asiyanın müştərək ədəbi dili oldu” (107, s.163).

Qaraxanlılar dövründə yaşamış Ədib Əhməd Yüqnəkinin (XII əsr) “Atibətül-həqaiq” poeması da, “Qutadqu bilik” kimi, xaqaniyyə türkcəsindədir. Poemanın bir bölməsi, maraqlıdır ki, “Til” (“Dil”) adlanır ki, burada ümumiyyətlə dilin insan mənəviyyatında çox mühüm amil olduğu göstərilir:


Tili yalqan ərqin yırak tur təzə,

Keçür sən te umrünq könilik özə.

Ağız, til bəzəki köni söz turur,

Köni sözlə sözni, tilinqni bəzə.
Tərcüməsi:
Dili yalan adamdan uzaq dur qaçaraq,

Sən də ömrünü doğruluqla keçir.

Ağızın, dilin bəzəyi doğru söz olur,

Doğru sözlə danışığını, dilini bəzə. (24, s.262).
Xaqaniyyə türkcəsi bütün orta əsrlər boyu yazı dili olaraq türklər arasında geniş yayılmış və daha çox “türki” adı ilə tanınmışdır.

Əhməd Yüqnəkidən sonra türkcənin ən məşhur ustası Türküstanlı təriqət qurucusu Əhməd Yasəvi olmuşdur.

Ümumi elmi-nəzəri qənaət bundan ibarətdir ki, “qaraxanlı türkcəsi (müştərək Orta Asiya türkcəsi, xaqaniyyə türkcəsi, Kaşğar türkcəsi, Türküstan türkcəsi) Göytürk və uyğur yazı dillərinin inkişaf etmiş davamıdır” (69, s.182).

Bu davam orta əsrlərin sonlarına qədər gedir... Nəticə etibarilə üç yerə bölünən türkcələrin formalaşmasına gətirib çıxarır:



  1. Şərq türkcəsi.

  2. Şimal-Qərb türkcəsi.

  3. Cənub-Qərb türkcəsi.

Bu cür diferensiasiya bu ləhcə-dillərin hər biri üçün ayrıca adların (linqvonimlərin) zəruriliyi ehtiyacını ortaya çıxarır. Lakin araşdırmalar göstərir ki, türkcənin bu cür diferensiasiyası, müvafiq olaraq, “karluqca”, “qıpçaqca” və “oğuzca” anlayışlarının (linqvonimlərin) aktuallaşmasına və ya populyarlaşmasına səbəb olmasa da, bir sıra orta əsrlər türk ədəbi dili təzahürlərinin təşəkkülünə gətirib çıxarır ki, onlar da müxtəlif adlarla adlanırlar: məmlük türkcəsi, cığatayca, səlcuqca və s. Fakt isə faktlığında qalır ki, onların birincisi qıpçaq, ikincisi karluq, üçüncüsü isə oğuz türkcəsini bildirir (bu barədə bax: 96).

Orta əsrlərin sonlarına doğru “türk dili” anlayışının tarixi məzmunu baxımından ən çox maraq doğuran hadisə Əlişir Nəvainin işlətdiyi, eyni zamanda digər geniş yayılmış dillərlə müqayisədə mahiyyətini, imkanlarını dərindən dərk etdiyi “türkcə”dir. Ana dilində “Xəmsə” müəllifi olan dahi şair- mütəfəkkir özünün “Mühakimətül-lüğəteyn”ində (1498) “ türkcə” anlayışını bütöv bir hadisə, yəni müxtəlif türkcələrə bölünməz vahid kimi dərk edir.

A.Dilaçar “Nəvainin dil anlayışı” məqaləsində yazır:

“Kaşğarlı ərəbcə ilə türkcəni müqayisə etmişdi; Dəhləvi də eyni şeyi ərəbcə, farsca və hindcə arasında etmişdi. Nəvai isə öncə ərəbcəni, türkcəni, farscanı və hindcəni nəzərdə tutmuş, ancaq Quran və kəlam dili olan ərəbcəni tez ayırmış... Və sonda ərəbcəni üstünlüyünə, hindcəni də geriliyinə görə dil yarışmasından çıxararaq, ortada yalnız türkcəni və farscanı qoymuşdur” (85, s. 156-157).

Əgər M.Kaşğari “türk dili”ndən deyil, “türk dilləri”ndən bəhs etmiş olsaydı, ondan dörd əsr sonra yaşamış Ə.Nəvai, yəqin ki, bu barədə daha müfəssəl danışmalı olacaqdı. Halbuki belə deyil, onun dil anlayışında yalnız bir “türkcə” mövcuddur.

Ümumiyyətlə, türkologiyada “qədim türkcə”, “əski türkcə”, “orta türkcə” kimi anlayışlar geniş yayılıb sıx-sıx istifadə edilsə də, etiraf etmək lazımdır ki, onların hüdudları dəqiq müəyyən olunmamışdır (müqayisə üçün bax: 91,95,96, 116 və s.).

Orta əsrlər türk ədəbi (yazı) dilinin türkologiyada ən məşhur ümumi adlarından biri “türki”dir.

Tədqiqatçıların fikrincə, türkinin tarixi üç dövrə bölünür:

“1. Təşəkkül dövrü (IX-XII əsrlər).

2. Təkamül (regionlaşma) dövrü (XII-XVIII əsrlər).

3. Tənəzzül (süqut) dövrü (XVII-XVIII əsrlər)” (23, s.108).

Ancaq bizə elə gəlir ki, türkinin təşəkkül dövrünün tarixi düzgün müəyyən edilməmişdir. Belə ki, bu ədəbi dil təzahürünün ilk mənbələri XI əsrə aid olduğundan onun (türkinin) tarixini də həmin əsrdən əvvələ aparmaq özünü doğrultmur.

Ümumiyyətlə isə aşağıdakı bölgü yazılı mənbələrlə təsdiq olunur:

“ 1. Şərq (yaxud Türküstan) türkisi.

2. Şimal-Qərb (qıpçaq) türkisi.

3. Cənub-Qərb (oğuz) türkisi” (23, s.112).

O da təsdiq olunur ki, türkcənin bu regional ədəbi (yazılı) təzahürləri XVII-XVIII əsrlərdə təşəkkül tapan milli türk ədəbi dillərinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir (23, s.118-119).

“Türk dili” anlayışının tarixi baxımından diqqəti cəlb edən cəhəti odur ki, bu diferensial xüsusiyyətlər orta əsrlərdə xüsusi linqvonimlərlə fərqləndirilməmiş, bir qayda olaraq, “türki” adından istifadə edilmişdir.


3. “Türk dilləri” anlayışının təşəkkülü
“Türk dilləri” anlayışı, tamamilə təbiidir ki, qədim türk (ümumtürk) dilinin diferensiasiyası nəticəsində müxtəlif türk dillərinin meydana çıxmasından sonra formalaşmışdır. Bu proses, yəni anlayışın təşəkkülü, əsasən, üç dövrdən keçmişdir ki, buraya aşağıdakılar aiddir:

1) ilk orta əsrlərdən yeni dövrün əvvəllərinə qədər;

2) yeni dövrün əvvəllərindən XIX əsrin ortalarına qədər;

3) XIX əsrin ortalarından sonra.

Birinci dövr anlayışın “dağınıqlığ”ı və ya “pərakəndəliy”i ilə səciyyələnir. Belə ki, mənbələrdə adları qeyd olunan müxtəlif türk etnosları mövcuddur ki, onların bir-birindən bu və ya digər dərəcədə fərqlənən dialekt xüsusiyyətlərinə malik olmaları şübhə doğurmur. M.Kaşğari öz “Divan”ında bir sıra türk dialekt və ya şivələri barədə geniş məlumat verir. Lakin bir sıra tədqiqatçıların güman etdiklərinin əksinə olaraq, bu dövrdə müstəqil türk dillərindən danışmaq doğru deyil. Hər şeydən əvvəl ona görə ki, qədrim türk yazılı (run) abidələrindən başlayaraq mövcud türkdilli mənbələrin əks etdirdiyi fonetik, leksik və qrammatik xüsusiyyətlər orta əsrlərin sonlarına qədər bir dilin strukturu hüdudundan kənara çıxmır. Hətta, “oğuzların dili”, “qıpçaqların dili”, “karluqların dili” kimi anlayışlar da xeyli dərəcədə şərti, yaxud nisbi xarakter daşıyır.

Əslində, türk dilinin ayrı-ayrı müstəqil dillərə bölünməsi orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayır ki, burada coğrafi, siyasi və etnokulturoloji səbəblər aparıcıdır. N.Cəfərov yazır:

“Doğrudur, ilk mərhələdə bu özünəməxsusluqlar (söhbət türk dillərinin diferensiasiyasından gedir - A.Q.) özünü o qədər də aydın , davamlı və perspektivli göstərmir...

Daxili müstəqillik təsəvvürləri nə qədər güclü olsa da, “ətraf aləm” türkləri, ən azından bütöv bir regionda (məsələn, Mərkəzi Asiyada), ümumi (diferensiallaşmamış!) qəbul etməyə meylli olur ki, bu da türk xalqlarının formalaşması prosesi barədə bir sıra mübahisələrlə müşayiət edilir” (22, s.73).

Türk xalqlarının (və dillərinin) diferensial şəkildə dərk edilməsi özünü XIX əsrin əvvəllərindən göstərir. Həmin əsrin ortalarından isə elmi fikirdə “türk dilləri”, yaxud “türk-tatar dilləri” anlayışı artıq kifayət qədər stabildir. Lakin bu dillərə aid edilən müxtəlif türkcələrin adlarında həmin stabillik o qədər də müşahidə olunmur.

Müasir dövrdə türk dillərinin müxtəlif prinsiplərə əsaslanan bir sıra təsnif təcrübələri mövcuddur (bu barədə geniş məlumat üçün bax: 123) . Lakin bir məsələ tamamilə aydındır ki, bir-birindən əsaslı şəkildə fərqlənən türk dilləri mövcuddur və onların sayı 25-ə çatır.

“Türk dilləri” anlayışı ilə yanaşı müasir dövrdə, xüsusilə Türkiyə türkologiyasında, “türk ləhcələri”, yaxud “türk dilinin ləhcələri” anlayışından da geniş istifadə olunur ki, fikrimizcə, bugünkü türk dillərinə münasibətdə bu, prinsip etibarilə, yanlışdır. “german dilləri”, “slavyan dilləri”, “İran dilləri” və s. əvəzinə “german ləhcələri”, “slavyan ləhcələri”, “İran ləhcələri” işlətmək nə qədər qeyri-elmidirsə, “türk ləhcələri” də o qədər qeyri-elmidir. Hətta bir sıra türk dilləri, məsələn, Azərbaycan dili ilə türk dili (Türkiyə türkcəsi), yaxud qırğız dili ilə qazax dili arasında yaxınlıq olsa belə onları bu gün eyni bir dilin-oğuzcanın, yaxud qıpçaqcanın ləhcələrini saymaq doğru deyil. Hər şeydən əvvəl ona görə ki, bu dillər artıq müxtəlif xalqların müstəqil dilləri olduğundan ciddi terminoloji mənada “ləhcə” adlandırıla bilməz.

“Türk dillərinin diferensiasiyası” məqaləsinin müəllifi yazır:

“Çağdaş türkologiya elminin qarşısında duran əsas vəzifələrdən biri də bütün qohum türk dillərini və onların yazılı abidələrinin dilini müqayisə yolu ilə öyrənmək və onların dilində bu və ya digər şəkildə qorunub saxlanılan ümumi fonetik, leksik və qrammatik xüsusiyyətləri aşkara çıxarmaqdır. Yalnız bununla anatürk dilini bərpa etmək və Türk xalqları arasında ortaq ünsiyyət dilini formalaşdırmaq mümkün olacaqdır (3, s.480).

Əlbəttə, “anatürk” (pratürk) dilinin bərpa edilməsi türkologiyanın mühüm problemlərindən biridir. Lakin fikrimizcə, bu problemin “türk xalqları arasında ortaq ünsiyyət dili” məsələsinə heç bir dəxli yoxdur. Doğrudur, bir vaxtlar müxtəlif türk dillərinin materiallarından istifadə etməklə ortaq bir türkcə yaratmaq cəhdləri (məsələn, özbək dilçilərinin təcrübəsi) olmuşdur, bununla belə həmin cəhdlər hazırkı mərhələdə öz aktuallığını, demək olar ki, itirmək üzrədir.

“Türk dilləri” anlayışı XIX əsrin əvvəllərindən etibarən, əsasən, “türk ləhcələri” kimi dərk edilir ki, bunun ən mötəbər mənbəsi, heç şübhəsiz, Mirzə Kazım bəyin əsəridir. Böyük Azərbaycan türkoloqu özünün “Общая грамматика турецко-татарского языка” (“ Türk-tatar dilinin ümumi qrammatikası”) adlandırmaqla, türk-tatar dillərinin qrammatik quruluşunun ümumiliyini təsdiq etmiş olsa da, həmin dilin ayrı-ayrı ləhcələrə bölündüyünü göstərir.

L.Z. Budaqov “Сравнительный словарь турецко-татарских наречий” (“Türk-tatar ləhcələrinin müqayisəli sözlüyü”) lüğətində (124), adından da məlum olduğu üzrə, M.Kazım bəydən fərqli olaraq “türk-tatar dili” deyil, “türk-tatar ləhcələri” ifadəsindən istifadə etmişdir. Lüğətə yazdığı müxtəsər ön sözdə A.N.Kononov müəllifin istifadə etdiyi “ləhcə” termini qarşısında onun “dil” mənasını verdiyini göstərmişdir (124, s. III).

L.Z.Budaqov “Sözlüy”ə verdiyi müəllif izahatında qeyd edir ki, lüğət tərtib edilərkən heç də “türk köklü bütün ləhcələr” əhatə olunmamışdır, çünki bunun üçün “bir sıra oriyentalistlərin uzun illər birgə zəhmət çəkməsi tələb olunur” (124, s. V.). Daha çox aşağıdakı türk-tatar ləhcələrinə (tərtibçi bəzən, sadəcə, “tatar ləhcələri” işlədir) əsaslanılmışdır: Aderbican ləhcəsi, Altay ləhcəsi, başkir ləhcəsi, Buxara ləhcəsi, cığatay ləhcəsi, Kazan ləhcəsi, Kaşqar ləhcəsi, qırğız ləhcəsi, Kokand ləhcəsi, Krım ləhcəsi, Çin tatarlarının ləhcəsi, kumuk ləhcəsi, noqay ləhcəsi, Sibir tatarlarının ləhcəsi, tatar (ümumən) ləhcəsi, türk və ya türk-osmanlı ləhcəsi, türkmən ləhcəsi, uyqur ləhcəsi və s.

Həm M.Kazım bəyin “Ümumi qrammatika”sında, həm də L.Budaqovun “Sözlüy”ündə XIX əsrin ortaları üçün səciyyəvi olan “türk-tatar ləhcələri” anlayışından istifadə olunur ki, həmin anlayış-linqvonim XIX əsrin sonlarına doğru “türk ləhcələri”lə əvəzlənməyə başlayır.

Və təsadüfi deyil ki, V.V.Radlov ilk cildi 1893-cü ildə çıxan fundamental lüğətini bir başa “Опыт словаря тюркских наречий”, yəni “Türk ləhcələri sözlüyü təcrübəsi” adlandırır (130).

Göründüyü kimi V.V.Radlovun istifadə etdiyi “türk ləhcələri” anlayışı M.Kazım bəyin “türk-tatar dili”ndən daha dəqiqdir. “Təcrübə” müəllifi aşağıdakı türk dili ləhcələrini xüsusi fərqləndirir: Aderbecan ləhcəsi, Altay ləhcəsi, başkir ləhcəsi, karaqaş ləhcəsi, Kazan ləhcəsi, kırqız ləhcəsi, karakırqız ləhcəsi, kumandinlərin ləhcəsi, Krım ləhcəsi, teleut ləhcəsi, uyğurların ləhcəsi və s. (130, s. XVII-XVIII).

Yakutca digər türk ləhcələrindən çox fərqləndiyinə görə o, “ləhcə” yox, “dil” adlandırılır: якутский язык (130, s. XVII).

“Təcrübə”də maraqlı məqamlardan biri də odur ki, türk dillərinin adlandırma prinsipinə əməl olunmur, belə ki, həm coğrafi-toponimik (məsələn: Aderbecan ləhcəsi, Altay ləhcəsi, Kazan ləhcəsi və s.), həm də etnik-etnonimik (məsələn: başkir ləhcəsi, karaqaş ləhcəsi, kırqız ləhcəsi və s.) prinsipə əsaslanılır.

V.V.Radlov rusca mətndə “наречие”, almanca mətndə isə “dialekt” terminini işlətmişdir (130, s.XVI).

Dünya türkologiyasında “türk ləhcələri” ifadəsi nə qədər perspektivli olsa da, “türk-tatar ləhcələri” və ya “türk-tatar dilləri” linqvonimindən də tam imtina edilmir.

Fransız türkoloqu Jan Deni məşhur kitabını “Türk dili qrammatikası (Osmanlı ləhcəsi)” (1921) adlandırmış və həmin kitab Türkiyə türkcəsinə “Türk Dil Bilgisi” adıyla tərcümə olunaraq nəşr edilmişdir (99). Müəllif yazır:

“Türk-tatar millətləri - türk-tatar dillərində danışan müxtəlif millətlər tamamilə aşkar şəkildə ortaya çıxmış etnik qruplar yaratmırlar” (99, s.3). Ona görə də həm türk millətlərini (xalqlarını), həm də dillərini, prinsip etibarilə, mövcud olduqları coğrafiyaya görə təsnif edir (99, s.1-5). Həmin təsniflərdə verilən dil, eləcə də xalq adlarında V.V.Radlovun təsiri özünü aydın göstərir.

J.Deni “türk-tatar dilləri” ilə yanaşı “türk-tatar dili” ifadəsini də işlədir. Onun fikrincə, “türk dilləri bir-birilərinə münasibətdə Avropa dillərindən daha az inkişaf etmişdir. Əslini söyləmək lazım gəlirsə, bunlar dildən çox ləhcələrdir. Bununla bərabər, ərəbcə və farscadan da alınma bir çox kəliməylə böyük bir mükəmməlliyə və güclü bir ədəbi nüfuza sahib olan Türkiyə türklərinin danışıq vasitəsinə dil ünvanını verməmək mümkün deyil” (99, s.3).

Sovet türkologiyasında tədricən müxtəlif variantlar içərisində “türk dilləri” adı tamamilə stabilləşir ki, bu, nüfuzlu türkoloqların əsərlərində aydın (və ardıcıl) müşahidə olunur. İlk illər “турецкие языки” ifadəsi ara-sıra işlənsə də, sonralar aradan qalxaraq öz yerini bütünlükdə “тюркские языки”yə verir (məsələn bax: 75, 86, 125, 126, 128, 133, 134 və s.).

Türkiyə türkoloqları, bir qayda olaraq , “türk ləhcələri” ifadəsindən istifadə edirlər(məsələn, bax: 87, 98, 108 və s.).

İngilisdilli ədəbiyyatda isə həm türk, həm də qeyri-türk mənşəli türkoloqlar əsasən “türk ləhcələri” deyil, “türk dilləri” işlədirlər (məsələn bax: 136, 138 və s.).

“Türk ləhcələri” və “türk dilləri” ifadələrindən çox hallarda sinonim olaraq istifadə edildiyi, yaxud bu anlayışların fərqinə varılmadığı özünü göstərir. Məsələn, Koreya altayşünası Han Woo Choinin “Türkcə, koreyaca, monqolca və tunqus-mancurcanın müqayisəli fonetika və morfologiyası” kitabında “altayca”, “azəricə”, “balkarca”, “başqırdca”, “xakasca”, “qaraqalpaqca”, “qumuqca”, “qazaxca”, “noqayca”, özbəkcə”, “şorca”, “türkməncə” və s. linqvonimləri “dil və ləhcələr” başlığı altında sıralanmaqla (97, s. 12-13), əslində, burada “ləhcə” anlayışı ilə “dil” anlayışı fərqləndirilmir ki, həmin vəziyyətə altayşünaslıqda olduğu kimi, türkologiyada da tez-tez rast gəlinir.

Görkəmli türkoloq H.Ərənin “Milli Kültür ünsürü olaraq türk dili” məqaləsini (105) türk dillərinin “dil”, yoxsa “ləhcə” adlandırılmasının elmi baxımdan doğruluğu məsələsinə müasir Türkiyə türkologiyasının strateji münasibəti saymaq mümkündür. Müəllif yazır:

“Sovet Sosialist Cümhuriyyətləri Birliyində işlədilən terminologiya son illər Avropa ölkələrində də yayılmışdır. Əvvəllər türk dilinin qollarını ləhcə hesab edən Avropa türkoloqları son illərdə artıq türk ləhcələri yerinə “türk dilləri”ndən danışmağa başlamışlar. Nümunə üçün 1959-da çıxan “Philologiae Turcicae Fundamenta” (Wiesbaden, I, 1959) adlı müştərək əsərdə türk dilləri (fr.: langues turques; ing.: turkic languages) adı işlədilmişdir” (105, s. 46-47).

H. Ərən belə bir nəticəyə gəlir ki, “türk ləhcələrinin” “dil” olaraq müəyyənləşdirilməsinin sovet terminologiyasından qaynaqlandığı aydındır. Adlarını saydığım (türkməncə, tatarca, başqırdca, özbəkcə, qırğızca, qazaxca, noqayca, çuvaşca, yakutca kimi - A.Q.) çarlıq dövründə “ləhcə” adlandıran rus türkoloqlarının 1918 ixtilalından sonra türk ləhcələrinə “dil” gözüylə baxmalarında siyasi bir məqsəd axtarmağın gərəkliyi də açıq anlaşılmaqdadır” (105, s. 47).

Lakin görkəmli türkoloq ən azı üç sualı cavabsız qoyduğundan onun mövqeyi ilə razılaşmaq çətindir:

1) Sosialist çevrilişindən sonra da uzun illər (1930-cu illərin ortalarına qədər), məsələn, Azərbaycanda “türk ləhcələri”, “türk-tatar ləhcələri”, “türk dilinin Azərbaycan (azəri) ləhcəsi” (B.Çobanzadə) işlədilməsini necə izah etməli?

2) Nə səbəbə görə Avropa türkoloqları rus-sovet türkologiyasının (və onun terminologiyasının) təsiri altına düşməli idilər? Əgər bu təsir xüsusilə elmi yox, ideoloji məzmun daşıyırdısa?

3) XIX əsrlə XX əsr arasında türk dillərinin və ya ləhcələrinin fərqlənməsində, yaxud bölünməsində heç bir dərinləşmə olmamışdımı?

Bu gün dünyada neçə türk dilinin mövcud olması və onların bəzilərinin necə adlandırılması mübahisəlidir. Hər şeydən əvvəl ona görə ki, bir sıra hallarda bu və ya digər türk mənşəli ünsiyyət vasitəsinin müstəqil bir dil, yaxud hansısa müstəqil dilin ləhcəsi olduğunu demək çətindir. Məsələn, Sibirdən Şərqi Avropaya qədər yayılmış tatarcalara həm bir dilin ləhcələri, həm də ayrı-ayrı dillər kimi baxılmaqdadır. Yaxud qaraçay-balkar dilindən və ya ayrıca qaraçay və ayrıca balkar dilindən danışılıb-danışılmaması da mübahisə doğurmaqdadır.

Mehman Musaoğlunun “Dünyada və Avrasiya coğrafiyasında çağdaş türk yazı dilləri və ləhcələri” məqaləsi “türk dilləri” anlayışına müasir münasibətin xarakterini anlamaq baxımından maraqlı sayıla bilər. Müəllif türk dillərinin adlarını aşağıdakı şəkildə sadalayır: 1) türkcə, Türk dili və ya Türkiyə türkcəsi; 2) Azərbaycan türkcəsi, azəricə və ya Azərbaycan dili; 3) türkmən türkcəsi və ya türkməncə; 4) qaqauz türkcəsi və ya qaqauzca; 5) Salar türkcəsi və ya salarca;6) Balkan türklərinin dili; 7) sonqor türkcəsi; 8) xalac türkcəsi və ya xalacca; 9) Xorasan türkcəsi; 10) İraq türkcəsi və ya türkməncəsi; 11) özbək türkcəsi və ya özbəkcə; 12) uyğur türkcəsi və ya uyğurca; 13) qazax türkcəsi və ya qazaxca; 14) qırğız türkcəsi və ya qırğızca; 15) tatar türkcəsi və ya tatarca; 16) başqırd türkcəsi və ya başqırdca; 17) Altay türkcəsi və ya altayca; 18) qaraqalpaq türkcəsi və ya qaraqalpaqca; 19) qaraçay-malkar türkcəsi və ya qaraçaq-malkarca; 20) noqay türkcəsi və ya noqayca; 21) qumuq türkcəsi və ya qumuqca; 22) Krım tatar türkcəsi və ya Krım tatarca; 23) krımçaq türkcəsi və ya krımçaqca; 24) karay türkcəsi və ya karayca; 25) Alabuqat tatarcası və ya noqaycası; 26) Həştərxan noqaycası-qaraqaşcası; 27) Yurd tatarcası və ya Həştərxan noqaycası; 28) barabin tatarlarının dili; 29) xakas türkcəsi və ya xakasca; 30) şor türkcəsi və ya şorca; 31) çulım türkcəsi; 32) sarı uyğurca; 33) fu-yü qırğızcası; 34) Tuva türkcəsi və ya tuvaca; 35) tofalar və ya qaraqaş türkcəsi; 36) yakut/ saxa türkcəsi və ya yakutca/saxaca; 37) dolqan türkcəsi və ya dolqanca; 38) çuvaş türkcəsi və ya çuvaşca; 39) urum/rum türkcəsi və ya urumca (113, s. 370-378).

Hər şeydən əvvəl onu qeyd etməliyik ki, məqalə müəllifi türk dillərinin adlarını müasir elmi, eləcə də elmi-publisistik ədəbiyyatda işləndiyi şəkillərdə, yəni tamamilə obyektiv vermişdir.

Məsələyə analitik baxış isə göstərir ki, bu halda

a) “türk dilləri” ilə bu və ya digər türk dilinin (məsələn, Azərbaycan , yaxud tatar dillərinin) “ləhcə”ləri fərqləndirilmir;

b) müstəqilliyi heç bir şübhə doğurmayan türk dilləri həm “dil”, həm də “ləhcə” hesab edilir;

c) artıq normalaşmış “Azərbaycan dili”, “özbək dili”, “qazax dili” və s. linqvonimlər süni paralelləri (sinonimləri) ilə (“Azərbaycan türkcəsi”, “özbək türkcəsi”, “qazax türkcəsi” və s.) verilir.

“Türk, türklük və türklər” adlı fundamental araşdırmanın müəllifi Prof. Dr. T.Bayqara Sovetlər Birliyi dövründə nəinki müasir türk dillərinin hətta orta əsrlər türk yazı dillərinin belə tədricən “türk” adından məhrum edilməsini göstərir. “Məsələn, Göy Türklərin dili vaxtilə “Türklərin dili” adlandırılıb qəbul edildiyi halda, yeni mərhələdə bu dil haqqında “türk” adı işlədilməməyə çalışılmışdır” (94, s. 43).

Əlbəttə, sovet ideologiyasının, ümumən imperialist siyasətinin tarixə doğru da bölücülük “metodlar”ının həmişə mövcud olduğu inkar edilməzdir, lakin görkəmli tədqiqatçının guya S.Y.Malovun qədim türk yazılı abidələrini sadəcə “ümumi şəkildə runik dil” adlandırması fikri (94, s.43) doğru deyil.

S.Y.Malovun sovet dövründə nəşr olunmuş ən məşhur kitablarının adları aşağıdakı kimidir:

1. Памятники древнетюркской письменности, Москва-Ленинград, 1951.

2. Енисейская письменность тюрков, Москва-Ленинград, 1952.

3. Памятники древнетюркской письменности Монголии и Киргизии, Москва-Ленинград, 1951.

Ş.H.Akalın göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili”, Qazaxıstan Konstitusiyasında “qazax dili”, Qırğızıstan Konstitusiyasında “qırğız dili”, Özbəkistan Konstitusiyasında “özbək dili” olduğu göstərilmişdir. Bu halda “Azərbaycan türkcəsi, “qazax türkcəsi”, “qırğız türkcəsi” və bu cür adlandırmalar kökən (mənşə) birliyini ifadə edən məsləki adlandırmalar ikən, “Azərbaycan dili”, “qazax dili”, “qırğız dili” və bu cür adlandırmalar hüquqi adlandırmalardır (88, s.374).

Ümumiyyətlə doğru olan bu fikirdə mübahisəli məqam odur ki, “Azərbaycan türkcəsi” (yəni “yer adı+ dil adı”) modeli quruluşca məntiqə uyğun olduğu halda, məsələn, “Qazax türkcəsi”, yaxud “qırğız türkcəsi” (yəni “xalq adı + dil adı”) uyğun deyil (müqayisə edək: “ingilis germancası” və ya “ rus slavyancası”).

Məlum olduğu kimi, Türkiyə türkcəsi keçən əsrin 20-ci illərindən etibarən rəsmən “türkcə” (“türk dili”) olaraq tanınır. Bununla belə beynəlxalq dillərdə həmin dilin adı ümumtürkcədən fərqləndirilir:

“Geniş mənada türk dili ingiliscə “turkic language”, almanca “turksprachen”, rusca “tyurksiy yazık” adlandırılmaqdadır. Dar mənadakı türkcə termini üçün isə ingiliscə “turkish”, almanca “Turkei türkich”, rusca “turetskiy yazık” terminləri işlədilməkdədir. Türkiyədəki türkoloji araşdırmalarda isə dar mənada türkcə üçün “Türkiyə türkcəsi” ifadəsindən istifadə olunur” (88,s.358).

XIX əsrin ortalarından etibarən “Azərbaycan dili” anlayışının vəziyyətinə aşağıdakı üç mühüm amil əhəmiyyətli dərəcədə təsir göstərmişdir:



  1. türk dillərinin genetik birliyi ilə yanaşı, müasir fərqliliklərinin dərk olunması;

  2. regiondakı müxtəlif mənşəli (və müxtəlif dillərdə danışan) xalqların müsəlman birliyi (islam həmrəyliyi);

  3. müsəlman olmayan region xalqları (xüsusilə ermənilər və gürcülər) ilə özünü müqayisə.

Həm bu təsirlərin, həm də xüsusilə Birinci Dünya müharibəsi, eləcə də Rusiya inqlabları illərində baş verən dünya miqyaslı hadisələrin kontekstində Azərbaycan xalqının ictimai şüurunda elə dəyişikliklər baş verdi ki, azərbaycançılıq (türkçülük, müsəlmanlıq və dünyəvilik-müasirlik) sürətlə ideologiyadan praktikaya keçməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin elanı ilə yaranmış ilk müstəqil Azərbaycan Respublikası bu ideologiyanı rəhbər tutaraq reallaşdırmağa çalışdı. Lakin onun süqutu, ölkənin yenidən Rusiyanın (bu dəfə kommunist Rusiyasının) tərkibinə qatılması ilə milli müstəqilliyə son qoyuldu. Bununla belə artıq milli mənliyini dərk etmiş Azərbaycan xalqı sovet dövründə də öz dilini nəinki unutmadı, əksinə, qədim dövrlərdən gələn, xüsusən XX əsrin əvvəllərində formalaşan ənənələrə dayanaraq daha da inkişaf etdirdi.

Şübhəsiz ki, uzun illər mübahisəli olaraq qalan məsələlərdən biri Azərbaycan xalqının dilinin adı idi. AXC dövründə bu məsələ heç bir müzakirəsiz, yalnız formal olaraq həll edilmiş və həmin formallığa Azərbaycan SSR dövründə də bir müddət toxunulmamışdı.

Məsələ SSRİ tərkibinə daxil olan müttəfiq respublikaların konstitusiyaları hazırlanarkən gündəmə gəldi. Bu zamana qədər “türk” adlanan millət “azərbaycanlı”, “türk dili” adlanan dövlət dili“Azərbaycan dili” kimi rəsmiləşdirildi.

Adlandırma texnologiyası (semiotika) baxımından yanlış olmayan bu qərarın milli müstəqilliyin ilk illərində etiraz doğurması və “Azərbaycan dili”nin “ türk dili” ilə əvəz olunmasının səbəbi nə idi?... Əsas səbəb o idi ki, Moskva Azərbaycanda “türk dili”ndən “Azərbaycan dili”nə xalqın iradəsi ilə hesablaşmadan, eyni zamanda “pantürkizm”ə qarşı mübarizə kompaniyasının tərkib hissəsi olaraq keçmişdi. Əlbəttə, bu, yalnız zahirən belə idi. Nəzərə alınmamışdı ki, Azərbaycanda “türk dili”ndən “Azərbaycan dili”nə keçid ideyası hələ XX əsrin əvvəllərindən həm elmi, həm də publisistik səviyyədə formalaşmışdı.

Ancaq, görünür, nəinki Azərbaycanda, ümumən türk dünyasında hələ formalaşmamış təsəvvürlər də yox deyil.

Məsələn, qazax türkoloqu Erden Kajibek Bakıda “Sələflər və Xələflər” mövzusunda keçirilən I Beynəlxalq simpoziumda belə bir iddia ilə çıxış etmişdir ki, elm adamları türklərdən bəhs edərkən yalnız “türk” terminindən istifadə eləməlidirlər. Onun fikrincə, “Radlov öz müqayisəli lüğətinin adını “Опыт словаря турецких наречий”, yəni “Türk ləhcələr sözlüyü” qoymuşdu. Ondan sonra yavaş-yavaş .... mövzunu artıqlamasıyla qarışdıran terminlər vasitəsilə heç bir gərəyi olmayan sözlər ortaya çıxmışdır” (110, s.25).

Birincisi, V.V.Radlovun lüğətinin adı “Опыт словаря турецких наречий” yox, “Опыт словаря тюркских наречий”dir. İkincisi isə, “türk” sözünün müxtəlif fonetik variantlardakı təzahürləri (məsələn: türk, türik, türki və s.) V.V.Radlova qədər çox-çox yüz illər əvvəl tamamilə təbii şəkildə meydana çıxmışdır. Ona görə də E.Kajibekin “türkü parçalayan gavur dünyası “türk” sözünü də parçalamışdır” (110, s. 26) mülahizəsinin xüsusilə ikinci hissəsi elmi əsasdan məhrumdur.

Bu gün qazax dilinə nəinki “türk dili”, hətta “qazax türkcəsi” demək yanlışdır, eləcə də Azərbaycan, uyğur, özbək, türkmən, qırğız, tatar, başqırd... dillərinə...

Digər bir yanlışlıq isə ləhcələrin “dil” adlandırılmasıdır ki, buna “Kıbrıs türk dili”ni misal göstərmək olar (bax: 111).

“Türk dili” anlayışına diferensial (“türk dilləri”) və inteqrativ (“ümumtürk dilləri”) münasibətdə bir sıra “təəssübkeş” bayağı “şərhlər”ə də təsadüf olunur:

“Zaman-zaman türk xalqları öz birliyini, vahidliyini itirməmək, türk dilinin zənginliyini, məlahətini, qüdrətini göstərmək üçün çox qiymətli araşdırmalar aparıb göstərmişlər ki, türk xalqlarının dilində müəyyən şivələr olsa da, dilimiz hər bir türk bölgəsində eyni məna kəsb edib, eyni cür səslənir” (76, s. 4)

Müəllif həm “türk xalqları”ndan bəhs edir, həm də onların “eyni məna (? - A.Q.) kəsb edib, eyni cür (? - A.Q.) səslənən” dilindən danışır ki, bu özünü ciddi elmi metodologiya baxımından doğrulda bilməz.

“Türk dilləri” anlayışının mövcudluğu bu gün heç bir şübhə doğurmur... Təəssüf doğuran isə odur ki, bugünkü türkologiya hələ də XIX əsrin anlayışları ilə düşünür...


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin