3.Yeni dövrün yeni nitq mədəniyyəti texnologiyaları
XVII-XVIII Azərbaycan nitq mədəniyyətinə, xüsusilə yazı dilinə realizm, xəlqilik, kütləviliklə müşayiət olunan yeni texnologiyalar gətirdi ki, bu proses XX əsrin əvvəllərinə qədər müəyyən tərəddüdlərlə, lakin ümumən yüksələn xətlə inkişaf edib genişləndi.
Azərbaycan nitq mədəniyyətinin tarixində Vaqif ilk növbədə onunla fərqlənir ( əslində, xüsusi dövr təşkil edir ) ki, o, Füzuli səviyyəsinə yüksəlmiş klassik nitq model-standartları qarşısına canlı xalq danışıq dili texnologiyaları ilə çıxmaqla yeni nitq-ünsiyyət zövqü müəyyənləşdirdi. Və bu zövq müasir Azərbaycan nitq mədəniyyətinin genotipoloji əsaslarından birini təşkil edir.
Firudin bəy Köçərli göstərir ki, “ milli” şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Vaqifin ədəbi-bədii dil qarşısına qoyduğu tələblər estetik idealı vasitəsilə diqtə olunur; bu tələblərin hamısı bir məqsədə xidmət edir, o da demokratizmin ədəbi-bədii təfəkkürdə ( və ədəbi-bədii dildə) bərqərar edilməsindən ibarətdir. “Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı qafiyələr bir qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz və mərifətsiz adam onları eşitsə, mütəəssir və məsrur olar. “ (F.Köçərli).
Vaqif dilinin milli xarakterini demokratizmlə bərabər, məhəlliçilikdən uzaqlıq təşkil edir. Həsənoğlu-Nəsimi-Füzuli xətti ilə gələn klassik üslubun obrazları Vaqifdə folklor üslubunun materialı olur; klassik üsluba qarşı süni olaraq cəbhə açılmır; o ifadələr ki, klassik üslubda xalq ruhunun faktıdır, folklor üslubuna da köçürülür, nəticədə, folklor üslubu milli ədəbi-bədii dili bütövlükdə təmsil etmək iddiasına malik olur. Klassik üslubdakı xəlqi əlamətlərin folklor üslubu tərəfindən həzm edilməsi təkcə ifadə planında deyil, məzmun planında da gedir.
Vaqif folklor üslubunu klassik üslub hesabına zənginləşdirir,- bu öz yerində, eyni zamanda klassik şeir janrlarının dilində xəlqiləşmə aparır, məsələn:
Görməyə dildarını hər dəm çəkər çox intizar,
Gözlərin tikmiş baxar yollara gördüm Vaqifi.
Yaxud:
Qəbrimin daşına yazsın bu sözü əhli-kamal,
Dilbərin məndən uzaq olmağı öldürdü məni.
Əlamət həssaslığı M.P.Vaqifin təfəkkürü üçün aparıcı hadisədir, ona görə də şairin dilində əlamət bildirən sözlərin kəmiyyətcə üstünlüyü müşahidə edilir, məsələn:
O şux qəmzələrin, xəncər kipriyin,
Gündə olur yüz min qan qabağında,
Xumar-xumar baxan ala gözlərin
Gərəkdir verəsən can qabağında.
“Şuxluq”- “qəmzənin”, “xəncər”-“kipriyin”, “xumar-xumar baxmaq” isə “ala gözlərin” təyinidir,- bu əlamət həssaslığının birinci səviyyəsidir; “gündə olur yüz min qan qabağında”- “ şux qəmzəyə”, “xəncər”-“kipriyə”, “gərəkdir verəsən can qabağında” isə “ala gözlərə” aiddir, funksional definisiya faktlarıdır,- bu, əlamət həssaslığının ikinci səviyyəsidir; mətn özü bütövlükdə “gözəl”i müəyyən edir, bu isə əlamət həssaslığının üçüncü səviyyəsidir...
Şübhəsiz, əlamət bildirən sözlərin təkrarı da əlamət həssaslığının faktıdır:
Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Yaxud:
Naqis-naqis çəkər üzünə niqab,
Yüngül-yüngül qaçar, etiraz eylər və s.
Əlamət həssaslığı- Vaqif dilinin həm lüğət tərkibinə, həm də sintaksisinə təsir edir; hər şeydən əvvəl, ifadə paralelizmi güclənir:
Dəhanın sədəfdir, dişlərin inci,
Sən məni eylədin ellər gülüncü.
Libasın əlvandır, çarğat narıncı,
Saçaqlar yaraşır qıraqlarından.
Burada təyin olunanla təyin edənin simmetriyası var; simmetriya isə predmetin natural mövcudluğuna əsaslanır... Vaqif elə bil sözlə italyan rəssamlarının- L.da Vinçinin, Mikelancelonun gördüyü işi görür...
Ustan səni çəkib manəndi-mələk-
Bundan artıq həqqü say ola bilməz,
deməklə gözəlliyin ( görünən gözəlliyin) plastikasına ( eyni zamanda onun tamlığına, kamilliyinə...) işarə edir. XVIII əsr Azərbaycan mədəniyyəti daha çox dil mədəniyyətidir, ona görə də Vaqif rəssam işini də görür; rənglərin nisbətini professional həssaslıqla ( intibah professionallığı səviyyəsində) müəyyən edir.
Azərbaycan nitq mədəniyyətinin inkişafında Mirzə Fətəli Axundzadənin xidmətləri yalnız praktik baxımdan deyil, elmi- nəzəri mükəmməlliyinə ( və xüsusilə yeni dövrün tələblərinə həm bütün miqyası, həm də dərinliyilə cavab verdiyinə) görə də tarixidir. Və bu, əgər belə demək mümkünsə, müasirliyin tarixiliyidir.
Mirzə Fətəli özünün dünyagörüşü, dil təfəkkürünün xarakteri etibarilə demokrat idi. Onun demokratizmi, ilk növbədə, Avropa sivilizasiyasına əsaslandığından Qərbə məxsus mədəni dəyərlərin Şərqdə geniş təbliğinə çalışırdı ki, burada dillə, nitq mədəniyyətilə bağlı məsələlər xüsusi yer tutur. Böyük mütəfəkkir əmin idi ki, ərəb əlifbası türk dillərinin fonetik quruluşuna uyğun deyil. Ona görə də əvvəl bu əlifbanın islahına və ya təkmilləşdirilməsinə cəhd etmiş, sonralar isə ondan ümumiyyətlə imtina eləmək qərarına gəlmişdi.
Mirzə Fətəlinin dramaturji yaradıcılığı Azərbaycan nitq mədəniyyəti tarixi baxımından xüsusi maraq doğurur. XIX əsr Azərbaycan danışıq dili bu dramlara bütün canlılığı, cəmiyyətin müxtəlif təbəqələrinə məxsus üslub zənginliyi, rəngarəngliyi, səciyyəvi leksikonu, qrammatikası ilə daxil olur.
“Molla İbrahimxəlil. Axır mən demişdim ki, otuz gündən sonra. Bunun mənası budur ki, otuz gün ötürüb otuz birinci gündə gərək gələydiniz ki, iksir hazır olmuş və gümüş kürədən çıxmış olaydı. Siz gəldiniz otuzuncu gündə, iksirin butədə qaynamaq vəqtində. Ax, ax, ax!
Nuxulular. Hələ ki, belə ittifaq düşübdür, biz bilməmişik. İndi bunun çarəsi nədir?
Molla İbrahimxəlil. Dəxi əsla çarəsi yoxdur, nə iksir əmələ gələr, nə gümüş olar, məgərinki siz... Əlac münhəsirdir ancaq buna...
Nuxulular. Məgərinki... Biz nə eləyək, ağa? Əlac nəyə münhəsirdir?
Molla İbrahimxəlil. Dəxi ki, gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki, qanuni-kimya təqaza edir, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz. Əlac buna münhəsirdir və illa həmin iksir ki indi bir aydır müttəsil onun pərvərişində zəhmət çəkirəm, türfətül-eyndə puç olub havaya qalxacaqdır. Xasiyyəti belədir, necə ki Çullu həkim mükərrər təcrübə edib, öz kimya kitabında sərahətən yazıbdır.
Nuxulular ( əlac səhl görünməkdən sevinib bir yerdə). Çox yaxşı, ağa bu bir asan işdir; təki iksirin təkmili buna mövfuq olsun...
Molla İbrahimxəlil. Bəli, həmin buna mövqufdur. Allah sizdən razı olsun, mən sizdən razı oldum. Molla Həmid, körüyü bas!..”
Və ya
Əsgər bəy. Eh, biz əlli yolun bilirik. Kazakları aldadıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməzlər”.
Müxtəlif dram əsərlərindən-komediyalardan verilmiş bu nümunələr də göstərilir ki, böyük yazıçı-mütəfəkkir
a) o zamana qədər görünməmiş bir həcmdə xalq danışıq dili materialını bütün təbiiliyi ilə ədəbiyyata gətirir ( və bunun qeyri-ədəbi sayılacağından çəkinmir);
b) bədii yaradıcılığın ( və ədəbi-bədii dil fəaliyyətinin) tamamilə yeni bir sahəsi olan dramaturgiyanın mükəmməl linqvopoetik ənənələrini ( əsaslarını) yaradır;
c) ümumiyyətlə isə, Azərbaycan nitq mədəniyyətinin bir mərhələdən digərinə yüksəlməsinin ( müasirləşməsinin) hər cəhətdən ( həm norma, həm də üslub baxımından) perspektivli təcrübəsini təqdim edir.
Uğrunda ömrünün sonuna qədər mübarizə apardığı əlifba islahatı, ədəbi dil normalarının demokratikləşdirilməsi, ifadə-üslub texnologiyalarında forma ilə məzmunun vəhdəti ( və modern düşüncəyə əsaslanması) ideyalarını Mirzə Fətəli Axundzadə milli ictimai şüurda elə bir səviyyəyə qaldırdı ki, sonra gələn heç bir həqiqi ziyalı-demokrat ona biganə qala bilmədi.
Cəlil Məmmədquluzadə Azərbaycan nitq mədəniyyətinin demokratikləşməsi və ya xəlqiləşməsi tarixində bütöv bir hərəkatın önündə getmişdir.
Mirzə Cəlil, ümumən mollanəsrəddinçilər olduqca mürəkkəb şəraitdə- Azərbaycan mühitinə olduqca müxtəlif əcnəbi dillərin müdaxiləsinin gücləndiyi bir dövrdə xalq danışıq dilinin mövqeyini son dərəcə əzmlə, milli təəssübkeşliklə, yaradıcı bir şəkildə müdafiə etdilər.
Tanınmış dilçi, akademik Tofiq Hacıyev yazır:
“Dil məsələləri içərisində, şübhəsiz, ən aktualı, ən qızğın polemikalar doğuranı, ən kütləvisi milli ədəbi dilin norma təşəkkülündə xalq dilinin iştirakı, ədəbi dillə ana dilinin münasibətidir. Bu məsələdə iki mövqe var idi: birincisi, Mirzə Fətəli mövqeyi- ədəbi dillə, yazı dili ilə xalq danışıq dili arasında çox ( ziyadə) fərq yaratmamalı; ikinci mövqe- ədəbi dil, yazı dili xalq dilinin “səviyyəsinə” enməməlidir... Üçüncü bir qrup da vardı ki, osmanlı dilini işlətməyi məsləhət görürdü”.
Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin ( 7 aprel 1906-cı il) baş məqaləsində yazırdı:
“... Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:
Bala, ağlama, xortdan gələr, səni aparar! – Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.
Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!” .
MÖVZU 3
Dostları ilə paylaş: |