Şifahi və yazılı nitq. Nitq iki formada maddiləşir: ya danışıq səsləri vasitəsilə şifahi formada, ya da yazı işarələrinin köməyi ilə yazılı şəkildə. Yazılı və şifahi nitq hər ikisi ədəbi dil nümunəsi, mədəni nitq faktıdır. Bu səbəbdən də hər iki forma ədəbi dil normalarına tabedir, onların gözlənilməsini nəzərdə tutur. Bəzən yazılı nitqin ədəbi dil normalarına tabe olduğu, şifahi nitqin isə sərbəst olduğu düşünülür. Bu fikir tamamilə yanlışdır. Necə ki, yazarkən orfoqrafiya qaydalarına əməl ediriksə, danışarkən də orfoepiya normalarını gözləmək mütləqdir. Yazarkən sözləri doğru seçmək, cümləni qrammatik cəhətdən düzgün qurmaq səyimiz şifahi nitqdə də eynilə təkrarlanmalıdır. Çünki həm şifahi, həm də yazılı nitqimiz kommunikativ funksiya daşıyır, aydın, düzgün və məntiqi olması əsasdır. Bütün bunlar şifahi və yazılı nitqin ortaq cəhətləridir. Lakin şifahi və yazılı nitq ifadə vasitələri sisteminə, qavramanın təbiətinə və işlənmə yerinə görə fərqlənir. Şifahi nitq öncə yaranmışdır və yazısı olmayan dillər üçün yeganə mövcudluq formasıdır.
İki tip şifahi nitq mövcuddur: rəsmi şifahi nitq və danışıq nitqi. Şifahi danışıq nitqi ünsiyyətin sadəliyini, həmsöhbətlər arasında münasibətin qeyri-rəsmiliyini, ekstralinqvistik və qeyri-verbal işarələrdən istifadəni, danışma-dinləmə mövqelərinin dəyişdirilməsini nəzərdə tutur.
Rəsmi şifahi nitq iclaslarda, müxtəlif səpkili dövlət tədbirlərində, elmi konfranslarda və s. səsləndirilir. Bu tip nitq öncədən hazırlıq tələb edir, qeyri-verbal vasitələrdən nisbətən az istifadə olunur, ədəbi dil normalarına daha ciddi əməl edilir.
Şifahi ünsiyyət quran insanlar bir-birlərini görürlər və birbaşa vizual əlaqə qarşılıqlı anlaşmaya kömək edir. Şifahi nitq yazıdan qat-qat aktivdir - yazmaqdan və oxumaqdan daha çox danışırıq və dinləyirik.
Yazılı nitqdə qrafik ifadə vasitələri sistemindən istifadə edilir və o, vizual olaraq qavranılır, müəllif və oxucu arasında real ünsiyyət qurulmur. Bu baxımdan yazılı nitq daha təkmil olmalıdır.
Qeyd etdiyimiz kimi yazılı nitqdə leksik və qrammatik baxımdan dilin ədəbi normalarına ciddi riayət olunmalı, lüğət və frazeologiya xüsusi seçilməlidir. Yazılı nitqin sintaksisi mürəkkəb cümlələrlə xarakterizə olunur. Söz düzümü, ciddi ardıcıllıq, fikirlərin çatdırılmasında harmoniya böyük əhəmiyyət kəsb edir. Yazılı nitq forması ifadələrin ilkin əks olunması, müəllifin özü tərəfindən həyata keçirilə bilən mətnin redaksiya işlənməsi ilə fərqlənir. Bu, yazılı nitq formasının düzgünlüyünü və dəqiqliyini müəyyən edir.
Mövzu 14. Mədəni nitqə verilən əsas tələblər Hərtərəfli vətəndaş yetişdirmək üçün təhsil və elmi biliklər qədər tələbənin şəxsi keyfiyyətləri, mədəni səviyyəsi, mənəvi inkişafı da önəmlidir. Məhz buna görə də son zamanlar ali təhsildə əsas diqqət peşə-bilik bacarıqlarını yüksək ümumi mədəniyyətlə birləşdirən şəxsiyyətin formalaşmasını təmin edən təhsilin humanistləşməsinə yönəldilmişdir.
Nitq də insan xarakterinin ayrılmaz hissəsi kimi şəxsiyyəti geniş şəkildə müəyyən edir. Nitq insanın təfəkkür tipini, zəkasını, xarakterini, temperamentini əks etdirməklə yanaşı, insan hisslərinin də ifadəçısidir. Bir insanın nitqinin keyfiyyətini artırmaq üçün müəyyən sözləri istifadə etməmək, bəzi gözəl ifadələri əzbərləmək, müəyyən nitq texnikasını mənimsəmək kifayət deyil. Yalnız insanın ümumi mədəni səviyyəsi və intellektinin inkişafı fonunda nitqin keyfiyyətcə dəyişməsi mümkündür.
Mədəni nitq nümayiş etdirmək üçün ən zəruri amillər bunlardır:
dil vahidlərindən düzgün istifadə etmək. Ədəbi dildə istifadə olunmayan söz qrupları haqda məlumatlı olmaq;
ünsiyyətin şərtlərinə uyğun ifadə və üslub seçmək;
yalnız içində olduğunuz cəmiyyətin qəbul etdiyi linqvistik və davranış qaydalarından istifadə etmək.
Bütün bu ümumi qaydalarla yanaşı mədəni nitqin linqvistik və üslub baxımından da müəyyən tələbləri vardır. Mədəni nitq istənilən halda düzgün, aydın, dəqiq, təmiz, rabitəli və zəngin olmalıdır.