Həsənov Məhəmməd İbrahim oğlu, başqa adla Zindani Səyyah Məhəmməd Didərgin 1923-cü ildə Dərələyəz mahalında anadan olmuşdur. Səyyah Məhəmməd İrəvan Müəllimlər İnstitutunu bitirmişdir. II Dünya müharibəsinə iştirak edən şair döyüşlərdə ağır yaralanır və baş leytenant rütbəsi ilə ordudan təxris olunur. Müharibədən qayıtdıqdan sonra Qərbi Azərbaycanın bir sıra kəndlərində müəllim və məktəb direktoru vəzifələrində işləyir.
1947-ci ildə həbs olunur və 16 il Sibirdə sürgün həyatı yaşayır. Sibirdən qayıtdıqdan sonra ailəsi ilə birlikdə Laçın rayonuna köçür və rayonunun Qarabəyli, Qorçu kəntlərində müəllimlik edir.
Sovet hökuməti ilə barışmayan şairin başı daim bəlalar çəkmişdir. 1974-cü ildə Ukraynaya köçən şair 1977-ci il sentyabrın 1-də orada vəfat etmiş və Donetsk vilayətinin Karmatorsk şəhərində dəfn olunmuşdur.
KEÇİ
Səyyah Məhəmmət bir dəfə bir keçi gətirir bazara. Uşaxlar bunu danışdırmağ üçün deyillər ki, ə, bu keçi neçiyədi? Bir qiymət deyir. Deyillər, yox, baha deyirsən. O gəlir danışdırır, bu gəlir danışdırır. Deyir:
Xəbər alsan, bu keçinin əhvalın,
Qırx kilo qanqor48 yeyən keçidi.
Namərdin min tüməninə vermərəm,
Mərdin qəpiyinə dəyən keçidi.
Belində var bircə kilo qəzili,
Əti kifdə üçün yaxşı əzili,
Bülün düzdü, cinsi Məzdili
Həyatda namərdə söyən keçidi.
Çoban hər ay alır altı şahı hak,
Həqiqi sözdəri demərəm nahax,
Səyyaham deyirəm, hər axşam sabah,
Şivlərimi49 soyub yeyən keçidi.
YERİDİ
Tez-tez bizə gəlirdi. Bir dəfə gələndə tualetə getmək isdiyir, qapıda da sərt itdər vardı, itdər buna imkan vermir. Səhər durub çay içib gedəndə varağa bir kuplet şeir yazıb qoyur nəlbəkinin altına. Nənəm də savatdı idi. Açıb baxır ki, şeir var. Səyyaf yazıb ki:
İmanlar iman yeridi
Əsil dost, mehman yeridi.
İtdəri zincir tanımaz,
Qalmağa mehman yeridi.
QARA DÜYƏ
Məhəmmət Səyyahın bir qohumu Şəlvədə kolxoz sədriydi. Bu bir cüt mal düyəsini göndərir kolxoz sədrinə ki, mənim Bilündüzdə otum-zadı azdı, bunu qatın kalxozun malının içinə yaya qədər orda qalsın. Bu da deyir yaxşı. Düyələri burda bəsdiyillər. Aradan bir az keçənnən sora Məhəmmət Səyyaha xəbər gəlir ki, düyənin biri ölüf. Məhəmmət Səyyah da tükü-tükdən seçən adam idi. Deyir, balam, düyə heç xəsdə deyildi, kalxozun beş yüz baş malı ölmədi, mənim düyəm niyə öldü? Bir az şübhələnir. Şübhələnir ki, zotexnik, müdür, kimsə bunu satıf, öldü adını qoyuflar. Orda götürüf bir şeir yazır. Deyir:
Eşitmişəm qara düyə ölüfdü,
Əgər həqiqətsə, mərtlərə qurban.
Buxalter, zootexnik, bir də ki müdür
Elə gələn azar, dərtlərə qurban.
Məhəmmətdi, sözün deyir bu başdan,
İncimərəm mən naxırçı qardaşdan.
Bəlkə arığ imiş, düşüfdü daşdan
O yerlərdə yarğan sərtlərə qurban.
Bu hadisədən sora gəlir Şəlvə sovetliyinə. O vaxdı da ölən mala sığorta aktı yazırdılar. Sovet sədrinin yanındakı adamlar isdiyir deyələr ki, sən Bilündüzdən gəlmisən, burda sənin düyənə akt yazmax düz gəlmir da. Sovet sədri bizim dərənin ağsakqallarınnan biri idi. Deyir ki, ayrı söz lazım deyil. Katibi çağırır ki, Məhəmmət Səyyahın aktını mənim yanımda yaz, peçatdıyım verim. Yazıb verir. Bir bənd də ona yazır.
Şair də bu yerdə sınadı baxdı,
Ellərə tapşırdı ömrünü, vaxdı.
Gəlmişdi almağa sığorta aktı,
İdarədə dizi bərklərə qurban.
DÜNYA, SÖYLƏ, SÖYZALINI NEYLƏDİN?
Ərdəşəvi kəndində Söyzalı addı bir şofer olur. Buna təzə maşın vermillər. Elə köhnə maşınnarı atıllar ora ki, Söyzalı bunu sürsün. Nəysə, təzə maşınnar gəlir, ayrı adamlara verillər, Söyzalı gənə qalır kənarda. Məhəmməd Səyyah da bunu tanıyır. Buna pis təsir eliyir ki, Söyzalı burda illərlə nöbədədi, hər dəfə təzə gələn maşını başqa adama verillər. Bir gün limit gəlir, təzə maşın veriflər kalxoza. Hamı da bir ağızdan deyir ki, verilməlidi Söyzalıya. Elə ki iş həll olan mərhələyə çatanda maşını Şikar addı bir adama verillər. Məhəmmət Səyyah da bunnan xəbər tutur ki, bu nətər işdi. Gənə Söyzalı qaldı qıraxda. Onda belə bir şeir yazır:
Yenicə özünə bir yuva hörən,
Cəhənnəm odunu gözüynən görən,
Ömür boyu cındır maşınnar sürən,
Dünya, söylə, Söyzalını neynədin?
Dünya, Söyzalını sən yola saldın,
Dalınca ucadan bir zurna çaldın,
Əvəzində Şikardan bir gəvə aldın,
Dünya, söylə, Söyzalını neynədin?
GEDİR
Laçında taxılçılığı ləğv eləmişdilər. Halbuki Laçın müharibə vaxdı taxılla özündən başqa neçə rayonu təmin etmişdi. Ona bir şeir yazmışdı. Onun üsdündə KKB-dən çağırıf aparmışdılar Stepanakertə, izahat almışdılar. Demişdi, mən olan şeyi yazmışam, Laçında əkinçiliyi niyə ləğv eliyirsiz?
Gözün aydın ay sədr, kalxozçun karvana gedir
Üçü Dığa una, beşi Şirvana arpaya gedir.
QARA DEYİLMİ?
Süleyman Rəhimov tapşırır ki, Minkəndin başı üsdündə Mərcan bulağı var. Gedərsən o bulağa şeir yazıb gətirərsən. Bu gedər gejə yatar orda. Alxasdı fermasının camahatı, qız-gəlini o bulaxdan su götürür. Səhər gələr ki, bulağın üsdündə kürkün altında bir adam var. Qız-gəlin bulağa yaxınnaşmaz. Bu da qəsdən özü tərpənmiyif. Nəysə, çobannara xəbər verillər. Çobannar gəlir. Tərpədəndə baxırlar ki, Məhəmmətdi. Ə, camahatı sarımısan? Dur belə. Bu da şeiri yazmışımış.
Nəysə, bunu gətirillər obaya. Bizim obada bir sünnət toyu varmış. Deyillər ki, yaxşı gəlmisən. Məhəmmət Səyyah da yaxşı saz çalırmış. Deyillər, gedəjeyih o sünnət toyuna. Məhəmmət Səyyah deyir, məni siz tanıyırsız, amma o camahat tanımır. Onda maa gətirin bir paltar geyindirin, erməni adıynan aparın o məclisə. Orda da Ağcabədidən Aşıq Abdüləli varmış, məclisi o idarə eliyirmiş. Nəysə, gedillər məclisə. Çobannar bilir axı bu Səyyahdı. Bunnar deyir, kirvə, burdan otur, kirvə, burdan otur. Məhəmmət Səyyaha deyillər ki, ə, kirvə, olar o sazı çalasan? Aşığ Abdüləli deyir, erməni hara, saz hara? Sazımı xarab eliyər. Deyillər, əşi gətir ver, görək dınqıldada bilir? Nəysə sazı alıb verillər. Bu başdıyır sazı köklüyür. Sazı köklüyəndə Aşığ Abdüləli görür, sən öl, bu sazı köklüyür. Bu başdıyır çalıb oxumağa. Çalıb oxuyanda deyir, ə, bu erməni heç erməni ləhcəsiynən çalıb oxumur. Burda deyillər, çalın, aşığ oynasın. Bunu oynadıllar. Oynuyanda, deyir, qara geyimli bir gəlin gəldi mənnən oynadı. Demiyəsən, bu da sünnət toyu olanın mamasıdı. Onnarın da əsilləri Ağcabədinin Qaradolax kəndinnən idi. Qannıçılığ olub iki qardaş köçüb bizim kəndə. Gəlinin adı Solmaz idi. Solmaz da Ağcabədiliyə ərə getmişimiş. Onun əri öz anasını gülləynən atır. Oğlanı tutullar, səkgiz il iş verillər. Gedənnən sora bu gəlin Ağcabədidə qalmır, gəlir qardaşıgildə qalır. Deyir, bu gəlin də qara geyinif. Qara geyindiyinə elə bilginən yoldaşım Kəklik gəldi durdu gözümün qabağında. Deyir, elə ordaca qolum boşaldı, mən oynamadım, çıxdım çölə. Dedilər, Səyyah, niyə çıxdın, niyə oynamadın? Dedim, maa bir qələm-dəftər verin, yanıma da heş kim gəlməsin. Deyir, boş alaçıxda oturdum yazdım.
Zalım qızı, niyə qara geymisən,
Lalənin ürəyi qara deyilmi?
Cavan yaşda bu don yaraşmır sana,
Mənim də ürəyim para deyilmi?
Soyun qəm libasın, sil gözün yaşın,
Marala bənzətdim kamanı-qaşın,
Qanıram bəlaya düçardı başın,
Onsuz da ürəyim yara deyilmi?
Əynində qara don, başında çarxat,
Yoxsa səni sıxır dalğalı həyat,
Mən səni qanıram küllü-kainat
Sözlərim dərdinə çarə deyilmi?
YATIBDI
Qəbirstannığa gəlir. Görür ki, başdaşının üsdünə yazılıf ki, bu məzarda yatanı öz qardaşı öldürüf.
Qarqar kənarında məzarsandıqda,
Neçə ağa, neçə sultan yatıbdı.
İgid sərkərdələr, igid cavanlar,
Yanlarında Xan Natavan yatıbdı.
Gözəllər vurğunu Vaqif hardadı?
Cıdır düzündədi, dar məzardadı.
Heykəlsədə sanki könlü yardadı,
Xəyalında tək Xuraman yatıbdı.
Qarabağın saysız igid ərləri.
Süfrə sahibləri, mərd iyidləri.
Aşıq Valeh, bir də o gözəl pəri.
Zərniyartək dəli ceyran yatıbdı.
Səyyaham, oxudum bir başdaşını,
Qardaş öldürüb öz qardaşını.
Qan ilə tarixə yazıb yaşını,
Eyliyib özünə divan, yatıbdı.
DAĞLAR
Qanı qanla yumuyublar,
Qan etməyin qana dağlar.
Qohum-qardaş aralıdır,
Kimlər dərdim qana, dağlar?
Azalmır sinəmdən ağrım,
Mıxtökən olubdu Ağrım.
Saz olmasa çatlar bağrım,
Ömrüm yetər sona, dağlar.
Yazda yaramı bağlarsız,
Həm gülərsiz, həm ağlarsız,
Gah barlısız, gah da barsız,
Girərsiz min dona, dağlar.
Üstümə düşəndə toran,
Çox görmüşəm sizdə boran,
Olmayın Səyyahı yoran,
Həyan olun ona, dağlar.
DƏYMƏSİN
Vətən davasında vurdu haramı,
Yellər əsdi sızıldatdı yaramı,
Payızın çovğunu, qışın boranı
Mənə dəysin, nazlı yara dəyməsin.
Yaralandım, ana, aprel ayında,
Öz qanımı yudum Oka çayında,
Üzü tutqun günəşində, ayında,
Həkimlər eyləsin çarə, dəyməsin.
Qızıl qan ağ qarda andırır gülü,
Görsə, valeh edər şeyda bülbülü,
Gözüm qabağında Azəri eli,
Heç kimsəyə dəmir parə dəyməsin.
Beş qızın qardaşı, tək İsbəndiyar,
Vuruldu, sinəmdə neçə dağı var.
İgid oğlannara məzar oldu qar,
Əritməsin günəş, qara dəyməsin.
Hayıf sənə, qarabağlı Nər Həsən,
Ömründə bilmirdi nə qəm, nə kədər,
Vətən həsrətiynən hər axşam-səhər,
Həsrət könüllərə qara dəyməsin.
Dörd yanımız olub qardaş məzarlar,
Hitler salıb cana dərdi-azarlar,
Qərargahdan gündə əmr yazarlar,
Can getsin, Vətənə yara dəyməsin.
Səyyaha əzizdi vətənlə ana,
Hər çətinlik qismət olur insana,
Ölərsəm, qurbanam Azərbaycana,
Yad ayaxlar bu diyara dəyməsin.
AĞLAR MƏNİ
Öləndə dəfn edin güllü bağımda,
Hər gəlif getdihcə el ağlar məni.
Dağlardan kükrəyif gələndə sellər,
Böyrümdə çağlayan sel ağlar məni.
Baş daşıma yazın bir silah, bir saz,
Mənim kimi dərdli heç yerdə olmaz.
Bülbüllər üsdümdə etdihcə avaz,
Sədəfli sazımda tel ağlar məni.
Qarşıdan keçdihcə dağlar maralı,
Desinlər eşqindən olmuş yaralı,
Axır ki bu yerdə tapıb qərarı,
Zülf topuqda, incə bel ağlar məni.
Yarpaqlar da deyər başı bəlalı,
Ciyərində çoxmuş dərdi, məlalı,
Kitablarda qaldı cahı-cəlalı,
Aylar dövr etdikcə, il ağlar məni.
Kim ki vurğunudur söhbətin, sözün,
Həzin musiqinin, neynən, sazın,
Həsrətin çəkənlər laləzar yazın,
Ürək yanar, şirin dil ağlar məni.
Gül kolunu sağlığımda salmışam,
Təsəllimi el-obadan almışam,
Şeir yazıb, burda sazda çalmışam,
Hər açdıqca qönçə, gül ağlar məni.
Halallığ alaram obadan, eldən,
Bu torpağı aldım tərimlə seldən,
Soruşan olarsa külüknən beldən,
Körpü sahib durar, yol ağlar məni.
Tək bircə vətəndir dinim, imanım,
Yolunda qurbandır bədəndə canım,
Bilirəm unutmaz Azərbaycanım,
Səyyah deyib daim bol ağlar məni.
TALEH, ETMƏ MƏNİ NAMƏRDƏ MÖHTAC
Taleh, etmə məni namərdə möhtac,
Tikəsini yarı bölənnərdənəm.
Qananlar bilməsə qədrimi əgər,
Yüz il bunnan qabax ölənnərdənəm.
Cumayam, Cununam çəkmişəm qəhər,
Eşqində olmuşam Kərəmdən betər,
Tufarqanlı Abbas, Aşıq Ələsgər,
Onnarın zərrəsin bilənnərdənəm.
Çiynimdə aftamat, altımda saz at,
Əmr bitirmişəm nişaqu nazad50,
Vətən torpağını edərkən azad
Faşizmin bağrını dələnnərdənəm.
Tufanda, boranda çəkmərəm ahı,
Ümidlə yaşaram axşam-sabahı.
Bu odlar yurdumun mənəm Səyyahı
Berlində döyüşüb gələnnərdənəm.
GƏLSİN51
Bürüyüb dağları nərgiz, bənövşə,
Kim dərmək istəsə bu qaşa gəlsin.
Uşaqlar, cavanlar, gəlinlər, qızlar
Sevinclə əl tutub yanaşa gəlsin.
Qəlbləri şad etsin quşların səsi,
Çağlayan suların həzin nəğməsi.
Seyrə çıxanların artar həvəsi,
Arandan yaylağa birbaşa gəlsin.
Qoy həsrət çəkməsin aran yaylağa,
Əmlik kababına, yağa, qaymağa,
Yad etsin bizləri Laçınlı Ağa,
Baş çəkməyə qohum-qardaşa gəlsin.
Mərdlərdən uzaqda dayansın xəta,
Toy büsatı qursun oğulla ata,
Səyyah şeir qoşsun bu şən həyata,
Telli saz məclisdə qoy coşa gəlsin.
LAÇINDA
Yayda gül-çiçəyə bürünür dağlar,
Payız yeli sərir xəzəl Laçında.
Hər hansı şairin düşsə güzarı,
Yazar şeir, qoşma, qəzəl Laçında.
Qaynar bulaqları şəfa verəndir,
Sərin xoş havası səfa verəndir,
Heç kəs deyə bilməz cəfa verəndir,
Əgər olubdursa əzəl Laçında.
Uzunyal, Mıxtökən qaymaqlı, yağlı,
Sarıbaba dağı könlümə bağlı,
Səyyah Məhəmmədin cəm olsa ağlı,
Nicat yolu tapar gözəl Laçında.
ŞAİR MƏMMƏDALI
PAŞA BƏYİN TƏRİFİ
Paşa bəy Şair Məmmədalıya deyif ki, vayına oturum, hamıya yazdın, heş mana bir şey demədin. Deyif ki, deyim da.
Mən aşığam, Paşa bəy,
Sür devranın başa, bəy.
Bu dəm, bu dəsgah
Sənnən getsin başa, bəy.
Paşa bəy deyir:
Yox, düz demirsən.
Deyir:
Qoy düzəldim.
Mən aşığam, Paşa bəy,
Sür devranın başa, bəy.
Bu dəm, bu dəsgah
Sənnən getməz başa, bəy.
Deyir, hə, bax belə de. Bu devran mənnən başa gedə bilməz.
DAĞLAR
Nola, yollar işdiyə,
Aşam Şəlvəyə, Daşdıya.
Babaduna, Qısqaşdıya
Bir də yolum düşə, dağlar.
Təkədonduran yavadır,
Qırxqız dərtdərə davadır.
Oylağım Sarı babadır,
Ölüb səndə qalım, dağlar.
Gələndə Lalalıdan aşdım,
Dik Piləkəndə dolaşdım.
Qayıdanda yolu çaşdım,
Halım oldu zulum, dağlar.
Soruşsalar, Kavannıyam,
Sinəsi, köksü qannıyam.
Mən Şair Məmmədalıyam,
Yaman pisdi halım, dağlar.
AŞIQ UMBAY
Axundov Umbay Sadıq oğlu 1940-cı il martın 21-də Laçın rayonunun Qarakeçdi kəndində ziyalı ailəsində anadan olub. Atası Axundov Sadıq Mikayıl oğlu ruhani təhsili almış və Azərbaycan dastanlarının əksəriyyətini bilirdi. 1956-cı ildə Minkənd kənd orta məktəbini, 1964-cü ildə Şuşa kənd təsərrüfatı texnikumunun baytarlıq fakültəsini, 1974-cü ildə isə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Gənc yaşlarından aşıqlıq sənətinə böyük həvəs göstərmiş və iki il Mais Gəncəlidən aşıqlıq sənətinin sirlərini öyrənmişdir. 1971-ci ildə Gəncədə keçirilən rayonlararası aşıqlar festivalında I yerə lAyiq görülmüşdür. 1989-cu ildən Respublika Aşıqlar Birliyinin üzvüdür. 1992-ci ildə Zəlimxan Yaqubun redaktorluğu ilə şeirlərdən ibarət “Laçında dillənən saz” kitabı çap olunmuşdur. 2008-ci ildə V aşıqlar qurultayında birliyin idarə heyətinin üzvü seçilmişdir. 2009-cu ildə aşığın yetmiş illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, mədəniyyət nazirliyinin fəxri fərmanı və pul mükafatı ilə təltif olunmuşdur. “Sadığı” və “İşıqlı” saz havalarının müəllifidir. Aşığın ifasında “Şah Abbas və Gülizar” və özünün müəllifi olduğu “Laçın həsrəti” dastanı lentə alınmışdır.
YALANDI
İnsan əşrəfidi yaranmışdarın,
Elə bu kəlmənin özü yalandı.
Deyillər, dünyada haq var, divan var
Yaman alladıflar bizi, yalandı.
Həftə keşdi, ay dolandı, il oldu,
Dərd əlinnən dilbilməz də dil oldu.
Bir halda əməyim yandı kül oldu,
Yoxdu həqiqətin izi, yalandı.
Umbay bu hikmətdən olmadı agah,
Hak boynunu büküf, hökm edir günah,
Az qalıram deyəm əstəfirillah,
Görəmmir tanrının gözü, yalandı.
ONDA YADA ŞEİR DÜŞÜR
Yaltaq ucuz satır sözü,
Ürəyimi bənd-bənd edir.
Bilmir əyri ilə düzü,
Xeyri üçün ikiləşir,
Onda yada şeir düşür.
Günahları özü boyda,
Elinə verməyir fayda.
Birdən dəyişəndə qayda,
Sözü ağzında ilişir,
Onda yada şeir düşür.
Qəlbdən əyri, dildənsə düz,
Vijdan ləkə, paltar təmiz.
Günahın yumaz bir dəniz,
Guya xalqa bağrı bişir,
Onda yada şeir düşür.
Beləsi qorxur aynadan,
Gözü doymayır dünyadan.
Bir də görürsən ki, nadan
Yuxarı başda əyləşir,
Onda yada şeir düşür.
Kefi duru, damağı çağ,
Özünü düşünür ancaq.
Umbay beləsinnən uzaq,
El malını yeyib şişir,
Onda yada şeir düşür.