Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə204/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   200   201   202   203   204   205   206   207   ...   237
26. ALTI DAŞ, ÜSDÜ AŞ,

GENƏ DƏ OĞUL YAXŞIDIR
Bir arvad olur. Bunun bir oğlu, bir də bir qızı olur. Yazıx dul arvat zulumnan uşaxları saxlıyır. Günüz çöldə, gecə evdə işdiyə-işdiyə balalarını böyüdür. Ay keçir, il dolanır, uşaxlar toy vəxtinə çatır. Qıza elçi gəlillər. Pis-yaxşı qızı verip ona toy eliyip, gəlin köçürdür.

Sora da özünün haldan-heydən tüşdüyünü görüp oğlu üçün elçi gedir. Oğluna da gücü çatan qədir toy eliyir. Sevinə-sevinə gəlin gətirir. Ev-eşiyi, damı-daşı, xurəyi, çömçəni gəlinə verir ki, ta mən sakitcə bir küncə çəkilip qalan ömrümü şadyanalıxla başa vuraram.



Toyun səhəri arvat yazıx surfanın başında oturur ki, gəlin gəlip ona bir tikə çörək versin. Gəlin gəlir, özünə, ərinə xurək qo­yur. Qay­na­sına da qaş-qabaxnan yemək qoyur. Oğul soruşanda nolub, deyir:

– Başım ağrıyır.

Yazıx qaynana da dilləmmir ki, evə söz tüşər. Günorta gəlin yaxşıca bozbaş pişirir. Genə özünə, ərinə xörəkdən çəkip gətirir. Gəlin görür ki, əri ona tərs-tərs baxır. Tez qaçır qazanın başına, arvada da yarımcam yemək çəkir, içinə gizdincə su tökür ki, çox görünsün. Özü də yalannan dizinə-başına döyə-döyə deyir:

– Allah məni öldürsün, təmiz yadımnan çıxmışdı.

Oğul genə inanır. Anasının xurəyinə baxır. Görür ki, arvadı camı yeməklə doldurup. Ürəyi yerinə tüşür.

Qaynana çörəyi yeməyə batırıp ağzına qoyur. Məsələnin nə yerdə olduğunu annıyır. Ama genə susur.

Axşam olur. Gəlin bir plov dəmliyir ki, gəl görəsən... Genə surfa başına yığışıllar. Gəlin həyətdən bir daş götürüp qaynnasının camına qoyur. Üsdünnən də aşdan çəkir ki, yemək çox görünsün. Hamıdan qabax arvadın camını gətirip surfuya qoyur. Əri baxır ki, arvadı bu dəfə anasının xurəyini birinci çəkdi, sevinir. Gəlin özü­nün ərinin xurəyini də gətirir. Hamı yeməyə başdıyır. Çarasız qay­nana görür ki, aşın hamısını yesə, daşı oğlu görər. Odu ki, bir az yeyip sora dayanır ki, bəs işdahım yoxdu.

Gecə olur, hamı yatır. Yazıx qaynananın gözünə yuxu getmir. Səhərə kimi aranı dağa çəkir, dağı arana. Fikirrəşir ki, belə olmaz. Bir gün işin üsdü açılar oğluynan gəlinin arası dəyər, oğlu gəlini boşuyar. Yaxşısı budu durum gedim qızımın əvinə. Hər nə də olsa, qızım öz qarnımnan çıxıp. Mənə belə baxmaz.

Səhər açılır, arvat bur-buxçasını yığanda oğlu gəlip soruşur:

Xeyir ola, ay ana, hara belə, yoxsa xətrinə dəyən var?

– Yox, ay bala, kim dəyəcək. Heş nə olmuyup. Elə-belə bir az da qızımın əvində qalacam.

Oğlu heş nə demir. Anasını yola salır. Arvat nahara kimi qızının əvinə çatır. Qapını döyür, qızı gülə-gülə qapını açır, anasını yuxarı başda oturdur. Ama, arvat görür ki, kürəkəni bunu görənnən üz-gözü turşuyub, eyni açılmır ki, açılmır.

Qızı anasına yaxşı qulluğ eliyir. Ordan oturma, burdan otur, burdan oturma ordan otur. Nəysə, axşam olur. Şam yeməyinin vəx­tində hamı surfuya oturur.

Qızı yemək gətirir. Kürəkənə birinci, anasına sora xurək çəkir. Arvat görür ki, yeznəsi genə qaşdı-qabaxlı oturup. Hiss eliyir ki, qızı ona yeməyi ərinnən çəkinə-çəkinə verir, çayı qabağına sıxı­la-sıxıla qoyur. Hə... Arvat da, dünya görmüş arvad olur. Vəziyəti annıyıp səhər mütləq oğlunun yanına qayıtmağı plannaşdırır. Yax­şı-yaman bir tikə çörəyini yeyip yatır. Səhər o başdan ac-susuz başmaxlarını cütdüyüp geyinəndə qızı görür:

– Ay ana, qurban olum, hara belə?

– Ta gedim, qızım, darıxırdım, gəldim səni gördüm, irahat­dan­dım, indi gedirəm.

Qızı əl çəkmir:

– Ana, nə olar getmə, hələ indi gəlmişdin ki...

– Yox, ay qızım, hər elə öz obası, hər quşa öz yuvası, sizi də narahat eləmiyim.

Altı daş, üsdü aş,

Genə də oğul yaxşıdır.

Qızı susur. Məsələnin nə yerdə olduğunu annıyır. Kor-peş­man başını aşağı sallıyıp gözünün yaşını silir. Dili gödək olduğunu annıyır.

İndi odu ki, hamı oğul qoltuğunda ölməyi, yeznə qapısında qalmaxdan üsdün tutullar...



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin