Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə49/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   45   46   47   48   49   50   51   52   ...   188
Folklor xalqı öyrənən elmdir

Folklor söyləndiyi zamanın məhsuludur, çünki keçmiş xatirə, gələcək isə məc­hul­dur. Dili, üslubu, hətta bir çox halda mövzusu da icra edildiyi ana, zamana aiddir. Keç­mişdən, mifoloji zamandan bəhs olunsa da bu, folklorun çağdaş olmasına mane olmur, çünki mövzu, məzmun formada, yəni indinin içində təqdim edilir. Mifik anlatı, mifoloji motivlər, mifologemlər, keçmiş tarixi hadisələr məzmun planında özünü gös­tərir. İcra ortamı, söyləmə şəkli, dinləyici tərkibi, dil, üslub indini, müasir­liyi təmsil edir.

Söz müasirlikdən düşmüşkən, folklorun təməl qavramı olan xalq sözünün 200 illik tərifinə də nəzər salmaq lazımdır, çünki xalq qavramı folklorun yönünü, sər­həd­dini, pred­metini müəyyənləşdirən əsas koddur. Məşhur amerikalı folklorçu Alan Dun­des 1980-ci ildən etibarən xalq anlayışına yeni bir tərif gətirməklə müasir folklor araş­dırmalarının başlanğıcını qoymuş oldu. Alan Dundesə görə “Xalq termini ən azından bir ortaq faktora sahib hər hansı bir insan qrupunu bildirir. Bu qrupu bir-birinə bağ­layan faktorun – ortaq bir məslək, dil və ya din ola bilir – nə olduğu önəmli deyildir. Bu faktordan daha önəmli olan nöqtə isə hər hansı bir səbəblə bağlı yaranan qrupun özünə aid etdiyi bəzi ənənələrə sahib olmasıdır.” Nəzəri baxımdan bir qrup ən az iki nəfərdən ibarət olmalıdır... Xalqın bu sadə tərifinə görə bir qrup bir millət qədər böyük və ya bir ailə qədər kiçik ola bilər. (Dundes 2006: 19) Xalqa verilən bu tərif folklor tədqiqatlarında yeni, inqilabi bir dövrün başlanğıcı oldu. Bu yeni postfolklor dövrü özü ilə bərabər yeni problemlər gətirdi ki, bunların həlli yeni araşdırma istiqamət­lə­rinin yaranmasına səbəb oldu.

Postfolklor çağında folklor elminin anlamı, istiqaməti, nəzəriyyəsi, obyekti və pred­meti dəyişdi. Bir sözlə, folklorun paradiqması dəyişdi. Folklora və xalqa verilən di­gər təriflər də xalq sözünün mənaca və məzmunca dəyişdiyindən xəbər verir. (Amos 2006: 37-57) Aradan keçən yarım əsirlik bir zamanda ortaya yeni folklor janrları: memo­rat, sözlü tarix, mənkabə və s., yeni araşdırma sahələri: folklorun etno­qra­fiyası, etnopsi­xologiya, etnodil və s. çıxdı. Bu müddət ərzində folklorçular xalq termininin içinə girən bir çox qrupların mədəni mirasını, söz və hərəkət dünyasını araşdırmağa baş­la­dılar. Bu gün folklor yalnız kəndlərdə yaşayan avam və ya az savadlı insanların söylədikləri mətn­lərdən və qədim zamanlardan qalma məlumat olmaqdan çoxdan çıxmışdır. Daha doğru­su, folklorun sahəsi sadəcə kənd deyil, həm də qəsəbə, şəhər və meqaşəhərlərdir. Onu yal­nız oxuyub yaza bilməyən yaşlılar deyil, ali təhsilli orta və gənc nəsil də yaşadır. Folk­lor keçmiş adətlər, ənənələr yığını da deyil, hər gün yara­nan, yenilənən mədəniyyət hadi­səsidir. Folklor, bu müddət ərzində parametrini də də­yiş­di, sərhədləri genişlədi, yuxarıda da dediyimiz kimi kənd folkloru olmaqdan çıxdı, şəhər folkloru, şəhərlərdə yetişən məs­lək folkloru, ayrı-ayrı dini, siyasi, cinsi, etnik qrupların folkloru və s. kimi sahələrə də yönəldi.

Və beləliklə, ortaya ailə folkloru, şəhər folkloru, qadın folkloru, sənət folkloru, iqtisadi münasibətlər folkloru, dini folklor, daha da incə hissələrə ayrılmış reklam folkloru, həkim lətifələri, dini və etnik yumorlar, dəli gülməcələri, siyasi lətifələr, memoratlar, sözlü tarix və s. çıxdı.

Folklorun bütün zamanlarda ən təməl məsələsi söyləyici-dinləyici problemi ol­muş­dur. Folklor, dəfələrlə dediymiz kimi ən az iki nəfər tərəfindən: söyləyici və din­lə­yici/dinləyicilər tərəfindən yaradılır. (Bayat 2009: 79-86; Bayat 2012: 40-51) Postfolklor çağında süni və ya seyirçi dinləyici kütləsi ortaya çıxdı. Beləliklə, hətta klassik folklor mətnləri də qurulmuş, öncədən hazırlanmış auditoruyalarda icra edilməyə başladı.

Hər bir əsrin özəlliyi əslində mövcud yüzilliyin sonlarından etibarən başlamış olur. XXI yüzilin bir çox konseptual məsələləri də XX əsrin 70-ci illərindən sonra qoyulmağa başladı. 1980-lərdə mənəviyyat çöküşünün yaşandığı bir zamanda New Age adlı yeni Avropa dini anlayışı, kürəsəlləşmə dediyimiz və dünya ideologiyasına çevrilmiş qloballaşma ortaya çıxdı. Və fərdiləşən/tənhalaşan insanın mənəvi dünyası daraldı, daha da təhlükəlisi mənəvi çöküş dövrü başladı. Mənəvi çöküşün qarşısını alacaq əsas amillərdən birinin folklor olduğu anlaşıldı. Folklor, elektronik bir çağda or­taya çıxan bir çox mənfilikləri, xüsusən də uşaqların antisosial varlıq kimi yetiş­məsinin qarşısını alır. Müasirləşmənin gətirdiyi mənfiliklər, görünən o ki, folklor deyi­lən xalq hikməti ilə bərtəraf ediləcəkdir. Dünya artıq tək güc tərəfindən idarə edilməyə başlandığı bir zamanda mədəniyyətin və mənəviyyatın da ixracı başlamış oldu. Avro­pamərkəzçi şüur tərəfindən irəli sürülən vahid mədəniyyət, açıq cəmiyyət planı, kiçik xalqların əriməsini, folklorunun yox olmasını nəzərdə tutur. Təhsildə və tərbiyədə tək qütblü mədəniyyət adı altında, əslində, yunan-roma mədəniyyəti, dola­yısıyla Avropa yaşayışı şüur altına yeridilir və üçüncü dünya ölkələri mənəvi ərimə təhlükəsi qar­şı­sında qalmış olurlar. Folklor geniş anlamda bütün qeyri-maddi mədə­niyyəti, dar anlamda isə xalq bilimi ilə xalq ədəbiyyatını əhatə edir. Avropada arxivə verilən, canlı icra ortamından çıxan klassik folklor və yaşayan yeni folklor nümunələri haqqında nəzəri fikirlər üçüncü dünya ölkələri üçün bağlayıcıdır. Buna baxmayaraq bütün dünyada folklor yeni formalar, məzmunlar alaraq yaşamını sürdürür.

Avropamərkəzçilik tərəfdarı olan elm adamları kürəsəlləşmə (qloballaşma) adı altında folklor mətnləri üçün faydalı ola bilən yeni nəzəriyyələr və tədqiqat metodları ya­radırlar. Bunun başlıca səbəbi siyasi və mədəni mənlik hissinin qərbdə şərqə nis­bətdə çox gec ortaya çıxmasıdır. Qərb sanki bu gecikmənin heyfini bu gün üçüncü dün­­­­ya dövlətlərindən çıxartmaq kimi bir hissə qapılmışdır. Mədəni-mənəvi inhisarın bu səviyyədə ger­çək­ləş­diril­məsi qərbin və xüsusən də Amerika Birləşmiş Ştatlarının üçüncü dünya ölkələrinə münasibətində üzə çıxır. Ancaq nə olursa olsun bununla ba­rış­maqdan başqa bir yol yox kimidir. Hər halda Avropa alimlərinin folklor adı al­tında öyrəndikləri və öyrənmək istədiklərinin çoxu folklorun canlı şəkildə yaşadığı ölklərdə hələ də davam edir. Geriyə qalan folklorun dəyişim və dönüşüm yaşadığını qəbul et­məklə onun təbiətinə xas şəkildə araşdırma metodu ortaya qoymaqdır. Bugün klassik mə­­nada folklor janrları – nağıl, dastan, əfsanə yerini memorata, sözlü tarixə, mən­kabəyə, dini folklora tərk etmişdir. Əxlaqın zəiflədiyi, mənəviyyatın arxa plana ke­çi­rildiyi bir zamanda folklor dini motivlərə, hədislərə yenidən qayıdır. Yazılı bir çox dini mətnlər yenidən söylənməklə ikinci folklor həyatını yaşayır. Hər zaman sözdən yazıya istiqamətlənmiş folklor anlayışının yerini yavaş-yavaş yazıdan sözə keçid anla­yışı almaqdadır.

Avropa mifoloji konstruksiyalardan istifadə etməklə yeni yazılı romanlar, filmlər yaradır. Türkiyədə isə yazılı tarix ikinci həyatını – sözə çevrilmiş ömrünü yaşayır. Məsə­lən, Herodot Cevdətin müasirləşdirilmiş sözlü tarixi kimi və ya başqa dizilərdə dini əhva­lat danışan yaşlı biri, cami imamı və s. kimi. Azərbaycan hələ ki, yazının sö­zə dönüşməsi prosesini yaşamaqda geri qalır, ancaq toplama zamanı söylənən hədis­lər, mənkabələr, yaxın tarix qismən də olsa yazıdan sözə keçid prosesinin başla­dığından xəbər verir.

Folklor milli sərvətdir. Onun qorunması da dövlətin himayəsi altında olmalıdır. Ölkəmizdə folklor materiallarının toplanması, araş­dırılması prosesi davam edir. Da­vam etdirənlər orta yaş deyə bi­lə­cəyimiz alimlər qru­pudur. Hər kəs gücü miq­darında Azərbaycan folklorunu öyrənməyə, heç olmasa bili­nən janrları tədqiq etməyə çalışır. Folklorda aşıq sənəti, Dədə Qorqud, gülüş, obra­zın ikiləşməsi problemi, klassik və mü­a­sir folklorun problemləri, dini folklor, Oğuz­namələr, mifoloji sistem, söyləyici mə­sələsi və s. araşdırılan və araşdırılması davam edən məsələlərdir.

Dünya bir-birini əvəz edən əski çağdan, orta çağa, oradan da yeni bir dövrə – na­no­texnologiyanın, kompyuterlərin danışdığı, elektron cihazların az qala insanı ta­ma­mən əvəz etdiyi bir çağa ayaq basmışdır. Və ikinci şifahi mədəniyyət çağı baş­la­mışdır. Hal beləykən Azərbaycan kimi müstəqilliyə yeni qədəm basmış, inki­şa­fı­nın ilkin mər­hə­ləsini yaşayan bir ölkədə folkloru anlamaq, anlamlandırmaq, sadəcə mə­dəniy­yə­ti­mi­zin deyil, həm də varlığımızın tərkib qismi olduğunu bilmək o qədər də çətin de­yil­dir. Millətləşmə yolunda folklorun önəmini kabinetdə oturub ehkam kə­sənlərə, in­di­ki şə­rait­dən karlı çıx­ma­ğa çalışanlara, bir sözlə ötəkilərə anlatmaq bəlkə imkan daxi­lində ol­mayacaq, ancaq bizim borcumuz təqdir, bəyəni, əvəz gözləmədən bir tərəfdən yox olan, digər tərəfdən özü özünü yeniləyən folkloru dünya səviyyəsində öyrən­mək­dir. Bu­nun formulu necə olacaq, kimsə bilməz, ancaq Folklor İnstitu­tunun rəhbəri baş­da ol­maqla laboranta qədər hər kəs bir şeylər etməlidir. Zaman bizi sıradan çıxar­ma­dan, biz onun nəbzini tutmalıyıq.

Folklorun toplanması, sistemləşdirilməsi və kitablaşdırılması bu gün vacib mə­sə­lələrdən biridir. Hər nə qədər şifahi şəkildə yaşayan mətni yazıya köçürərkən onu təş­kil edən sözlər konkret əşyaya çevrilsə də, şifahi söyləmdə mətn və onu təşkil edən ün­sür­lər: jestlər, mimikalar, əl-qol hərəkətləri, pauza və s. yox olsa da və mətn yazıya keçirilərkən daşlaşmaqla bərabər, yazı ilə göstərilməsi mümkün olmayan ünsürlər itib batsa da, onun toplanıb nəşr olunması mütləqdir. Ona görə də heç bir folklor mətni söy­ləmə ortamından kənarda müstəqil ola bilməz. Sözlü mətni hazırlayan bütün ön şərt­lər (pretekst) folklor poetikasında və ümumiyyətlə, tədqiqatda nəzərə alınmalıdır. Yazılı ədəbi əsərdən fərqli olaraq, şifahi mə­də­niy­yət növləri birinin biliyi və təcrübəsi, istedadı və qabiliyyətinin məhsulu deyil, bütün bir xalqın min illərə dayanan təcrübə və biliyinin məhsuludur. Folklor İnstitutu son üç-dörd ildə 20-25 ildə topladığı qədər ma­terial toplamışdır. Hər bir insan əslində bu və ya digər şəkildə folklor daşıyıcısıdır. O baxımdan hər bir insanın ölümü folklorun ölümüdür. Hələ xalq arasında söyləyicilik məharəti, iti yaddaşı ilə seçilən insanların bu gün həyatda olmamaları bizim çox şeylər itirdiyimizdən xəbər verir.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin