Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə42/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   38   39   40   41   42   43   44   45   ...   71
Tamah (57)
Bir gün bir padşah vəzir-vəkililə ova çıxdı ki, ürəyi açıl­sın. Gəzə-gəzə gəlib bir düzəngaha çıxdılar. Padşah baxdı ki, bu düzəngahda bir təpə var, gələn-gedən təpəyə qalxıb düşür.

Bu işdən padşah təəccüb qaldı. Yanındakı adamlardan ikisini çağırıb dedi:

– İndi qalxarsız təpəyə, təpənin o tərəfində nə əhvalat var­sa bilin. Sonra gəlib mənə danışarsız.

Padşahın əyanlarından iki nəfəri baş əyib getdilər. Gəlib təpəyə dırmaşmağa başladılar. Dırmaşhadırmaş gəlib təpənin başına çıxırlar. Təpənin o biri tərəfinə baxanda gördülər ki, bura­da bir bağ var, cənnət yerində. Bir tərəfdə alma tərəkləri, o biri tərəfdə isə armud tərəkləri. Hamısı da cərgəbəcərgə əkilib. Bun­lar bağı gəzib doyunca alma, armud yedilər, amma bircə dənəsini də götürmədilər, qayıdıb gəldilər.

Padşah başındakı adamlarla qayıdanada gördülər ki, bir qoca əkini biçir, novura basır. Qocaya yaxınlaşıb soruşdular:

– Ay qoca, deməzsən, bu təpənin üstündəki bağ kimin ola?

Qoca hirslə deyir:

– Sizinlə danışmağa vaxtım yoxdur, yolunuzla çıxıb gedin.

Onlar qocadan ayrılıb yola düşürlər. Bir az getməmiş görürlər ki, bağda arıq keçilər yatıblar. Bir dəstə qaz onların ye­məyini yeyib, qayıdıb dənizə girdilər. Buradan da ötüb keçəndən sonra gördülər ki, yolun kənarında bir it yatıb. İtin qarnındakı küçüklər yoldan ötənlərə hürür. Padşah bu işə lap təəccübləndi, amma bir söz demədi.

Yollarına davam edib getdilər. Baxdılar ki, bir dəstə adam toplaşıb, amma aralarında yaman çaxnaşma var, bir ağ yaylığı ora-bura darthadart çəkirlər. Yaxınlaşıb salam verdilər, soruş­dular:

– Nəyi bölə bilmirsiniz!?

– Öz işinizdə olun, – dedilər.

Bir qədər də gedəndən sonar baxdılar ki, bir qoca quyudan su çıxarıb paylayır. Özü susuzluqdan yansa da özünə içməyə su düşmür.

Padşah bu işləri görüb, çox təəccübləndi. Saraya qayıdan kimi vəzirə dedi:

– Bu işin sirrini aç.

Vəzir dedi:

– Qibleyi-aləm, deyirlər, bizim vilayətdə dünyagörmüş qoca bir kişi var. Bəlkə, o, bizə bu işin sirrini aça bilər.

Vəzir saraydan çıxıb soraqlaşa-soraqlaşa həmən qoca kişini axtarıb tapdı. Vəzir məsələni ona danışdı. Qoca dedi:

– Oğul, mənim yüz yaşım var, mən bu işləri bilmərəm. Bi­zim bu vilayətin qurtaracağında məndən böyük bir qardaşım var. Onun iki yüz yaşı var. Ola bilsin ki, o, sənə bir cavab verə bilər.

Vəzir qocadan ayrılıb, getdi indi də böyük qardaşın yanına. Baxıb gördü ki, o, belibükük bir qocadır. Üst-başında tək-tək ağ tüklər var. Vəzir məsələni ona da danışdı. Qoca vəzirə qulaq asıb dedi:

– Ay bala, dediyin şeyləri mən bilmərəm, məndən böyük üç yüz yaşlı bir qardaşım var. Bilsə-bilsə o, bu işlərdən xəbərdar ola bilər. Bax, bura gəldiyin yolla bir gün də getsən, bir dağ görə­cəksən, həmin dağın başında bir mağara var. Bu mağarada qardaşımı tapa bilərsən.

Vəzir qoca ilə sağollaşıb yola düşdü. Səhəri gün gəlib hə­min dağa çatdı. Dağa qalxıb, mağaranı tapdı. Baxıb gördü ki, ma­ğarada bir cavan oğlan oturub. Vəzir öz-özünə dedi: “gö­rəsən, bu kim olar?”

Vəzir soruşdu:

– Oğul, üç yüz yaşlı filan qocanı necə tapmaq olar?

Oğlan dedi:

– Vəzir, həmin qoca mənəm. Bənd olma, sözünü de!

Vəzir baxdı ki, bunun üzündə bir ağ tük də yoxdur. Çox təəccübləndi. Amma daha bir söz demədi. Vəzir nə üçün gəldi­yi­ni oğlana danışdı. Oğlan dedi:

– Əkin biçən qoca Əzrayıldır, qocaya-cavana baxmır, hamının canını alır. Arıq keçilər yoxsullardır, qazlar varlılardır. Varlılar yoxsulların əlindəkiləri güclə alıb yeyirlər. Elə bir vaxt gələcək ki, ana qarnındakı uşaqlar danışacaq. O ki var ağ yaylıq ‒ dünyadır. İnsanlar onu darhadart edirlər. Su paylayan tamah­kar, yalançı molladır, hamıya ağıl öyrədir, özü isə əməl eləmir. Qaldı ki bağın məsələsi. Danışım, qulaq as. Bağın yeri əvvəllər meşəlik imiş, bir gün meşəliyin əyəsi yeri başqasına satır. Hə­mən adam meşəliyi təmizləyəndə yerdən bir küp qızıl çıxır. Kişi həmin küp qızılı meşəliyin əyəsinin yanına aparıb dedi:

– Qardaş, bir küp qızıl sənə çatacaq. Çünki mən səndən təkcə yer almışam. Bunu deyib əhvalatı ona danışır. Meşəliyin əyəsi ona dedi:

– Yox, qızıl sənə çatacaq. Əgər qismətim olsaydı, mən tapardım.

Bu ixtilat gəlib vilayətin padşahına da çatdı. Padşah hər iki kişini çağırıb vəzirinə dedi:

– İndi ki, belədir, gedib küpəni alıb, xəzinəyə qatarsan.

Həmin padşahın vəziri müdrik adam idi. Dedi:

– Qibleyi-aləm, belə etsən, ayıb olar.

Padşah soruşdu:

– Bəs bu iki kişinin mübahisəsini necə həll etmək olar?

Vəzir hər iki kişidən soruşdu:

– Oğul-uşaqdan nəyiniz var?

Biri dedi:

– Qızım var.

O biri dedi:

– Oğlum var.

Vəzir dedi:

– Lap yaxşı oldu. Küpənin qızılını iki yerə bölün. Qızla oğlana verin. Sonra da qızla oğlanı evləndirib, qohum olun. Qız öz payını oğlana, oğlan isə qıza bağışlasın.

İkisi də bu sözdən razı qaldı.

Oğlan sözünə davam edib vəzirə dedi:

– Bax alma bağının binası belə qoyulub. Onun üçün də bağa girib alma yemiş adam tamah edib özü ilə alma aparmır.

Vəzir qoca ilə sağollaşıb, geri qayıtdı, hər şeyi olduğu kimi padşaha nağıl elədi.




Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin