Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə14/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   10   11   12   13   14   15   16   17   ...   71
Göz daşı (20)
Dəmir qapı Dərbəndin alınmaz-basılmaz bir qala nisbə­tində olan vaxtlarıymış. Bir gün Nadir şah Əfşar eşidir ki, bəs deməzsənmi, yadlar-yağılar hücum çəkib, dörd bir tərəfdən Dər­bəndin üstünü alıb. Bir az keçmiş dəxi bir xəbər də gəlir ki, Dər­bəndi yağmalayıb dağıdırlar. Nadir şah qoşun götürüb, üz qoyur Dərbəndə. Gəlib yetəndə görür ki, yağılar onun torpağında dar­ğa­lıq eləyir. Fərman verir, qoşun döyüşə girir. Üç gün, üç gecə qan su yerinə axır. Uzun hərbə-zorbadan sonra yağı basılır. Na­dir şahın qorxusundan yad-yağıdan nə qədər sağ qalan va­rıydısa, hərəsi bir dalda tapıb gizlənir.

Qala-şəhərinin küskün görkəminə baxıb qəlbi qubarlanan Na­dir şahın qəzəb atı şahə qalxır, nə qalxır! Əmr eləyir ki, nə qə­dər sağ qalan varsa, özlərinin də başları bədənlərinə ağırlıq eləmir­sə, Cümə məscidinin qabağında cəm olsun. Möhlət də ve­rir. De­yilən vaxta yağıların bir parası gəlir. Bir parasısa ürək eləyib giz­ləndiyi yerdən çıxmır ki, bəlkə, tapa bilmədilər, sağ qaldım. Belə olanda şah göstəriş verir ki, ara-bərəni axtarıb cəmi gizlənənləri tutub gətirsinlər. Bir xeyli axtarışdan sonra yağıların yerdə qalan­larını tutub, əl-qolu bağlı gətirirlər şahın hüzuruna. Şah əmr eləyir:

– Kimlər ki öz xoşuyla gəlib onların bir gözünü, kimlər ki zorla gətirilib onların iki gözünü cəllad çıxarsın.

Şahın buyruğu yerinə yetirilir. Deyilənə görə, Nadir şahın qəzəbinə yetən yağıların çıxarılan gözlərinin çəkisi nə az, nə azacıq ‒ düz üç pud yarım olub. Cəllad işini başa yetirəndən sonra şahın əmriylə elə oradaca ‒ Cümə məscidinin həyətində dərin bir quyu qazılıb, çıxarılan gözlər oraya tökülüb. Sonra quyunu torpaqlayıb üstünə otuz igidin zorla tərpədə bildiyi iri bir sal daşı nişangah qoyublar. Söylədiyinə görə, Nadir Əfşar həmin sal daşın üstünə çıxıb belə deyib:

– Qoy görənlər görsün, eşidənlər eşitsin! Yadlara-yağılara soraq getsin. Dəmirqapı Dərbəndin torpağında gözü olanın axırı hər zaman belə olacaq. Mən bu “Göz daşı”nı görk üçün, ibrət üçün qoydurdum!


Nənəvay” dərəsi (21)
Çalğan dağından üzü Sabnava kəndinə sarı enəndə göz qaraldıb bağıryaran bir dərəyə tuş gəlirsən ‒ “Nənəvay” də­rə­si­nə. Deyir, bir qızla bir oğlan bir-birinə könül verib, əhd-peyman eləyiblərmiş. Hərdən vədələşib, dağ döşündə görüşürlərmiş. Həmən bu dərənin yeri allı-güllü bir talaymış. Oğlanla qız buranı özlərinə seyrəngah eləyiblərmiş. Günlərin bir günü yenə də seyrə çıxıblarmış. Birdən dağ tərpənir, yer yarılır, qızla oğ­lanın gəzdiyi tala uçurum bir dərəyə dönür. İş elə gətirir ki, oğ­lan qıraqda bir qaya parçasının üstündə qalır, qız dərə aşağı yu­varlanır. Oğlan yanından yoxa çıxan qızın səsinicə eşidə bilir:

– Nənə vay, nənə vay!!!

Sevən könüldə tab-tavana hardanıydı? Oğlan da özünü istəklisinin dalısınca atır... Deyilənə görə, qızın “nənə vay” harayının əks-sədası obada da eşidilir. Çox soraqlayıb ax­tarıblar, di gəl oğlanla qızdan bir nəm-nişanə tapmayıblar. O vaxt­dan da bu göz qaraldan dərəni “Nənəvay” dərəsi adıynan çağırmağa başlayıblar.
Qanlı dərə (22)
Vaxt o vaxtıymış ki, yurdun başını qara bulud alıbmış. Qo­lunda tutar, dizində təpər olan nə qədər cavan-comrul varıy­mışsa, hamısı yaraqlanıb-yasaqlanıb çıxır düşmən qənşərinə. Ya­ğı qoşunu da o çağacan basılıb eləmək nə olduğunu bilməyib­miş. Qərəz, bərk vuruş başlayır. El igidlərindən də qırılan az ol­mur. Amma qandan qorxmayıb yağıya doy gələ bilirlər. Düşmən qoşununun bir parası gücnən qaçıb canını qurtara bilir. Söylən­diyinə görə, döyüşdə o qədər adam qırılıb, o qədər qan tökülüb ki, Çalğan dağının ətəyindəki böyük dərəynən elə biləsən çay axırmış. O vaxtdan həmən dərənin adı qalır “Qanlı dərə”.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin