Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə2/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   2   3   4   5   6   7   8   9   ...   71
İNAMLAR (1)
*** Vəfat etmiş əziz adamdan söhbət düşəndə kimsə qəfil­dən asqırsa, yanındakılar onun paltarının ətəyindən üç dəfə dar­tıb deyərlər: “Bizimsən, bizimsən, bizimsən!”

*** Dilinə düyün düşəndə yanındakı adama üç dəfə demə­lisən: “Dilimə düyün düşüb”. Həmin adam da üç dəfə təkrar et­mə­lidir: “Tüpür yerə, düşsün!”. “Onda düyün dildən düşər”, ‒ de­yərlər.

*** Uşağı oynadanda deyərlər:

‒ Gözləri şam-şam çıraq

Qada-bala bundan uzaq.

*** Uşaq gec dil açanda axura saman töküb, at yüyənini uşağın boynuna keçirər, sonra onu axura aparıb deyərlər: “Adam­­­­san adam ol, heyvansan heyvan ol, ye bu samanı”. Belə edilsə, uşaq tez dil açar.

*** Xırman döyülən vaxt yel əssə yaxşıdı, döyülmüş ta­xı­lı yerdə sovurar. İşdi, yel əsməsə, onda yeli çağırarlar. Yeli ça­ğırmağın da öz qaydası var. Ağsaqqallar əllərinə şana alıb, sovu­ruq ata-ata belə deyərlər:

‒ Heydər, Heydər, əsə gəl.

Xırmanları basa gəl.

Oğul-uşaq qırıldı,

Dayanma, dur yasa gəl.

Taxılı samandan arıtdıyanda da deyərlər: “Heydər, Heydər, gəl atına saman apar”. Yel baba da bu çağırışları eşidib gələr, xırmançının işi avandına düşər.

*** Qorxu çəkmiş adamın qorxusunu götürmək üçün bir yumurta, bir manat pul, bir də bir şüşə su götürüb, həmin adamı Eldar Xatının qəbri üstünə apararlar. Onu qiblə tərəfə dayandırıb əl-ayağının dırnaqlarını kəsər, kirpiklərindən bir-iki tük çəkər, üç dəfə boynunu iplə ölçəndən sonra ipi xırda-xırda kəsərlər. Son­ra həmin adamın arxasında yumurtanı sındırıb, şüşədən onun ba­şına su tökə-tökə dua oxuyar, axırda şüşəni daşa çırpıb sındı­rar­lar. Bundan sonra isə həmin adam arxasına baxmadan evinə ge­dər. Onda inanarlar ki, qorxu basmış adam sağalacaq.

*** Keçmiş vaxtlarda kəndli tuma getməmişdən əvvəl üç gün evindən çölə çıxmazmış. Üçüncü gün hamama gedib çimər­miş. Səhəri gün tum kisəsini çiyninə atıb, əkin yerinə gedərmiş. Hər dəfə kisədən tum götürüb atanda məhsulun bol olması üçün belə deyərmiş: “Ya pərvərdigar, mərdi namərdə möhtac eləmə”. Axırda da belə deyərmiş: “Bu da bizim payımız”. Kisədə tum qurtaranda kisəni başışağı çevirib, qalan tumu yerə töküb deyər­mişlər: “Bu da qarışqanın payı”. Onda məhsul bol olarmış.

*** Tuma çıxmamışdan qabaq kişilər yuyunardılar, saç-saqqallarını qırxdırırdılar ki, əkin də “təmiz” olsun, alaq olmasın. Xatınlar isə yeddi gün qalmış “tuma hörmətdir” deyib, halva, fəsəli bişirib, ev-ev paylayardılar ki, taxıl bol olsun. Tum səpən­də “birə min olsun” deyərdilər.

*** Təndirdə çörək bişirəndə deyərlər: “Bismillahir, ər-rəh­manir ər-rəhim”. Çörək bişirən əlini üç kərə kündə yığılan teş­tə, sonra da təndirə vurar. Sonra üzünə salavat çəkib, üç dəfə de­yər: “Allahun məsəlli vəli Məhəmmədən Rəsulullah. Allah, sən min bərəkət ver təndirimə, çörəyimə. Ya Rəbb, bu neməti halal et evimə, ailəmə”.

*** Süddən kəsilən qadın su dolu vedrə ilə örüşdən qayı­dan naxırın qabağına çıxıb deyər: “Al suyum, ver südüm!” Belə desə, qadının südü yerinə qayıdar, mal-qara isə süddən kəsilər.

*** Bir şey itib tapılmayanda “Allah şeytana lənət eləsin, şeytanın tükünü bağladım”, ‒ deyibən dəsmala, ya da ipə düyün vurarlar. İtkini tapandan sonra düyünü açmaq gərəkdir.

*** İlanı görəndə deyərlər: “Ay heyvan, mənə dəymə, dəy­sən, Süleyman peyğəmbərin, Həzrəti Fatimənin yanına üzü­qa­ra gedərsən”.

*** Siftə doğulan uşağın qırxı çıxan kimi onun qırxını kəsərlər ki, azar-bezardan, bəd nəzərdən uzaq olsun. Odur ki, onu bir tasın içində oturdub başından qırx açar camından su axı­da-axıda deyərlər: “Bismillahir-ər rəhmanir ər-rəhim. Mən niyyət elədim bu uşağın qırxını kəsməyə ‒

Bunun bəndi bəndindən,

Ruzi damarından

Başının tükündən

Ayağının tozundan

Cəsədindəki xəstəlikdən

Bəd nəzər adamdan

Cindən, şeytandan

İlandan, əqrəbdən.

Amin, amin bir də amin!”

Suyu axıdıb tökdükcə onu üç dəfə qayçıyla kəsərlər. Uşa­ğın qırxı töküləndən sonra deyərlər:

Su aşağıda olsun,

Sən yuxarıda.

Belə deyib, uşağı anasına verərlər. Anası da onu geyin­di­rib-keçindirib bayıra çıxarar. Bundan sonra ona daha bir xətər dəyməz.

*** Sol gözün səyriməyinin düşər-düşməzi var, atdanan gözün üstünə qırmızı parça qoyub üç dəfə deyərlər:

Şaddığa gəlibsən –

bucağa düş.

Bəddiyə gəlibsən –

Ocağa düş.

*** Ev tikmək istəyəndə binə yerinə uşaq beşiyi qoyar, dövrəsinə buğda səpər, ağ pul atarlar. Bunun səhəri günü gedib binə açarlar. Binənin ilk daşının altına at nalıynan qurd aşığı qoyarlar ki, özülü möhkəm olsun.

*** Evdə çox azar-bezar olsa, hər yatağın altına qırmızı əs­kiyə bükülmüş at nalı, bir də bişmiş yumurtaynan sarımsaq qabığı qoyar, üç gündən sonra nalı kənara atar, yumurtanı daşa çırpar, sarımsaq qabığını da ocaqda yandırarlar. Ocaq sönəndən sonra bir ovuc kül götürüb, sübh obaşdan onu axar suya səpə-səpə deyərlər:

Mahnısı bu olsun,

Köməyi su olsun.

Sınayıblar ki, belədə azar-bezar çıxıb gedər....

*** Çuvaldan unu üç dəfə alıb, bir də qayıdıb içinə boşaldıb deyərlər: “Bərəkətin içində qalsın”. Bundan sonra unu çuvaldan alıb işlədərlər.

*** Südü bişirib kərpic üstə qoyar, bir az həniri alınandan sonra içinə çalası töküb deyərlər:

Dovşan kimi yat,

Kərpic kimi qat.

Bir para yerlərdə belə deyərlər:

Kərpic kimi gələsən...

Bu inam-istəklə də çalası tökülən südü ta gəlinciyə qədər kərpic üstə saxlarlar.

*** Bir evdə gec ayaq açan uşaq olsa, cümə günü danüzü onu qapıdan yellədə-yellədə deyərlər:

Adaq-badaq istəyirəm,

Şilə ayaq istəyirəm.

Bəsdi qucaqda durduğu,

Bəsdi bucaqda durduğu.

Ay Tanrı, buna kömək ol,

Qol-qıçına dirək ol.

Sınayıblar ki, bunnan bir az keçənnən sonra uşaq ayaq açıb yeriyər.

*** Uşaq dişəyəndə düşən süd dişini qoz qabığının arasına qoyub, sonra verərlər özünə ki, aparsın bu ətrafdakı ən uzunömürlü adamın evinin damına atsın. Atan zaman da belə desin:

Qollu-budaqlı olum,

Mən də onun çağlı olum.

Deyildiyinə görə, belədə həmin uşaq uzunömürlü olur.

*** Külək kəsmək bilməyəndə yeltutara un atıb deyərlər:

Çat payıva

Get öyüvə.

Belə eləsən, külək yavaşıyıb çəkilər.

*** Uşağın boğazı gələndə ilan öldürmüş bir kişi yüngülcə uşağın boğazını sığayıb üç kərəm deməlidi:

Govur qayıt,

Govur qayıt,

Govur qayıt.

Bu hovur qayıt,

Bu hovur qayıt,

Bu hovur qayıt.

Gündüz gəlibsən,

Gündüz qayıt,

Gecə gəlibsən,

Gecə qayıt.

Lap indicə qayıt.

Sınayıblar ki, belədə boğazgəlməsi qayıdar.

*** Mal-qara davaq olanda köhnə kişilər davaq tutan yerə kəndəlaş suyunu töküb deyərlərmiş:

Gəndalaş, ay gəndalaş,

Gəl dalaş, ay gəl dalaş.

Yetiş, yara qovuşsun,

Bəla burdan sovuşsun.

Üstündən bir-iki gün keçəndə baxıb görərlərmiş ki, budu ha, davaq qurtarıb.

*** Mal-qara çöldə qalıb gəlməyəndə qurdun ağzın bağ­la­maq gərəkdi ki, sədəmə yetirməsin. Bir ip götürüb, ona yeddi dü­yün vurarlar, düyün vurduqca da xançalı qından çıxarıb təzədən yerinə qoyallar. Axırda da deyərlər:

Zağladım, yağladım,

Qurdun ağzın bağladım!

*** Yağış yağmayıb quraq keçəndə bir adamı söyüd yar­paq­larıyla bürüyüb, üstünə su ata-ata qapı-qapı gəzdirər, yol bo­yu oxuyarlar:

Güdül, güdül, xoş güdül,

Əl-ayağı yaş güdül.

Qoy yağsın yağış, güdül.

A göylərin buludu,

Zəmilərin umudu.

Tez ol, bir yağış yetir,

Əkinnərim qurudu.

Çax daşı, çaxmaq daşı

Əndər gəlsin yağışı...

Hər qapıda güdülə pay verib, onu razı salarlar, güdül də alxış edər. Bundan sonra yağış yağar.

*** Uşağın qırx günündə mamaça gəlib, qırx suyu tökə-tökə alxış oxuyardı:

Qənədi quşdan alsın,

Muradı Tanrıdan alsın!

Yaxşılara tən dursun,

Yamanlardan gen dursun!

Ağrısı axıb getsin,

Acısı çıxıb getsin!

Bax bu bir,

Bu iki,

Bu üç olsun,

Düşmənnəri puç olsun.

Su tökün qırx olsun,

Bədnəzərə ox olsun.

Bundan sonra uşağa sədəmə toxunub nəzər yetişməzdi.

*** Uşaq olanda mamaça gələrdi, uşağı bələyib alardı qu­ca­ğına. Doğan xatından üç kərə soruşardı:

– Ağırsan, yüngül?

– Yüngül.

Mamaça xeyir-dua verib uşağı verərdi anasına. İyirmi gün­dən sonra mamaça gəlib uşağın adını qulağına qışqırardı. Sonra deyərdi:

– Adını mən verdim, ömrünü Tanrı versin.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin