Hərəmi Cəlal (47)
Bir var idi, biri yox idi, keçmiş zamanlarda Cəlal adlı bir oğlan var idi. Tifillikdən ata-anasını itirib yetim qalmışdı. Cəlalın at minmək, qılınc çalmaq, ox atmaqnan arası saz idi. Gününün çoxunu çöldə, ovda keçirərdi. Bir gün gördü ki, yolnan bir karvan keçir. Məzələnməkdən ötəri elə-belə karvana basqın elədi, karvanbaşı qorxuya düşüb, başının adamları ilə qaçdı. Əlinə keçən karvanı taladı, qarşısına çıxanı soyub buraxdı, oldu “hərəmi Cəlal”.
Cəlal bir gün yenə karvan çapmağa çıxmışdı, hər tərəfi gəzdi, əlinə heç nə keçmədi, bir də gördü ki, uzaqda bir çadır görünür. Gəlib gördü çadırda bir qoca arvadnan, bir gözəl qızdan savayı heç kəs yoxdur.
Arvad onu görən kimi başladı qara-qışqırıq salmağa:
– Heç utanmırsan, kişi olmayan çadıra ayaq basırsan.
Cəlal dedi:
– Yaxşı, bir az su verin, çıxıb gedirəm.
Qız su verdi. Cəlal gördü ki, bu kasanın qiyməti bir padşahın xəzinəsinə dəyər. Öz-özünə dedi: “Necə olur-olsun, gərək bu qızı alam”. Üzünü qıza tutub soruşdu:
– Buralar adamına oxşamırsınız, kimsiniz, nəkarasınız?
Qız dedi:
– Ey oğlan, mən filan padşahın qızıyam. Əmimoğlu gətirib bizi bura qoyub. Özü də bağ qalada atamın qoşunuyla vuruşur. Atam məni ona verməyə razı deyil.
Cəlal öz-özünə fikirləşdi ki, gərək gedim o qalaya, görüm bu nə əhvalatdı. Elə bu vaxt gördü ki, bir göy atlı oğlan gəlir. Oğlan onu görən kimi qışqırdı:
– Ey namərd, adını da kişi qoymusan, kişi də gəlib naməhrəmnən danışarmı kişi olmuyan yerdə?!
Cəlal dedi:
– Kişi dilə ban verməz, ələ can verər.
Başladılar döyüşməyə, əvvəl kürzdən başladılar, bir şey hasil olmadı, sonra kəməndə əl atdılar, bir şey çıxmadı. Əl atdılar qılınca. Cəlal gördü ki, fənd işlətməsə, bu oğlan ona zor gələcək. Necə elədisə oğlan aldandı, Cəlal altdan yuxarı qılıncını çəkib, onun başını bədənindən ayırdı. Atını sürdürdü düz qalaçaya. Gördü ki, böyük bir qoşunla iyirmi-otuz nəfərlik bir dəstə vuruşur. Öz-özünə fikirləşdi: “Əgər qoşunun tərəfinə keçsəm, deyərlər, qorxub çox olan tərəfə kömək elədi, o iyirmi-otuz nəfərə kömək eləsəm, deyərlər, lovğalıq elədi”. Belə fikirləşib vurdu özünü qoşuna, qabağına kim gəldi qılıncından keçirdi. Padşah gördü bir nəfər gəlib, baxmır kimdi, nəçidi, qılıncından keçirir. Əmr elədi, ağ bayraqlar qaldırıldı. Padşah xəbər aldı:
– Oğlan, kimsən, bura gəlməkdə məqsədin nədi?
Cəlal dedi:
– Qibleyi-aləm sağ olsun, mən gəlmişəm qızını verəsən mənə.
Padşah dedi:
– Oğlan, qızımı əmisi oğlu qaçırdıb, ona görə onunla vuruşuram.
Cəlal dedi:
– Onu öldürmüşəm.
Padşah dedi:
– Lap yaxşı, düşmənimi öldürmüsən. Bir qız bir oğlanındı. Qızı verdim sənə, amma bir şərtlə. Bir qarış uzunu, bir qarış eni olan kərpic boyda qızıl gətir, qızı apar, yeddi gün sənə möhlət verirəm.
Cəlal gəldi bütün qızıllarını yığdı, xalı-xalçasını, nəyi vardısa satıb qızıla çevirdi, həmin qızılları əridib, bir kərpic düzəltdirdi. Qaldı dörd divar. Gəldi padşahın yanına.
Padşah dedi:
– Cəlal, gəldin ?
Dedi:
– Padşah sağ olsun, gəldim.
Dedi:
– Qız sənindi, apar.
Cəlal baxdı qız çarşabdadı, başında da ağ duvaq. Gətirdi evinə, öz-özünə fikirləşdi ki, bə bunun cehizi-zadı yoxdumu, daha namusa boğulub üstünü vurmadı.
Qızın üzünü açanda nə gördü? Dizdiyindən başqa əynində heç nə yoxdu. Dedi:
– Ay qız, bu nə haldı?
Qız dedi:
– Bizdə adət belədi, hələ atam sənə hörmət eləyib bu dizdiyi verib. Oğlan nə gətirsə, qıza onu geyindirib yola salarlar.
Cəlal daha heç nə demədi. Keçəyə salıb qızı gətirdi evə. Evdə heç nə yox, dörd divar. Dedi:
– Bax bu ev, bu da sən. Mən gedirəm. Günorta namazına gəlib çatdım-sahibinəm, yox, gəlmədim – onda özün ixtiyar sahibisən.
Atlanıb çıxdı. Hər yanı gəzdi, dolandı, qarşısına çıxan olmadı, heç bir qara qarğaya da rast gəlmədi vurub gətirsin. Desin ki, ay qız, al bişir, bu, qırqovul ətidi. Əli hər yerdən üzüldü. Evə necə qayıtsın? Yeməyə-içməyə heç nə yox. Bir də gördü ki, uzaqda bir at otlayır, dedi: “Elə yaxşı oldu, aparıb atı sataram, həm qıza pal-paltar alaram, həm də yemək-içmək”. Bu fikirnən irəli getdi, gördü ki, atın yanında bir oğlan uzanıb. Gözəl bir yəhərin üstünə başını qoyub, ayağını da ayağının üstünə aşırıb. Yanında da iki heybə, oğlan öz-özünə dedi: “Nə axtardığımı tapdım”. Elə bu fikirnən əlini heybəyə atdı ki, götürsün. Oğlan dedi:
– Ey oğlan, o heybənin yiyəsi ölmüyüb, qoy heybələri yerə, yolunnan çıx get.
Cəlal heybələri qoydu yerə. Bir də dedi ki, yaxşı, mən bura nəyə gəlmişəm. Yenə uzatdı əlini heybələrə ki, götürüb atsın atının üstünə. Oğlan dedi:
– Ey oğlan, sənə dedim ki, heybələrə əl vurma, canına yazığın gəlsin, yolunnan çıx get.
Cəlal yenə heybələri yerə qoydu. Bu dəfə öz-özünə fikirləşdi: “Yaxşı mən bura gəlmişəm çalıb-çapmağa. Çox da ki bu deyir heybələrə əl vurma. Ya bunu soyub apararam, ya da bu məni öldürər, canım qurtarar”. Yenə əl atdı heybələrə. Oğlan yerinnən durub tutdu Cəlalın kəmərindən, qaldırıb başının üstünə fırlayıb, fırlayıb çırpdı yerə. Cəlal gözünü açanda gördü ki, oğlan dizini dirəyib sinəsinə, qılıncını az qalıbdı ki, çəksin boğazına. Cəlalın gözlərinnən iki damla yaş axdı. Oğlan dedi:
– Ay məlun, neçə başlar kəsmisən, indi murdar qanınnan ötrü yaş tökürsən ?
Cəlal dedi:
– Güman eləmə ki, canımın dərdinnən ağlayıram.
Cəlal başına gələnləri mən sənə nəql elədiyim kimi oğlana danışdı. Oğlan dedi:
– Bax bu heybələrdə dörd pud qızıl var, onları verirəm sənə. Üç gün də sənə möhlət verirəm. Ancaq elə güman eləmə ki, qaçacaqsan, canını mənim əlimdən qurtaracaqsan. Harda olsan da axtarıb səni taparam. İndisə get, üç günnən sonra səni burda gözləyirəm.
Cəlal bir söz deməyib gəldi evə. Nə lazımdırsa aldı, xalıdan-xalçadan, yeməkdən-içməkdən, paldan-paltardan. Padşah qızına yeddi kəniz də tutub dedi:
– Bax, bu ev-eşik sənin, bu da qızılların qalanı. Xərcləyib kef eliyərsən, nə ürəyindi elə, bir namussuzluqdan savayı.
Cəlal qıza barmağını da vurmayıb gəldi oğlanın yanına. Gördü oğlanı necə qoyub getmişdisə, eləcə də uzanıqlıdı. Atdan düşüb gəldi, yerə uzandı ki, oğlan onun başını kəssin. Oğlan əl atıb Cəlalı qaldırdı. Dedi:
– Heç insaf deyil ki, sənin kimi oğlanın başı kəsilsin. Adın nədir?
– Cəlal.
Dedi:
– Mənim də adım Məhəmməddi. Bu gündən olduq qardaş. Atını min, gəl arxamca.
Onlar atlanıb yola düşdülər. Az getdilər, üz getdilər, dağlar aşdılar, dərələr keçdilər, gəlib bir qalaçaya çıxdılar. Qaladakıların hamısı Məhəmmədə baş əyirdi. Sabahısı Məhəmməd hamıyı yığıb dedi:
– Bu gündən sonra başçınız Cəlaldı.
Bunu deyib Məhəmməd çıxıb getdi. Cəlal da başqa birisini öz yerinə qoyub Məhəmmədin dalınca yollandı. Sübh açılanda gəlib bir şəhərə çatdı. Gördü şəhərdə qeyli-qaldı. Bir qocanın yanına gedib, xəbər aldı:
– Əmi, bu nə həngamədi?
Qoca dedi:
– Oğlum, padşah öz qardaşı oğlunu asdıracaq, camaat ona görə çaxnaşır. Bu padşahlıq Məhəmmədin atasınındı. Atası öləndə Məhəmmədin on iki-on üç yaşı olardı. Əmisi ona demişdi:
– Oğlum, sən padşahlıq eliyə bilməzsən. Vaxt tamam olanda taxt-tacı da, qızımı da sənə verərəm.
O keçdi qardaşının yerinə. Vaxt tamam oldu, Məhəmməd xəbər göndərdi ki, əmi, əhdinə vəfa elə. Padşah əmr elədi:
– Tutun, salın bunu zindana. Məhəmməd qaçıb getdi. O vaxtdan on-on iki il keçir. Məhəmməd gah padşahın xəzinəsini yarıb, gah qoşununu dağıdıb, gah karvanını talayıb. Məhəmmədi dünən tutublar, bu gün dara çəkəcəklər.
Cəlal dedi:
– Əmi, bu şəhərdə Məhəmmədə canı yanan varmı?
Qoca dedi:
– Anasınnan özgə bir kəsi yoxdu.
Cəlal axtarıb Məhəmmədin anasını tapdı. Xatun onu görən kimi dedi:
– Oğlum, Cəlal, gəldinmi?
Cəlal mat qaldı:
– Ana, məni hardan tanıdın?
Xatun dedi:
– Dünən Məhəmməd sənin haqqında mənə danışıb. Deyib ki, ana, mənim Cəlal adlı bir qardaşım var, o gəlsə, mənə ölüm yoxdu.
Cəlal soruşdu:
– Məhəmmədin işi nə yerdədi?
Dedi:
– Bax, o yanan odu görürsənmi? Onu Məhəmməd üçün qalayıblar. Uca bir mançanaq da qoyublar. Atacaqlar odun üstünə.
Cəlal dedi:
– Ana, sən tez üç at tapıb, yəhərləyib hazır saxla. Qalanı ilə işin yoxdur. Bunu deyib Cəlal bütün üz-gözünü, atını cövüz yağı ilə yağlayıb gəldi meydana. Gözlədi, elə ki Məhəmmədi atdılar oda, Cəlal atını çapıb Məhəmmədi götürüb aradan çıxdı. Hamı qışqırdı: “O oddan sağ çıxan olmaz”. Cəlal Məhəmmədi də götürüb gəldi. Gördü atlar hazırdı. Dedi:
– Tez çıxıb qaçaq.
Məhəmməd dedi:
– Qardaş, qollarım açıx, sən də yanımda, nədən qorxacam? Bu mənim bura axırıncı gəlişimdi. Gərək əmim qızını da aparım.
Cəlal dedi:
– Bu şəhərdə səni hamı tanıyır, qoy mən gedim.
Məhəmməd razılaşdı, Cəlal paltarını dəyişib, gözlədi axşamı. Elə ki, qaranlıq çökdü, düzəldi yola. Özünnən bihuşdarı da götürmüşdü, kimə rast gəldisə bihuşdarı verib keçdi, gəldi qızın yanına. Qız dedi:
– Ey naməhrəm, nə cürətlə bura gəlibsən?
Cəlal dedi:
– Mən Məhəmmədin qardaşıyam, tez ol hazırlaş, bu da Məhəmmədin üzüyü. Qız üzüyü taxıb dedi:
– Sən bir az gözlə, mən hazırlaşıb gəlirəm.
– Getdi o biri otağa, bir az keçmiş qız gəldi.
Cəlal gözlərinə inanmadı, qız nə qız. Başdan ayağa polada qərq olub, əlində qalxan, daha nə, nə... Bir əlində də iki boxça.
Onlar tez gəldilər Məhəmmədin yanına. Atlar hazır idi. Atlanıb üz tutdular getməyə.
Az getdilər, üz getdilər, gəlib çıxdılar bir bulağın başına.
Məhəmməd dedi:
– Gəlin burda bir az dincələk.
Tez iki çadır qurdular. Cəlal dedi:
– Qardaş, çadırın biri anamızın olsun, o biri də sizin. Siz dincələrsiniz. Mən də qaravul çəkərəm.
Xəbəri xəbərlərdən, xəbəri padşahdan. Padşah bir də ayıldı ki, qızı yoxdu, bildi ki, onu Məhəmməd qaçırdıb.
Tökdü qoşunu onların dalınca.
Cəlal bir də gördü ki, bir tozanaq qalxdı. Baxdı ki, qoşun gəlir. Gəldi Məhəmmədin çadırına ki, xəbər versin. Gördü Məhəmməd başını qoyub qızın dizinin üstünə yatıb.
Qız dedi:
– Səni and verirəm o Allaha, qoy qoşunun qabağına mən özüm çıxım, ürəyim yanıxlıdı.
Qız özünü vurdu qoşunun qabağına. Bu vaxt Məhəmməd ayıldı, xəbər aldı:
– Qız hanı ?
Cəlal dedi:
– Padşah qoşunu bizim izimizə gəlib, onunla vuruşur.
Məhəmmməd dedi:
– Özün burda dayanıbsan, qızı qoşunun qabağına göndəribsən?
Cəlal dedi:
– Qardaş, o mənə and verdi ki, nə səni oyadım, nə də özüm gəlim.
Məhəmməd dedi:
– Qardaş, sən burda anamı qoru, mən də gedim.
Cəlal qaldı çadırda. Bir az keçmiş öz-özünə fikirləşdi: “Yaxşı, mən gəlmişdim ölməyə. Bu mənə bu qədər yaxşılıq elədi. Ölümdən qurtardı. Ölməyə getdi. Orada mən olmalıyam”. Cəlal da vurdu özünü qoşuna. Sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı. Gördü yox, qoşunun ardı-arası kəsilmir. Əl atdı hiyləyə. Atını çapıb bir tərəfə qışqırdı: “Əhməd, qoyma, sağdan vurun, ay buradan qırın” deyib, qoşunun içinə vəlvələ saldı. Qaranlıqda qoşun başladı bir-birini qırıb çatmağa. Cəlal bir də gördü ki, bir nəfər cumub üstünə. Baxdı ki, bu qızdı, qışqırdı:
– Ey qız, mənəm dayan.
Qız əl saxladı. Soruşdu:
– Qardaş, bəs əmimoğlu hanı?
Cəlal dedi:
– O da vuruşurdu.
Qız dedi:
– İndi bildim. Yarım saat əvvəl qaranlıqda düşmən bilib onu öldürdüm. Qılınc dəyəndə düz ürəyim sızıldadı.
Axtarıb-axtarıb Məhəmmədi tapdılar. Cəlal gördü ki, doğurdan da, Məhəmməd ölüb. Onu götürüb çadıra gətirdilər. Anası, qız vay-şüvən qopartdılar. Qız Cəlala dedi:
– Qardaş, sən bir az kənara çəkil. Biz ağlayıb ürəyimizi boşaldaq.
Cəlal çadırdan aralandı. Padşah qızı dedi:
– Əmioğlu, öz əlimlə səni öldürdüm. Bundan sonra mənə dünyada yaşamaq haramdı.
Belə deyib qılıncını ürəyinin başına dayayıb uzandı, qılınc kürəyindən çıxdı... Bunu görüb, Məhəmmədin anasının da ürəyi partladı.
Cəlal geri qayıdanda gördü ki, iş işdən keçib. Qız da, Məhəmmədin anası da ölüb. Gözlərinə qaranlıq çökdü. Huşunu itirib, yerə yıxıldı, bir də ayıldı gördü ki, başının üstündə göy atlı nurani bir qoca dayanıb. Dedi:
– Oğlum, bunlar kimdi?
Cəlal bütün əhvalatı mən sizə nağıl elədiyim kimi başdan ayağa söylədi.
Qoca dedi:
– Oğlum, onlara ölüm yoxdur.
Sonra atdan düşüb əlini Məhəmmədin, qızın, anasının üstünə çəkdi. Üçü də asqırıb ayağa qalxdı. Məhəmməd dedi:
– Nə çox yatmışam, qılıncım hanı?
Cəlal başlarına gələni ona söylədi. Hamısı qocanın ayaqlarına döşəndi.
Qoca dedi:
– Gedin, axırınız xeyir olsun.
Onlar əvvəlcə gedib Cəlalın nişanlısını da özlərilə götürdülər. Gəldilər Məhəmmədin şəhərinə. Padşahı cəhənnəmə vasil elədilər. Camaat şadlıq edib, Məhəmmədi özlərinə padşah seçdi. Məhəmməd taxta çıxıb ölkəni ədalətlə dolandırmağa başladı. Cəlalı da özünə qoşun başçısı seçdi. Qırx gün, qırx gecə toy çaldırıb, əmisi qızını özünə, padşahın qızını isə Cəlala aldı.
Mən özüm də orada idim, bir yaxşıca kef elədim. Qayıdanda toydan üç alma da gətirdim. Biri sənin, biri mənim, biri də bacadan baxanların.
Dostları ilə paylaş: |