Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə34/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
Bəxtini axtaran oğlan (49)
Qədim zamanların birisində Rüstəm adlı bir cavan oğlan olur. Bu oğlan qazanardı, amma sabaha heç nəyi qalmazdı. Bir gün o qocaman bir kişinin yanına gəlib deyir:

– Ay əmi, mən görürəm ki, sən yaxşı yaşayırsan, mən necə edim ki, mənim də bəxtim olsun.

Qoca görür ki, bu oğlan ağıldan bir az kəmdir. Deyir:

– Oğlum, yeddi dağ aşarsan. Səkkizinci dağ axıri-zaman­dır. Gözəgörünməz xuda ordadır. Gedib ora bəxtini istəyərsən, o, sənə bəxt verər.

Oğlan birinci dağı aşır, ikinci dağı aşanda görür ki, uzaq­dan bir canavar gəlir. Oğlan qalxır ağaca. Canavar başlayır hər­lənməyə. Oğlan deyir:

Ey canavar, mən gedirəm o gözəgörünməz xudadan bəxt istəməyə. Qoy gedim.

Canavar deyir:

Ey oğlan, o gözəgörünməz xudaya deyərsən ki, filan yerdə bir canavara rast gəldim. O da özünə bəxt istədi.

Bu sözləri deyib canavar oğlana yer verir. Oğlan ağacdan düşüb yoluna davam eləyir. Üçüncü dağı aşıb, dördüncü dağı aşanda görür ki, bir qocaman kişi durub. Gəlib salam verir. Qocaman kişi soruşur:

– Oğlum, hardan gəlib, hara gedirsən?

Oğlan deyir:

– Gedirəm o gözəgörünməz xudadan özümə bəxt istəməyə.

Qocaman kişi deyir:

– Oğlum, o gözəgörünməz xudadan mənim də bəxtimi istəyərsən. Bax bu yeri əvvəl təpmişəm, sonra səpmişəm. Bir dənə də sünbül hasilə gəlməyib. Bunun sirri nədir, bilmirəm.

Oğlan dedi:

Baş üstə, babacan.

Oğlan yenə başladı yola, beşinci dağı aşıb, altıncı dağa ça­tanda qabağını nizəli, qılınc-qalxanlı adamlar kəsir. Oğlan deyir:

– Yol verin, gedim.

Deyirlər:

– Gedək paccahımızın dərgahına. O, səni görmək istəyir.

Oğlanı gətirirlər paccahın dərgahına. Görür ki, bir cavan əyləşib. Paccah soruşur:

– Ey oğlan, hardan gəlib, hara gedirsən?

Oğlan deyir:

– Ey paccah, o gözəgörünməz xudadan bəxtimi istəməyə gedirəm.

Paccah deyir:

– Ey oğlan, o gözəgörünməz xudaya deyərsən ki, mən fi­lan paccahın torpağından keçdim. O da öz bəxtini istədi.

Oğlan deyir:

– Baş üstə.

Yenə başlayır yol getməyə. Yol gedə-gedə öz-özünə fikir­ləşir ki, ay balam, bu paccahın nəyi əysikdi. Bunun ki hər şeyi var. Bu nə istəyir. Oğlan yeddinci dağı aşıb, səkkizinci dağa çatır. Görür dağlar yoxdu. Başdıyır qışqırmağa:

– Ey xuda, dərgahına gəlmişəm mənim üçün bəxt.

Xudadan səs gəlir:

Ay oğlan, get bu gündən səndən bəxtli insan yoxdu. Bəxtini verdim.

Oğlan deyir:

– Ey xuda, yolda bir canavara rast gəldim. O da özünə bəxt istədi.

Xudadan səs gəlir:

– Ey oğlan, o canavara deyərsən, bu gün qabağına nə çıxsa, ye, sabah ruzunu xuda verəcək.

Oğlan deyir:

– Ey xuda, yolda gəlirdim, bir qocaman kişiyə rast gəldim. O da özünə bəxt istədi. O, qocaman kişi deyirdi ki, əvvəl təpib, sonra səpib, amma bir sümbül də hasilə gəlməyib.

Xudadan səs gəlir:

– O qocaman kişiyə deyərsən ki, torpağın altında qayalar var. O qayaları çıxarsın. Onun da bəxtini verdim. Qoca vaxtında xoşbəxt olacaq.

Oğlan deyir:

– Ey xuda, yolda bir cavan paccahın torpağından keçdim. O da özünə bəxt istədi. Xudadan səs gəlir:

– Ey oğlan, o paccah qızdı. Atası ona vəsiyyət eləyib ki, kim sənin sirrini açsa, ona ərə gedərsən. Gedib o paccaha de­yər­sən ki, ey paccah, bəsdi tac altında gizləndin, sən qızsan, xuda sənin də bəxtini verdi.

Oğlan başladı geri qayıtmağa. Altıncı dağa çatanda gəlib girir saraya.

Paccah deyir:

– Oğlan, mənim də bəxtimi gətirdinmi?

Oğlan deyir:

Ata-anam sənə qurban olsun, qorxuram danışmağa.

Paccah deyir:

– Ey oğlan, qorxma, sən nə desən yerinə yetəcək.

Oğlan deyir:

– Ey paccah, o gözəgörünməz xuda dedi ki, o paccaha de­yər­sən ki, bəsdi, kişi paltarında tac altında gizləndin, sən kişi paccah deyilsən, qız paccahsan. Oğlan bunu deyən kimi paccah tacını başından çıxardır. Hamı baxıb görür ki, paccahları gözəl bir qız imiş. Paccah dedi:

– Ey oğlan, atam mənə vəsiyyət eləyib ki, sənin sirrini kim açsa, ona ərə gedərsən. İndi gəl məni al. Buranın da paccahı ol.

Oğlan qəh-qəh çəkib deyir:

– Ey paccah, mənim sənin torpağında nə işim var? Mənim bəxtim Dərbənddədir.

Oğlan başlayır geri qayıtmağa. Gəlib görür ki, dördüncü dağda qocaman kişi onu gözləyir. Kişi deyir:

– Oğlum, mənim üçün də bəxt istədinmi?

Oğlan deyir:

– Bəli, babacan, istədim. Gözəgörünməz xuda dedi ki, o qocaman kişinin bəxti elə həmin torpaqdadır.

Başlıyırlar yeri qazmağa. Daşları-qayaları çıxarıb atırlar. Bir də görürlər səs gəlir, həmin yerdən düz 40 kisə qızıl çıxır. Qocaman kişi deyir:

– Oğlum, bu qızılların 20 kisəsi mənim, 20 kisəsi sənin bəxtindir. Götür öz payını. Oğlan deyir:

– Babacan, mən bu qızılları neyləyirəm? Məni Dərbənddə ləl-cəvahir gözlüyür.

Qoca deyir:

– Oğlum, yaxşı-yaxşı fikirləş.

Oğlan deyir:

– Babacan, mənim bəxtim Dərbənddədi.

Oğlan başlıyır yenə geri qayıtmağa. Gəlib görür canavar yox­dur. Deyir, qoy gözlüyüm, canavar yazıxdı. Onun da bəxtini deyim. Bir də görür ki, budur, canavar ulaya-ulaya gəlir. Oğlan canavardan qorxmur. Sinəsini irəli verir.

Canavar deyir:

– Ey oğlan, xudadan mənim də bəxtimi istədinmi?

Oğlan deyir:

– Ey canavar, xudadan sənin də bəxtini istədim. Gözəgö­rün­məz xuda dedi ki, bu gün qabağına nə çıxsa ye, sabah xuda köməyin olar.

Canavar deyir:

– Ey oğlan, sən gedəli dilimə heç nə dəyməyib, bir dovşan da tuta bilməmişəm. Mənim bəxtim elə sənsən.



Bunu deyib canavar oğlanı ayaqları altına aldı. Parçalyıb yedi.

Siz gedin o yana, mən bu yana. Nağıl burda tamama yetdi.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin