Əziz Sövdəgər (51)
Gəl sana handan deyim, Təbri-zamandan deyim, darayı bitər Quba corabından deyim. Öyü xəlvət görüb geridə əyalı gəlinə, əlini əlinə vurdu. Ətəyini belinə. Demə xəlvətdə görüb siçanı darı pişik. Çıxdım bayıra gördüm bir dovşan nə dovşan, altından adam keçər. Adam, bəlkə, balacaydı, adam helə böyüküydü kü, əyilib su içeydi. Quyu, bəlkə, dayazdı, quyu helə dəriniydi ki, sabah daş atanda axşam dibinə çatırdı. Günnər, bəlkə, qıseydı, günnər helə uzunuydu ku, inəkinən xörək yiməyə yanında balasıynan gərəkdi. Keçi deyər mənim adım Abdül Kərimdi, nağaralarda bərk səs verən mənim dərimdi, qış olcaq dərd-sərimdi, yaz olcaq çoban çıxmaz qəyələrim var mənim.
Gəlin indi sizə Əziz Sövdəgərdən deyim. Əziz Sövdəgər də elə adam olub ki, padşahnan bərabər. Bu elə sövdəgər olub ki, hər şəhərə gələndə bir xatın alıb. Bir gün də Əziz Sövdəgər gəlib Dərbənd şəhərinə çıxır. Burada bir xatun alır. Xatun gəlib həmli olur. Bu vaxt Əziz Sövdəgər səfərə çıxır. Xatuna bir bazubənd verib deyir:
– Əgər qızım olsa, satıb xərcləyərsən, yox, oğlum olsa, verərsən qoluna bağlıyar.
Bu sözləri deyib Əziz Sövdəgər başqa şəhərə gedir. Vaxt tamam olur. Xatunun bir oğlu olur. Adını qoyurlar Məhəmməd. Bir il, iki il, üç il, beş il, yeddi il keçir, Məhəmməd gəlib çatır on beş yaşa. Bir gün o, məhəllə uşaqları ilə aşıq-aşıq oynuyurmuş. Bu zaman bir qarı bulaqdan su gətirirmiş. Məhəmməd vurub onun küpünü sındırır. Qarı deyir:
– Ay atasından xəbərsiz, mənim küpümü niyə sındırdın?
Məhəmməd deyir:
– Ay qarı nənə, məni bu məhəllə uşaqlarının yanında niyə söyürsən? Küpün neçiyədi?
Qarı deyir:
– Üç köpük.
Məhəmməd deyir:
– Al bu altı şahını, özünə on dənə küp al.
Qarı sevinə-sevinə çıxıb getdi. Məhəmməd də kor-peşiman anasının yanına gəldi.
Məhəmməd gəlib anasının boğazından yapışdı.
– Ana, mənim atam kimdi?
Anası dedi:
– Oğul, sənin atan Əziz Sövdəgərdi.
Anası çox dedi, Məhəmməd az eşitdi. Axırda Xatun sandığı açıb Əziz Sövdəgər verdiyi bazubəndi oğlunun qoluna bağladı. Məhəmməd cəlayi-vətən olub bu şəhər sənin, o şəhər mənim başladı atasını axtarmağa.
Məhəmməd atasını axtarmaqda olsun, sizə Əziz Sövdəgərdən deyim. Əziz Sövdəgər gəlib bir şəhərə çıxdı. Başladı burda binə eliyib alış-veriş eləməyə. Bu vaxt bir xatundan on dənə bişmiş yumurta aldı, amma pulunu vermək yadından çıxdı. Bu hadisədən bir gün, iki gün, bir ay, iki ay, axırı bir il keçdi. Həmin xatun gəlib padşaha şikayət elədi ki, bəs filan sövdəgər ondan on yumurta alıb, pulunu verməyib. Padşah tez vəzir-vəkilini çağırıb dedi:
– Əziz Sövdəgər bir varrı adamdı. Bu xatundan yumurta alıb pulunu vermiyib. Onun bütün mal-dövlətini alıb, verin bu xatuna. Qoy başqalarına da görk olsun.
Bəli, Əziz Sövdəgərin bütün var-dövlətini alıb, verdilər həmin xatuna. Əziz Sövdəgər qaldı tamam əlacsız. Əziz Sövdəgər bu halda qalmaqda olsun, sizə xəbər verim bu şəhərdəki yeddi keçəldən.
Bu şəhərdə yeddi keçəl vardı. Onnar cümədən-cüməyə xırmana yığışıb məhkəmə qurardılar. Bəli, yenə də həmin keçəllər yığıldı xırmana, hər tərəfi silib-süpürdülər. Keçəllərdən biri at kəlləsinin üstündə oturub “padşahlığa” başladı:
– Bu keçən müddətdə nə olub, nə keçib?
Keçəllərdən biri dedi:
– Əziz Sövdəgər adında bir sövdəgər var. Padşah onun var-dövlətini alıb verib bir xatuna.
Padşah keçəllərdən ikisinə dedi:
– Tez gedin Əziz Sövdəgəri gətirin hüzuruma.
Keçəllər gedib Əziz Sövdəgəri gətirdilər. Baş əyib padşaha təzim etdilər.
Padşah dedi:
– Əziz Sövdəgər, bu nə ixtilatdı? Padşah nə üçün mal-dövlətini alıb?
Əziz Sövdəgər başına gələnləri ixtilat etdi.
Padşah dedi:
– Əziz Sövdəgər, gedərsən padşahın yanına, deyərsən ki, padşah sağ olsun, heç bişmiş yumurtadan da cücə çıxarmı? Sonrasından işin yoxdu, amma bunu sənə kim öyrətdiyini söyləmə.
Əziz Sövdəgər gəldi padşahın hüzuruna. Padşah xəbər aldı:
– Əziz Sövdəgər, nə istəyirsən?
Əziz Sövdəgər dilləndi:
– Padşah sağ olsun, heç bişmiş yumurtadan da cücə çıxarmı?
Padşah qaldı mat-məəttəl. O saat əmr elədi, həmin xatunu gətirsinlər. Padşahın adamları gəlib gördü ki, həmin xatun barmağında brilyant üzük oturub imarətində, bir yanda qulluqçuları. Dedilər padşah səni çağırır. Onu faytona mindirib, gətirdilər padşahın hüzuruna. Padşah dedi:
– Bu kişiyə yumurtanı bişmiş vermişdin, yoxsa çiy?
Xatun dedi:
– Padşah sağ olsun, bişmiş.
Padşah dedi:
– Bütün var-dövləti qaytar sövdəgərə.
Xatun dedi:
– Baş üstə.
Bütün var-dövləti xatun qaytardı sövdəgərə. İstədi barmağındaki üzüyü də qaytara. Əziz Sövdəgər ürəyiyumşaq adamdı.
Dedi:
– Qoy üzük sənin olsun.
Bu burda qalsın. Məhəmməd də atasını axtarırdı. Padşah dedi:
– Gedin sövdəgəri çağırın.
Gəlib Əziz Sövdəgəri çağırdılar. Padşah deyir:
– Səni öyrədən var. O kimdi?
Əziz Sövdəgər dedi:
– Qibleyi-aləm sağ olsun, bu sirdi, söz vermişəm ki, gərək açmayam.
Padşah dedi:
– Onda dar ağacına çəkirəm səni.
Əziz Sövdəgər vəziyyəti belə görüb əhvalatı olduğu kimi söylədi. Bəli, sabah açıldı. Cümə günü idi. Padşah öz vəzir-vəkili, qoşunu ilə yollandı xırmana. Gəlib çatanda əlində çomax olan bir keçəl bunların qabağını kəsib dedi:
– Padşahımız məhkəmə qurub getməy olmaz.
Padşah dedi:
– Get öz padşahınıza deyinən ki, bu vilayətin padşahı gəlib öz vəzir-vəkili, qoşunu ilə. Gəlsinnərmi?
Keçəl gedib tez qayıtdı.
Dedi:
– Padşahımız deyir gəlsinlər. İzindi.
Padşah öz adamları ilə xırmana daxil oldu. Gördü ki, bir keçəl oturub at kəlləsinin üstündə, bir keçəl sağında, biri solunda, qalanları da qulluğunda. Padşahın bundan çox xoşu gəldi. Dedi:
– Qırx gün mənim yerimə padşahlıx eləyərsənmi? İndi də gedib namazımı qılıb dincəlim.
Keçəl dedi:
– Bir şərtnən.
Padşah dedi:
– O nədi?
Keçəl dedi:
– Gözlərimi çıxart, sonra padşahlıx eləyim.
Bəli, keçəlin şərtinə əməl olundu. Onun gözlərini çıxardıb taxta oturtdular. Hər yerə elan olundu ki, padşahımız kor padişahdı.
Kor padşah başladı padşahlığa. Bağı olmayana bağ verdi, pulu olmayana qızıl pul verdi. Hamı dedi, bu nə yaxşı padşahdı. Gərək elə əvvəldən bu, padşahımız olaydı. Gəlib qırx gün keçdi. Qırx birinci gün padşah gəldi.
Dedi:
-Ver tacımı.
Keçəl dedi:
– Ver gözümü.
Padşah dedi:
– Daha sən korsan, mən gözünü necə verim?
Keçəl dedi:
– Onda sən də mənim atam. Bəs mən tacı necə verim? Hamı da məni kor padşah kimi tanıyır.
Bunnan sonra köhnə padşah daha bir söz demədi. Kor padşah vilayətdə padşahlıx eləməyə başladı.
Kor padşah öz padşahlığını eləməyində olsun, görək Məhəmmədin başına nə gəldi. Məhəmməd gəlib bu şəhərə çıxdı. Gördü ki, bir oğlan ehsan verir. Soruşdu, bu kimdi? Dedilər Əziz Sövdəgərin oğludu, atasına ehsan verir. Məhəmməd dedi:
– Əziz Sövdəgər mənim atamdı.
Oğlan dedi:
– Mənim atamdı.
Onlar kor padşahın yanına getdilər. Məhəmməd dedi:
– Əziz Sövdəgər mənim atamdı, bu da qolumda bazubəndi.
Vəzir-vəkil baxıb gördülər ki, doğrudan da, qolunda bazubənd var. Üstündə də yazılıb “Əziz Sövdəgər”. Kor padşah dedi:
– Əziz Sövdəgər nə vaxt ölüb?
Dedilər:
– Altı ay bundan qabax.
Dedi:
– Gedin lülə sümüyünü gətirin. Bu oğlanın da qolundan qan alın.
Padşahın əmrini yerinə yetirdilər. Sümüyü bir qaba qoyub, Məhəmməddən aldığı qanı da üstünə tökdülər. Bir-iki saat keçdi. Padşah dedi:
– Baxın qaba.
Baxıb gördülər ki, sümük qanı bütöv çəkib. Padşah dedi:
– Həqiqətən də, bu oğlan Əziz Sövdəgərin oğludu.
Bəli, Məhəmmədlə oğlan padşah sarayınnan çıxdılar.
Oğlan çox qəmgin idi. Məhəmməd öz-özünə fikirləşdi: “bu oğlan ki atama belə ürəknən ehsan verir, qoy bütün var-dövlət onun olsun”. Belə fikirləşərək dedi:
– Biz oldux qardaş. Mən Dərbənddə oluram. İndi qayıtmalıyam. Bu var-dövlət də hamısı sənindi.
Onlar görüşüb ayrıldılar.
Məhəmməd pay-piyada yola düzəldi. Bir xeyli getmişdi ki, bir qoca kişiyə rast gəldi. Qoca dedi:
– Oğlum, hara gedirsən?
Məhəmməd dedi:
– Dərbəndə.
Qoca dedi:
– Yolumuz birdi.
Onlar az getdilər, çox getdilər. Axşama yaxın bir kəndə gəlib çatdılar.
Qoca dedi:
– Oğlum, mən bu evə gedirəm, sən də bax get o evin qapısını döy.
Məhəmməd qoca dediyi qapını döydü. Onu evə çağırdılar. Evdə bir xəstə oğlan yatırdı. Ev yiyəsi sevindi ki, bəlkə, qonağın ayağı düşə, oğlum sağala. Bir xeyli söhbət etdilər. Hamı yatdı. Məhəmməd də xəstə oğlanla bir otaqda idi. Gecənin bir aləmi qoluçirməkli bir kişi içəri girib çıxdı. O saat da oğlan canını tapşırdı. Məhəmməd fikirləşdi ki, bu nə iş idi başıma gəldi. Səhər oldu, Məhəmməd yola çıxdı. Gördü ki, qoca onu gözləyir. Onlar yenə gəlib axşamüstü başqa bir kəndə çatdılar.
Qoca dedi:
– Oğlum, mən bu evə gedirəm, sən də get bax o evə.
Məhəmməd qocanın dediyi evə getdi. Birinci gecəki əhvalat burda da təkrar oldu. Məhəmməd öz-özünə dedi, görünür, ayağım ağırdı. Yenə qoca ilə yola düzəldi. Gəlib bir bulağın başına çatdı. Qoca dedi:
– Oğlum, burda biz ayrılmalıyıq. Yolumuz ayrıdır. Sənə bir sirri deyim, heç vaxt evlənmə, evlənən gecə öləcəksən.
Məhəmməd bir də baxdı ki, qoca qeybə çəkilib. Məhəmməd qəmgin oldu. Birtəhər gəlib evə çatdı. Anası, dost-aşnası şad oldu. Bir qədər keçdi. Anası dedi:
– Oğlum, gərək evlənəsən.
Bu sözləri eşidən kimi Məhəmmədin kefi pozuldu. Anası çox dedi. Məhəmməd az eşitdi. Axırdı dedi:
– Ana, filan məhəllədə kasıb bir kişi var, onun yeddi qızı var, o kişinin kiçik qızını mənə al.
Anası şad oldu. Məhəmməd öz-özünə fikirləşdi ki, onsuz da mən öləcəm. Qoy var-dövlətim bu kasıba qalsın. Anası elçi gedib, razılıq aldı. Toy günü gəlib çatdı. Məhəmməd oturmuşdu, sağdışı, soldışı də yanında. Birdən cır-cındır geyimli bir qoca qapıdan boylanıb deyir:
– Allah eşqinə.
Məhəmməd o saat qocanı içəri çağırıb, ona təzə paltar geyindirdi. Bir xeyli pul da cibinə qoydu. Bir məhəllə uşaqlarından da birini çağırıb, xeyli yemək-içmək verib dedi:
– Apar bu qocanı yola sal.
Qoca sevincək çıxıb getdi.
Gəlin də bir dəstə qızla oturmuşdu. Birdən qapı açıldı. Çarşava bürünmüş bir xatun başını içəri salıb dedi:
– Allah eşqinə.
Gəlin o saat onu içəri çağırdı. Təzə paltarlarını ona geyindirdi. Bir qazan da aş verib yola saldı. Xatun evə gəldi. Aş qazanını açdı. Aş qazanı ola, ac uşaqlar ola! Uşaxlar cumdu aş qazanının üstünə. Bunlar burda qalmaxda olsun, görək Məhəmmədin başına nə gəldi. Gecəyarı olmuşdu, ancaq Məhəmməd gəlinə yaxın getmirdi. Gecənin bir yarısı birdən divar aralandı. Yol yoldaşı peyda olub dedi:
– Məhəmməd, əlini gəlinə ver, qorxma, sənə ölüm yoxdur.
Sonra dedi:
– Ey heyvan, çıx get.
O saat bir qara ilan həmin yarıxdan düşüb yola çıxdı.
Məhəmmədnən yoxsul qızı xoşbəxt ömür sürüb gün keçirdilər. Nağıl burda tamam oldu. Siz gedin o yana, mən bu yana.
Dostları ilə paylaş: |