Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə166/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   162   163   164   165   166   167   168   169   ...   238
27. KASIB OĞLAN
Biri varıydı, biri yoxuydu, bir ana-bala varıydı. Ana-bala kasıblıxla birtəhər başlarını girriyirdilər*. Elə ki, oğlan boy-buxuna dolub həddi-buluğa çatdı, anası ona dedi:

– Oğul, daha əl-ayağın yer tutur, get padşahın qoyun-quzusuna çobannıx elə, bir parça çörəyimiz olsun.

Oğlan anasının dediyi kimi də elədi. Padşahın sürüsünü otarıb əvəzində gündə bir çörəh aldı. İndi eşit padşahın qızınnan. Padşahın qızı çöldə gəzəndə oğlanı görüb onnan xoşu gəlmişdi. Odu ku, xəlvətcə hər gün bir çörəh gətirib çobana verirdi. Ana-bala bu çörəyi yeyib şükrannıx eliyirdilər. Bir gün oğlan ha gözlədisə qız gəlib çıxmadı. Axşam tək bir çörəhlə evə qayıdıb qızın gəlmədiyini anasına söylədi. Anası əlini dizinə vurub yanıxlı-yanıxlı dedi:

– Eh, ay bala, şahın qızı yoxdu, qəfildən ölüb.

Oğlan hal-vəziyətdən agah olub gözlədi, gecə yarı olanda xəlvətcə durub getdi qəbirstannığa. Axtarıb qızın qəbrini tapdı, qəbri yarıb, qızın meyidini çıxarıb gətirdi evə. Ana-bala onu orta­lığa qoyub ağlamağa başladılar.

İndi xəbər tut ayrı bir xəbərdən. Deyir “yara sağalacax olsa, təbib qənşər gələr”. İndi də eyzən* elə oldu. Qız naxoşlayanda pad­şah uzax məmləkətdən loğman çağırmışdı, amma loğman gecikib vaxdında özünü yetirə bilməmişdi. Gəldiyi elə indi idi. Loğman şəhərə varid olub yolla gedirdi ki, birdən qulağına bir daxmadan ağlaşma səsi gəldi. Fikirrəşdi ki, bəlkə bir köməyim dəydi, qoy gedim görüm nə müsibətdi belə. Loğman şəhərə varid olub yolla gedirdi. Loğman yaxınnaşıb qapını asdadan tıkqıldatdı. Anaynan oğul gecənin yarısı qapının döyüldüyünnən bərk qorxuya düşdü. Dedilər yəqin padşahın adamlarıdı, işdən duyux düşüblər, indi gəlib ikimizi də öldürəcəhlər. Oğlan cəld qızı kilimə büküb taxtın altına soxdu. Sora ürəyi uçuna-uçuna gedib qapının cəfdəsini qaldırdı. Baxdı ki, qapıda ağ saçlı, ağ sakqallı nurani bir adam durub.

– Oğul, uzax yerdən gəlmiş qərib bir qocayam. Mümkün varsa, məni bu gecəliyə qonax saxla.

Oğlan bir az ürəklənən kimi oldu.

– Yerim var, gəl içəri, kasıb olsax da, ürəyimiz genişdi.

Loğman baxdı ki, bu bir yaxşı oğlandı, ürəyinnən keçirdi ki, müşkülü varsa, gərəh asan eləyim. Bir qurtum çay içib bir tikə çörəh kəsənnən sora loğman üz tutub oğlannan soruşdu:

– Oğul, mən sizin evin yanınnan keçəndə içəridən ağlaşma səsi gəlirdi. De görüm, nə müsibətiniz var. Mənnən çəkinmə. Mən müşkülləri asan eliyən loğmanam, de dərdini.

Oğlan bir az o yana baxdı, bir az bu yana baxdı, baxdı, öz-özünə dedi ki, ölməh ölməhdi, xırıldamax nə deməhdi, gəl aç dərdini de, bəlkə çarə qıldı. Oğlan əlini sinəsinə çarpazlayıb köks ötürdü:

– Ey loğman ata! Mənim başıma bir qəziyə gəlib. Eşit gör nə müsibətə düşmüşəm.

Beləcə əhvalatı necə mən sizə nəql eləmişdimsə həmən qay-daynan başdan hamısını loğmana danışdı. Loğman dedi:

– Oğul, tez ol qızın cəsədini gətir ortalığa.

Oğlan durub taxtın altında gizlətdiyi cəsədi gətirdi. Loğman dikqətnən qıza baxıb dedi:

– Padşah da elə məni bu qızdan ötəri çağırtdırıb. Gecikib vax­dında yetişə bilməmişəm. Amma bu qız ölməyib. Sətəlcəmnən quru­yub. Ona görə də ölüyə oxşuyur. İndi mən nə buyursam, sən əməl elə, tədbirini qılıb dirildəh. Belə elə, iri bir çən gətir, içini suynan doldur.

Oğlan çəni gətirdi, ana-bala isdi su düzəldib çəni doldurdular. Loğman qızı isdi suyla ovuşdurmağa başladı. Ovuşdurduxca da bildiyi dava-dərəmanı yerli-yerində məlhəmə döndərib qızın bədə­ni­nə sürtdü. Yarım saatmı deyim, bir saatmı deyim, qərəz nə qədər­sə vaxt ötdü, hannan-hana qız asqırıb durdu ayağa. Ana-bala, bir də qız loğmanın bu möcuzatına mat qalıb ona dil-ağız elədilər, əl-ayağınnan öpdülər.

Səhər açıldı, cəmi səhərlər üzünüzə xeyirriyə açılsın. Loğman daha padşahın sarayına getməyib üz qoydu öz məmləkətinə.

İndi eşit şah qızıynan ana-balanın bunnan belə başına gələn­nər­dən. Bunnar üçlühdə oturub fikirrəşdilər ki, neyləsinnər, neylə­mə­sinnər. Şah qızı dedi:

– Mənim dirilməyimin xəbərini hələ atama yetirməh olmaz. O saat ürəyi partdıyar.

Bəli, bunnar xəbəri bir kimsəyə yaymayıb genə də kasıbçılıx­la­rında oldular. Bir gün qonşularındakı sövdəgər oğlanı yanına çağırdı:

– Baxıram ki, çox halal adamsan, gəl mənə mal aparıb gətir­məh­də köməh elə. Muzdunu da halal isdəsən bir abbası, haram isdəsən bir tümən verərəm.

Oğlan bir abbasıyla razılaşdı. Bunnar yük götürüp başqa bir şəhərə yollandılar. Oğlan mənzil başında muzdunu alıb fikirə get­mişdi ki, sövdəgər soruşdu:

– Oğul, nə xəyala getmisən?

Oğlan dedi:

– Fikirrəşirəm ki, bu abbasıyla nə alım ki, Allaha xoş getsin.

Sövdəgər ona bir yol salğadı*:

– Bax, bu yolnan gedərsən. Gedib bir qoca kişiyə rast gələcəhsən. Görəcəhsən ki, qabağına üç nar qoyub satır. Üçünü bir abbasıya verəcəh. Alıb gələrsən.

Oğlan sövdəgər deyən kimi elədi, narlar əlində qayıdıb gəldi. İsdədi narın birini kəssin ki, yeyələr, sövdəgər dedi:

– Saxla, evə qayıdanda kəsib nənənlə yeyərsən.

Qərəz, sövdəgər alış-veriş eləyib oğlanla geri qayıtdı. Oğlan narları da, pulu da gətirib anasının qabağına qoydu. Dedi:

– Ana, bu pulu xərclik eləyib dolanın, narları da kəsib qıznan yeyin.

Belə deyib genə sövdəgərlə səfərə yollandı. Bu getməyində olsun, eşit evdəkilərdən. Elə ki, oğlan anasıyla vidalaşdı getdi, qız narın birini kəsdi, baxıb gördülər, bay-bay, narın içi tamam ləl-cəva­hir məkanıdı! Tez ləl-cəvahiri yığıb gizlətdilər ki, neyləsinnər. Axırda bu qərara gəldilər ki, ev tikdirsinnər. Usda çağırıb ev binəsi qoy­durdular. Ev də nə ev, yar-yaraşıx, cah-cəlalı şahlara yaraşan ev.

Bunnar burda mülk tikməhdə olsunnar, indi kimdən xəbər verəh, oğlannan. Oğlan bu dəfə də sövdəgərlə oturub fikirrəşməyə başladı ki, bir abbasıya nə alsın, nə almasın? Sövdəgər məsləhət elədi ki:

– Bax, bu yolnan get, üçüncü döngəyə çatanda görəcəhsən ki, bir qoca kişi üç pişih satır. Həmən pişihləri alıb geri qayıt.

Oğlan isdədi deyə ki, a kişi, mən bir parça çörəyə möhtac adamam, pişiyi-zadı neynirəm. Amma bir söz deməyib bu dəfə də sövdəgər deyəni elədi. Alış-verişi qurtarıb təzədən üz qoydular geriyə. Yolda sövdəgər dedi:

– Gəlsənə, bir dayanıb dincimizi alax. Bu yaxınnıxda mənim bir dosdum var, gedəh onun mülkünə.

Yollandılar sövdəgər deyən yerə. Dosdu sövdəgəri xoş-beşlə qarşıladı. Yeyib-işməh məclisi quruldu. Bunnar süfrə başında əylə­şən­də baxdılar ki, dörd yanlarında əli ağaclı çoban adamlar düzü­lüb. Sövdəgər təəccüblə soruşdu:

– Bu nə işdi belə?

Dosdu dedi:

– Əşi, siçannarın əlinnən göz aça bilmirih. İmkan tapsalar süfrədə nə var hamısını talan eliyəllər. Əli ağaclı oğlannar onnarı qovmax üçün düzülüflər.

Sövdəgər güldü:

– Dərd təki siçan dərdi olsun. Ona əncam eləməh mənim əlimdə.

Belə deyib oğlana işarə elədi ki, get zəmbildəki pişihləri gətir. Oğlan gətirib pişihləri buraxdı. Bir göz qırpımında pişihlər siçan­narın axırına çatdı. Ev yiyəsi sevincəh dilləndi:

– Bunun müqabilində mən də sizə bir dəvə yükü qızıl peşkəş eliyirəm.

Bəli, gecəni qalıb sübh tezdən oğlannan sövdəgər öz məmlə­kət­lərinə yola düşdülər. Mənzil başında sövdəgər qızıl yüklü dəvəni oğlana bağışdadı. Oğlan gəlib evlərinə çatanda baxdı ki, uçux-sö­kük daxmaları yoxdu. Onun yerində bir imarət ucaldıblar ki, deyər­sən şah sarayıdı. Elə bildi yolu çaşıb, isdədi geri qayıtsın. Anasıy­nan şah qızı akuşkadan əl eləyib onu çağırdılar. Oğlan gəlib məsə­ləni örgəndi. Bir dəvə yükü qızılı da yerbəyer elədi. Başladılar kef-damax içində yaşamağa. Oğlanın anası molla çağırıp qızla oğlunun kəbinini kəsdirdi. Şad-xürrəm ömür sürüllər.

Beş-altı ildən sora bunnarın bir bölüh çolma-cocuğu oldu. Bir gün qız dedi:

– Gəl atamı qonax çağırax.

Bəli, şah, başında da əyan-əşrəfi oğlangilə qonax gəldi. Uşax­ları görən kimi şahın onnara qanı qaynadı. Başdadı onnarı öpüb-oxşamağa. Oğlan açıb əhvalatı şaha danışdı. Şah baxdı ki, qızının evinə qonax gəlib, çox xoşhal oldu. Öz qızını çağırıb bağrına basdı. Şah da qırx gün, qırx gecə toy vurdurdu. Mən də həmin toydaydım. Yedim, işdim, yolla geri qayıdanda bir də baxdım ki, budu ha, göydən üç alma gəlir. Almanın biri mənim, biri özümün, biri də nağıl danışanın. Siz sağ, mən salamat.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin