29. TOYUQ NİYƏ UÇA BİLMİR?
Qədim zamannarda indiki toyux dediyimiz ev quşu o biri quşdar kimiydi. Yəni o biri quşdar təki qanatdarı uzun idi. Göyün yeddinci qatına uça bilirdi, qışda isdi ölkələrə uçar, yayda isə yenidən öz yurd-yuvalarına gələrdilər. Bu minvalla illər keçərdi.
Günnərin bir günüydü. Yayın ömrü qurtarmışdı, üzü payızaydı. Hamı qışa tədarük görürdü. Quşdar da dəsdə-dəsdə isdi ölkələrə uçurdular. Toyux da başqa quşdar təki irazılaşıb isdi diyara uçmağı qərara almışdı. Nə isə... Bunnar uçmazdan qabax bir yerə yığışıb dərtdəşillər. Ordan-burdan danışa-danışa söhbət dolanır gəlir savahkı səfərrərinin üsdünə. Durna deyir:
– Hə, dosdar, sabah Allah qoysa, uçurux isdi diyarrara.
Başqa quşdar durnanın dediyini təsdiqləsə də, toyux cırnadı:
– O nə deməkdi? Allah qoysa da uçacağıx, qoymasa da!
Elə bu an hava tutulub açıldı, qızarıb-bozardı. Quşdar baxıb görüllər ki, çəpərin başına qonmuş toyuğun qanatdarı gödəlif. Toyux da quşdarın ona məətdəl-məətdəl baxdığını gorup özünə baxdı. Qanatdarının xeyli gödəldiyini görüp əsəbləşdi. Tezcə bu qanatdarnan nətər uçacağını sınaxdan keçirtmək üçün çəpərin başındaca qanatdarını çalmağa başlayır. Nə illah eliyirsə, çəpərin başınnan hündürə uça bilmir ki, bilmir. Elə ordanca yerə çırpılır.
Sən demə, toyuğun lovğalığı, dediyi sözdər Allaha xoş getmiyif və onu bu cür cəzalandırıp. Elə o zamannan da toyux nəinki diyar-diyar uça bilir, heç çəpərdən hündürə belə uça bilmir.
Bu hal-qəziyyə toyuxlara çox təsir eliyir. Onnan da bu ağılsız toyuğun səhvini düzəltmək və bir daha belə imtahannara çəkilməmək, cəzalandırılmamaq üçün, hər qurtum su içəndə başdarını tanrıya tutub irazılıx eliyillər.
Dostları ilə paylaş: |