81. SEYİD MƏMMƏD AĞA
Seyid Əhməd ağanın oğlu Seyid Məmməd ağa rəhmətə gedəndə bir dənə ağ göyərçin kişinin ağzınnan nəfəs çıxanda daxil oluf evə, qonuf karnizin başına. Yeddi gün karnizin başında o da millət kimi yas tutuf. Yeddi günnən sora təziyə çəkiləndə o da uçuf, qapıdan çıxıf gedif. Qırxı günü yenə gəlif. Həmən karnizin üsdündə orda duruf millətnən, məclisi yola salıf ordan çıxıf. Bular hamısı göz qavağında olan şeydi. Özü də bu iki-üç ilin söhbətidi. Hamı da dedi ki, dəymiyin. Bu möcüzələr görünüf.
82. SEYİD ƏZİZƏ AĞA
I mətn
Bu kənddə, indi rəhmətə gedibdi, Qədim Oğlayev varıydı. O, danışırdı kı, öküz arabası işlədirdim, öküz arabası batdı. Deyir, o vaxtı traxtor yox idi, bircə dənə kəntdə universal varıydı. Deyir, getdim bu universalın sahibinə dedim ki, mənim arabam batıbdı, gəl bunu çıxart. Araba deyir, nətəər batıbsa, universal bunu nə qədər çəhdi, deyir, gördüm arabanı qırıxlıyır. Hə, bu universal çəkənə dedim:
– Ə, saxla, ə, saxla, arabanı qırıxlıyajax.
Deyir, universalçı çıxdı getdi. Deyir, bir də baxdım ki, Seyid Əzizə ağa yun əyirə-əyirə, ip əyirə-əyirə, quzu qavağında gəlir. Deyir, gəldi çatdı. Dedi:
– Dədə, balama qurban, – həmişə də helə deyərmiş, – nə olubdu, niyə araban burda qalıb?
Dedim:
– Ağa, arabam batıbdı, nə qədər də universalnan çəkdik, çıxmadı.
Deyir, dedi ki, balama qurban, mən əlimi tutajam arabanın cağınnan, “Allah, Məhəmməd, ya Əli” deyəjəm, amma sən öküzü vurma, “xo” denən. Ölən günə qədər danışardı ki, göydə Allah, yerdə Seyid Əzizə ağaya inanmışam. Deyir, əlini tutdu arabanın cağınnan, dedi:
– Allah, Məhəmməd, ya Əli, bala, “xo” denən.
Deyir, o, universal çıxarda bilmiyən arabanı çıxardı qoydu qırağa.
II mətn
Bir Cavanşir var imiş. O deyirmiş ki, mən Seyid Əzizə ağaya o qədər inanmışdım ki, onun kəraməti, onun səxavətləri, onun böyüklüyü, onun gözütoxluğu... Heç kəsə əl açmazdı, heç kəsdən heç nə istəməzdi. Deyir o qədər onun kəramətlərini görmüşdüm, qapı-qapı gəzib nəzir-niyaz yığan seytdərnən qarşılaşanda deyirdim ki, bizim seyidimiz var, biz, nəzirimizi aparıb onun evində veririk. Deyir ki, fermada işləyəndə, südü aparıb zavoda təhvil verirdik. Bir gün Seyid İvrahım ağa dedi ki, Cavanşir, nənəm yaman naxoşduyub.
Dedim:
– Hardadı?
Dedi:
– Bərdədə xəstəxanada yatır.
Hə, dedim ki, ağa, onda südü verək, ordan da gedək nənəni ziyarət eliyək. Hə, deyir, getdik, südü verdik, süd zavodunda yaxşı pendir olurmuş o vaxtı. Deyir, ordan pendir götdük, isti çörəh aldığ pekarnıdan, bazardan da mer-meyvə aldım, getdik ağanın yanına. Getdik, görüşdük. Dedi:
– Balama qurban olum, Cavanşir, mənim vaxtım çatıbdı, mənim ölməyimə az qalıbdı.
Özü də aşura yaxınnaşırmış. Deyib ki, mən aşura günü öləjəm, ama İrvahım məni xəstəxanadan çıxarmır, burda öləjəm. Məni çıxardın aparın, evdə ölüm.
Hə, deyir ki, hardasa iki gün, üş gün çəkdi, ağanı çıxardılar gətirdilər, nənəm aşura günü rəhmətə getdi.
III mətn
Bax, bir Arif var, deyir, balaca uşağıdım. Nənəm maa dedi ki, gedək Seyid Əzizə ağagilə. Seyid Əzizə ağa onda yer damında olurdu. Evin yanında deyir, baxdım ki, bir incil ağacı var. Deyir, nənəm mənim əlimnən tutub incil ağacının divinə keçəndə, baxdım ki, incilin divində ikimi, üçmü ilan yatıf. Deyir, mən belə qorxuf çəkiləndə ağa qayıtdı ki, bala, qorxma, ollar adam çalmazlar. Nənəm də qayıtdı ki, Allah nələt eləsin, hardasa ziyannığ eliyiflər, ona görə gəlib burda yatıblar.
Gejə oğru gəlifdi ki, kişinin atını aparsın. Gəlib toluya giribdi ki, atın buxoyunun üstündə ilanın yarısı bu üzdədi, ilanın yarısı o üzdədi, ordan qayıdıf gedifdi.
Deyir ki, Seyid Əzizə ağa o vaxtı qışda bura gələrdi, yayda gedərdilər Laçına. Hə, deyir ağa burda yoxuydu. Gəlillər ki, nənəmin də bağını qıralar, hələ gəlməmiş imişlər bura. Gəlif qapıdan baxıllar, ki, qapı helə ilandı. Elə ordan da qayıdıb gediblər, heç tay bağını qırmıyıblar.
Dostları ilə paylaş: |