Kitabın ən ümdə cəhətlərindən biri də tədqiqat boyu müxtəlif mədəni faktların izahında məna axtarışının üstünlük təşkil etməsidir. Maraqlıdır ki, alim süjeti sadəcə təsvirlərlə izləmir, oxucuya yönəltdiyi interaktiv suallarla onu da müəyyən bir məna axtarışına cəlb edir. Bu isə, heç şübhəsiz, Seyfəddin Rzasoy xocamızın uzun illər boyu formalaşmış pedaqoji təcrübəsindən qaynaqlanır. Ümumiyyətlə, S.Rzasoyun tədqiqatları üçün ən prioritet məqam məna axtarışıdır. Burada ən mühüm cəhətlərdən biri də müəllifin daima mətnə baxış bucaqlarını, müşahidə nöqtələrini dəyişməsidir. Bu isə müəllifin mədəni faktları çoxmənalı vahidlər olaraq dərk etməsindən irəli gəlir.
Tədqiqat haqqında geniş təhlillərdən sonra müəlliflə bağlı kiçik bir haşiyə çıxmaq, az da olsa, lirik notlara köklənmək istərdik. Bakı Dövlət Universitetinin II kurs tələbəsi kimi görüşdüyümüz ilk gündən etibarən yaratdığı elm kultunun cazibəsi ilə bizə “Mifologiya” elminin (və şöbəsinin) “yolunu göstərən” Seyfəddin Rzasoy heç vaxt elmi müzakirə və söhbətlərdə özünün yaş fərqini, alim statusunu, inzibati rəhbərliyi (o bizim şöbə müdirimizdir!) ortaya qoymamış, bərabərhüquqlu elmi subyekt kimi (bəzən gənclik maksimalizminə qapılmağımıza baxmayaraq) bizim fikirlərimizə hörmətlə yanaşımışdır. Elmi söhbətlərdə daima demokratik münasibət sərgiləyən Seyfəddin müəllimin bu davranışı çoxsaylı gənclərin elmə dəvət olunmasına, onlar arasında elmə ciddi maraq və həvəsin yaranmasına səbəb olmuşdur. Əslində, müəllifin bu kitab haqqında bizə söz demək haqqını verməsi də onun bu xarakterindən qaynaqlanır.
Sonda ürəyi yazmaq, yaratmaq eşqi ilə döyünən və ətrafındakıları da ruhən və qəlbən bu istiqamətə kökləyən Seyfəddin müəllimə can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Dostları ilə paylaş: |