Kosmoloji semantika: Ana oğlunun ətindən yeyəcək və Qazanın namusunu sındırmayacaq. Bu, kosmosyaradıcı dəyərdir. Burla xatun bunu edərsə, Qazanın Oğuz kosmosunun simvollaşdıran namusunu qorumuş olur”.
Alimin müəyyən etdiyi bu səviyyələr faktların mifopoetik semantikasının aydınlaşdırılması baxımından açar rolunu oynayır. O, müəyyənləşdirdiyi qarşıdurma kontekstində fikirlərini davam etdirərək göstərir ki, “Burla xatun Uruzun ətindən yeyəcəksə, yəni Uruz öləcəksə, bu halda Qazanın namusu qorunacaq. Bu da öz növbəsində Qazana, yenidən taxta çıxaraq öz kosmik statusunu bərpa etmək imkanı verəcəkdir. O, Uruzun ətindən yeməyəcəksə, bu zaman düşmənlər onu müəyyənləşdirib döşəyə çəkəcəklər ki, bununla da Qazanın namusu sınacaq, başqa sözlə, Qazan öz əvvəlki statuslarını bərpa edə bilməyib, kosmoloji dəyərlər baxımından ölü statusunda qalacaqdır”.
S.Rzasoy bu informasiyanın alt layında ata-oğul qarşıdurmasının mövcud olduğunu da müəyyənləşdirir və Ata-Oğul paradiqmasının “Həyat-Ölüm invariantı” əsasında aktuallaşdığını göstərir: “Atanın həyatı oğulun ölümündən, Oğulun həyatı atanın ölümündən keçir. Qazanın dirilməsi, Oğuz kosmosunun bərpası mütləq şəkildə Uruzun ölümünü tələb edir. Beləliklə, Oğuz kosmosunun bərpasının ritual sxeminə görə, Uruz qurban verilməlidir”.
Qeyd edək ki, “KDQ” boylarından birinin “Qazanın öz oğlunu xilas etməsi”, digər birinin də “Uruzun Qazanı xilas etməsi” əsasında qurulduğunu nəzərə alsaq, o zaman bu fikrin təsdiqlənməsinin şahidi olarıq. Eyni zamanda eposun digər bir boyunda “Dirsə xan oğlu Buğac” boyunda Dirsə xanla Buğac arasında gedən mübarizə bütün hallarda onlardan birinin ölü, digərinin diri olmasını tələb edir. Statusların yenidən təsdiq olunması vaxtı gələndə hər dəfə onlardan biri ölü, digər biri isə diri statusunda olur ki, bu da bizim fikrimizcə, müəllifin müəyyənləşdirdiyi “Həyat-Ölüm invariantı”ndan qaynaqlanır.
Dostları ilə paylaş: |