Bu əsər müəllifin yaradıcılığında yeni mərhələnin başlanğıcından soraq verir. Və bu mərhələnin ən səciyyəvi xüsusiyyəti Seyfəddin Rzasoyun istisnasız olaraq mətnin məntiqinə köklənməsi və həmin məntiqin strukturunu öz tədqiqatının və metodunun məntiqinə çevirməsində ifadə olunur. Beləliklə, bədii mətndə əks olunan epik-mifoloji dünya modelinin strukturu Seyfəddin Rzasoyun kitabının strukturunda da inikas olunmaqla tədqiqatı bədii mətnin intellektual proyeksiyasına çevirir. Başqa sözlə desək, S.Rzasoyun tədqiqatı epoxal zaman keçidinin baş verməsi və düşüncə tərzindəki dəyişikliklərlə əlaqədar olaraq anlaşılmaz olan mətnin metaforik-simvolik mahiyyətini, emosional məntiqini elmi metaforalarla yenidən canlandırır və bu da bizim şüurumuzun bugünkü məntiqi ilə qavranıla bilməyən arxaik mədəniyyətin deşifrə olunmasına, daha dərindən dərk olunmasına imkan yaradır. Bu mənada “mediativ dialoqu” tədqiqatının əsas predmetinə çevirən bu əsəri bütövlükdə oxucu ilə “intellektual-mediativ dialoq”, müəllifi isə arxaik mahiyyətli emosional mühitlə müasir intellektual mühit arasında “mediator” adlandırmaq olar. Bütün hallarda müəllifin potensiyası semantikası faktoloji bazasından dəfələrlə böyük olan arxaik mədəniyyəti sistem halında dərk etməyin modelini təqdim edir.
Şübhə etmirik ki, S.Rzasoyun bu monoqrafik tədqiqatdakı elmi təhkiyəsi Azərbaycan folklorşünaslığında yeni üslub və araşdırma modeli kimi özünə yer tutacaqdır.