Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə22/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   19   20   21   22   23   24   25   26   27

Ədəbiyyat:

  1. Dilçin C. Fuzuli’nin şiiri üzerine incelemeler. - İstanbul, 2007

  2. Kişvəri. Türk divanı. - Bakı, 2010.

  3. Kutlar F. S. Klasik Türk edebiyatında çâr-ender-çâr ve Kara Fazlı’nin kasidesi”.Türkbilig, 2009/17 : 92-115

  4. Ширвани Б. Диван. - Москва, 1985

  5. کلیات قاسم انوار. تهران ناصر خسرو 1437

Konul Hajiyeva
CHAR DAR CHAR” (“FOUR WİTHİN FOUR”) İN THEAZERBAİJANİ LİTERATURE OF THE 15TH CENTURY

Summary

The article deals with the poem of form named “Char dar char” (“Char within char”). Here also noted that this form is used in the creative works of Kishvari, Shah Kasim Anvar and Badr Shirvani. In the article is given the patterns from the poems, they are analyzed, and investigated.


ORXAN USUBALİYEV

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

doktorant

usubaliev.orxan@mail.ru


AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA MƏDƏNİYYƏTİ XƏZİNƏSİNDƏ

Azərbaycan xalqının tarixində əlyazma mənbələrinin ədəbi-ictimai və mədəni rolu olduqca böyükdür. Tarixən Azərbaycan əlyazmaları çoxcəhətli xarakter daşımışdır. Azərbaycan əlyazmaları xalqımızın ən qiymətli incilərindən olub, əsrlərin keşməkeşli yollarından keçərək bu günki dövrümüzədək gəlib çatmışdır. Azərbaycan əlyazmaları xalqımızın irsi, ulu babalarımızın şərəfli keçmişi haqqında dəyərli məlumat verən zəngin mənbələrdir. Azərbaycan əlyazmalarında nəinki Azərbaycan, həmçinin Yaxın və Orta Şərqin tarixi, mədəniyyəti, elmi, ədəbiyyatı və incəsənəti haqqında mühüm-əhəmiyyətli məlumatlar yer almışdır. Azərbaycan əlyazma nümunələri içərisində yüzlərlə toplu kitab, şəhadətnamə, vəqfnamə, vəsiyyətnamə, risalə, şəcərə, münşəat, tərəssüm, məktub, fərman kimi zəruri və dəyərli sənədlər mövcuddur. Bu əlyazma nümunələri aid olduğu dövrün müxtəlif münasibətlərini öyrənir, xalqımızın tarixini işıqlandırır.

Bildiyimiz kimi, əlyazma mənbə və nümunələri bir sıra sənət ustalarının- katiblərin, xəttatların, cildçilərin, nəqqaşların, müzəhhiblərin, miniatürçü rəssamların, mücəllidlərin, kağız istehsal edən sahhafların birgə fəaliyyətinin məhsuludur. Müxtəlif peşə sahiblərinin məşğul olduğu bu birgə əmək fəaliyyətində mövcud olan qarşılıqlı əlaqələr, ardıcıllıq, üslub bütövlüyü əlyazma nümunələrinin və mənbələrinin bədii kamilliyini xeyli artırmışdır (8, 67).

Məlumdur ki, Azərbaycan əlyazmaları yüzilliklər boyunca müxtəlif xətt növləri ilə yazılmışdır. Danılmaz faktdır ki, Azərbaycan ustadları və sənətkarları bütün Yaxın və Orta Şərqdə məşhur olan xəttatlıq məktəbinin əsasını qoymuş, gözəl bədii kalliqrafiya nümunələri ilə yeni-yeni xətt növləri yaratmışlar. Bunlara İbn Müqlə (X əsr, Bağdad), İbn Bəvvam (XI əsr), Yaqut Mustasimi (XIII əsr), Mir Əli Təbrizi (XIV əsr), Sultan Əli Məşədi (XV əsr), Mir Əli Hərəvi, Şah Mahmud Nişapuri, Əhməd Əli Hüseyni (XVI əsr) və başqalarını misal çəkmək mümkündür (4, 69). Xəttatlıq, xoşnəvislik mühüm-əhəmiyyətli sənət növlərindən biri kimi məşhurlaşmaqla bərabər, milli kitab sənətinin inkişafında və təşəkkül etməsində vacib rola malik olmuşdur (9).

Ümumiyyətlə, Orta əsr Azərbaycan ədibləri xəttatlıq sənətinə böyük önəm vermişlər. Bunlardan dahi şəxsiyyət, tanınmış söz ustadımız Məhəmməd Füzuli xəttatlıq, kitab sənəti ilə bağlı dəyərli və maraqlı fikirlər söyləmişdir. Ədibin əsərlərinin birində söylənmiş bu fikirlərdən birinə nəzər yetirək. Məsələn:
Qələm olsun əli ol katibi-bəd təhririn,

Ki, fəsadi-rəqəmi surumuzu şur eylər,

Gah bir hərf süqutilə qılar Nadiri nar,

Gah bir nöqtə qüsurilə gözü kor eylər.


Dahi ədibimiz bu fikirlərlə demək istəyir ki, əsl sənət əsəri gözəl, bitkin, bədii tərtibata malik olmalıdır. Əsər gözəl, aydın, oxunaqlı yazılmalı, fikirlər bitkin, dolğun və anlaşıqlı olmalıdır (2, 45).

Azərbaycan əlyazmalarının təxminən minillik tarixi mövcuddur. Bu tarix dönəmində Azərbaycan əlyazma nümunələri və mənbələrinin qədim nüsxələri Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Şimali Azərbaycanın Naxçıvan, Ordubad, Şamaxı, Gəncə şəhərlərində yüksək bədii dəstixətlə tərtib edilmişdir. Ümumiyyətlə, Azərbaycan əlyazmalarının yaranmasında və yayılmasında xəttatlarımızın rolu olduqca böyük olmuşdur. Azərbaycan əlyazmalarının tərtibatı və yazılması XIII-XIV əsrlərdən yüksək səviyyədə inkişaf etməyə başlamışdır. Azərbaycan əlyazmalarının mövzusu və məzmunu çox müxtəlif olmuş, ayrı-ayrı elm və bilik sahələrini əhatə etmişdir. Orta əsr Azərbaycan əlyazma mənbələrinin parlaq səhifələri, uğurları ən çox bədii kitablara aiddir. Azərbaycan əlyazma kitabları Şərq ölkələrinin zəngin kitab mədəniyyəti ilə qarşılıqlı şəkildə, sıx əlaqələr kontekstində inkişaf etmiş və formalaşmışdır. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, məhz Azərbaycan əlyazmalarının zənginləşməsində, qorunub saxlanılmasında, hərtərəfli şəkildə inkişaf etməsində ölkəmizin o zamanki məktəb və mədrəsələrinin xidməti olduqca böyük olmuşdur (1, 173).

Tarixən hazırlanmış gözəl tərtibata malik olan Azərbaycan əlyazmaları dünya mədəniyyəti xəzinəsində xüsusi yer tutur. Məhz Azərbaycan əlyazmaları dünya mədəniyyətində nadir incilərdən sayılır. Belə ki, Azərbaycan əlyazma nümunələri və mənbələrinin dəyərli nüsxələri və topluları dünya ölkələrinin müxtəlif şəhərlərinin muzey və kitabxanalarında saxlanılır. Məsələn, Nyu-Yorkda, Sankt-Peterburqda, İstanbulda, Londonda, Parisdə, Vatikanda, Qahirədə, Drezdendə və bu kimi şəhərlərin muzey və kitabxanalarında olan qiymətli əlyazmalarımızı buna missal göstərmək olar (5, 3).

Azərbaycan tarixçilərinin, şairlərinin, filosoflarının, səyyahlarının əsərləri ilə zənginləşən, formalaşaraq inkişaf edən Azərbaycan əlyazmaları xəttatların, nəqqaşların, mücəllidlərin gərgin əmək fəaliyyətinin nəticəsi kimi meydana çıxaraq daha çox yayılmışdır.

Mahir xəttat gəncəli Fəzlullah ibn Məhəmməd ibn Ömər tərəfindən Gəncə şəhərində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin 1239-cu ildə üzü köçürülmüş nüsxəsi qədim Azərbaycan əlyazma mənbələrindən biridir. Bu əlyazma kitabı XVIII əsrdə Londonda yaradılmış “İndia Ofiss” kitabxanasında saxlanılır. XIV əsrdə Təbriz və Herat şəhərlərində yüzdən çox xəttat-rəssam çalışırdı. Cəfər Təbrizinin şagirdlərindən biri olan Zahirəddin Əzhər təhsilini Təbriz şəhərində almış, Xorasanda, Heratda, Səmərqənd şəhərlərində işləmiş “Sultan əl-Xəttatın” (“Xəttatların sultanı”) adına layiq görülmüşdür. Ustadın köçürdüyü əlyazma mənbələri gözəl kitab sənəti əsəri kimi Orta Asiya, Türkiyə, İran və s. ölkələrin milli kitabxanalarında mühafizə edilir (6, 5).

XIV-XVII əsrlərdə yaşayıb, yaratmış xəttat və rəssamların- Mirəli Təbrizi, Əli bəy Təbrizi, Mahmud Bağır Ordubadi, Mir Abdulla bəy Danişmənd, Əli Rza Təbrizi, Nizaməddin Ərdəbili, Mir Müsəvvir, Mir Zeynalabdin Təbrizi, Mövlana Müzəffər Əli, Sultan Məhəmməd, Mövlana Məhəmməd Həsən Təbrizi, Əbdülbaqi Kitabnəfs və bu kimilərin tərtib etdikləri əlyazma nümunələri dünya ölkələrinin qədim, məşhur, zəngin muzey və kitabxanalarında saxlanılır, qorunur. Nizami Gəncəvinin “Xəmsə” (1328), (1362-1368), (1539-1543), (1636), “İsgəndərnamə” (1418), Məhəmməd Füzulinin “Divan” ı (1571), (1628) və s. əlyazma kitabları öz gözəl bədii tərtibatı ilə və qədimliyi ilə xüsusən diqqəti cəlb edir. Dünya ölkələrinin qədim, zəngin və məşhur kitabxanalarında, əlyazma institutlarında dahib Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin 900-ə qədəri, o cümlədən Məhəmməd Füzulinin əsərlərinin 900-ə qədər əlyazma nüsxəsi, Nəsirəddin Tusinin əsərlərinin isə yüzlərlə əlyazma nüsxələri qorunur və saxlanılır (7).

1539-1543-cü illərdə Təbriz şəhərində Şah Təhmasib üçün xüsusən hazırlanmış Nizami Gəncəvi “Xəmsə” sinin əlyazması London şəhərində Britaniya muzeyində saxlanılır. Bu əlyazma orta əsr Azərbaycan kitab sənətinin şah əsəri sayılır. Bu əlyazmanın illüstrasiya və miniatürləri, ümumiyyətlə, bədii tərtibatı Sultan Məhəmməd tərəfindən verilmişdir. Bu cür əlyazma kitablarının böyük, gərgin əmək fəaliyyəti hesabına başa gəlməsi və gözəl bədii tərtibatı onların geniş yayılmasına təsir göstərən amillərdən biridir. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin əsərlərinin əlyazmaları içərisində 10-15 il müddətinə köçürülənlərə tez-tez təsadüf edilir. Məsələn, Azərbaycan xəttatları və rəssamlarının Şah Təhmasib üçün xüsusi hazırladıqları “Şahnamə” əlyazması ABŞ-da Nyu-York şəhərində Metropoliten muzeyində saxlanılır. Mahmud Şəbüstərinin “Gülşane-raz” əsərinin 1501-ci ildə üzü köçürülmüş əlyazma nüsxəsi Rusiyanın Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şəhər filialı kitabxanasında mühafizə edilir. Xətib Təbrizinin, Əbülhəsən Bəhmənyarın, Nəsirəddin Tusinin, Seyid Yəhya Bakuvinin və bu kimi başqalarının da əlyazmaları öz qədimliyi və məşhurluğu ilə fərqlənir (8).

XVII əsrdə yaşayıb yaratmış görkəmli ustadımız Murtuzqulu xan ibn Həsən xan Şamlu dünyaca məşhur olan “Şikəstə” xəttini yaratmışdır. Miniatür sənətinin kitabçılıq işində geniş yer tutmasında Azərbaycan rəssamlarının mühüm-əhəmiyyətli xidməti olmuşdur. Əbülqasim Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “Xəmsə”, Məhəmməd Füzulinin “Divan” ının kitab sənətinin beşiyi olan Təbriz şəhərində hazırlanmış əlyazmaları xüsusən diqqətəlayiqdir. XV-XVI əsrlərdə Təbriz şəhərinin “Həşt-behişt” saray emalatxanasında Sultan Məhəmməd, Mirzə Əli, Mir Seyid Əli, Mir Müsəvvir, Müzəffərli Məhəmmədi kimi dahi xəttatlarımızın, nəqqaşlarımızın, müzəhhiblərimizin birgə fəaliyyəti nəticəsində yaranmış Əbülqasim Firdovsi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Əlişir Nəvai və bu kimi klassiklərin nəfis əlyazmalarına rəssamların çəkdikləri illüstrasiyalar, miniatürlər, Azərbaycan kitab sənətinin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir. Kitab sənəti baxımından Sultan Məhəmmədin bəlli olan ən məşhur ədəbi-bədii nümunələri, əsərləri 1537-ci il tarixli “Şahnamə” də Hafizin “Divan” ında və 1539-1543-cü illərdə Şah Təhmasib üçün xüsusən hazırlanmış Nizami Gəncəvinin “Xəmsə” sinin məşhur əlyazmalarında verilmişdir. London şəhərindəki Britaniya muzeyində saxlanılan Nizami Gəncəvinin “Xəmsə” sinin yazılışı, bədii tərtibatı və miniatürləri yüksək bədii keyfiyyətinə görə təkcə ölkəmizdə yox, ümumiyyətlə, Orta Şərq kitab mədəniyyətinin şah əsəri hesab olunur. Bu nəfis tərtibatlı kitabı Sultan Məhəmməd və onun tələbələri Mirzə Əli, Mir Seyid Əli, Mir Müsəvvir, Müzəffərli Məhəmmədi illüstrasiya etmişlər. Məşhur rəssamımız naturalist və təzkirəçi Sadıq bəy Əfşar (Kitabdar) (1534-1612) nəqqaşlar içərisində dünya şöhrətli möcüzə yaradan, məşhur xəttat, rəssam və şair kimi tanınmışdır. Sadıq bəy Əfşarın “Qanun-üs-süvər” (“Təsvirlər qanunu”) əsəri Azərbaycan əlyazma kitab sənətinin nəzəri və təcrübi məsələləri baxımından olduqca əhəmiyyətlidir. (3, 146)

Bütün bu adları sadalanan və dünya ölkələrinin müxtəlif muzey və kitabxanalrında saxlanılan, mühafizə edilən Azərbaycan əlyazmaları dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutmaqla bərabər, gələcək nəsillərin dolğun biliklərlə təmin olunmasında, gənc nəslin tərbiyəsində, öz vətənində layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında böyük töhfə olacaqdır.
Ədəbiyyat:


  1. Zəkiyev İ. Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər). – Bakı : “Azərbaycan Ensiklopediyası” NPB, 2000. - 388 s.

  2. Allahverdiyev B. V. Kitabşünaslığın əsasları. – Bak ı: Uni Print, 2011. - 446 s.

  3. Şərifli K. Azərbaycan əlyazma kitabı və kitabxanaları. – Bakı : Nurlan, 2009. - 190 s.

  4. Əlyazmaları fonduna qiymətli töhfə // Kitablar aləmində jurnalı - Bakı, 1977. - № 3-4 .- S. 69.

  5. Əlyazmalar xəzinəsində (əsərlər).- Bakı : Elm, 1972.C.3. - 150 s.

  6. Əlyazmalar xəzinəsində (əsərlər). Bakı: Elm, 1979, C. 5. - 132 s.

  7. Əlyazmalar kataloqu.C.1. -. Bakı : Azərbaycan EA nəşriyyatı, 1963. - 516 s.

  8. Zəkiyev İ. Əsrlərin əks-sədası. – Bakı : Azərnəşr, 1992. - 173 s.

  9. Беловицкая А. А. Общее книговедение. - М. : Книга, 1987. - 255 с.


Orxan Usubaliyev

AZERBAİJANİ MANUSCRİPTS İN THE TREASURY OF WORLD CULTURE

Summary
The article provides detailed information about the manuscripts and their design. The article also highlights the role of Azerbaijani manuscripts in the world culture.


AYNUR FƏRƏCOVA

Azərbaycan Texniki Universiteti,

filologiya üzrə fəlsəfə doktoru

karimovaaynur@gmail.com


OĞUZNAMƏ” ARXAİK-MİFOLOJİ EPOS KİMİ
Oğuz eposu dedikdə azərbaycanlıların, Türkiyə türklərinin, türkmənlərin, qaqauzların əcdadı olan oğuzların dastanları nəzərdə tutulur. Həmin dastanları oğuzların özləri orta əsrlərdə “Oğuznamə” adlandırmışlar. Bu gün elm aləminə “Oğuznamə”nin 20-yə qədər variantı məlumdur.

Ramazan Qafarlı yazır ki, “oğuznamə” türk xalqlarının oğuz qrupunun şifahi epik ənənəsinin nəzm və nəsrlə yaranan eposlarına orta çağların əvvəllərində yazıya alınarkən verilən addır. “Oğuznamə” deyəndə, hər şeydən əvvəl, folklorla yazılı ədəbiyyatın bir nöqtədə birləşdiyi məqam yada düşməlidir. Faktlar göstərir ki, türkün təkcə eposları deyil, başqa folklor əsərlərindən ibarət əlyazma mətnləri də Azərbaycanda XVII-XVIII yüzilliklərdə “oğuznamə” adlandırılırdı (1, 577).

Necati Dəmir və Özkan Aydoğdu da yazırlar ki, ”Oğuznamə” bəşəriyyətin meydana gəldiyi gündən etibarən türklərin uzaq tarixini, atalarını, nəsillərini, ictimai quruluşunu, xüsusilə dövlət quruluşunu, dilini, hüququnu, ənənələrini və yaşayış tərzini daha çox rəvayətlər əsasında nəql edən əsərdir. “Oğuznamə” oğuz türklərinin, bir növ, pasportudur, özü özünə verdiyi hesabdır, əsərin girişinə əsaslansaq – Dünya Tarixidir (2, 17).

Beləliklə, “Oğuznamə” dedikdə ümumiyyətlə oğuzların yaratdığı bədii və tarixi əsərlər nəzərdə tutulur.

Oğuzlar bir türk xalqı kimi çox qədim tarixə malikdirlər. Oğuz cəmiyyətində çoxlu qəhrəmanlar olmuş, onlar xalqın, elin, yurdun və Oğuz dövlətinin yolunda möhtəşəm qəhrəmanlıqlar göstərmiş, Oğuz elini məhv olmağa qoymamışlar. Oğuzlar göstərdikləri igidliklər sayəsində nəinki özlərini qorumuş, eyni zamanda tarix səhnəsində böyük dövlətlər qurmuşlar. Oğuz cəmiyyəti daim öz qəhrəmanlarını sevmiş, onların haqqında şeirlər, mahnılar, dastanlar qoşmuşlar.

“Oğuznamə” bir dastan kimi oğuzların bədii dillə yaranmış tarixidir. Təsadüfi deyildir ki, Məmmədhüseyn Təhmasib dastanı nağılla müqayisə edərkən tarixiliyi əsas götürmüşdür: “Bizcə, dastanla nağılı fərqləndirən ən əsaslı fərq bundan ibarətdir ki, dastan olmuş bir hadisə kimi, tarixi həqiqət kimi, qara nağıl isə əsli olmayan, “uydurma”, “yalan”, “quraşdırma” kimi danışılır” (3, 60).

Ə.Əsgərə görə, oğuznamələr oğuz etnosunun ədəbi irsidir (4, 49-53). Müəllif yazır ki, oğuznamələr türkman dastanlarıdır və onlar bu dastanları özlərinin əcdadları olan oğuzların şanına qoşurdular (4, 24).

“Oğuznamə” haqqında tədqiqatlar aparmış Füzuli Bayat yazır ki, oğuznamələr mətnin tipi baxımından iki yerə ayrılır:

1. Tarixi-xronoloji oğuznamələr;

2. Ədəbi oğuznamələr (5, 255-257).

Ədəbi oğuznamələr dedikdə, əsasən, “Kitabi-Dədə Qorqud” nəzərdə tutulur. Tarixi oğuznamələr dedikdə isə orta əsrlər tarixçilərinin türk hökmdarları haqqında yazdıqları tarix kitablarının əvvəlində verilən “Oğuznamə” dastanı nəzərdə tutulur.

Ümumiyyətlə, dastanlar “tarixi tipologiya” baxımından arxaik və klassik olmaqla iki qrupa ayrılır. B.N.Putilov göstərir ki, arxaik və klassik epos üzvi şəkildə bir-biri ilə bağlıdır. Epik yaradıcılıq tarixi təkamül prosesində eposun elə bir tipini meydana çıxarır ki, onda janr elementləri bitkin quruluşa, bədii kamilliyə malik olur və qəhrəmanlıq eposunun janrları bizim qarşımıza daha aydın, daha bitkin və daha “təmiz” formalarda çıxır (6, 5).

Müəllifin bu fikri arxaik eposla klassik eposu bir-birindən fərqləndirməyə imkan verir. Göründüyü kimi, B.N.Putilova görə, epik yaradıcılıq bir prosesdir və bu prosesin əsas əlamətlərindən biri onun daim təkamüldə olmasıdır.

“Təkamül” anlayışı təkmilləşmə, kamilləşmə mənalarındadır. Dastan yaradıcılığı da daim təkmilləşən, kamilləşən prosesdir. Bu prosesdə janr inkişaf keçirir, janrın poetik quruluşunu təşkil edən elementlər forma və məzmun baxımından bitkinləşir və bədii cəhətdən tamamlanaraq kamilləşir.

Göründüyü kimi, arxaik və klassik epos anlayışları epik yaradıcılıq prosesinin müxtəlif mərhlələrini bildirir:

Arxaik epos – epik yaradıcılıq prosesinin hələ təkmilləşmə, inkişaf, tamamlanma, bitkinləşmə mərhələsində olan dastandır;

Klassik epos – artıq təkmilləşmiş, janr quruluşu, poetik elementləri, bədii özünəməxsusluğunun əlamət və keyfiyyətləri artıq tam şəkildə müəyyənləşmiş, öz inkişafında kamil poetik səviyyəyə çatmış dastandır.

Yaxud başqa cür desək, arxaik epos epik ənənənin başlanğıcını, inkişaf prosesinin özünü, klassik epos isə inkişafın tamamlanmış mərhələsini əks etdirir. Oğuz dastan yaradıcılığına epik yaradıcılığın bu inkişaf dinamikası baxımından yanaşdıqda Oğuz kağanla bağlı “Oğuznamə” arxaik dastan, “Kitabi-Dədə Qorqud” oğzunamələri isə klassik dastandır.

Arxaik epos ibtidai, ilkin, mifoloji görüşlərlə daha çox bağlı olur. Məsələn, “Oğuznamə”nin uyğur versiyası və digər oğuznamələrdə Oğuz kağanın özü bir mifik əcdad kimi qarşımıza çıxır. Burada mifik Bozqurd obrazına da rast gəlirik. O cümlədən “Oğuznamə”də dünyanın yaranması haqqında kosmoqonik mif əsas motivlərdən birini təşkil edir. “Kitabi-Dədə Qorqud” dastanında da arxaik-mifik görüşlər özünü müəyyən qədər qoruyur. Lakin burada nə mifik əcdad Oğuz kağana, nə Bozqurda, nə də dünyanın yaradılışını özündə əks etdirən kosmoqonik obrazlara (Oğuzun göyü və yeri təmsil edən iki arvadına, o cümlədən, günəşi, ayı, ulduzu, göyü, dağı və dənizi təmsil edən oğlanlarına və s.) rast gəlinmir. Əlbəttə, bu obrazlar heç yana “getməmiş”, yaxud “itməmişlər”. Onlar haqqında B.N.Putilovun bəhs etdiyi epik təkamül prosesində daha müasir, daha gerçək formalara transformasiya olunmuşlar. Ona görə də, “Kitabi-Dədə Qorqud” dastanındakı mifik obrazların (Təpəgöz, Pəri qızı) özləri belə real, gerçək təsir bağışlayırlar.

F.Bayat özünün “Etnik-mədəni kontekstdə türk dastanları (özəllikləri və təsnif məsələləri)” adlı məqaləsində türk dastançılıq ənənəsində “arxaik strukturlu dastanlar” və “klassik dastanlar” olmaqla iki tipi fərqləndirmişdir. O yazır: “Dastan ənənəsi türk dünyasında fərqlilik göstərməsinə baxmayaraq, arxaik strukturlu dastanlardan klassik dastan adlandırdığımız dastan qoluna qədər dəyişməyən qayda var. O da dastanların uzun süjet strukturuna sahib olmaqla sözlü kültürün ən geniş xəzinəsini yaşatmasıdır. Bu uzun süjet strukturlu janr bütün hallarda qəhrəmanın həyat bioqrafiyasının təqdimdir. Bu qəhrəman şəxsi özəlliklərindən, istək və arzulardan azad olmuş, milli xarakteri tipikləşdirən, millətin simvolu olmuş bir personajdır” (7, 3).

Göründüyü kimi, F.Bayat da türk dastan ənənəsini uzun bir yaradıcılıq və inkişaf prosesi kimi təqdim edir. Müəllif bu prosesin “əvvəlini” arxaik strukturlu dastanlar, “sonunu” isə klassik dastanlar mərhələsi hesab edir. Qəhrəmanın həyat bioqrafiyası dəyişməz poetik struktur kimi bu mərhələləri bir-birinə bağlayır.

Səciyyəvidir ki, F.Bayat türk xalqlarının dastanlarının təsnifatı məsələsinə də “arxaik-klassik” modelindən yanaşaraq göstərir ki, türk dastanlarını arxaik və klassik olmaqla iki yerə ayırmaq olar (7, 17).

Müəllif “arxaiklik” anlayışını belə izah etmişdir: “Arxaiklik əskilik anlamında anlaşılmamalıdır, çünki qədimlik tarixi-xronoloji anlayışdırsa, arxaiklik struktur-tipoloji anlayışdır. O halda türk dastançılığı arxaik strukturlu dastanları əhatə edən doğu (yəni şərq – A.Fərəcova) və klassik dastanları əhatə edən batı (yəni qərb – A.Fərəcova) qollarından ibarətdir. Doğu dastan yaradıcılığına daxil olan yakut, tuva, altay, şor, xakas dastanları arxaik tiplidir. Arxaiklik batı qolunu təşkil edən oğuz, qıpçaq, karluq dastan ənənəsi ilə müqayisədə üzə çıxır. Türk dastan mədəniyyyətinin bu iki qolu ictimai-siyasi, tarixi, sosial və dini özəlliklərinə görə bir-birindən fərqlənir” (7, 17).

F.Bayatın bu fikri bizə arxaik-mifoloji dastan olan “Oğuznamə” ilə klassik dastan olan “Kitabi-Dədə Qorqud” oğuznamələri arasındakı daha bir fərqi görməyə imkan veirir. “Oğuznamə”nin “arxaik” dastan hesab olunması onun “Kitabi-Dədə Qorqud”dan daha qədim olması mənasına gəlmir. Əslində, oğuz-türk hökmdarları haqqında yazılmış tarixi əsərlərin müqəddimə hissəsini təşkil edən “Oğuznamə” dastanı ilə “Kitabi-Dədə Qorqud” oğuznamələri, demək olar ki, eyni dövrdə – orta əsrlərdə yazıya alınmışdır. Bunların əsas fərqi tarixi-xronoloji deyil, struktur-tipoloji fərqdir. Oğuznamələrdə daha çox arxaik görüşlər qorunmuş, “Kitabi-Dədə Qorqud” isə bədii yaradıcılıq kimi daha sürətlə “müasirləşərək” klassik dastana çevrilmişdir.

Göründüyü kimi, “arxaik epos” ənənəsində epik-mifoloji rəvayətlər və mifoloji qəhrəmanlıq süjetləri üstünlük təşkil edir. “Klassik epos” ənənəsində isə “mifləşdirmə” arxa plana keçir və öz yerini müasirləşməyə verir. Bu fərqi mifik əcdad Oğuz kağan haqqındakı oğuznamələrlə “Dədə Qorqud” oğuznamələri arasında da müşahidə etmək olur. “Oğuznamə”də arxaik-mifoloji dastan kimi epik-mifoloji rəvayətlər, mifoloji süjetlər üstünlük təşkil edir, “Kitabi-Dədə Qorqud”da isə klassik dastan kimi “mifləşdirmə” arxa plandadır.

Ağaverdi Xəlil göstərir ki, “Oğuznamə” bir dastan janrı kimi “bitik”, “namə” və “kitab” adları ilə üç yazı mərhələsindən keçmişdir (9, 228).

A.Xəlil də belə hesab edir ki, tipinə görə oğuznamələr iki cür olur:

1. Oğuznamə janrı;

2. Oğuz yazısı (kitabı) oğuznamə; oğuzlar haqqında kitab; oğuzların əfsanəvi tarixi...

(9, 229).

Göründüyü kimi, əgər F.Bayat oğuznamələri tarix və ədəbilik (bədiilik) baxımından təsnif edərək onları iki tipə ayırmışdırsa, A.Xəlil onları şifahi (dastan) və yazılı (kitab) olmaq baxımından iki tipə ayırmışdır. Hər iki təsnifat çoxlu variantları olan “Oğuznamə” dastanın məzmununu, formasını, keçdiyi inkişaf yollarını müxtəlif tərəflərdən əks etdirir.

Beləliklə, aydın olur ki, “Oğuznamə” arxaik qəhrəmanlıq dastanıdır. Arxaik-mifoloji qəhrəmanlıq dastanları daha qədim, daha arxaik görüşləri özündə əks etdirir. “Oğuznamə” dastanı daha qədim, daha arxaik olub, mifoloji təsəvvürlərlə zəngindir.


Ədəbiyyat :


  1. Qafarlı R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlararası əlaqə). - Bakı : ADPU nəşri, 2002. - 758 s.

  2. Oğuzname (Kazan Nüshası). İnceleme-Metin-Dizin-Tıpkıbasım. Yayına hazırlayanlar Prof.Dr. Necati Demir, Yrd.Doç.Dr. Özkan Aydoğdu. – İstanbul : Kesit Yayınları, 2015. - 590 s.

  3. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). – Bakı : Elm, 1972. - 400 s.

  4. Əsgər Ə. Oğuznamələrdə müsəlman-oğuz və oğuznamələrin yaranması problemi // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. K.26. - Bakı : Səda, 2007. - S. 24-37.

  5. Bayat F. “Oğuznamə(lər)” oçerki / Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. – Bakı : Öndər Nəşriyyat, 2004. - S. 255-274.

  6. Путилов Б.Н. Героический эпос и действительность. - Л.: Наука, 1988. - 225 с.

  7. Bayat F. Etnik-mədəni kontekstdə türk dastanları (özəllikləri və təsnif məsələləri) // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. K.26. – Bakı : Nurlan, 2007. – S. 3-37.

  8. Халил А.С. О проблематике письменности и жанрового состава огузского эпоса (на материале «Китаби деде Коркуд») // Тюркол.сб. Вып.2. Матер. Междунар.тюркол. конф. “Языки и литература тюркских народов: история и современность». - Елабуга, 2004. - С. 227-234.

  9. Kitabi-Dədə Qorqud / tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalov və S.Əlizadənindir. – Bakı : Yazıçı, 1988. - 265 s.


Aynur Faracova
"OGUZNAMA" ARCHAİC-MYPHOLOGY EPOS

Summary
The Book of Dede Korkut forms the main part of historical creation of epos in Azerbaijan. Reflecting the views of the old mythical beliefs of our nation and the world, the ancient legends and tales, stories of heroism later formed up Oguz epos under the name of "Oğuzname" (Oğuz history). There is a special place and weight of «The Book of Dede Korkut» between 20 known variants of oğuznames, including historical and literary oguznames. “Oğuzname”, reflecting classical heroic saga writing traditions, beside being a valuable resource on the history of Oguz's, is a spectacular literary monument gathering artistic thinking of our Oguz grandfathers.
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin