XAQANİNİN FƏXRİYYƏ QƏSİDƏLƏRİNDƏ ÖZÜNƏ QİYMƏTİN TƏZAHÜRLƏRİ
Klassik Azərbaycan ədəbiyyatının korifeylərindən hesab olunan Xaqani Şirvaninin yaradıcılığı zəngin olduğu qədər də mövzu, mündəricə etibarı ilə də çoxşaxəlidir. Günümüzədək şairin 17 min beytlik divanı çatmışdır ki, onun 11369 beyti qəsidələrdən ibarətdir. Mövzu baxımından burada, demək olar ki, qəsidənin bütün növlərinə müraciət olunmuşdur. Şairin yaradıcılığının əksəriyyətini təşkil edən bu əsərlərdə avtobioqrafik cizgilər xüsusi əhəmiyyət kəsb edir. Həmin şeirlərdə lirik qəhrəman kimi şairın özü tərənnüm olunur. Həm fəxriyyə qəsidələrində, həm də nət qəsidələrdə Xaqani Şirvani yaradıcılığındakı özünə qiymətin təzahürləri izlənilməkdədir. Bu əsərlərdə Xaqani yaradıcılığında ana xətt kimi özünü büruzə verən şairin fəlsəfi dünyagörüşü onu yetirən tarixi, ictimai-siyasi mühitlə səsləşir. A. Rüstəmova "Xaqani Şirvaninin çoxcəhətli və zəngin yaradıcılığı fonunda onun portreti, iç aləmi və həyata baxış fəlsəfəsinin bəzi cizgilərini" açıqlayarkən haqlı olaraq belə bir qənaətə gəlir ki, "xoşbəxtlikdən dahi şair-mütəfəkkiri bizdən sürəkli zaman məsafəsi ayırsa da" şair öz əsərlərində həyatının bir çox anlarını işıqlandırmışdır (1,339-340).
Şairin qəsidələrində ifadə olunmuş özünə qiymət, bəlkə də dövrünün üzdəniraq ziyalılarına, onun paxıllığını çəkən "sənət dostlarına" cavab vermək zərurətindən meydana gəlmişdir. Təsadüfi deyildir ki, şairin obrazlı "mən"i ifadə olunan şeirlərin sərlövhələri də bu fikri təsdiqləyir: "Paxılları məzəmmət", "Həsəd aparanlardan şikayət" və s. Xaqaninin :
نیست اقلیم سخن را بهتر از من پادشا؛ در جهان ملک سخن راندن مسلّم شد مرا (2،32 )
(Söz aləmində məndən daha yaxşı padşah yoxdur, aləmdə söz mülkünü idarə etmək mənə həvalə olunmuşdur) - mətləli şeiri "Özünü öymə və paxılların tənqidi" sərlövhəli qəsidəsindəndir. Şair fəxriyyə qəsidənin növbəti beytlərində fikrini belə davam etdirir:
مریم بکر معانی را منم روح القدوس عالم ذکر معالی را منم فرمانروا
شه طغان عقل را نایب منم، نعم الوکیل نو عروس فضل را صاحب منم،نعم الفتی!...
عقد نظامان سحر از من ستاند واسطه قلب ضرّبان شعر، از من، پذیرد کیمیا (2،32)
(Mən mənaların bakirə Məryəmi və Ruhülqüdsüyəm (Cəbrayılıyam),mən alicənablıq aləminin hökmdarıyam. Ağlın Toğan şahının naibi, vəkili mənəm, fəzilətin yeni gəlininin ləyaqətli sahibi mənəm. Sehir boyunbağısı düzən şairlərə ipi verən mənəm, şeir zərrablarının qəlbi məndən ilhamlanır). Sözü yüksək qiymətləndirən şair, onun yaradıcısı kimi də fəxr edir. Qəsidələrindən birində Şirvanşah Axsitanın vaxtilə şairə hədiyyə kimi bağışladığı kəndi ondan
geri alması təsvir olunur. Xaqani Şirvani :
شاه را تاج ثنا دادم؛ نخواهم باز خواست شاه مرا نانی که داد ؛ ار باز می خواهد رواست
شاه تاج یک، دو کشور داشت؛ لیک از لفظ من تاجدار هفت کشور شد به تاجی کز ثناست
شه مرا نان داد و من جان دادمش: یعنی سخن نان او تخمی است فانی، جان من گنج بقاست.(2،98)
(Şaha səna tacı bağışlamışam, geri almaq istəmirəm, şah isə mənə çörək vermişdir, rəvadırmı ki, geri alsın?! Şah bir-iki ölkənin tacına malik idi, ancaq mənim sözümün sayəsində, səna tacı ilə yeddi ölkənin padşahı oldu. Şah mənə çörək verdi, yalnız mən ona canımı, yəni söz nisar etdim. Onun verdiyi çörək içi boş (cücərməyən) toxumdur, mənim canımsa (sözüm) əbədi xəzinədir).
"Söz mülkünün hakimi" olan şair vaxtı ilə dövrünün hakiminə həsr etdiyi şeiri "səna tacı" adlandırır. Öz qürurlu "mən"inə əsasən vaxtı ilə yazdığı şeirdən, öydüyü şəxsə münasibətindən peşiman da deyil. Lakin şahın ona bağışladığı mülkü ondan geri istəməsini, qaytarmasını da mərdlik hesab etmir. Xaqaninin qəsidəsindən anlaşılır ki, söz şahlıq tacından da yüksəkdir. Şahlıq tacı bir-iki ölkədə tanınırsa, şairin şahın şənində yazdığı şeir yeddi iqlimdə tanınır. Bu beyt Mir Cəlaləddin Kəzzazi tərəfindən belə izah edilmişdir: "Yeddi iqlim" ifadəsi kinayədir və bütün dünya ölkələrinə işarədir, "səna isə aşkar təşbihdir və taca bənzədilmişdir. Hər hansı bir ölkənin şahlıq taxtına malik olmaq" (3,128) anlamına gəlir.
Xaqaninin fəxriyyələri sırasında elələri də vardır ki, şairin söz yaratmaq qüdrəti qarşısında həməsrlərinin heyran qaldığını təcəssüm etdirir. "Özünü öymə və paxılları tənqid" sərlövhəli qəsidəsində həməsrlərinin onun əsərini oxuyaraq"nəhayət, bu fərzanənin adı nədir, bu sehr yaradanın ünvanı haradadır? - sualları qarşısında qaldıqlarını fəxrlə qeyd edir (2,33). Xaqaninin ona həsəd aparan qələm dostlarına cavabı budur: "qamışlıqda qamışlar eyni rəngdə olurlar, lakin bir qamışdan qənd hasil olur, digərindən həsir düzəldirlər. Xaqani paxıllığını çəkən "dostları"nın hətta onun şeirinin təxəllüsünü də öz adlarına çıxmağa səy göstərdiklərini gördükdə onlara belə cavab verir:
گوید:"این خاقانی دریا مثابت، خود منم" خوانمش خاقانی، اما از میان افتاده قا (2،34)
(Deyir:"Bu dərya kimi qüdrətə malik olan Xaqani mən özüməm, onları Xaqani adlandıraram, ancaq (sözün) ortasından "qa" düşüb (ixtisar olunub).
Beytdə "Xaqani" və "xani" sözləri naqis cinas və təzad kimi işlənmişdir. "Xani" - gölməçə anlamına gəlir və o "dərya qüdrətinə malik" Xaqaninin qarşısında bir heç kimi görünür.
Nəfsə qalib gələrək mənəviyyatını uca tutmaq Xaqaninin lirik "mən"inin əsas keyfiyyətlərindəndir. Divanına daxil olan ilk qəsidənin mətlə beytində də biz şairin insanlıq fəlsəfəsi haqqında fikirləri ilə rastlaşırıq":
جوشن صورت برون کن، در صف مردان در آ دل طلب، کز دار ملک دل، توان شد پادشا (2،8)
(Üzdən zirehi at, mərdlər cərgəsinə gəl, ürəyinin tələbi ilə qəlb mülkünün səltənətində padşah ola bilərsən)
Şairin nəzərincə, insan olan şəxs üzdəki süni maskanı atmalı, hər bir pis adətdən arınmalıdır. O ilk növbədə nəfsinə qalib gəlməyi bacarmalıdır. Bu fikri qəsidənin növbəti beytləri də təsdiqləyir. Xaqani dünyagörüşündəki arifanə çağırışlar onun lirik "mən"inin özünə qiymətinin təzahürləri kimi görünməkdədir.
Xaqaninin mübariz ruhu yaşadığı dövrün çərçivələrinə sığmır, özünü düşdüyü mühitdən çıxarmaq üçün sanki ucadan "səslənir":
کار من بالا نمی گیرد، در این شیب بلا در مضیق حادثاتم بستۀ بند عنا...
من حسین وقت و نا اهلان یزید و شمر من روزگارم جمله عاشورا و شروان کربلا (2،10)
(Mənim işlərim bu bəla enişindən irəliləmir,əzab bağı ilə bağlanaraq həyat hadisələrinin əziyyətini çəkirəm. Mən dövranımın Hüseyni, naəhllər isə mənim Şümrüm və Yezidimdir. Şirvan Kərbəla, ruzgarım isə Aşuradır).
Şairin yaradıcılığında özünə qiyməti H.Araslı belə səciyyələndirir: "özünün şairlik qüdrətini gözəl dərk edən Xaqani dövrün hökmdarları tərəfindən layiqincə qiymətləndirilmədiyini vüqarına sığışdıra bilməmiş, ona görə də təkcə fəxriyyələrində deyil, başqa şeirlərində də tez-tez şairlik hünərindən söhbət salmış,söz sənəti haqqında mülahizələr irəli sürərək, şeirlərinin məna dərinliyi və fikir zənginliyiilə seçildiyini qürurla bildirmişdir" (4,107).
Xaqaninin möhtəşəm sarayların parlaqlığına, oradakı həyat tərzinə uyaraq keçirdiyi həyata qarşı da "üsyan qaldırır". "Qənaət haqqında" yazdığı qəsidə də özünə qiymət motivləri ilə diqqəti cəlb edir:
زین بیش اب روی نریزم برای نان آتش دهم به روح طبیعی به جای نان
خون جگر خورم نخورم نان ناکسان در خون جان شوم ، نشوم اشنای نان(2،422)
(Bundan artıq çörək üçün abrımı tökmərəm, təbii ruhuma çörək yerinə odu (qida kimi) verərəm, nakəslərin çörəyini yemərəm, öz ciyərimin qani ilə qidalanaram,qan içrə can versəm də çörəyin "aşina"sı ( həmdəmi) olmaram).
Bu beytlər şairin şəxsi qürurundan doğan yenilməzliyinin tərcümanı kimi diqqəti cəlb edir, onun əyilməzliyini, bir vaxtlar "ruzi əldə etmək" məqsədi ilə "nakəslərin" hesabına dolanaraq "çörək" qazandığını, lakin sonradan peşman olduğunu əks etdirir. Özünə qiymətin təzahürü kimi səslənən bu misralarda "itirilmiş" ləyaqətin ehyasını da görmək mümkündür.
Şair, başqa bir fəxriyyəsində özünü dünya şairləri sırasında "sehr yaradan", möcüzə göstərən adlandırır:
شاعر ساحر منم، اندر جهان در سخن معجزه، صاحب قران
از شجر من شعرا میوه چین وز صحف من فضلا عشرخوان
وز حسد لفظ گهرپاش من در خوی خونین شده دریا و کان (2،453)
(Dünyada sehr yaradan şair mənəm, möcüzəli sözün xaliqi də mənəm. Mənim ağacımdan şairlər meyvə dərir, mənim səhifələrimdən fazillər on-on ayə oxuyur. Mənim gövhər səpən sözümün həsrətindən mədən və dənizlər qanlı tərə bürünmüşlər).
Xaqani öz qiymətini, şairlik istedadını, nadir söz sərrafı olduğunu dönə - dönə fəxriyyə qəsidələrində etiraf etmişdir. Şairin yaşadığı dövrdən doqquz yüz ilə yaxın zaman keçsə də onun yanılmadığının şahidi olur, onun əsərlərindəki özünə qiymətin ifadəsi olan yaradıcı "mən"inin "dünyaya, insana hikmət dərsi, ibrət dərsi" (1,344) kimi anlayırıq.
Ədəbiyyat:
1. Rüstəmova A. Mənəvi dünənimiz bu günün işığında. - Bakı, 2011
2. دیوان خاقانی ، جلد اوّل، چامه ها و ترکیب بندها . ویراستۀ دکتر میر جلالالدّین کزازی.تهران، ۱۳۷۵
دکتر میر جلالالدین کزازی، گزارش دشواریهای دیوان خاقانی،بیتها و تعبیرهای پیچیده، واژه شناسی، .3
نکته های ادبی و هنری، تهران، ۱۳۸۰
4.Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. - Bakı,1998.
Lale Alizadeh
APPEARANCE OF SELF-EVALUATİON İN FAKHRİYYA KASİDAS OF
KHAGANİ SHİRVANİ
Summary
Poetry of KhaganiShirvani- one of the most outstanding poets of classical Azerbaijan literature,is very rich and covers many various topics. Kasidas of poet talk about his world view and ideology. Among these poems especially Fakhriyyas have very great value. These poems truly show the real personality of poet in all of its views.
SƏADƏT ŞIXIYEVA
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
shikhiyevas@gmail.com
HÜRUFİ ŞAİR RƏFİİ VƏ “BƏŞARƏTNAMƏ”Sİ
İndiyədək Azərbaycanda ədəbiyyat və fəlsəfi-irfani fikir tariximizin bir nümayəndəsi kimi öyrənilməyən Rəfii Nəsiminin məşhur xəlifələrindəndir. Onun şəxsiyyəti, həyatı, doğum yeri və milli mənsubiyyəti indiyədək Azərbaycanda təfərrüatlı araşdırılmamış, haqqında daha çox Nəsiminin davamçısı kimi ümumi şəkildə söz açılmışdır. Maraqlıdır ki, “Bəşarətnamə” və “Gəncnamə” kimi iki məsnəvisi ilə daha çox hürufi müəllif kimi tanınan Rəfii Azərbaycandakı tədqiqatlarda türkiyəli, Azərbaycandan kənarda yazılmış bir sıra əsərlərdə isə Türkiyəyə mühacirət etmiş hürufi şair kimi öyrənilmişdir. Tədqiqatçılardan bir qismi onun Nəsimi ilə bərabər Azərbaycandan Türkiyəyə mühacirət etməsi qənaətindədir. Bir sıra araşdırıcılar Rəfiini ümumiyyətlə mühacir hürufi şair kimi təqdim edir, bəzi tədqiqatçılar isə şairin doğum yerinin Şirvan ola biləcəyini bildirirlər. Türkiyəli məşhur dilçi alim Günay Kut yazır: “Dilindəki azəri ləhcəsi özəlliklərinə görə şirvanlı bir azəri türkü olması ehtimal oluna bilər” (4, 526).
Rəfinin ölüm tarixinin 1409-cu ildən sonraya aid olması barədə tədqiqatçılar yekdildirlər. Ə.Gölpınarlı onun məzarının indiki Yunanıstan ərazisində (Preveze) olduğu qənaətindədir (3, 28), F.Usluerə görə isə, şairin dəfn olunduğu yerin adı Kirmana aid Pəryüzdür (10).
Şairin hər iki məsnəvisinin əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında yer alır. Rəfiinin “Gəncnamə”sinin əlyazma nüsxələri İran, Türkiyə, Fransa və Britaniyanın kitabxanalarında, “Bəşarətnamə”nin əlyazma nüsxələri isə İran, Türkiyə, Misir və Britaniyanın kitabxanalarında saxlanılır. Məsnəvilərin bu çeşidli nüsxələrdəki həcmi fərqli şəkildədir. Həmin nüsxələrin həcm baxımından müxtəlifliyi hər iki əsərin elmi-tənqidi mətninin hazırlanması üçün bütün bu variantların əldə olunaraq nəzərdən keçirilməsi zərurətini yaradır. “Bəşarətnamə”nin əlyazmasının nüsxələri təkcə Türkiyədə İstanbul Universiteti, Topqapı Sarayı Müzeyi, Süleymaniyyə və Millət kitabxanalarında qorunur. (bax: 4)
Şairin məsnəsilərindən biri – “Gəncnamə” h. 1260-cı ildə Türkiyədə ərəb əlifbası ilə Nəsiminin türkcə divanının əvvəlinə əlavə olunmaqla nəşr edilmişdir. Əsər 1946-cı ildə İsmayıl Hikmət tərəfindən ayrıca çap olunmuşdur (2). Hürufi şairin digər əsəri “Bəşarətnamə” haqqında doktorluq dissertasiyası yazaraq, dil baxımından təhlil edən Mehmet Yigit isə əsərin elmi-tənqidi mətnini də hazırlamışdır (6). Hürufilik üzrə tanınmış mütəxəssislərdən olan F.Usluer Əli Əmiri, mənzum №943-də saxlanılan bir əlyazmasının başında Rəfiinin “Bəşarətnamə”sinin adının “Cavidannamə” şəklində yazıldığını da bildirir (10). Burada bir cəhəti də vurğulamalıyıq ki, hürufilik ədəbiyyatında “Bəşarətnamə” adlı farsca daha bir əsər vardır. Həmin əsər bəzən Fəzlullahın nüfuzlu xəlifəsi Əliyyül-Əlanın, bəzən isə onun digər xəlifəsi Əbülhəsənin adına qeyd olunur. Tədqiqatçıların bəziləri bu iki şəxsin eyni bir adam olması, bəziləri isə iki fərqli şəxs olduğu qənaətindədirlər.
Öncə də qeyd etdiyimiz kimi, türkiyəli dilçi alimlərin bir qismi bu əsərin dil baxımından Azərbaycan türkcəsinin xüsusiyyətlərini daşıdığını bildirirlər. Buna görə də “failatün, failatün, failün” qəlibi ilə yazılmış olan əsər təkcə ədəbi-təsəvvüfi düşüncə deyil, dil tarixi baxımından da əhəmiyyət kəsb edir. Belə ki, Türkiyə ədəbiyyatşünaslığında Nəsimi ilə Türkiyəyə mühacirət etdiyi, əslinin Əcəmdən olduğu bildirilən, dili isə türkcə olan şairin Azərbaycan türkü ola biləcəyi, zənnimizcə, tərəddüdə yer verməməlidir.
Rəfiinin “Bəşarətnamə”sinin tədqiqata cəlb etdiyimiz əlyazma nüsxəsi İranın Mələk Kitabxanasına məxsusdur. Bu mətn təkcə hürufilik ideyalarının ifadəsi baxımından maraq doğurmur. Əsər xəttatlıq xüsusiyyətləri, yazı tərzi və struktur baxımından mürəkkəbliyi ilə də diqqəti cəlb edir. Məsnəvinin mətni ənənəvi tərzdə – misraları qarşı-qarşıya və ya alt-alta olmaqla deyil, hər sətirdə üç misra olmaqla üç sütun şəklində yazıya alınmışdır. Bu cəhət isə mətnin oxusu və qavrayışını nisbətən çətinləşdirir. Səhifələrin kənarında bəzən haşiyə şəkilli qeydlər edilmişdir. Bu qeydlərin yazı tərzi onun elə nüsxəni köçürən katib tərəfindən edildiyi təsəvvürünü yaradır. Katib bəzən mətndə yazılış üslubu baxımından çətin oxunan ifadəni ayrıca olaraq haşiyədə qeyd edir. Bəzən vərəqlər arasındakı əlaqəni qüvvətləndirmək məqsədi ilə sonrakı vərəqdəki ilk söz və ya bir neçə söz əvvəlki vərəqin sonunda verilir. Bəzən isə haşiyədəki sözlərin mətndən seçilməməsi diqqəti çəkir və bu qeydlərin katib tərəfindən nüsxə fərqi kimi nəzərə çatdırıldığını ehtimal edirik. Haşiyələrdə yer alan qeydlər arasında eyni bir ayənin təkrarən verilməsi, şairin sözünün Quran ayəsi vasitəsilə təsdiqlənməsi cəhdi də diqqətimizi cəlb etdi.
Tehran Mələk kitabxanasında saxlanılan bu əsərin üzərində “26 vərəq” qeydi verilsə də, əsas mətn hər sətri 3 misra, hər vərəqdə təqribən 75-80 misra olmaqla 30 vərəqdən ibarətdir.
“Bəşarətnamə” struktur baxımından məsnəvi, ideya-məzmun xüsusiyyətləri baxımından didaktik-əxlaqi əsərlər silsiləsinə aiddir. Şairin:
Bəşarətnameyi-Fəzli-ilahi
Bilən görər qamu əşya kəmahi, (8, v. 1)
- misraları ilə başlayan bu əsəri Türkiyə ədəbiyyatşünaslığında XV əsrdə yazılmış ilk nəsihətnamələrdən sayılır.
Hürufi şairin “Bəşarətnamə”sinin adı İncil (hər iki kəlmə “müjdə” anlamındadır), “Gəncnamə”sinin adı Nizaminin “Məxzənül-əsrar” məsnəvisinin adı ilə səsləşir. Maraqlıdır ki, “Gəncnamə” məsnəvisi “Gənci-nihan min məqalati-Monla Rəfii” adı altında da kataloqlarda yer alır. Əsərin adı bu variantda şairin mürşidi Nəsiminin “gənci-nihan”, “gənci-məxfi” və s. kimi məcazları ilə assosiasiya yaradır.
Rəfiinin mirası zəngin olmayıb, hələlik məlum iki məsnəvidən ibarət olsa da, istər şairin özü, istərsə də mürşidi barədə müəyyən avtobioqrafik məlumatlara malikdir. Rəfiinin “Bəşarətnamə”sindən onun Fəzlullahla şəxsən tanış olmadığı (“Çün bana bildirdi kimdir Fəzli-Həq // Pərdə açıldıvü göründü təbəq” (8, v. 28)), Nəsiminin ona Rum əhlini hürufiliyə cəlb etməyi tapşırdığı (“Sən dəxi Rum əhlin agah eyləgil // Anlara bu gizli razı söyləgil” (8, v. 29)) və s. məlum olur. Əsərdən həmçinin daha öncə şairin sünni məzhəbində olması, sonralar dəhrilik və tənasüx etiqadına meyllənməsi, lakin sonralar Nəsimi vasitəsilə hürufiliyi qəbul etməsi məlum olur.
Rəfiinin istər “Bəşarətnamə”, istərsə də “Gəncnamə” adlı əsərləri bu kimi avtobioqrafik xarakterli məlumatları ehtiva etməsi, Nəsimi ilə bağlı azsaylı olsa da, dəyərli bilgilər verməsi baxımından xüsusi önəm kəsb edir. Belə ki, iranlı tədqiqatçı Hüseyn Ulduz qaynaq göstərmədən Nəsiminin bir il Sultan Murad zamanında, bir il Bağdadda iqtidar əleyhinə təbliğata görə, daha bir il də Sultan Bayəzid dövründə məhkum olunduğunu yazır (7, 18-19). Bu ehtimalları birbaşa təsdiqləyəcək qaynaqlar bizə məlum olmasa da, Nəsiminin fəaliyyət göstərdiyi ölkələr sırasında Türkiyə və İraqın olması, onun xəlifəsi Rəfiinin aşağıdakı misraları bu mülahizələrdə həqiqətin payı olduğunu düşünməyə əsas verir. Rəfii “Bəşarətnamə”sində deyir:
Ol şəhidi-eşqi-Fəzli-zülcəlal,
Bəndi-zindanlarda yatan mahü sal. (8, v. 28)
“Bəşarətnamə”nin h. 811 \ m. 1409-cu ildə yazıldığını nəzərə alsaq, Nəsiminin 1409-cu ilədək bir neçə dəfə və müxtəlif zindanlarda məhkumluq həyatı yaşaması qənaəti hasil olur. Bundan başqa, birinci misranın məzmunundan bu həbs olunmaların hürufiliklə əlaqəli olması da birmənalı şəkildə aydın olur.
Rəfiinin mürşidi Nəsiminin ədəbi yaradıcılığının başlıca üslubi istiqamətləri barədə verdiyi məlumat da olduqca dəyərlidir. Mütəfəkkirin şair Nəsiminin hürufiliyin əsaslarını açıqlayan mənsur “Müqəddimətül-həqayiq” (“Həqiqətlərin başlanğıcı”) risaləsi ana dilində qələmə alınmışdır. [Türkiyənin bir çox kitabxanalarında əlyazması şəklində qorunub saxlanan əsər 2014-cü ildə tədqiqatçı Fatih Usluer tərəfindən nəşr olunmuşdur]. Bu mənsur fəlsəfi əsərin müəllifinin Nəsimi ola biləcəyini dolayısı ilə təsdiqləyən fakta Rəfii “Bəşarətnamə”sində də rast gəlinir. Şair ustadından bəhs edərkən onun iki üslubda yazdığını bu şəkildə dilə gətirir:
Nəzm(ü) nəsrindən bizə verdin xəbər,
Bu işarət əqli olana yetər. (8, v. 29)
Göründüyü kimi, Rəfii mürşidinin, yəni Nəsiminin nəzm və nəsr yaradıcılığını ilahi aləmdən verilən xəbər kimi dəyərləndirir. Bu misralarda maraq doğuran digər bir cəhət isə şairin Nəsiminin təkcə nəzm deyil, nəsr yaradıcılığını da xatırlatmasıdır. Hürufi şairin bu qeydləri mürşidi Nəsiminin aşağıdakı misraları ilə yaxından səsləşir:
مرا ز فضل الهی است دیده روشن
مرا ز نطق الهی زبان بود گویا
به مدحت ولی الله، به ذکر حی قدیم
به نظم و نثر مزین چو لولو لالا.
(9, 302)
(Mənim gözümün nuru ilahinin fəzlindəndir,
Mənim dilim ilahinin nitqindən Allahın vəlisinin (Hz. Əli nəzərdə tutulur. - S.Ş,) mədhində (və) Heyyü Qədim olan Allahın zikrində söz söyləyən olub,Parlaq inci kimi nəzm və nəsrlə bəzənmişdir).
İlk dəfə olaraq tərəfimizdən tədqiqata cəlb olunan bu misralar Nəsiminin farsca bir qəsidəsində yer alır və onun təkcə mənzum deyil, həm də mənsur əsər sahibi olduğuna işıq tutur.
Rəfiinin “Bəşəratnamə”sinin daha bir maraq doğuran cəhəti onun didaktik əsər olmaqla yanaşı, tərcümə xüsusiyyətlərinə də malik olmasıdır. Belə ki, şairin Fəzlullahın üç əsərindən bəzi parçaları türkcə nəzmə çəkməsini bildirməsi onun əsərini mənzum tərcümələr kontekstində öyrənməyə əsas verir. İ.Arıkoğlu haqlı olaraq yazır ki, Rəfiinin “Bəşarətnamə”si “Cavidannamə”nin daha bir tərcüməsidir. Tədqiqatçıya görə, bu məsnəvi tərcümə olmaqdan artıq, təlif-tərcümə görünüşünə malikdir. Çünki əsərdə yer alan beytlərdən anlaşıldığı kimi, əsər tam bir “Cavidannamə” tərcüməsi deyil, Fəzlullahın çeşidli əsərlərinin bəzi bölümlərinin nəzmə çəkilməsidir (1, s. 3-4). Rəfii Fəzlullahın hürufilərin nəzərində çox önəmli olan üç farsca əsərindən tərcümə-iqtibaslara yer verdiyini aşağıdakı şəkildə ifadə edir:
“Ərşnamə” sözlərindən bunda var,
Tərcümə qıldım ki, qala yadigar.
...“Cavidannamə” sözüdür əksəri,
Fəhm edən olur cahanın minbəri.
Həm “Məhəbbətnamə”dən yazdım kəlam,
Üç kitabından haqqın oldu tamam. (8, v. 29)
Göründüyü kimi, “Bəşarətnamə”ni Rəfii özü Fəzlullahın üç kitabından seçmə tərcümə olaraq dəyərləndirir. Yuxarıdakı beytlərdə deyilənlər Rəfiinin Fəzlullahın farsca olan hər üç əsərindən bəhrələnməsi və həmin əsərlərdən əxz etdiklərini türkcədə əslinə yaxın – tərcümə olaraq dilə gətirməsi qənaətini yaradır. Zənnimizcə, müasir tərcümə anlayışına tam cavab verməyən, əslində Fəzlullaha sıx istinadla yaranıb formalaşan həmin əsər bu günün “tərcümə” anlayışı baxımından ancaq şərti anlamda tərcümə sayıla bilər.
Əsərin digər hürufilik mətnləri, xüsusilə risalələrə nisbətən sadə dillə yazılması təbliği-təlqini xarakterliliyindən irəli gəlir. Onun bədii dəyərini və təsir dairəsinin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi araşdırma aparılmalıdır. İndilikdə yalnız XIX əsrin məşhur mütəsəvvif şairlərindən Mir Həmzə Seyid Nigarinin türkcə divanında “bəşarətnamə” ifadəsinin yer aldığını və bunun Rəfinin əsərinə ehyam ola biləcəyini qeyd etməklə kifayətlənirik. (Nigarinin Nəsimi və hürufiliyə münasibətləri barədə bax: 5, 343)
Nəsimini yaxından tanıyan və onun xəlifəsi olaraq, Anadolu və Balkan ölkələrində hürufiliyi təbliğ edən Rəfiinin hər iki əsəri ədəbiyyat, təsəvvüf, fəlsəfi fikir və dil tarixi baxımından maraq doğuran və əhəmiyyət kəsb edən özəlliklərə sahibdir. Hər iki əsərdə XV əsrin əvvəllərindəki Azərbaycan türkcəsinin spesifik xüsusiyyətləri qorunaraq, ədəbi fakta çevirilmişdir. Bu baxımdan Rəfiinin bədii-fəlsəfi irsinin təfərrüatlı araşdırılması və nəşri məqsədəuyğundur.
Ədəbiyyat:
-
Arikoğlu, İsmail. Ferişteoğlu. Cavidân-nâme Tercümesi: ‘Işk-nâme (Inceleme-Metin). Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsü, Doktora Tezi. - Van, 2006.
-
Ertaylan, İsmail Hikmet. Hurufi Edebiyatı Örnekleri: Genc-nâme-i Refî'î. - İstanbul: İstanbul Üniversitesi Yayınları, 1946.
-
Hurufilik Metinleri Kataloğu. / hazırlayan: Abdülbaki Gölpınarlı. – Ankara : TTK Yayınları, 1989.
-
Kut, Günay. Refîî // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C. 34. - İstanbul: Türkiye Diyanet. Vakfı. – 2007. -S. 526-527. (www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=340527)
-
Şıhıyeva S. Seyyid Nesimi ve Mir Hemze Nigari: Poetik Sözün Seyri // I Beynəlxalq Həmzə Nigari Simpoziumu (31 Mayıs-01 Haziran 2012, Amasya). - Amasya, 2012. -S. 323-344.
-
Yiğit, Mehmet. Refî’î’nin Beşâretnâme’si: Dilbilgisi-Karşılaştırmalı Metin-Sözlük. Doktora. - Tezi, 1986.
-
اولدوز، حسین. حروفیه و نسیمی || دیوان نسیمی. تبریز: موسسه انتشارات یاران، ب.ت
-
رفعی. بشارتنامه. کتابخانه و موزه ملی ملک استان قدس رضوی ، شماره 4598.
-
زندگی و اشعارعمادالدين نسيمی. به كوشش يدالله جلالی پنداری، تهران، نشر نی، 1993.
-
https://www.academia.edu/4854623/Ref%C3%AE%C3%AE
Saadat Şhikhiyeva
Dostları ilə paylaş: |