Ədəbiyyat :
1Azərbaycan ədəbiyyatı tariхi: 6 cilddə. C.1 /AMЕA Nizami adına Ədəbiyyat İnstitutu . - Bakı : Elm, 2004. - 706 s.
2.Cabbarlı N. Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. – Bakı : Elm və Təhsil, 2015. - 55 s.
4. Cabbarlı N. Azərbaycan mühacirət poeziyası.- Bakı : Elm və Təhsil, 2014. - 117 s.
5. Cabbarlı N. Azərbaycan mühacirət nəsri. – Bakı : Elm və Təhsil, 2011. - 138 s.
7. Cabbarlı N. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. – Bakı : Elm, 2009 - 71 s.
8.Əhmədov B. Azərbaycan mühacirət ədəbiyyatı. Təşəkkülü, Problemləri.- Bakı : Elm və təhsil, 2017. - 374 s.
9. Qarayev Y. Azərbaycan ədəbiyyatı : XIX və XX yüzillər. – Bakı : Elm,2002. - 740 s.
10. Sultanlı V. Azərbaycan mühacirət ədəbiyyatı. - Bakı, 1993. - 156 s.
Tunzale Seyfullayeva
SEVERAL WORDS ABOUT THE ACTİVİTİES OF ABAY DAGLI,
A MİGRANT PLAYWRİGHT
Summary
This article deals with the history of the foundation of the Azerbaijani immigrant literature and gives information about the life and activities of Abay Dagli, writer-playwright, one of the well-known representatives of the immigrant literature.
SAMİRƏ ƏLİYEVA
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
samira-1971@yandex.com
ŞƏRƏF XANIM ƏR-RUMİ “DİVAN”ININ İSTANBUL VƏ BAKI
ƏLYAZMA VƏ MƏTBU NÜSXƏLƏRİ
1. İstanbul əlyazma nüsxəsi. Bu əlyazma nüsxəsi İstanbul Universiteti kitabxanasında T.2808 şifrəsi altında mühafizə olunur. 98 vərəqdən (196 səhifə) ibarətdir. 24x18,4, 18,4x9,5sm. ölçülərindədir. Riqə xəttilə keyfiyyətli, ahərli, açıq saman rəngli Avropa kağızına yazılmışdır. Sətir əvvəlindəki sözlər qırmızı, digər yazılar qara mürəkkəblə yazılmışdır. Cildin üz qabığı açıq lacivərd rəngli kağız, arxa qabığı isə lacivərd meşindən ibarətdir. Cildin iç qapağı açıq yaşıldır. Heç bir əlavə qeyd yoxdur. XIX əsrin sonlarına doğru yazıldığı təxmin edilir. Əlyazmanın forzasında başda kitabxana- nın rəsmi möhürü vurulmuşdur. Harada köçürüldüyü barədə qeyd yoxdur. Bu nüsxədə klassik şeir janr və formalarından bir “Bəsmələ” mənzuməsi, 7 minacat, 3 tövhid, 20 nət, 18 mərsiyə, 1 Həzrət Əli (ə) mədhiyyəsi, 1 çaryar mədhiyyəsi, 1 Veysül-Qərəni mədhiyyəsi, 4 Mövlana və mövləvilik mədhiyyəsi, 2 Əbdülqadir Gilani mədhiyyəsi, 1 Əhməd ər-Rüfai mədhiyyəsi, 1 Qadirilik mədhiyyəsi, 1 Nurəddin Cərrahi mədhiyyəsi, 11 müsəddəs, 1 müxəmməs, 13 təxmis, 4 qəsidə, 1 məsnəvi, 75 tarix, 191 qəzəl, 2 müstəzad, 29 şərqi, 84 qit`ə, 33 beyt, 2 lüğəz, 2 mənzum məktub, 1 təsbih təşəkkürnaməsi, uşaq üçün yazılmış 1 məsnəvi yer almışdır.
İstanbul əlyazma nüsxəsi başlanır:
گرکدر اولنده هر امورﻙ یاد بسم الله
آنی الزمدر اتمک مطلقا معتاد بسم الله
Gərəkdir əvvəlində hər ümurun yadi-bismillah,
Anı əlzəmdir etmək mütləqa mö`tadi-bismillah.
Bitir:
عمرو کمالک زياد
طالع و بختک گشاد
کوکلنی غایتله شاد
ایده جناب خدا
Ömrü kəmalın ziyad,
Talevü bəxtin güşad,
Könlüni qayətlə şad
Edə Cənabi-Xuda.
2. Birinci mətbu (Türkiyə) nüsxəsi.
Birinci çap olunmuş nüsxə əlyazma nüsxəsinin demək olar ki, eynisidir. Çox güman ki, bu cap nüsxəsi ی nüsxəsinin əsasında hazırlanmışdır. Hətta böyük ehtimalla bunun əksini də söyləmək olar, çünki XIX əsrdə və sonra yazılan bir çox divanların əlyazma nüsxəsinin və nüsxələrinin daha əvvəl çap olunan mətbu nüsxələrindən köçürüldüyü artıq məlumdur. Şərəf xanımın ölümündən yeddi il sonra hicri 1284-cü ildə (m.1867) çap olunan bu nüsxənin sonunda çap qeydi belədir: “Mətbəeyi-Amirədə təb olunmuşdur. Fi 12 rəbiül-əvvəl sənə 1284”. Bu nüsxə iki hissədən ibarətdir. Birinci hissə 135 səhifə, qəzəllərlə başlayan ikinci hissə isə 115 səhifədir. Kitab iki hissə birlikdə 250 səhifədən ibarətdir. Bu nüsxənin sonundakı cap qeydi bu şəkildədir: “Fi 12 rəbiül-əvvəl sənə 1284”. Nüsxə tünd qəhvəyi rəngli qalın karton cildə tutulmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində bu çap əsərinin bir nüsxəsi II-329 şifri altında saxlanılır.
Başlanır:
گرکدر اولنده هر امورﻙ یاد بسم الله
آنی الزمدر ایتمک مطلقا معتاد بسم الله
Gərəkdir əvvəlində hər ümurun yadi-bismillah,
Anı əlzəmdir etmək mütləqa mö`tadi-bismillah.
Bitir:
عمرو کما لک زیاد
طالع و بختک گشاد
کوکلنی غایتله شاد
ایده جناب خدا
Ömrü kəmalın ziyad,
Talevü bəxtin güşad,
Könlüni ğayətlə şad,
Edə Cənabi-Xuda.
3. II Mətbu nüsxəsi (şərti olaraq ت nüsxəsi adlandıraq)
İkinci mətbu nüsxəsinin çap qeydi belədir: “İşbu divani-müstətab, məşhuri-afaq mərhumə Şərəf xanımın əsəri-pəsəndidələri olub İrgad bazarında şeyx Yəhya əfəndi mətbəəsində ikinci dəfə olaraq bin iki yüz toqsan iki sənəsi rəbiülaxirində əmri-təbi xitama rəsidə olmuşdur. Sənə 1292 (1875)”. Bu mətbu əsər Şərəf xanımın özü kimi şairə və mövləvi təriqətində olan bacısı qızı Xədicə Nəqiyyə xanım (hicri 1262/miladi -1846, h.1316/m.1899) tərəfindən çapa hazırlanmışdır.
Yuxarıda haqqında danışdığımız bu mətbu nüsxə Şərəf xanımın vəfatından 8 il sonra çap olunmuşdur. Bu mətbu əsər 3 hissədən ibarətdir. Birinci hissə 168 səhifə, ikinci hissə 115 səhifə, üçüncü hissə 60 səhifədən ibarətdir. Ümumilikdə cəmi 343 səhifədən ibarət olan bu nüsxədə səhifə nömrələri 168+175 şəklində sıralanmışdır. 168 səhifədən ibarət olan birinci hissənin sonunda və bölmə içində, ayrıca 175 səhifəlik ikinci hissənin 115-ci səhifəsindən sonra birinci mətbu nüsxədə rast gəlmədiyimiz mənzumələr yer almışdır. Əlyazma nüsxəsi (ی) bu mətbu nüsxədən haradasa ücdə biri qədər azdır.ت nüsxəsində müxtəlif janrlarda yazılmış ümumi sayı 677 olan mənzumə yer almışdır. Çox böyük ehtimalla demək olar ki, bu mətbu nüsxənin əsasını təşkil edən əlyazma nüsxəsi dövrümüzə gəlib çatmamışdır.
Başlanır:
اولنده هر امورﻙ یاد بسم الله گرکدر
آنی الزمدر ایتمک مطلقا معتاد بسم الله
Gərəkdir əvvəlində hər ümurin yadi-bismillah,
Anı əlzəmdir etmək mütləqa mö`tadi-bismillah.
Bitir:
بن اولورسمده شرف عالمده
ظاهرا يوق ایسه ده اولادم
هر غزل بر ولد قلبمدر
حشره دﻙ ینه گم اولمز آدم.
Bən ölürsəm də, Şərəf, aləmdə,
Zahira yox isə də övladım.
Hər qəzəl bir vələdi-qəlbimdir,
Həşrədək yenə güm olmaz adım.
4. Bakı əlyazma nüsxəsi (şərti olaraq م nüsxəsi kimi adlandırılmışdır) AMEA Məhəmməd Füzuli adına Əyazmalar İnstitutunda B-1299/2922 şifrəsi altında saxlanılır. Mərhum şair və tədqiqatçı Əlabbas Müznib tərəfindən qarışıq nəsx xətti ilə köçürülmüş bu nüsxə “Qəzəliyyat” adlanır. Əlyazma 24x15 sm ölçüsündə qarışıq zoğalı və qırmızı rəngli əbru tərzində olan müasir dəri cildə tututlmuşdur. Əlyazma açıq yaşıl rəngli qovluqda saxlanılır. Əlyazmanın titul səhifəsində – forzasında Ə.Müznibin öz xətti ilə ərəb qrafikası ilə تورکیه لی شرف خانمک غزلیاتی )“Türkiyəli Şərəf xanımın qəzəliyyatı”(, səhifənin aşağı hissəsində, sağ küncdə: ۲۵۰صحيفه لی کندی ديوانندان آلنمشدر (“250 səhifəli kəndi divanından alınmışdır”) yazılmışdır. Həmin səhifədə iki üçbucaqlı müəssisə möhürü basılmışdır. Əlyazma vaxtilə mətbəələrdə hazırlanan, mütəxəssislərinin qeyd etdiyi kimi, çay və ya qənd satışı üçün nəzərdə tutulan üzərində müxtəlif rəsmlər yerləşdirilən parıltılı və qalın kağızların əks tərəfinə qara mürəkkəblə oxunaqlı nəsx xəttilə hər vərəqə bir şeir – qəzəl olmaqla yazılmışdır. Bu əlyazmada yalnız Şərəf xanımın qəzəlləri yer alıb. م nüsxəsində Şərəf xanımın 189 qəzəli yer almışdır. Hər bir şeirin sonunda – məqtə beytində şairənin adı – təxəllüsü bu formada, yəni mötərizə içərisində “( شرف )” kimi verilib. Eləcə də səhifənin aşağı hissəsində yenidən “Şərəf xanım” sözü - “شرف خانم ” şəklində yazılıb. Bu əlyazma nüsxəsi belə başlanır:
لاابالی مشربم قيد وقار اولماز بکا
عاشق شوريده يم ناموس عاراولماز بکا
Laübali-məşrəbəm, qeydi-vüqar olmaz bana,
Aşiqi-şuridəyəm, namusü ar olmaz bana.
Əlyazma bitir:
مايوس ايسه کده ايله شرف مطلبک طلب
نوميد اولما رحمت حضرت توکنمدی
Mə`yus isən də, eylə, Şərəf, mətləbin tələb,
Novmid olma, rəhməti-Həzrət tükənmədi. (2,189)
ب nüsxəsindən köçürüldüyü ehtimal olunan bu əlyazmada, ardıcıllıq nöqteyi-nəzərindən birinci mətbu nüsxəsində yerləşən bir neçə əsərin yer almadığını aşkar etmişik. Məsələn, şərti olaraq م adlandırdığımız əlyazmada I mətbu nüsxəsinin II hissəsində (ب, II, 9) yerləşən sıra sayı etibarı ilə on doqquzuncu olan mənzumə – müstəzad nədənsə əks olunmayıb. Həmin əsərdən – şeirdən bir neçə misranı aşağıda göstəririk:
دلداره یوق احوالمی عرض ایتمکه قدرت د خی رخصت بولسم
عشق ايتدی بنی واله و دمبستۀ حيرت
چون قالب صورت
Dildarə yox əhvalımı ərz etməgə qüdrət,
Bulsam dəxi rüxsət.
Eşq etdi bəni valehü dəmbəsteyi-heyrət,
Çün ğalibi-surət.( بnüsxəsi,II, səh.9)
Və belə bir fakta yenə də ب nüsxəsinin ikinci hissəsində səh. 39-da rast gəlirik. Yəni şərti olaraq م adlandırdığımız Bakı nüsxəsində aşağıda iki beytini nümunə verdiyimiz şeir – müstəzad yer almayıb.
Ol şəm`i bu şəbxaneyi-əğyardə sandım,
Ətrafı tolandım,
Ta sübhə qədər atəşi-qeyrət ilə yandım,
Mövlayə tayandım. (ب, I, 39)
Bu faktlar bir daha göstərir ki, böyük ehtimalla Əlabbas Müznib bu əlyazmaya katib kimi müdaxilə edərkən onu çap etdirmək iddiasında olubmuş. Ona görə də janr etibarı ilə qəzəldən fərqli olan müstəzadları bu əlyazmaya daxil etməyib. Bu faktı həm də o zaman hakim olan qəddar rejimin dinə olan münasibətindən irəli gələn şərtlərlə də izah etmək olar, yəni bu müstəzadlar dini məzmun daşıdığı üçün (məs. “Mövlayə tayandım” qafiyəli şeir) əlyazmaya köçürülməyib.
Qeyd etmək lazımdır ki, Əlabbas Müznib bir çox azərbaycanlı və türk şairlərinin əlyazmalarını toplayaraq çap etdirmək məqsədilə üzünü köçürmüşdü. Lakin təəssüflər olsun ki, sovet hakimiyyətinin 30-cu illər repressiyası bir çox ziyalılarımız kimi onun da həyatına son qoymuş, ədib amansız rejimin qurbanı olmuş və bu əsərləri çap etdirmək ona müyəssər olmamışdı. Onun müxtəlif şair və ədiblərin yaradıcılığından topladığı həmin əsərlərdən bir neçəsi son illər ərzində Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən ərəb qrafikasından müasir latın əlifbasına transfoneliterasiya olunaraq nəşr olunmuşdur.
Ədəbiyyat:
-
دیوان شرف حانم, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu,
şifr: II-329 (727).
-
شرف خانم , AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, şifr : B-1299.
3. Arslan Mehmet. Şeref Hanım Divanı. - İstanbul: Kitabevi Yayınları, 2002. - 548 s.
4. Mardin Yusif. Şeref Hanım. - Ankara: Kültür Bakanlığı, Milli Kütüphane Basımevi, 1994. - 238 s.
Samira Aliyeva
BAKU AND İSTANBUL COPİES SHARAF KHANUM ER-RUMI`S DİVAN
Summary
In the given article detailed information about the copies of “Divan” by Sharaf khanum bint Mehmed bek ar-Rumi – the famous Turkish poetess, having distinguished place among representatives of the XIX century Turkish literature. In this article scientific-paleographical description of the copies of “Divan” has been reflected. The article also deals with the quantity of works included into the copies of “Divan”.
İBRAHİM GULİYEV
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
ibrahimquliyev27@gmail.com
“TURANDOT” OPERASININ TÜRK QƏHRƏMANI
Məlumdur ki, Nizami Gəncəvinin Avropada ən çox tədqiq olunan əsərlərindən biri, bəlkə də, birincisi şairin 1197-ci ildə bitirdiyi “Yeddi gözəl” poemasıdır. Nizaminin digər əsərlərində qoyduğu ədalətli hökmdar, daha doğrusu, kamil insan-şah problemi “Yedd gözəl”də iki planda: Bhrami Gurun dünyəvi fəaliyyətində və poemanın süjetinə Bəhram vasitəsilə daxil olan yeddi şahzadənin danışdığı nağıllar və rənglər simvolikası ilə həll edilmişdir. Şairin bütün əsərlərində süjet trayektoriyası qaranlıdan-işığa, qaradan-ağa, zülmdən-ədalətə doğru inkişaf üzərində qurulmuşdur. “Yeddi gözəl”in fərqi daha çox onun zaman və məkan sonsuzluğunda, sufi mahiyyətində, daxili və zahiri proseslərin bir-birini tamamlamasındadır. Buna görə də təkcə tədqiqatçılar deyil, həm də incəsənət və ədəbiyyat adamları dönə-dönə bu əsərə müraciət etmiş, onun təsiri ilə musiqi sahəsində ölməz nümunələr yaratmışlar. Bu sırada italiyalı bəstəkarlarlar Karlo Qotsinin, Cakoma Puççininin, alman şairləri Şillerin, Hotenin, Şligelin, Azərbaycan musiqi sənətinin korifeylərindən olan Qara Qarayevin adlarını çəkə bilərik.
“Yeddi gözəl” əsərinin əsasında Avropada ilk səhnə əsərini Karlo Qotsi yaratmışdır. “Turandot” adlanan bu operaya Nizami “Yeddi gözəl”inin təsirini araşdıran Nyu York Universitetinin professoru, dünya şöhrətli alim P.Çelkovski həm süjet, həm xarakterlər, həm də hadisələr və onların inkişaf dinamikası baxımından anoloji xüsusiyyətləri diqqətə çatdırmışdır. Nyu Yorklı professor “Puççinin “Turandot” operası Nizami “Yeddi gözəl”inin qırmızı günbəz nağılı əsasında yazılıbmı?” adlı məqaləsində C.Puççini operasının da dahi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin motivləri əsasında yazılması inkaredilməz faktlarla sübut edilmişdir. Konkret mövzunun üzərinə keçməzdən əvvəl qeyd edək ki, mərhum professor Vaqif Arzumanlı “Nizami Gəncəvinin dünya şöhrəti” adlı kitabında P.Çelkovskinin Nizami irsinə marağı barədə məlumat vermişdir. O, yazır: “P.Çelkovskinin fikrincə, sonralar məhz Nizaminin bu əsərinin motivləri əsasında böyük italyan bəstəkarı Cakoma Puççini (1858-1924) özünün “Çio Çio San” operasını yaratmışdır.” (1.s.30-31)
Bu məsələ araşdırmamızın əsas istiqamətlərindən biri olduğu üçün qeyd edirik ki, Cakoma Puççini “Yeddi gözəl”in qırmızı günbəz nağılı əsasında “Çio Çio San” operasını deyil, “Turandot” operasını yazmışdır. C. Puççininn “Çio Çio San” operasına gəldikdə isə, bu əsər David Belaskonun Yaponiya həyatından bəhs edən “Geyşa” dramının motivləri əsasında Luici İllika və Cüzüppe Cakozanın librettosuna yazılmış iki pərdəli, üç hissəli operadır.
C.Puççini “Turandot” operasın 1924-cü ildə onun son notlarını yazmadan dünyadan köçmüş, 1926-cı ildən başlayaraq opera dünyanın ən məşhur opera teatrlarında parlaq səhnə həyatı yaşamaqdadır (۲.۷۱۶) .
İlk əvvəl operanın meydana gəlmə taixinə qısa bir nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi, Cakoma Puççinidən əvvəl bu ad və mövzuda səhnə əsərini Karlo Qotsi (1720-1806) yaratmışdı. Onun “Turandot”u İtaliyada süqut dövrünü yaşayan məşhur comedi del arte janrını xilas etmiş, Şiller, Göte kimi Avropanın romantik şairlərinə, Busoni, Puççini kimi məşhur opera bəstəkarlarına ilham vermişdi. P.Çelkovski yazır: “Fikrimizcə, “Turandot” dastanı Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki Qırmızı günbəzdən iqtibas edilmiş və Turandot adı da “turandoxt”, yəni turan qızından götürülüb”.
Məlum olduğu kimi, “Yeddi gözəl”in baş qəhrəmanı V Sasani hökmdarı Bəhramı Gurdur. Bəhram Gur dünyanın yeddi ölkəsindən gətirdiyi yeddi şahzadə üçün yeddi günbəz tikib, hər gün onlardan birinin görüşünə gedir. Seşənbə günü Bəhram qırmızı köşkdə səqlab (slavyan) ölkəsindən gələn qızdan bir nağıl danışmasını istəyir, o da rus elindən olan qızın əhvalatını söyləyir. Qız dağın başında bir qəsr tikdirib orada yaşayır, ağıllı və cadu elmindən baş çıxaran bu qıza çatmaq arzusunda olanların hamısı qalaya gedən yolda məhv olurlar. Qalaya gedib çatan olsa da, o qızın dörd sualına cavab vermədən ona qovuşa bilməz.
Birbaşa səhnə üçün tamaşa yazan Qotsi Nizami dastanının birinci hissəsini, yəni şahzadə xanımın qalasına çatmaq üçün elçilərin keçdikləri çətin yolu kənara qoyaraq, əhvalatları dastanın elçilərin müəmmalara cavab verməli olduqları ikinci hissəsindən başlamışdır. Qotsi Turandotu Çin imperatorunun qızı etmiş, dastanın baş verdiyi yeri Pekinə köçürmüşdü. O, italiyalı Tartalyanı Çinin Baş nazirinə, Briqlanı səltənət xidmətçilərinin rəisinə, Trufaldinonu Turandotun hərəmsarayının xacəsinə çevirmişdi. Tamaşanın əvvəlində Pekinin əsas darvazası önündə müəmmanı cavablandıra bilmədiyi üçün edam olunması qərara alınan Səmərqənd şahzadəsi görünür. Bu zaman Teymurun oğlu şahzadə xələf gəlir. O, düşmənləri tərəfdən məğlub olduqdan sonra öz məmləkətindən qaçmalı olub. Xələf Turandotun tablosunu görən kimi dəli-divanə olur. Dostu Berak çalışır ki, onu fikrindən döndərsin, buna görə deyir: “… Bu şəkli kənara tulla. Səni and verirəm Allaha bu öldürücü zəhəri içmə”. Xələf isə razılaşmır və qətiyyətlə deyir: “Berak, mən bəxtimi sınamalıyam. Onun müəmmasını həll etməklə ya həmişəlik xöşbəxt olmalı, ya da canımı verib bu ağır yükdən xilas olmalıyam”.
Sonrakı dörd pərdə xələf və Turandotun dramatik qarşıdurmasını nişan verir.
P.Çelkovski yazır: “Puççini “Turandot” adlı öz məşhur operasının mətnini Qotsinin Şiller tərəfindən iqtibas edilən alman variantından götürmüşdü. Lakin Puççini daha çox Çinə məhəbbətin, Çin adətlərinin təsiri altında olduğundan, Qotsinin Pantalunesini, Tartaliyanasını, Briqlanasıı, Trufaldinosunu dəyişib sədr-əzəm Ping, xidmətçibaşı Panq, aşpazbaşı Pung etdi…” (۲.۷۱۹).
Göründüyü kimi, Qotsi və Puççini hadisələri Uzaq Şərqə, yəni Çinə aparıb çıxarmışlar. Puççini Qotsidən fərqli olaraq onların adlarını da çinliləşdirilmişdir. Çelkovski Turandotun çinli kimi qələmə verilməsini, Uzaq Şərqə aparıb çıxarılmasını Puççininin Çinə sevgisi ilə izah edir. Onun fikrincə isə, “Turandot” dastanının mövzusu operasevərlərin əksəriyyətinin təsəvvürlərinin əksinə olaraq, Uzaq Şərqdən deyil, Orta Şərqdən götürülüb. “Puççininin operasında Turandot bir çinli xanım şahzadə kimi verildiyindən və dastandakı hadisələr Çində cərəyan etdiyindən, bu operanın musiqisində də bəzi Çin notlarından istifadə edildiyindən, çoxları onun əslinin Uzaq Şərqdən gəldiyini qəbul edirdi. Çox ehtimal ki, əsərin mövzusu İrandan alınıb və Nizaminin “Yeddi gözəl”ində Qırmızı günbəzin əsasında yazılıb. Əlbəttə, daha sadəsi odur ki, bu iki oxşarlıqları birgə göstərək ki, birinin digərindən iqtibas olunduğunu sübut edək və ya dastanın bir mədəniyyətdən digər mədəniyyətə keçirildiyi göstərək (۲.۷۱۴).
Lakin P.Çelkovskinin özünün bu fikirləri səsləndirərkən, yəni mövzunun İrandan alınması, hadisələrin İranda cərəyan etməsi fikirlərinin nəyə əsaslandığı bəlli olmur. Əgər söhbət birbaşa “Yeddi gözəl”dən və “Seşənbə günü Bəhramın qırmızı günbəzli saraya getməsi”ndən gedirsə, adıçəkilən hissədə İran barədə danışılmır. Səqlabi qız (yəni slavyan qızı) Bəhrama rus elində baş verən bir əfsanədən danışır:
گفت کز جمله ولایت روس
بود شهری به نیکوی چو عروس
پادشاهی درو عمارت ساز
دختری داشت پروریده به ناز
(Dedi ki, rus vilayətlərinin birində, gözəllikdə gəlin kimi bəzənmiş bir şəhər vardı. Orda padişah bir imarət tikmişdi, naz içində böyümüş bir qızı vardı)
P.Çelkovski bir mədəniyyətdən digər mədəniyyətə keçdiyini deyərkən, həmin motivlərin farsdan İtaliyan mədəniyyətinə keçməsinə işarə edir. Amma niyə farsdan İtaliya mədəniyyətinə keçdiyini də demir. Alim məqaləsinin bir yerində dastanın İtaliyaya gəlməsi yollarını araşdırdığını bildirərək yazır: “Mən şəxsən bu dastanın Orta Şərqdən İtaliyaya köçürülməsini öyrənərkən, əvvəl Karlo Qotsinin həyatına diqqət yetirdim, yəni Venesiya şəhərinə. Venesiya Marko Polo zamanından Orta Şərqlə sıx ticari, siyasi, mədəni əlaqələrə malik olmuşdur.
1557-ci ildə Venesiyanın Tramezzino mətbəəsi Şərq əfsanələrinin bir cildini “Səradib padişahının üç cavan oğlunun səfərləri və macəraları” adı altında çap etmişdir. Kitabın titul vərəqində yazılıb ki, bu mətn Kristofor adlı bir şəxs tərəfindən italiyancaya tərcümə edilib. Bu adam, yəni Kristoforun kitaba yazdığı qısa müqəddimədən belə başa düşürük ki, o, Taurus şəhərindən Venesiyaya gəlmişdir. Şəksiz ki, həmin şəhər Təbrizdir”.
Göründüyü kimi, söhbət 1557-ci ildən, Səfəvilər hakimiyyətinin ən qüdrətli dövründən gedir. Deməli, qısa desək, Turandotun Avropa səfəri, yəni “bir mədəniyyətdən digər mədəniyyətə keçidi” Təbrizdən başlayıb. Digər tərəfdən, Nizami Gəncəvi yuxarıda adıçəkilən əfsanədə təsvir etdiyi qızın ruz şahzadəsi olduğunu demir, sadəcə olaraq rus elində yaşayan padişahın naz içrə bəslənmiş şahzadəsi olduğunu vurğulayır. P.Çelkovski dastanın qısa məzmununu nağıl edərkən onu rus şahzadəsi kimi qəbul edir: “Bu rus şahzadə xanım hər bir kəsdən çox bilir və bütün məsələlərdə mahir idi. Elçilər onun dağ başındakı qəsrinə gedən yolun üstündəki qılıncoynadanların əlindən canını qurtara bilmədiklərindən o heç bir kəslə izdivac girə bilmirdi. Bundan əlavə, elçi qalaya daxil olmaq üçün qıfıl və zəncirləri açmalı idi”.
P.Çelkovski şahzadənin rus gözəli olmasını sadəcə ehtimal edir, daha doğrusu, hadisənin rus elində baş verməsi ona bu qənaətə glməyə imkan verir. Lakin Nizami poemanın heç bir yerində onun rus olmasına işarə etmir. O da aydındır ki, rus elində təkcə ruslar yaşamayıb, tarix boyu rus tayfaları türklərlə eyni əraziləri bölüşüblər. Çelkovskinin bəhs etdiyi sasani hökmdarı Bəhram Gur zamanında isə, ruslar, ümumiyyətlə tarix səhnəsində görünməmişdilər. Halbuki N.Gəncəvi rus elindəki əzəmətli padişahlıqdan, gözəllikdə onun tayı-bərabəri olmamasından danışır. Müasir dövrün nüfuzlu tarixçilərindən sayılan Yelena Serqeyevna Qalkina “Russkiy kaqanat. Bez Xazar i normanov” adlı kitabında yazır ki, indiki normanistlərin təsəvvürünə görə, VIII-X əsrlərdə Şərqi Avropa təxminən iki bərabər nüfuz dairəsinə bölünmüşdü: şimal vilyətlərindən xərac toplayan oğru normanlar (ruslar), cənubda Xəzər xaqanlığı” (Галкина, Елена Сергеевна. Русский каганат. Без хазар и норманнов, М.:Алгоритм, 2012, ст 5, 336 с. ). Rus tarixini dərinləşdirmək istəyən müəlliflər belə VI əsrdən o tərəfə gedə bilmirlər: “VI əsrdə Qara dəniz və Qafqazda şərq müəllifləri rusları xatırlatmağa başlayıblar” (yenə orada). Nizami Gəncəvinin öz əsərinə qəhrəman seçdiyi I Yəzdigürdün oğlu V Bəhramın V əsrdə (420-438) Sasani imperiyasına rəhbərlik etdiyini nəzərə alsaq, onda ruslardan ümumiyyətlə söhbət gedə bilməz, həmin dövrdə tarixdə rus adı olmayıb. Donun aşağı axarlarında, Şimali Dona yaxın rayonlarda, Volqa boyunda isə türk tayfalarının yaratdığı xaqanlıq məşhur idi. O, türklərin yaratdığı böyük dövlətlərdən biri kimi tarixə düşüb (3).
Digər tərəfdən, qırmızı rəng simvolikasının özü də Turandotun iranlı yox, türk əsilli şahzadə olduğunu söyləməyə imkan verir. Əksər tədqiqatçılar Xəzər türklərinin etnik antropologiyasını verərkən onların dərilərinin piqmentasiyasının “mis rəngli”, “saçlarının qara və qara-qırmızı” olduğunu bildirmişlər (4). Ərəb alim və tarixçiləri, o cümlədən islamşünaslar türkləri təsvir edərkən onlarının qüvvətli, sağlam, üzlərinin qırmızı olduğunu xüsusi vurğulamışlar. Türk alimi, professor Zəkəriyya Kitabçının «Türk Dünyası Araşdırmaları Vakfı» tərəfindən çap olunmuş “Peyğəmbərin hədislərində türk varlığı” adlı məqaləsində də hədislərə istinadən “türklərin güclü, qüvvətli, geniş və yuvarlaq üzlü, qıyıq gözlü, nazik və yastı burunlu, qırmızı bənizli insanlar” olduğu bildirilr. Başqa bir hədisdə də peyğəmbərin ərəblərə bu qüvvətli xalq ilə üz-üzə gəlməməyi, onlarla konfliktdən yan keçməyi tövsiyyə etdiyi nəql olunur: “sizlər tükdən çarıq geyən qıyıq gözlü qırmızı bənizli, yastı və nazik burunlu, dəriləri qalxan kimi olan bu qüvvətli tayfa ilə müharibə etməsəniz qiyamət qopmayacaq”. http://www.gumilev-center.az/peyg-mb-rin-h-disl-rind-turk-varligi-ii-m-qal/
Nizaminin təsvir etdiyi şahzadənin üzü qırmızı, gözləri nərgizə bənzəyir. Aşağıdakı beytlərdə bunu daha aydın görürük:
زیست با او به ناز وکامه خویش
چون رخش سرخ کرد جامه خویش
Əyləndirdi onu gözəl şah qızı
Paltarı üzütək oldu qırmızı.
Yaxud gözlərin nərgizə oxşaması ilə bağlı beytlərə fikir verək:
Şair, iki yerdə şahzadənin nərgiz gözlü olmasını qabardır:
خواب نرگس خمار دیده او
ناز نسرین درم خریده او
(Onun gözünün nərgiz xumarlı yuxusu,
Nəsrinin nazını dirhəmlə almışdı).
Əhvalatın sonunda şair bir daha bu məcazın üzərinə qayıdır.
مهره خویش دید در دستش
مهر خود در دو نرگس مستش
(Öz möhrünü onun qolunda gördü
Iki nərgiz gözündə öz məhəbbətini gördü)
Nərgiz göz bir məcaz olaraq ədəbiyyatda daha çox türk etnosu ilə bağlı işlənmişdir. O, qıyıq göz mənasını vermişdir. Digər tərəfdən, qırmızı rəng həmişə türklərlə bağlı işlənmişdir.
Görünür, Karlo Qotsi “Turandot”u yaradarkən obrazın etnik mənşəyini təyin edə bilmiş buna görə onu turandoxt, yəni turanlı, türk qızı kimi təqdim etmişdir. Cakoma Puççinini isə obrazın kimliyi deyil, səhnənin möhtəşəmliyi və əzəməti maraqlandırmış və Çelkovskimnin dediyi kimi, bəstəkarın Çinə olan məhəbbəti onu Uzaq Şərqə aparıb çıxarmağa vadar etmişdir. P.Çelkovskinin Puççini tərəfindən hadisələrin Uzaq Şərqə aparılmasına qarşı olmasını başa düşsək də, opera qəhrəmanının iranlı olması haqqındakı qənaətini əsaslı hesab etmək mümkün deyil. Fikrimizcə, Turandot rus elində yaşayan qədim türk tayfa başçılarından birinin qızıdır. Həm də bunu onun təkcə zahiri cizgiləri deyil, xasiyyəti, davranışı, amansızlığı da təsdiq edir. Turandotda həddən artıq qürurlu, kübar bir qadındır. Lap Nizaminin öz həyat yoldaşı Afaq kimi!
Dostları ilə paylaş: |