Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə18/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Ədəbiyyat :

  1. Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti : monoqrafiya. - Bakı : Elm, 1997. - 184 s.

  2. مجله ایرانشناسی ،تهران، سال سوم، ص. ۷۱۶

  3. http://www.turkinfo.org/2016/02/26/x%C9%99z%C9%99r-turkl%C9% 99rinin-etnik-antropologiyasi/.

  4. http://www.turkinfo.org/2016/02/26/x%C9%99z%C9%99r-turkl%C9% 99rinin-etnik-antropologiyasi/.

Ibrahim Guliyev

THE HEROİNE OF THE OPERA "TURANDOT" İS A TURKİSH WOMAN

Summary
In the article the author examines the ethnic origin of the heroine of the opera "Turandot" was written by Carlo Gozzi and Giacomo Puccini. The author of the article proves that this opera was created under the influence of the poem "The Seven Beauties" by Nizami. He explains that the events in the opera were happened in China, with the love of creators for abovementioned Empire. In fact, as the author tries to prove, Turandot, the heroine of the opera of the same name is a Turkish woman, and her father is the head of the ancient Turkic Khanate.
ABİD TAHİRLİ

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru

habidtahirli@gmail.com
ABAY DAĞLININ «ATATÜRK-CƏBHƏLƏRDƏ VƏ ÇANKAYADA» PYESİ
Ədəbiyyatımızda Atatürk obrazı maraqlı, geniş mövzudur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan 30-cu illərin əvvəllərinədək - Stalin hakimiyyəti dövründə bu mövzuya qadağa qoyulana kimi Atatürkün şərəfinə bədii əsərlər yazılmışdır. Mikayıl Müşfiq 1930-cu ildə qələmə aldığı və

Könlüm əmr etdi, mən qulaq asdım,



Bu şeiri, ey dahi eşqinlə yazdım” (1)

misraları ilə başlayan "Atatürk" şeirində sənət vadisində yolunu azmadığını, söz Vətənində Atatürk adlı abidə ucaltdığını və bununla da adını dağlara, daşlara əbədi həkk etdiyini dünyaya car çəkir, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Atatürk şəxsiyyətinə maraq xüsusi ilə artmış, ədiblərimiz, rəssamlarımız, bəstəkarlarımız Atatürkə çox sayda əsərlər həsr etmişlər. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub, Abbas Abdulla, Rəfiq Zəka Xəndan və digərləri əsərlərində Qazini sonsuz sevgi və məhəbbətlə vəsf etmişlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyinə yenicə qovuşanda daxili və xarici düşmənlər ölkənin istiqlalına ciddi təhlükə yaratmışdır. Bu zaman Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı:

Nədir arzum, diləyim tanrıdan imanla bu gün?

Talanan, bağrına dağlar çəkilən xalqım üçün:

Yeni fikrin küləyindən qoca millət darana,

Bizi birləşdirəcək bir Atatürküm yarana! (2, s.143).
Azərbaycan mühacirləri bədii-publisistik əsərlərində Türk xalqının istiqlal mücadiləsinin  hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin banisi və ilk cümhurbaşqanı Mustafa Kamal Atatürkün tarixi xidmətlərini daim yüksək dəyərləndirmiş, təqdir etmişlər. Azərbaycan mühacirət nəşrlərində, xüsusi ilə mətbu orqanlarında bu barədə kifayət qədər material var. Təkcə onu deməklə kifayətlənirik ki, Ankarada 1952-ci ildən buraxılan Azərbaycan Kültür Dərnəyinin orqanı “Azərbaycan” dərgisində Atatürklə bağlı 50-dən çox bədii və publisistik əsər dərc olunmuşdur.

A.Dağlının “Atatürk-cəbhələrdə və Çankayada” pyesi həm janr, həm həcm, həm də məzmun, mündəricə rəngarəngliyi ilə fərqlənir. 3 pərdə 15 tablodan ibarət əsər 1966-cı ildə Türkiyədə işıq üzü görmüşdür (3). Müəllifin kitaba “Atatürk mövzulu əsərlər” adlı giriş sözündən məlum olur ki, onu bu mövzuya Atatürk haqqında çəkiləcək filmə bir əcnəbinin ssenari yazması xəbəri sövq etmişdir: “Demək, bizim Atamızı bir yabançı bizə tanıdacaqmış. O, zaman ... bu film bəlkə texniki baxımdan mükəmməl olurdu, fəqət, “O”-nu bizim qəlbimizdəki “O” olaraq əsla canlandıramazdı” (2,s.5-6). Beləliklə, A.Dağlı Atatürk haqqında əsər yazmağa ciddi şəklidə girişir və qısa müddətdə “Gənc Ata” mövzulu “Hakan” və Atahan” pyeslərini yazır, rəylərini öyrənmək üçün onu Atatürkçü ziyalılara göndərir. Ankaradakı Türk Kültürünü Araşdırma İnstitutunun əməkdaşı dos.dr. Faruk Timurtaş pyesi “milli həyatımıza toxunan gerçəkləri dilə gətirən, milli və humanist bir görüşlə, xeyli qüvvətli nəzm və teatr texnikası ilə yazılmış, ictimai xarakterdə bir əsər” adlandırsa da, A.Dağlı əsərin nəşrinə nail ola bilmir. Daha sonra həmin əsərlərin əsasında haqqında bəhs edəcəyimiz pyesi qələmə alır və nəşr etdirir. Giriş müəllifin qayəsi və pyesin ideyası haqqında ilk təəssürat yaradır.

A.Dağlı Atatürkü həyatının üç mərhələsində təqdim etməyə çalışmışdır: cəbhələrdə-döyüş meydanlarında Mustafa Kamal, Kamal Paşa, Çankayada Qazi Paşa. O, I səhnədə Osmanlı ordusunun miralayı (polkovnik) kimi işğalçılara qarşı ön cəbhədədir, özünü odun- alovun içinə atır. Gülləsi tükənən və geri çəkilmək istəyən əsgərlərə ürək-dirək verir, onları irəli səsləyir:

Şimdi ricat etmək (geri çəkilmək- T.A) bir intihardır,

Fişənglər (güllə- T.A) bitmişsə, süngünüz vardır ( 3,s.16).
Miralay Mustafa Kamal sevgi və sayğı ilə “əfəndimiz” adlandırdığı kəndlilərə müraciətlə onları da Vətəni müdafiəyə, düşmən üzərinə hücuma çağırır:

Qutsaldır bu torpaq, bu daş, bu qaya,

Gəldikləri kimi gedərlər və ya,

Yerimiz genişdir, məzar buluruz,

Taarruz ( hücum- T.A), taarruz, haydı taaruz! (3, s.24).
Döyüşə girmək istəməyən, özünü qəsdən yaralayan Müfəttişin ( gələcək Vəzirin), onun yaltaq və yaramaz Katibinin, Kahyanın (dəllal-təlxək- T.A.) timsalında qorxaqlara, satqınlara və Vətən xainlərinə xitabı Mustafa Kamalın istiqlal atəşi ilə alışıb-yandığını əks etdirir:

Bir Vatan çöküyor, cürükmüş sanki,

Sənin, mənim canım nə imiş sanki?

Bu işdə əsgərlər və bütün bütün (büsbütün, tamamilə-T.A.)

Köylü əfəndilər sizdən çox üstün (3, s.30).
Birinci pərdənin sonuncu səhnəsində Mustafa Kamal artıq paşa rütbəsində və qiyafəsindədir, alman generalı onu sevgi və sayğı ilə salamlayır, təbrik edir. Bu zaman isə Osmanlı məmuru sultanın fərmanını paşaya təqdim edir. Döyüşlərin bu ağır çağında Şama göndərilməsini sürgün kimi qarşılayan Mustafa Kamal paşa kədərlənir, üzülür.

Əsərdə Qazi Mustafa Kamal xalq azadlıq hərəkatının lideri, mahir sərkərdə, eyni zamanda, barış, sülh carçısı, tərəfdarı, həmçinin dünyəvi dövlət qurucusu, böyük və cəsarətli islahatçı kimi təsvir olunur. Qazi qanlı döyüşlərdən sonra qarşıda onları “yeni, qansız savaşlar”ın gözlədiyini bəyan edir və əminliklə bildirir:

Nə bir röya olur, nə də bir xülya,

Barışla şənlənir, yurdum və dünya (3,s.87).


Pyesdə Mustafa Kamal paşa ilə padşahın görüş səhnəsi maraqlıdır, bir neçə cəhətdən diqqəti çəkir və həm əsərin ideyasıni, müəllifın məramını, mövqeyini öyrənməyə, həm də qəhrəmanların xarakterinin açılmasına  xidmət edir:

- taxt- tac düşkünü, qorxaq və əlacsız padşah düşmənə məğlub olduğunu etiraf edir və

“Nə yapa biliriz, qalibdir onlar.

Onları hər zaman məmnun etməli” (3,s. 39)- deyərək, təslimçilik mövqeyini tutur;

- padşahın dediklərindən və satqınlıq, xəyanət, və riyakarlıq yolu ilə sarayda yüksək mövqe tutmuş Vəzirin əməllərindən hiddətlənən Mustafa Kamal paşa Osmanlı dövründə yaşamış böyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi Tofiq Fikrətin saraya və Bizansa nifrətlə dolu “Sarmış yinə afakını bir dud-ı munannid, Bir zulmət-i beyza ki peyapey mütəzayid” ( Üfüqlərini yenə inadçıl bir duman sarmış, Bir bəyaz qaranlıq ki, getdikcə çoxalan) misraları ilə başlayan məşhur şerindən iki bənd söyləyir və

“Nə azan qalmışdır, nə də vicdanlar.

Arxada xainlər, öndə düşmənlər”- deyərək sarayı tərk edir;

- xalqın qəzəbindən ehtiyatlanan padşah “Asi masi deyə səslər yüksəlir” deyərək- Mustafa Kamal paşanın əli ilə üsyançıları cəzalandırmaq, sabitlik, sakitlik yaratmaq istəyir, Mustafa Kamal paşa isə qurtuluş savaşı üçün Anadoluya üz tutur.

Anadoluda düşmənə bir neçə cəbhədə sarsıdıcı zərbə vuran Mustafa Kamal paşa ikinci pərdənin sonlarından Qazi Paşa obrazı kimi təqdim olunur. Həmin pərdədə və III-sonuncu pərdədə onun Aşıqla, kəndli gənclərlə, Katiblə, Uşaq və (burada xidmətçi mənasında-T.A.) Kahya ilə, qəzetçi və aydınlarla görüşü həm Qaziyə, həm də digər obrazlara xas xüsusiyyətlərin daha qabarıq çıxmasına yardım edir. Pyesdə Aşıq əslində bütün Anadolunun haqq səsi, azadlıq mücadiləsinə qalxmış türk xalqının təmsilçisidir,  milli duyğuların, döyüşkənliyin, işğala- yadellilərə, eləcə də xəyanət və satqınlığa qarşı barışmazlığın sadə dillə ifadəsidir. “Cəbhədən cəbhəyə yaralar alan, sol qolu kəsilib təkqollu qalan” (3, s57) yazıçı Yedək Subay da (əsil adı Nüktecidir) əməl və əqidəsi ilə Aşığı xatırladır. O, bir əlində silah, bir əlində qələm hər kəsi düşmənə qarşı mücadiləyə səsləyir:

Haqqın, həqiqətin sözcüləriyiz,

Bir böyük axının öncüləriyiz.

Ey əziz Vatanın şanlı ərləri,

Sakarya boyunca haydı irəli!...(3.s.45).
A.Dağlı pyesdə dramaturji konfliktin kəskinləşməsi məqsədi ilə Aşıq, Yedək Subay, 1-ci Aydın, 2-ci Aydın, İxtiyar Aydın kimi obrazların mütərəqqi fikirləri ilə simasız və köhnə düşüncəli 1-ci Qəzetçi və 2-ci Qəzetçi surətlərinin baxışlarını, bir-birinə zidd mövqelərini qarşılaşdırır. Bu, bir tərəfdən, Osmanlı səltənətinə, doğma dilə, əlifbaya, qadın azadlığına, çarşaba, eləcə də, işğala, yunan ordusuna münasibətin daha qabarıq şəkildə verilməsinə xidmət edirsə, digər tərəfdən də müəllif dünyəvi dövlət quruculuğunun ilk dövrlərində Atatürk islahatlarına işarələr vurur.

Dil problemi pyesdə aparıcı xətlərdəndir və xarakterlərin fərdi keyfiyyətlərini, daxili mənəvi dünyasını, milli hiss və duyğularını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. Atatürk od- alovun içində, yadellilərə qarşı amansız mübarizə apardığı kimi, doğma dil uğrunda da eyni fədakarlıqla mücadilə edir. “Nə mutlu, Türkəm, deyənə”, “Türk demək- dil demək”- əqidəli Atatürk aşığın dilini, mütərəqqi fikirli aydınların dillə bağlı mövqelərini alqışlayır, ziyalılara xalq dilində yazmağı, danışmağı tövsiyə edir:

Sözün, düşüncənin qırılmaz bağı,



Xalqın içindədir sözün qaynağı.(3,s.88).
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Türkiyə Cümhuriyyəti yarandığı günlərdən dil siyasəti Atatürkün milli dövlət quruculuğunun prioritet istiqamətlərindən olmuşdur. Təsadüfi deyil ki, tatar xalqının böyük oğlu, Azərbaycan istiqlalçılarının silahdaşı prof. Sadri Maqsudinin (1889, Kazan- 1957, İstanbul) “Türk dili için” kitabı Qazi M. Kamalın öz əli ilə yazdığı yığcam və təsirli cümlələrlə başlayır: “Milli hiss ilə dil arasındakı bağ çox quvvətlidir. Dilin milli və zəngin olması milli hissin inkişafında başlıca müəssirdir. Ölkəsini, yüksək istiqlalını qorumasını bilən Türk milləti dilini də yabançı dillər boyunduruğundan qurtarmalıdır” (4,s.30). Dilin təmizliyi uğrunda mücadiləni, əlifba islahatını “cəhalətin kökünün qazılması” kimi dəyərləndirən Atatürkün qadın azadlığına qızların təhsilə cəlb olunmasına münasibəti “qadın ərkəkdən də aydın olmalı” (2,s.90) sözləri ilə parlaq ifadə olunmuşdur.

Qeyd olunan bütün bu müsbət cəhətlərlə yanaşı, A.Dağlının “Atatürk-cəbhələrdə və Çankayada” pyesi  bədii-estetik məziyyətləri, dil-ifadə vasitələrinin zənginliyi, forma orijinallığı baxımından böyük sənət nailiyyəti kimi dəyərləndirilə bilməz. Pyesdə tarixi şəxsiyyətlər olsa da, tarixi hadislərərin bədii lövhələri bəzən bəsit, qondarma təəssürat yaradır. Əsərin bu cəhətinə diqqəti çəkən filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı “A.Dağlının mühacirət dövrü yaradıcılığı” monoqrafiyasında doğru olaraq yazır ki, “müəllifin (A. Dağlının- T.A.) müraciət etdiyi tarixi dövrün kəskin dramatik situasiyalarla zənginliyinə rəğmən, bu cəhət əsərdə lazımi bədii-dramaturji həllini tapa bilmir. Belə ki, Vətən tarixinin taleyüklü məqamında ictimai-siyasi səhnədə və hərb meydanında üz-üzə gələn qüvvələrin xarakterlərinin deyil, mövqelərinin qarşılaşdırılması, müəllif ideyasının dialoq və monoloqlar vasitəsilə birbaşa, müstəqim ifadəsi əsərin dramatizmini zəiflədir, ideya-estetik vəhdətini pozur” (5,s.28). Bir məsələni də qeyd etmək lazımdır. A.Dağlının bu pyesdən bir əvvəl işıq üzü görən “Sakarya” əsərinin mövzusu da eyni tarixi hadisəyə- istiqlal uğrunda mücadilyə həsr olunmuşdur. Əlbəttə, bunu dramaturqa irad tutmaq olmaz. Lakin hər iki pyesin süjetində, məzmununda, kompozisiyasında bənzərlik həddən ziyadədir və bəzi hallarda isə obrazların eyniliyi, dialoqların olduğu kimi təkrarlanması bədii- estetik dəyərinə naqislik gətirir. “Sakarya” pyesindəki Kahya, Katib obrazları “Atatürk-cəbhələrdə və Çankayada” pyesidəki eyniadlı qəhrəmanların təkrarıdır. “Atatürk-cəbhələrdə və Çankayada”kı Aşıq “Sakarya”dakı Aşıq Arasla eyni xarakterlidir, eyni missiyanı daşıyır. Bədii obraz kimi Atatürklə Yıldırım Yaman arasında da oxşarlıqlar çoxdur.

Pyesin müsbət cəhətləri- mövzusunun cəlbediciliyi, dilinin oxunaqlı, toxunulan problemin aktuallığı, əhəmiyyəti, müəllif ideyasının, qayəsinin,  fikir və düşüncələrinin milli, mütərəqqi olması əsərə ədəbi xəzinəmizin, xüsusi ilə mühacirət irsinin – dram janrında qələmə alınmış nadir nümunələrindən biri kimi yanaşmağı şərtləndirən başlıca amildir. Müsbət qəhrəmanların əməlləri, onların Vətən, istiqlal sevgisi, əqidə, amal uğrunda fədakarlıqları, ləyaqətli və şərəfli həyat yolu bugünkü gəncliyə örnəkdir. Əsərdə nifrət doğuran, ikrah hissi yaradan surətlər isə xəyanət, satqınlıq, köləlik, yaltaqlıq, qorxaqlıq kimi naqis, qeyri-insani sifətlərin tənqidinə xidmət edir.

Türkiyədə Atatürk mövzulu əsərlər daim geniş oxucu auditoriyasının marağına səbəb olduğu kimi, A.Dağlının “Atatürk-cəbhələrdə və Çankayada” pyesi də ədəbiyyatşünasların diqqətini çəkmişdir. Bir sıra müəlliflər pyesi təhlil etmiş, haqqında məqalələr yazmışlar (6,7,8).
Ədəbiyyat :
1. Mikayıl Müşfiq. Atatürk // “Tanıtım” dərgisi. - İstanbul, 1990.- №2, 23.

2. Vahabzadə B. Seçilmiş əsərləri. İki cilddə. C.1.Şeirlər. – Bakı : Öndər nəşriyyat, 2004. - 328 s.

3. Dağlı Abay. Atatürk-cəbhələrdə və Çankayada.- İstanbul, 1966. - 93 s.

4. Sadri Maqsudi. Türk dili için. – Ankara : Türk Ocakları İlim və Sanat neşriyyatı. - Milli seri, sayı 1. - 517 s.

5. Cabbarlı N. Abay Dağlının mühacirət dövrü yaradıcılığı. – Bakı : Elm, 2009. - 68 s.

6. Karataş A. Milli mücadileyi konu alan pyesler. Enver Töre.Dramatik Edebiyat Üzerine Araştırmalar I, Dijital Sanat Yayınları, 2009.

7. Abdullah Şengül. Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Vol. 4 /1-II Winter 2009.

8. Ulusoy Ayse. Tiyatro eserlerinde oyun kişisi olarak«Atatürk» // Türk Dünyası İncelemeleri Dergisi / Journal of Turkish World Studies, XIII/1 Yaz 2013.- S.105-149.
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF- KETPL-2-2015-1(25)-56/48/5.

Abid Tahirli
THE PLAY BY ABAY DAGHLY "ATATURK ON THE BORDERS

AND İN CHANAKKAYA"

Summary
In the article devoted to the play "Ataturk on the borders and in Chanakkaya" by A. Daghly who is better known in the emigration literature as the dramatist, the ideological essence and literary features of the work are widely analyzed and evaluated.

         Analysis of the work gives grounds to say:

        - The main idea of ​​the play is the evaluation and promotion of the historical merits of the leader of the people's liberation movement, the skilful commander and at the same time the peacemaker, the founder of the secular state, the great and determined reformer Gazi Mustafa Kemal;

- In spite of the fact that the work does not reach the level of the perfect form of art, its artistic and aesthetic essense, the richness of the ways of expression and the originality of the form make it worthy of attention for researching the heritage of emigration.


RÜBABƏ ŞİRİNOVA

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

rubaba.sirinova@mail.ru

MƏHƏMMƏD ƏRDƏBİLİ VƏ ONUN BİR RİSALƏSİ HAQQINDA

Dünyanın qədim mədəniyyət ocaqlarından biri olan AMEA Məhəmməd Füzuli adına Əl-yazmalar İnstitutunda azərbaycan, ərəb, fars, rus, özbək və s. dillərdə 40 mindən artıq əlyazma qorunub saxlanır. Bu əlyazmalar tarix, hüquq, tibb, ədəbiyyat, dilçilik, fəlsəfə, astronomiya, coğ-rafiya, riyaziyyat, məntiq, həndəsə və s. elm sahələrini əhatə edir. Bu abidələr içində ərəb dilində dilçiliyə və məntiqə aid bir çox əlyazmalar mühafizə olunur (1, 5).

Orta əsr Azərbaycan alimləri ərəb filologiyasının, o cümlədən ərəb dilçiliyinin inkişafın-da mühüm rol oynamışlar.Bunlardan IX-XV əsrlərdə yaşayıb yaratmış Məhəmməd ibn Maraği, Xətib Təbrizi (1030-1109), Əbu Məhəmməd əl-Vərəndi (1089-1146), həm musiqişünas, həm də dilçi Səfiəddin əl-Urməvi (1249-1323), Mahmud əl-Arran, Məhəmməd əl-Bərdai, Mahmud əz-Zəncani, İzəddin əz-Zəncani, Məhəmməd ət-Təbrizi əl-Qarabaği, İbrahim əş-Şəkəvi əl-Ərəşi, Hübeyş ət-Tiflisi, Sədəddin Sədullah əl-Bərdai, Cəmaləddin Məhəmməd əl-Ərdəbili və başqala-rının adlarını çəkmək olar.

IX əsrdə yaşayıb-yaratmış Azərbaycan alimi Məhəmməd ibn Marağinin “Nəhvə dair müxtəsər kitab”, “Sibəveyhinin dilə dair verdiyi misalların şərhi” əsərləri müəllifin öz sağlığında geniş yayılmış, müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan alimləri ərəb dilinə dair orijinal əsərlər yazmaqla yanaşı, şərhçiliklə də məş-ğul olmuşlar. İlk baxışda şərhçilik elmin məhdud bir sahəsi, qeyri- müstəqil elmi fəaliyyəti kimi başa düşülə bilər. Lakin bu məsələnin yalnız zahiri tərəfidir. Klassik ərəb filoloğiyasının şah əsərləri ərəblərin əksəriyyətinin özləri üçün belə məhz şərhlər vasitəsilə oxunaqlı olmuş, oxucu kütləsi içərisində yayıla bilmişdir. Ərəb dilçiliyinin şah əsərləri hesab edilən Sibəveyhinin “əl-Kitab”, İbn Sikkitin “İslahul-məntiq”, Zəccacinin “əl-Cuməl”, Zəməxşərinin “əl-Mufassal”, Cə-maləddin əl-Ərdəbilinin və Sədəddin əl-Bərdainin şərhləri vasitəsilə islam aləmində yayılmışdır. Yuxarıda adları çəkilən şərhçilər sələflərinin müddəa və mülahizələrini izah edərkən bir sıra

yeni,təkraredilməz fikirlər irəli sürmüş,məhz bunun nəticəsində ərəb dilçiliyi tarixində özlərinə məxsus yer tutmuşlar. Bəzi şərhlər hətta orijinalın özündən çox yayılıb ondanda məşhur olmuş-dur. Məhz buna görədir ki, həmin şərhlərin özlərinə də şərhlər, haşiyələr, yazılmış, oradakı orijinal müddəa və mülahizələr görkəmli alimlər tərəfindən izah edilmişdir (2, 346).

Orta əsr bir sıra Azərbaycan alimlərinin o cümlədən Şah Məhəmməd ibn Mubarək Qəzvini, Qul Əhməd Ağdaşi, İmad Şirvani, Əbdül Lətif Əcəmi, Bərdai, Fənari Muhyəddin Sədrəddin Şirvani, Fəxrəddin Tiflisi, Şeyx İbrahim Şəbüstəri və başqaları məntiq əsərlərinə yazdıqları şərhlər və haşiyələr xüsusi maraq doğurur. XIII əsr görkəmli Azərbaycan filosof və astronomu Əsrəddin Əbhərinin “İsağocu” əsərinə orta əsrlərdə yüzlərlə şərh, haşiyə, təliq, izah yazılmış, bir neçə müəllif tərəfindən nəzmə çəkilmişdir. Bu əsərə XX əsrin əvvəllərinə qədər təkcə Azərbaycanda deyil, eyni zamanda Yaxın Şərqin bir sıra ölkələrində ərəb dilinə dair əsas tədris vasitələrindən biri olmuşdur. Belə əsərlərdən biri də Məhəmməd Qarabağının “Şərh əl- Risalətil-Adudiyyə fi Adabil-Bəhs”, əsərinə Ərdəbilinin yazdığı “Haşiyə ələ Şərhil Risalətil-Adudiyyə fi Adabil-Bəhs” dir.

XV əsrdə yaşamış Əl-Ərdəbili Mir Əbil –Fəth Məhəmməd Tac əs-Səidi əl-İraqi kəlam, fiqh və riyaziyyat alimi idi. Türk riyaziyyatçı və astronom Səlahəddin Musa Qazizadə Rumidən ( 841/1437) təhsil almışdır. Mir Əbil –Fəth Ərdəbili təxəllüsünə görə onun baş qazi olduğunu söyləmək olar.Dövrümüzədək onun bir sıra əsərləri gəlib çatmışdır: “Haşiyə alə Şərhir-Risalətil-Adudiyyə fi Adabil-Bəhs”, “Haşiyə alə Şərhil işkalat-Təsis fil-Həndəsə”, “Haşiyə alə Kuçək”, “Risalə fi Məqulatil-Əşr”, “Haşiyə alə Şərhi Təbrizi”, “Haşiyə alə Qismul Məntiq” (3, III, 346;4, II, 207).

Muhəmməd əs-Səidi Ərdəbili, Qazizadə Rumi Şəmsəddin Muhəmməd ibn Əşrəf əs-Səmərqəndinin həndəsəyə aid olan “Əşkal ət-təsis fil-həndəsə” adlı əsərinə şərh yazmış, Mir Əbul-Fəth Ərdəbili isə bu şərhə haşiyə yazmışdır (5, IV, 2634).

XV əsrdə yaşamış Azərbaycanlı alim Muhyəddin Muhəmməd Qarabağinin(942/1535) Əzudəddin əl-İcinin “Ədəb əl-Bəhs” əsərinə “Şərh ədəb əl-Bəhs əl-İci” adlı şərhin 100-dən artıq nüsxəsi AMEA Əlyazmalar İnstitutunda qorunub saxlanır (6, 30-32). Mir Əbul-Fəth Ərdəbili isə bu şərhə haşiyə yazmış və onu “Haşiyə alə şərh ədəb əl-Bəhs əl-İci” adlandırmışdır. Bəzi mənbələrdə əsərin adı “Haşiyə alə Şərhir-Risalətil-Adudiyyə fi Adabil-Bəhs” kimi də verilir. AMEA Əlyazmalar İnstitutunda “Haşiyə alə Şərhir-Risalətil-Adudiyyə fi Adabil-Bəhs” əsərinin XVI-XIX əsrlərdə köçürülmüş 30-a qədər nüsxəsini aşkarlamışıq (7, I, 82-89). Bu əsərin iki əl-yazma nüsxəsi mətnşünas alim Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin kolleksiyasında A-100, B-6713 şifirləri altında mühafizə olunur (8, 139-140).

Həmçinin bu abidənin bir çox kitabxana, muzey və əlyazmalar xəzinələrində xüsusən də Türkiyənin bir çox kitabxanalarında çoxlu sayda nüsxələri mövcuddur.

AMEA Əlyazmalar İnstitutunda “Haşiyə ələ Şərhir-Risalətil-Adudiyyə fi Adabil-Bəhs” əsərinin ən qədim nüsxəsi B-8674 şifirli əlyazmasıdır. Əlyazma məcmuədir, 97b-121b vərəqləri-

ni əhatə edir. Həmin əsər katib Hidayət bin Məhəmməd bin Can bin Əhməd tərəfindən 1056/ 1646-cı ildə köçürülmüşdür.

Əsərin əvvəli:الحمد الله على اقهام الطالب

Sonu: ان الله مع الذين التقواو الذين هم محسنون

“Haşiyə ələ Şərhir-Risalətil-Əzudiyyə fi Adabil-Bəhs” əsəri və onun müəllifi haqqında araşdırmalarımızı davam etdiririk.


Ədəbiyyat:


  1. Qəhrəmanov C. Xalqın mənəvi irsi bizim sərvətimizdir / Azərb. SSR EA. Respublika Əlyazmalar Fondu. Əlyazmalar xəzinəsi. VII. - Bakı, 1986. 5-31.

  2. Məmmədəliyev V. Ərəb dilçiliyi. - Bakı,1985.

  3. عمر رضا كحاله، معجم المولفين ١˗٤، بيروت، الجزء الثالث، ٩٥٠ص، الجزء الرابع ٥٨١.

  4. . اسماعيل پاشا البغدادى، هداية العارفين، استانبول، ١٩٥١، الجلد الاول، ٨٤٠ص، الجلد

  5. الثانى، ١١٦+٤۵۷، ١٩٥٥.

  6. Karabulut A.R., Karabulut A.T. Dünya Kütüphanelerinde Mevcut İslam Kültür Tarihi İlə İlgili Eserler Ansiklopedisi. IV.

  7. Şirinova R. “Məhəmməd Qarabaği və onun “Şərh ədəbil-bəhs”əsərinin dünya əlyazmaları xəzinəsində nüsxələri” // AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II Beynəlxalq elmi-nəzəri konfransın materialları. 2017-ci il – Bakı, 2017..

  8. Каталог арабских рукописей Т.1 / АН Азерб. ССР. РРФ. – Баку : Элм, 1984.

  9. Şərifli K. Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə Kitabxanasının Kataloqu. С.1. – Bakı : Nurlan, 2009.


Rubaba Shirinova
MAHAMMAD ARDABİLİ AND ABOUT HİS TRACT

Summary
In the Institute of Manuscripts named after Mahammad Fuzuli of ANAS, one of the oldest cultural centres in the world are preserved more than forty manuscripts in the Azerbaijani, Arabic, Persian, Russian, Uzbek and other languages.

The medieval Azerbaijani scholars took important parts in the development of the Arabic philology, including the Arabic linguistics. One of those scholars is Mahammad Garabaghi with his work “Sharhil Risalatil-Adudiyyah fi Adabil-Bahs”. Mahammad Ardabili annotated thi Mahammad Ardabili annotated this work and called it “Hashiya ala Sharhil-Risalatil-Adudiyyah fi Adabil-Bahs”.


LALƏ ƏLİZADƏ

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru,

alizadehlala@gmail.com


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin