ƏSR SURƏSİNİN TƏFSİRİ
Giriş
Əsr surəsi bir çox həqiqətləri özündə əks etdirir. Bu surənin ehtiva etdiyi həqiqətlər üzərində təfəkkür etdikdə insan təəccübünü gizlədə bilmir.
Bizlər Quran dünyasının sakinləri olmalıyıq. Bunun üçün düşüncələrimiz həqiqətlərin üzünə açıq olmalıdır. Qurani-Kərimdə və bir çox hədislərdə Quranı düşünərək oxumaq çox tövsiyyə olunmuşdur. Məsələn, Həzrət Rəsulullahdan (Ona və ailəsinə Allahın salamı olsun) nəql olunan bu hədislərdən bir neçəsinə diqqət edək: "Quran üzərində düşünmənin fəziləti ilə onu üzündən oxumanın fəziləti arasındakı fərq, fərzlər ilə müstəhəblər arasındakı fəzilət fərqi kimidir" (Əl-Bürhan, Zərkeşi, c.1, s.462; İtqan, c.1, s.108; Kənzul-Ümmal, c.1, s.459, Muhaziratul-Udəba, c.2, cüz.4, s.435 və 437). "Gündə iki yüz ayəni düşünərək oxuyan bir şəxs öz ətrafındakı yeddi qəbrə (ölən şəxsə) şəfaət edə bilər" (Əl-Bürhan, Zərkeşi, c.1, s.462; Kənzul-Ümmal, c.1, s.477). "Ümmətimin ən üstün ibadəti Quranı düşünürək oxumaqdır"(Adabul-Mutaallimin, Şeyx Tusi, s.151; əl-Məhaccətul-Beyda, c.2, s.231; Kənzul-Ümmal, c.1, s.455 və 469). "Qurana baxaraq və düşünərək oxuyan şəxs gözlərindən faydalanmış olar"(Kənzul-Ümmal, c.1, s.477).
ƏSR SURƏSİ
Nəql olunmuş bir hədisdə Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur: “Hər kəs Quranın “Əsr” surəsini oxuyarsa, Allah-Taala onun aqibətini yaxşılıqla (xeyirlə) sona yetirər və o şəxs haqq səhabələrindən olar...” (“Əl-Bürhan fi təfsiril-Quran”, Bəhrani, 8/379/3) Qeyd olunan hədisdəki oxunuşa vəd olunan mükafat (aqibətinin yaxşılıqla tamamlanması və onun haqq tərəfdarlarından olması mükafatı) yalnız “təfəkkürlə edilən oxunuş”a və bu idrak qüvvəsi ilə “günahlardan çəkinmə”yə olunan vədə şamil olunur. Bu haqda iki hədisə diqqət edək. Həzrət Əli (Ona Allahın salamı olsun) təfəkkürsüz Quran oxunuşunu faydasız hesab edərək belə buyurur: “Agah olun! Təfəkkür olmayan (Quran) oxunuşunda heç bir xeyir (fayda) yoxdur” (“Vəsailuş-Şiə”, Hürr Amili, 4/830/7). Həmçinin Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) həqiqi Quran oxunuşunun nəticəsində Quran həqiqətinin o şəxsi günahdan çəkindirəcəyini bildirərək belə buyurmuşdur. “Quranı elə oxu ki, səni (günahdan) çəkindirsin. Əgər səni (günahdan) çəkindirməsə, Quranı (həqiqi) oxuyan sayılmazsan” (“Kənzul-Ümmal”,Hindi, 1/606/2776).
Bu surə üç ayədən ibarətdir. Bəzi rəvayətlərdə surənin Mədəni olduğu göstərilmişdir (Alusi Təfsiri, c.30, s.227). Surənin üslubu isə onun Məkki surə olduğunu göstərir. Bir çox alimlər də bu görüşdədir (“Ət-Təfsirul-hədis”, İzzət Dərvəzə,1/173).
Təbərani "Əvsat"-da və Beyhəqi "Şuab" adlı kitabda Əbu Hüzeyfədən belə dediyini rəvayət ediblər: "Rəsulullahın (Ona və ailəsinə Allahın salamı olsun) səhabələrindən iki şəxs bir-biri ilə qarşılaşdıqları vaxt biri digərinə vəl-əsr surəsini oxumadan, sonra da biri digərinə salam vermədən ayrılmazdılar"(“Əlmalılı M.Hamdi Yazır Təfsiri”, “Əsr” surəsinin təfsiri).
Muhəmməd ibni İdris Şafei bu surənin üstünlüyü haqqında belə demişdir: "Uca Allah bu surədən başqa bir şey endirməsəydi, bu surə insanlara kifayət edərdi"(Muhəmməd Əli Əs-Sabuni, Safvətut-Təfasir, 7/417).
SURƏNİN TƏFSİRİ
وَالْعَصْرِ (1) إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ (2) إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ (3)
“And olsun əsrə. Həqiqətən insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və Səbri tövsiyə edən kimsələrdən başqa!” (Əsr/1-3)
Allah-Təala bu surədə əsl kamil insan ilə, insani ruhunu heyvaniləşdirən insanı bir-birindən fərqləndirən xüsusiyyətlər göstərmişdir.
BİRİNCİ AYƏNİN TƏFSİRİ
“And olsun əsrə”
"Əsr" kəlməsi, Abdullah ibni Abbas tərəfindən "Gündüzün bir hissəsi" şəklində izah edilsə də, Təbərinin üstünlük verdiyi görüşə görə bu kəlmədən məqsəd "Mütləq zaman"-dır. Bir qism müfəssirlər isə ayədəki “əsr” kəlməsini, “əsr namazı”, “əsr namazının vaxtı”, “zaman”, “Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) əsri”, yəni onun göndərildiyi zaman, axır zaman mənalarında təfsir etmişlər. Burada mövzumuzun daha da başa düşülməsi üçün müfəssirlərin bu haqda qeyd etdikləri bəzi mənaların hər birinin üzərində dayanmağı lüzumlu bilirik.
-
Əsr namazı:
Muqatil bu haqda belə demişdir: “Allah-Təala əsr namazına and içmişdir. Çünki, "Namazları və orta namazı qoruyun" (Bəqərə/238) ayəsində "salatil-vusta" (orta namaz) bir çoxlarının fikrinə görə əsr namazı olduğu üçün onun xüsusi bir fəziləti vardır. Xəndək hadisəsində Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun), "Bizi orta namaz olan əsr namazından saxladılar"-deyə buyurmuşdur. Bir hədisdə də, "Əsr namazı keçən, sanki əhli və malı yox edilmiş kimidir"-deyə rəvayət edilmişdir.
-
Əsr namazının vaxtı:
Qətadə bu haqda belə demişdir: “Əsr namazının vaxtı olması və sübh və günorta arasında olan vaxta qarşılıq olaraq bir neçə qüdrət dəlillərini ehtiva etməsi baxımından Allah-Taala "duha"-ya and içdiyi kimi əsr vaxtına and içmişdir...”
-
Həzrət Rəsulullahın əsri:
Bu əsrdən məqsəd, nübuvvət əsri, yəni Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) əsri olmasından ibarətdir. Bu əsrdən də üç əsas əsr başa düşülür:
-
Həzrət Rəsulullahın (Ona və ailəsinə Allahın salamı olsun) ilk göndərilmiş olduğu zaman. Bu elə bir zamandır ki, hər tərəfdə dinlər cığırından çıxmış, peyğəmbərlik, fəzilət, haqq və ədalət, Allahı tanıma işıqları sönmüş, aləmi cəhalət, küfr və şirk qaranlıqları ilə zülm və cəfa, azğınlıq və fəsad, şər hər tərəfi hasar kimi əhatə etdiyi bir zamanda Qədr gecəsində "Rəbbinin adı ilə oxu" (Ələq/1) əmri ilə Peyğəmbərlik nuru doğmuşdu. Surədə bu əsrə and içilərək "Həqiqətən, insan ziyan içindədir, ancak iman gətirənlər... istisnadır" buyurulmasının mənası şübhəsiz ki, mühümdür.
-
Həzrət Rəsulullahın (Ona və ailəsinə Allahın salamı olsun) peyğəmbərliyə seçilməsindən vəfatına qədər olan “səadət əsri”.
Bu əsrdə Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) vasitəsilə İslam nuru bütün dünyaya yayılaraq haqq və batil bir-birindən ayrılmış, qazanc və zərər yolları ayırd edilərək "Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi..."(Bəqərə/256) hökmü ortaya çıxmışdı. “Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur...” (Fəth/28) Bu əsrə and içməkdəki məna isə daha mühümdür.
-
Həzrət Rəsulullahın (Ona və ailəsinə Allahın salamı olsun), peyğəmbərliyə seçilməsindən son zamana qədər bütün son əsrləri ehtiva edən axır zaman.
Əhli-Sünnənin məşhur müfəssiri Əlmalılı Muhəmməd Hamdi Yazır öz təfsirində bu haqda belə demişdir: “Bir qisim müfəssirlərin dediyi kimi, bizim də fikrimizə görə ən çox ağıla gələn bu əsrdir. Burada xüsusilə bunun əhəmiyyəti xatırladılmaqla əsrə and içilmişdir. Çünki Qəsəs surəsindəki “Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik...” (Qəsəs/43) ayəsində işarə olunduğu kimi Quranda insanlıq tarixi baxımından zamanın üç qismə ayrılmasına işarə olunmuşdur. Həzrət Musaya Tövratın enməsindən əvvəl keçən, yəni Fironun həlak olması ilə sona çatan zaman ilk əsrlər zamanı, Tövratın enməsi ilə açılan zaman, son Peyğəmbərə qədər orta əsrlər zamanı, son Peyğəmbər Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) ortaya çıxması ilə başlayan son əsrlərə də axır zaman, yəni Muhəmməd (Ona və ailəsinə Allahın salamı olsun) və ümmətinin əsri deyildiyi zaman bu əsr başa düşülməlidir...” (“Əlmalılı M.Hamdi Yazır Təfsiri” “Əsr” surəsinin təfsiri )
-
“Dəhr” (zaman): İnsan surəsində açıqlandığı kimi "dəhr"-in əsl mənası aləmin varlığının başlanğıcından sona çatmasına qədər olan müddət, yəni bütün zamandır. Bu, məna baxımından bütün zamana aid olan bir mənadır. Bununla yanaşı, "dəhr" uzun zamana və aləmin yaşama müddətinə, yəni ömrünə və mütləq zaman mənasında da işlədilir ki, bu məna daha əhatəlidir. Bəzi müfəssirlər “əsr”-i təfsir edərkən bunu zaman mənasında götürmüşlər.
Biz də “əsr”-i zaman mənasına təfsir edənlərlə ittifaq edirik. Bu haqdakı dəlillərimiz aşağıdakılardan ibarətdir:
-
Hər zamana aid olan iki tip insan: Allah-Təala burada ümumi olaraq zamana and içmişdir. Bu ifadənin içinə gecə də gündüz də daxildir. Həyatını ziyan içində keçirən və həyatını İlahi bir həyat ilə bəzəyən insan hər zaman mövcud olmuş və olacaqdır. Bunu (“əsr” kəlməsini), digər mənalara təfsir edərək işlətməyin mənası yoxdur. Bu, zaman mənasından başqa mənalara, yəni “əsr namazı”, “əsr namazının vaxtı”, “Həzrət Rəsulullahın əsri” və s. mənalara təfsir edildikdə, birinci ayələr ilə ikinci və üçüncü ayələr arasında uyğunsuzluq yaranmış olduğunu görürük. Həqiqətdə isə üç ayədən ibarət olan bu surənin hər bir ayəsi bir-birini açıqlayır və eyni zamanda bu ayələr bir-birini tamamlayır və bir-birini cavablandırır.
-
Bunu təsdiq edən hədis: İbni Cəririn Həzrət Əlidən (Ona Allahın salamı olsun) rəvayət etdiyi bir hədisdə deyilir: "Əsrə və dəhrin bəlalarına, ard-arda gələn müsibətlərinə and olsun ki, həqiqətən insan ziyan içindədir və zamanın sonuna qədər onun, o ziyanın içindədir" (“Əlmalılı M.Hamdi Yazır Təfsiri” “Əsr” surəsinin təfsiri).
-
Surələrin ehtiva etdiyi məna: Quran surələrinin adları həmin ayələrdən çıxan mənalara görə qoyulmuşdur. Hər hansı bir surədə ən azı bir ayədə belə danışılan mövzu xüsusi əhəmiyyətinə görə həmin surənin adı kimi adlandırılmışdır. Məsələn, Quranın ən böyük surəsi olan Bəqərə (İnək) surəsində inəyə sitayişlə bağlı danışıldığına görə və əhvalatın xüsusi əhəmiyyətinə görə bu surə bu adla adlandırılmışdır. Əsr surəsindəki ayələrdə də surənin adı ilə əlaqədar məna olmalıdır ki, bu surənin ehtiva etdiyi məna onun adı ilə uyğun gəlsin. Bu surənin birinci ayəsini zaman mənasında götürdükdə surənin digər ayələri ilə uyğunluq yaranmış olur və surənin adı da ayələrinin ehtiva etdiyi mənalar ilə uyğun gəlmiş olur. Surədəki əsri zaman mənasında götürdükdə mülahizəmizin təsbiti öz həqiqətini tapmış olur.
Burada “əsr”-i zaman mənasında götürdükdə belə bir məna da başa düşmüş oluruq ki, ziyan içində olanlar hər zaman ziyan içində və (surənin üçüncü ayəsinə əsasən) qurtulan şəxslər də hər zaman qurtulanların cərgəsində olacaqdır. Zamanını dəyərləndirənlər qurtulanlar, zamanını dəyərləndirməyib, zamanını dəyərsiz yollarda sərf edənlər isə ziyan içində olanlardır. Dəyərli olan şeylər isə qısa olaraq bu surənin üçüncü ayəsində göstərilmişdir.
Aydın oldu ki, "əsr" zaman mənasındadır. Zamana and içməyin hikməti, onun insana daima müsibətlər yağdıran acı və böyük hadisələrinə və onu dəyişkənliklərinə qarşı xəbərdarlığından ibarətdir.
İkinci ayənin təfsiri
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ
“Həqiqətən, insan ziyan içindədir” (Əsr/2)
Ayədə ziyan içində olanların Peyğəmbərimizin zamanındakı müəyyən şəxslərə, yoxsa bütün insanlara şamil olması haqqındakı mülahizələrdə fikir ayrılığı mövcuddur.
-
Ayədə insan kəlməsinin əvvəlində “əl” şəkilçisinin işlənməsi, müəyyən insanlardan danışıldığını göstərir. Bununla burada müəyyən şəxslər qəsd edilmişdir. Fəxrəddin Razi öz təfsirində İbni Abbasdan belə nəql etmişdir: "Allah-Təala bu ayə ilə, Vəlid İbni Muğeyrə, As ibn Vail və Əsvəd ibni Əbdül-Müttəlib kimi bir qisim müşrikləri qəsdetmişdir". Fəxrəddin Razi daha sonra belə demişdir: “Muqatil isə bu ayənin Əbu Ləhəb haqqında nazil olduğunu söyləmişdir. "Mərfu" bir xəbərdə, bu ayənin Əbu Cəhl haqqında nazil olması qeyd edilmişdir. Rəvayət olunduğuna görə, Məkkəli bu müşriklər, "Muhəmməd, xüsran içindədir!" deyirdilər. Məhz bunun üzərinə də, Allah-Təala vəziyyətin onların fikirləşdiyinin əksinə olduğuna dair and içmişdir” (Fəxrəddin Razi, Təfsiri Kəbir Məfatihul-Ğeyb, Akçağ Yayınları: 23/392). Həmçinin, Bədrəddin Çetiner “Əsbabi-Nüzul” adlı təfsirində Əsr surəsinin nazil olma səbəbini yazarkən Qurtubidən belə nəql etmişdir: “Dəhhaqın İbni Abbasdan rəvayət etdiyinə görə "Şübhəsiz insan xüsrandadır". ayəsindəki "insan" ilə əl-Vəlid ibni əl-Muğeyrə, əl-As ibni Vail, əl-Əsvəd ibni Əbdül-Müttəlib ibni Əsəd ibni Əbdül-Üzza və əl-Əsvəd ibni Əbdi Yağus adındaki müşriklər nəzərdə tutulur” (Qurtubi,/xx/23.Bədrəddin Çetiner, Əsbabi-Nüzul, Çağrı Yayınları: 2/968).
-
Ayədə qeyd olunan “insan” kəlməsinin əvvəlindəki əlif-lam istisna qərinəsi ilə istiğraq üçündür. Yəni, burada əlif-lam bütünlük bildirir. Bunu növbəti ayənin əvvəlindəki “illəlləzinə” (o şəxslərdən başqa ki, ...) ifadəsi də təsdiq edir. Yəni, istisna şəxslərdən başqa hər bir insan ziyan içindədir. Hər bir insan, hər əsrdə və hər zamanda mütləq bir zərər içindədir. Bu, küfr içində olmaq, qazanacaq yerdə zərər etmək, sərmayəni itirmək, nəhayət, iflas ilə həsrət və ümidsizlik içinə düşməkdir. Ayədəki "insan"-dan məqsəd, "bütün insanlıq"-dır.
Hər zaman insan ziyandadır. Çünki o, dünyanı axirətdən üstün bilir. Çünki o, nəfsani və şəhvani arzularına məğlub olmaqdadır.
İnsan xüsranda
"Xüsran"-təhlükə və zərərə uğramaqdır (Əbu Cəfər Muhəmməd ibni Cərir ət-Təbəri, Təbəri Təfsiri, Hisar Yayınevi: 9/217-218). Fəxrəddin Razi belə demişdir: “...Xüsr kəlməsisinin mənası, "nöqsanlıq və ana sərmayənin əldən getməsidir (iflasdır)". İndi burada belə iki təfsir edilə bilər. Çünki biz "əl-insan" kəlməsinin başındakı əlif-lamı cins mənasında götürsək, o zaman xüsr kəlməsisinin mənası, insanın şəxsən özünün və ömrünün sona çatması şəklində olur. Ancaq saleh əməl edən mömin bundan istisna edilmişdir. Çünki o, nə ömrünü, nə də malını boş yerə sərf etməmişdir. Çünki belə bir şəxs, ömrü və malı sayəsində əbədi səadəti əldə etmişdir. Yox, əgər "əl-insan" kəlməsini kafirlər mənasında götürsək, o zaman bu ifadə ilə qəsd edilən, kafir şəxslərin azğınlıq və küfr içində olmuş olmaları olur. Bu halda da istisnasının mənası, "bu kafirlərdən iman gətirənlər müstəsna..." şəklində olmuş olur. Bu halda da iman gətirən şəxslər bu zərərdən qurtulub mənfəət əldə etmiş olurlar” (“Təfsiri Kəbir Məfatihul-Ğeyb”, Fəxrəddin Razi , 23/392).
İkinci ayədə insanların ziyan içində olması bildirilmişdir. Sonrakı ayədə də insanın ziyan içində olmasının səbəbləri açıqlanmışdır. Demək, insanı ziyan içinə salan onun iman gətirməyib, saleh əməl etməyib, haqqa və səbrə tövsiyə etməməsi amili dayanır.
Üçüncü ayənin təfsiri
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
“Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyyə edən kimsələrdən başqa!”(Əsr/3)
Üstün insani xüsusiyyətlər
Ziyan içində olanlar mövcud olduğu halda, öz insanlıqlarının fərqində olan ilahi şəxsiyyətə sahib olan insanların da mövcudluğunu bu ayədən öyrənirik. Belə insanlar öz dəyərini bilir və özlərini ziyana sürükləyəcək hər bir addımdan uzaqlaşmaqla insani dəyərini qoruyurlar və nəticədə də onlar insanlıq üçün təyin olunan kamillik zirvəsinin fatehinə çevrilirlər. Uca Allah belə qullarını sevir və onları layiq olduqları məkanla, yəni cənnət mükafatı ilə zinətləndirəcəkdir.
Bu ayədə əsl insani xüsusiyyətlərdən danışılmışdır. Burada Allah-Təala insanın iman gətirmək və saleh əməl etmək, haqqı və səbri tövsiyə etməkdən başqa qurtuluş yolu olmadığını qəti bir şəkildə bildirmişdir. Yeganə qurtuluş yolu imandır, saleh işləri yerinə yetirməkdir, bir-birinə haqqı və səbiri tövsiyə etməkdir.
İman
İman gətirmək insanın bəndəlik məktəbi olan İslama daxil olmasının ilkin mərhələsi və ən üstün xüsusiyyətidir. Bununla bəndəlik yoluna qədəm qoyulur.
İman həyatın ən böyük təməlidir. Yaxşılığın hər növü, budağını buradan alar. Onun meyvələrinin hamısı buna bağlıdır. Belə bir iman olmasa, yaxşılığın hər budağı ağacından qoparılmış olar və nəticədə solmağa və qurumağa məhkum olar.
Prof. Dr. Şəhid Seyyid Qütb belə demişdir: “İman, darmadağın haldakı hərəkətləri, əməlləri birləşdirər. Bir-biri ilə uyğun, bir-biri ilə köməkləşən bir nizam içinə salar. Hamısını tək bir yola, tək bir hərəkət içinə sövq edər. Bunların hamısının müəyyən bir itələyici gücü və hamısının təyin olunmuş bir hədəfi vardır. Bu səbəblə Quran bu təmələ söykənməyən, bu oxa bağlanmayan və bu sistemdən qaynaqlanmayan bütün işləri və yaxşılıqları heçə sayar, onlara heç bir dəyər verməz. Bu mövzuda İslamın dünyagörüşü açıq-aşkar ortadadır. İbrahim surəsində deyilir ki: “Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq!” (İbrahim/18) (“Fi Zilalil-Quran”, Seyyid Qütb, “Əsr” surəsinin təfsiri.)
Deyilməlidir ki, iman elmdən sonra yaranır. İman öz təsdiqini elm ilə həyata keçirir.
Elm
İmandan əvvəl də, sonra da elm gəlir. Çünki iman sözü “rahat olmaq”, “əmin olmaq” və s. mənasını ifadə edir. Mömin əvvəlcə həqiqətlər üzərində düşünür, daha sonra bu həqiqətlərin haqq olması həmin mömini o həqiqət barəsində əmin edir. Bu əminlik imandır. İnsan üçün həqiqətlər məchuldan məluma çevrildikdə, onun haqlığına olunan təsdiq və bu təsdiqin nəticəsində qəlbdə yaranan arxayınçılığa iman deyilir. Elm, təfəkkür və idrak vasitəsilə həqiqətlərin batininə varıb, oradan həqiqətlərin incəliklərini və gözəlliklərini çıxartmaq mümkündür. Düşüncə dərinləşdikcə iman da dərinləşir. Bu imanın dərinləşməsi düşüncənin saflaşmasına və dərinləşməsinə bağlıdır. Saf düşüncədən iman süzülür.
Qəlbdə yaranan iman, yəni bu həqiqətə olan əminlik, elm və düşüncə ilə yaranır. Allahdan başqa Allahın olmamasına və Muhəmmədin Allahın qulu və elçisi olmasına dair verilən şəhadət elmdən sonra yaranır. Kainatdakı nizam üzərində düşündükdə bir nizamın olduğu insan üçün aydınlaşır. Bu bir nizam bir Nazimdən, yəni bu nizamın tənzimləyicisindən xəbər verir. Və insan bu yaradılışın bir Yaradanı olduğuna iman gətirir. Yəni, kainatın yaradıcısının Allah olduğuna qəlbən əmin olur. Daha sonra Allahın insanlar üzərində qoyduğu qanunları (Qurani-Kərimi) insanlara çatdıran, bu işdə vasitəçi olan Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) haqq olması barədə dərin araşdırma apardıqdan sonra onun Allahın həqiqi qulu və elçisi olması insan üçün təsbit olunur və bu təsbit nəticəsində onun haqlığı xüsusunda insanda əminlik yaranır ki, bu, iman adlanır. Bu təfəkkürdən sonra insanda tövhid imanı yaranmağa başlayır və beləliklə, insan İslama daxil olmağın ilk addımını atmış olur. Daha sonra insan, Rəbbil-aləmin olan Allahın qanunvericiliyinə tabe olaraq, həyatını bu İlahi nizamla tənzimləməklə həqiqi bəndəlik yolunun yolçusuna çevrilmiş olur.
İmandan sonra, yəni saleh əməldən əvvəl də elm gəlir. Saleh əməllərin nədən ibarət olması da elmlə məlum olur. Elmsiz, Allahın bəyəndiyi və Onun müsəlmanın öhdəsinə qoyduğu vacib vəzifələrin, bir sözlə, saleh əməllərin nədən ibarət olmasını bilmək mümkün deyildir. Hər kəs bildiyinin alimi, bilmədiyinə nisbətdə isə cahilidir. Hər kəs bildiyini yerinə yetirməkdə mükəlləfdir. Bir çobandan, alimin vəzifəsi soruşulmaz. Ancaq hər kəs öz bildiyinə əməl etdiyi təqdirdə elmi artar və qəlbi nurlanar. Hədisdə buyurulur: “Hər kəs bildiyinə əməl etsə, Allah ona bilmədiyini də öyrədər”. Həzrət Muhəmməd (Ona və ailəsinə Allahın salamı olsun) buyurmuşdur: “Hər kəs qırx gün Allahdan qorxsa (yəni bildiklərinə əməl edib,günahlardan çəkinsə), Allah onun qəlbində olan hikmət çeşmələrini dilindən axıdar”. Bunun üçündür ki, İslam dinində elmə və təfəkkürə bu qədər təkid olunmuşdur. Bəzi ibadətlər xüsusi yaş həddində (məsələn: 70 yaşlı qoca kişi və ya xəstə insanların oruc tutmasının vacib olmaması və s. kimi) insanın öhdəsindən götürülür. Ancaq elm belə deyildir. Peyğəmbərimiz Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) buyurmuşdur: “Beşikdən qəbrə qədər elm öyrən”. Elmin öyrənilməsi hər bir müsəlman üçün vacibdir. Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) başqa bir hədisində buyurmuşdur: “Elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir”. Başqa bir hədisdə isə buyurmuşdur: “Elm Çində də olsa, onun ardınca gedin”. Bu hədisi iki ehtimal ilə açıqlaya bilərik:
-
Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) bu sözü dediyi yerdən Çinə qədər çox uzaq bir məsafə var idi. Hədisin mənası belə ola bilər ki, elm öyrənmək Çinə getmək məsafəsi qədər bir yerdə olsa da, belə onu əldə etmək üçün ora getmək lazımdır.
-
Çin müsəlman ölkəsi olmadığı halda Həzrət Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun) müsəlmanları nə üçün ora istiqamətləndirirdi? Yalnız dini elmlər yox, başqa bir çox elmləri öyrənmək üçün də belə bu məsafəni qət etmək lazımdır.
Elmlərin nəticəsi həqiqətdir. Elm insanı alim olan Allaha yaxınlaşdırar. Böyük bir dağı uzaqdan müşahidə etdikdə o dağ çox kiçik görsənər, ancaq iradə edib o dağa yaxınlaşdıqca insan o dağın böyüklüyü qarşısında heyrətini gizlədə bilmir. Həmin insan dağın ətəyinə çatdıqda dağın əzəmət və böyüklüyü qarşısında özünün kiçikliyini və acizliyini görmüş olur. Bu misal ilə də aydın olur ki, Allaha elm ilə yaxınlaşmaq mümkündür. Elm isə insandan əməl tələb edir ki, bu əməl ilə insanda təqva mələkəsi formalaşır. İnsanın digər insanlardan üstünlüyü də məhz təqvası və bilgisinin üstünlüyü ilədir. Təqva bilgidən sonra əməldə yaranan bir haldır. Məsələn: İlk növbədə insan halalları və haramların nədən ibarət olmasını öyrənir və daha sonra bunlara riayət etməklə təqvasını artırmış olur. Bunun nəticəsində o, təqva libasına bürünmüş bir insan olur.
Qurani-Kərimin bir neçə ayəsinə diqqət etdikdə bu həqiqətləri görmək mümkündür. Belə ki, ayədə buyrulur: “Sizin Allah yanında ən üstününüz daha çox təqvalı olanınızdır”. Başqa bir ayədə buyurulur: “Heç bilənlərlə bilməyənlər birdirmi?” (Zumər/9) Digər bir ayədə buyurulur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar” (Fatir/28). Digər bir ayədə isə belə buyurulur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”(Nəhl/43, Ənbiya/7)
Yuxarıdakı ilk iki ayədən, daha çox bilikli və daha çox təqvalı olanların üstünlüyü məlum olur. Bu iki ayə biri-birini tamamlayır. Bu ayələrdən belə başa düşürük ki, burada elmli təqvalıdan və təqvalı elmlidən söhbət gedir.
Elm ilə təqva artır və elm təqvanın artması üçün bir müqəddimədir. Həmçinin elm təqvanın artmasına xidmət etməlidir. Bilmək, yaşamaq üçün olmalıdır. Yaşanmayan elmdə və bilinməyən təqvada fayda yoxdur. “Təqvasız alimlik”-dən və “elmsiz abidlik”-dən Allaha sığınılmalıdır. Allah yanında təqvalı alim və elmli abid üstündür.
Yuxarıda qeyd etdiyimiz ayələrin sonuncu ikisində də bu həqiqəti daha aydın şəkildə görmək mümkündür. “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar” (Fatir/28). və “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” (Nəhl/43, Ənbiya/7) Burada da alimlərin qorxması onların bildikləri elmi yaşadıqlarına görədir. Belə bir alim öhdəsində olan İlahi vəzifələri öyrənmiş və yaşayaraq alim və abid olaraq Allah yanında ən üstün bir məqama layiq görülmüşdür. Bunun nəticəsində də, bilməyənlərin belə şəxslərə müraciət etməsi vacib hesab edilmişdir.
Xülasə şəkildə deyə bilərik ki, iman həqiqətlər üzərində düşünməyə, bu həqiqətlərin haqq olmasına qəlbən əmin olmağa və heç bir şübhəyə yer verilmədən ruhi bir arxayınlığın yaranmasına deyilir.Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur: “İman iddia və arzu deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi şeydir” (“Biharul-Ənvar”, Əllamə Məclisi, c. 69, səh. 72, hədis 26).
Elmin əməl ilə bağlılığı haqqındakı hədislər
İmam Əli (Ona Allahın salamı olsun) buyurmuşdur:
-
اَلْعِلْمُ مَقْرُونٌ بِالعَمَلِ فَمَنْ عَلِمَ عَمِلَ “Elm əməl ilə iç-içədir. Elə isə öyrənən əməl edər”.
-
اَلْعِلْمُ يُرْشِدُكَ, وَ العَمَلُ يَبْلُغُ بِكَ الغايَةَ “Elm səni hidayət etdirər, əməl isə son hədəfinə çatdırar”.
-
اَلْعِلْمُ عِزٌّ, اَلطّاعَةُ حِرْزٌ “Elm izzət, itaət sipərdir”.
-
أشْرَفُ العِلْمِ ما ظَهَرَ فِي الجَوارِحِ وَ الأرْكانِ “Ən şərəfli elm bədəndə və üzvlərdə təzahür edən elmdir”.
-
أنْفَعُ العِلْمِ ما عُمِلَ بِهِ “Ən faydalı elm,ona əməl edilən elmdir”.
-
اَلْعِلْمُ يُنْجيكَ, اَلْجَهْلُ يُرْديكَ “Elm nicat verər,cahillik həlak edər”.
-
اَلْعِلْمُ بِلا عَمَلٍ وَبالٌ “Əməlsiz elm yükdür”.
-
أوْلَى العِلْمِ بِكَ ما لا يُتَقَبَّلُ العَمَلُ إلاّ بِهِ “Sənin üçün ən vacib olan elm, əməl etməklə cavabdeh olduğun elmdir” (“Ğurərul-Hikəm”, Elm bölməsi).
Saleh əməl
Həqiqi iman öz sahibindən, uca Allahın razılığını qazanmaq üçün ondan saleh əməllərin yerinə yetirməsini tələb edir.Saleh əməl tələb etməyən iman, həqiqi iman deyildir.Çünki qəlbdə yaranan iman, Haqq olan Allaha qul olmanın zərurətinə əmin olduqdan sonra bunu əməlində təzahür etdirməli və bunu təsdiq etməlidir.
Saleh əməllər iman əsaslarının əməli göstəricisi olaraq insani xüsusiyyətin kamilləşməsi yolunda insanın ucalması üçün ikinci ən böyük vasitədir. Əməllər iman əsaslarına uyğun olaraq saleh olarsa, pozğunçuluqlar, çirkin cinayətlərlər, terrorlar baş verməz, sivil insanlar öldürülməz və ən əsası insan haqlarına tam olaraq riayət olunar. İmam Əli (Ona Allahın Salamı olsun): “İman əməli (Allaha görə) saflaşdırmaqdır” (Ğurərul-Hikəm, hədis 873). İmam Sadiq (Ona Allahın Salamı olsun) buyurmuşdur: “Möminin imanı ancaq əməli ilə möhkəmlənər və əməl imanın bir hissəsidir” (Əl-Kafi, c.2, səh. 38, hədis 6.).
Təfsir:
-
Burada işlədilən “saleh əməl” ifadəsindəki “saleh” sözü müəyyənliyi bildirən “əl” şəkilçisi ilə işlənmişdir. Bu da əməllərin salehliliyinin bir varlıq (yəni, Allah) tərəfindən təsdiq olunduğunu göstərir. Bu ilahi təsdiq Quran və sünnədə əks olunmuşdur. Quran və sünnədə heç bir yeri olmadan cəmiyyətə saleh əməl kimi təqdim olunan “bəzi əməllər”-in bu iki İlahi mənbədə heç bir əsası olmadığı üçün saleh hesab etmək doğru deyildir.
-
Saleh olmayan əməllər ikinci ayədə qeyd olunan, yəni, ziyan içində olan insanlara daxil olan əməllərdən hesab olunrur. Çünki əməlləri saleh olaraq müəyyən edən Allahdır. Bu müəyyənlik isə öz yerini Quran və sünnədə göstərmişdir.
Saleh əməllər öz kökünü imandan alır, iman isə Mütləq Həqiqət olan Allahu-Təalanın varlığı və birliyinə, Həzrət Muhəmmədin (Ona və ailəsinə Allahın salamı olsun) Onun qulu və elçisi olduğuna, axirətin haqq olmasında heç bir şübhə etmədən, tam bir yəqinlik üzərində əmin olmasına deyilir.
Saleh əməllər əsasən iki cürdür:
-
Fərdi ibadətlər:
Bədən ilə yerinə yetirilən ibadətlər kimi mükəlləfin özünə faydalı olan əməllər, saleh əməllərin bu növünə aiddir. Namaz qılmaq, oruc tutmaq, həccə getmək və s. bu kimi ibadətləri buna misal göstərə bilərik.
-
İctimai ibadətlər:
Xüms, zəkat, sədəqə və s. bu kimi başqalarına faydalı olan əməllər saleh əməllərin bu növündən hesab edilir.
Yerinə yetirilən hər bir saleh əməl insanın inkişafına, yəni onun təkamülünə xidmət edir.
Haqqa və səbrə tövsiyə etmək
İmandan təzahür edən saleh əməlin sahibi üçün yuxarıdakı xüsusiyyətlər tam olaraq yetərli sayılmır. Çünki insanların bir-birini haqqa və səbirə tövsiyyə etməsi də insani xüsusiyyətin əsaslarından hesab olunur. Prof. Dr. Şəhid Seyyid Qütb belə demişdir: “Haqqı bir-birinə tövsiyə etmək məcburidir. Çünki haqqa sarılmaq çətindir. Haqdan saxlayan maneələr də xeyli çoxdur. Nəfsin arzuları, çıxar məntiqi, ətrafın düşüncələri, azğınların hücumları, zalımların zülmləri və təcavüzkarların hücumlarının hamısı həmişə bir maneədir. Qarşılıqlı öyüdləşmə isə xatırlatma, cəsarət vermə, hədəfin yaxınlığını hiss etdirmə və çətinlik və əmanət mövzusunda qardaş olmadır. Qarşılıqlı öyüdləşmə..birlikdə hərəkət edib güclərin dözməsini təmin edər. Haqqın hər gözətçisinə bu həqiqəti hiss etdirər: "Bu yolda sən tək deyilsən. Sənə öyüd verən, cəsarətləndirən, yanında iştirak edən, səni sevən və tək buraxmayanlar da vardır.Haqqın özü olan İslam dini də ancaq bu şəkildə bir-biri ilə köməkləşən, öyüdləşən, birlik və həmrəylik içində hərəkət edən bir birliyin gözətçiliyi ilə hakim ola bilər” (“Fi Zilalil-Quran”, Seyyid Qütb, “Əsr” surəsinin təfsiri).
Təfsir:
-
Ayədəki “təvasəv” sözü, “onların bəzisi digərlərinə tövsiyə etdi” mənasını ifadə edir.
-
Haqqa və səbrə tövsiyə etmək saleh əməllərdəndir. Uca Allah bu iki xüsusiyyəti saleh əməllərdən ayrı və müstəqil şəkildə verməklə, bunların daha da zəruri və mühüm olduğunu göstərmişdir. Qurani-Kərimin başqa ayələrində də bunu görmək mümkündür.
Misal olaraq iki ayəyə diqqət edək: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə/6)
Ayədə “Səndən kömək istəyirik” ifadəsi dua mənasındadır. Bildiyimiz kimi, dua da İslamda ibadət hesab edilmişdir. Burada duanın ibadətdən ayrı olaraq işlənməsi onun daha mühüm olmasını göstərir.
قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ
“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”” (Ənam/162)
Bu ayədə də namaz ibadətdən ayrı şəkildə işlənmişdir. Halbuki, bizlərə məlumdur ki, namaz özü ibadətdir. Burada da namazın xüsusi əhəmiyyətliliyi göstərilmişdir.
-
“Haqqa tövsiyə etmə”-nin bir neçə mənası vardır:
-
Ümumi çağırış:
Burada iman gətirən möminlərin iman gətirməyən insanları Haqqa dəvət etmələri nəzərdə tutulur. Haqqa çağırış missiyası artdığı zaman hər bir cəmiyyətdə söylənən həqiqətlər batil nəzəriyyələri və batil fikirləri aradan aparar.
-
Xüsusi çağırış:
Burada möminlərin bir-birilərini haqq üzərində sabitqədəm olmağa dəvəti nəzərdə tutulur. Həqiqət üzərində olan insanlar belə, bir-birlərinə haqqı və səbri tövsiyə etməlidirlər. Çünki insanlar iman və həqiqət yolunun üzərində olma baxımından fərqlidirlər. Və həmçinin “mömin möminin güzgüsüdür” hədisinə əsasən iman gətirənlər bir-birlərinin həqiqətdən kənar xüsusiyyətlərini müşahidə etdikdə bunu bir-birilərinə deməklə bir-birlərini haqqa dəvət etməlidirlər. Bu da onların bəndəlik yolundakı ən vacib mükəlləfiyyətlərindəndir.
-
Qurani-Kərim:
Ayədəki “Haqq” kəlməsini Quran mənasında təfsir edənlər də olmuşdur. Belə ki Qətadə və Həsən Bəsri “Haqq” kəlməsini "Allahın kitabı" şəklində izah etmişlər. Buna görə də ayənin bu hissəsinin mənası "Bir-birilərinə Allahın kitabını tövsiyə edənlər" şəklindədir (“Təfsiri Təbəri”, Əbu Cəfər Muhəmməd ibn Cərir Təbəri, , 9/218).
-
Əmrun bil-məruf və nəhyun anil-munkər:
Bizim şəxsi mülahizəmizə görə ayədəki “Haqq”-dan məqsəd Əmrun bil-məruf və nəhyun anil-munkərdir (insanları yaxşılığa dəvət etmək və pis işlərdən çəkindirmək).
Haqqa çağırış, yaxşılığa əmr etmək və pislikdən çəkindirmək vəzifəsini yerinə yetirmə deməkdir. Yaxşılığa əmr etmək və pislikdən çəkindirmə haqqa çağırış missiyasına daxil olan İlahi vəzifələrdəndir.
Ustad Möhsin Qiraəti də ayədəki “Haqq”-dan məqsədin əmri məruf və nəhyi munkər olduğunu qeyd edərək buyurur: “...Əsr surəsindəki “bir-birlərini haqq və səbri tövsiyə edənlər” ifadəsi əslində mərufu əmr edir” (“Əmri məruf və nəhyi munkər”,Ustad Möhsin Qiraəti, səh. 27).
Burada mömin həm bütün insanlara qarşı əmri məruf və nəhyi munkər vəzifəsini yerinə yetirməli, həm də digər müsəlmanları da bu İlahi vəzifənin icraçısı olmağa təşviq etməlidir. Bu İlahi vəzifə yerinə yetirilmədiyi təqdirdə pozğunluq, azğınlıq, fitnə və fəsadlar artaraq cəmiyyəti bürüyəcəkdir. Bunun üçün də ayədə xüsusi olaraq əmrun bil-məruf və nəhyun anil-munkər vəzifəsinin vacibliyi göstərilmişdir.
Allahın bizdən istədiyi, bizim yalnız Ona qul olmağımızdır və bu da bizim Onun qanunvericiliyinə tabe olmağımızla mümkündür. İslam düşmənlərinin isə istədikləri bundan ibarətdir ki, biz Allaha yox onların qanunvericiliyinə əsaslanan bir həyat tərzinə tabe olaq. Tarix boyu bir çox insanların bir-birlərinə qarşı apardıqları mübarizənin və qarşıdurmanın özülündə bu həqiqət gizlənib.
İnsanların yalnız Haqqa tabe olmaları üçün əmri məruf və nəhyi munkər vəzifəsi hər bir mükəlləf üçün İlahi bir mükəlləfiyyətlərdən hesab olunmuşdur. Müsəlmanlar bu haqqı (yəni, əmrun bil-məruf və nəhyun anil-munkər haqqını) Allaha iman əsasından alırlar. Müsəlmanlar tərəfindən bu vacib əmr yerinə yetirilmədiyi təqdirdə insan ziyan içində olan insanların cərgəsində yer almış olar. Bir mömin iman gətirib saleh əməlləri yerinə yetirdikdən sonra əmrun bil-məruf və nəhyun anil-munkər vəzifəsinin də icraçısı olmalıdır.Quran ayələrində və bir çox hədislərdə bunun vacibliyi göstərilmişdir. Nümunə olaraq onlardan bir neçəsinə diqqət edək.
Qurani-Kərimdə “Yaxşılığa əmr etmək və Pislikdən çəkindirmək”
-
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir” (Ali İmran/104).
-
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ “(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır” (Ali İmran/110).
-
لَيْسُواْ سَوَاء مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ آيَاتِ اللّهِ آنَاء اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ (113) يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ (114) “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.
Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər” (Ali İmran/113-114).
-
إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ وَإِيتَاء ذِي الْقُرْبَى وَيَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (Nəhl/90)
-
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدونَ الآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللّهِ وَبَشِّرِ الْمُؤْمِنِينَ “(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!” (Tövbə/112)
-
فَلَوْلاَ كَانَ مِنَ الْقُرُونِ مِن قَبْلِكُمْ أُوْلُواْ بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الأَرْضِ إِلاَّ قَلِيلاً مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُواْ مَا أُتْرِفُواْ فِيهِ وَكَانُواْ مُجْرِمِينَ “Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular” (Hud/116).
-
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللّهَ وَرَسُولَهُ أُوْلَـئِكَ سَيَرْحَمُهُمُ اللّهُ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Tövbə/71)
-
الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir) ” (Həcc/41).
-
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman/17)
-
خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf/199)
-
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدونَ الآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللّهِ وَبَشِّرِ الْمُؤْمِنِينَ “(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!” (Tövbə/112)
-
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə/54)
Hədislərdə “Yaxşılığa əmr etmək və Pislikdən çəkindirmək”
-
Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur: “Ümmətim yaxşılığa əmr etmək və pislikdən çəkindirmək xüsusunda zəif davranıb bu mühüm işi bir-birinə həvalə etdikləri vaxt Allah Taalaya qarşı müharibə elan etmiş olarlar” (Biharul-Ənvar, c.100, s.92).
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: “Hər kim qəlbi, dili və əli ilə pislikdən çəkindirməyi tərk edərsə, dirilər arasında ölü kimidir" (Biharul-Ənvar, c.100, s.94).
-
Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur:: "Bir mömini haramdan çəkindirmək Allah yanında qəbul olan yetmiş həccə bərabərdir" (Müstədrəkul-Vəsail, c.11, s.276).
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: "Yaxşılığı əmr et və ona tabe olanlardan ol, pisliyi əlinlə və dilinlə aradan qaldır. Pisliyi istəyənlərdən bütün səyinlə uzaqlaş və çəkin. Allah yolunda haqqı ilə cihad et. Heç bir qınayıcının qınaması, səni onun yolundan saxlamasın. Harada olursan ol, haqq yolunda güclülüklərin ən şiddətlilərinə qorxusuzca atıl" (Nəhcül-Bəlağə, 31-ci məktub).
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: "Dinin dayağı yaxşılığı əmr etmək, pislikdən çəkindirmək və ilahi hədləri tətbiq etməkdir" (Ğurərul-Hikəm, s.236).
-
Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur: "Hər kim bir pislik görərsə, əli ilə o pisliyi nəhy etsin. Gücü çatmazsa, dili ilə, ona da gücü çatmazsa, qəlbi ilə nəhy etsin" (Vəsailuş-Şiə, c.16, s.135).
-
Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur: "Kim yaxşılığa əmr edib və pislikdən çəkindirsə, Allahın və rəsulunun yer üzündəki xəlifəsidir" (Mustədrəkul-Vəsail, c. 12, s. 179).
-
Həzrət Rəsulullah (Ona və ailəsinə Allahın salamı olsun) burumuşdur: "Bir ümmət yaxşılığı əmr edib, pislikdən çəkindirdikcə, yaxşılıq və təqvada yardımlaşdıqca davamlı xeyirlər(yaxşılıqlar) içində yaşayar. Əks təqdirdə belə davranmadığı müddətdə onlardan bütün İlahi bərəkətlər alınar" (Təhzib, c. 6, s. 181).
-
İmam Əli (Ona Allahın salamı olsun) İbni Mülcəm tərəfindən ağır yaralandıqda oğlu Həsən və Hüseynə (Onlara Allahın salamı olsun) belə vəsiyyət etmişdir: "Allah üçün mallarınızla, canlarınızla və dillərinizlə Allah yolunda cihad edin... Yaxşılığı əmr edib pislikdən çəkindirməyi tərk etməyin. Əksini etdiyiniz təqdirdə başınıza pisləriniz keçər və sonra etdiyiniz dualar da qəbul olmaz" (Nəhcül-Bəlağə 47-ci məktub).
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: "Yaxşılığı əmr etmək insanların ən üstün əməlidir" (Müstədrəkul-Vəsail, c.12, s. 185).
-
İmam Sadiq (Ona Allahın salamı olsun) belə buyurmuşdur:: "Bütün xeyirli əməllərin və hətta Allah yolunda cihadın belə yaxşılığı əmr etmə və pislikdən çəkindirmə vəzifəsinin qarşısındakı halı, ağızdakı suyun dalğalı dənizlər qarşısındakı halı kimidir" (Biharul-Ənvar, c. 100, s. 89).
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: "Yaxşılığı əmr edin, pislikdən çəkindirin və bilin ki, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək, nə əcəli yaxınlaşdırar və nə də ruzini kəsər" (Vəsailuş-Şiə, c. 16, s. 120).
-
İmam Sadiq (Ona Allahın salamı olsun) belə buyurmuşdur: "Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək surətilə Allahın dinini müdafiə etməyən qövmə vay olsun" (Müstədrəkul-Vəsail c. 12, s. 181).
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: “Yaxşılığa dəvət etmək yaradılanların əməllərinin ən üstünüdür”.
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: “Yaxşılığa dəvət et ki, yaxşılardan olasan. Pisliyi isə əlinlə, dilinlə qarşısını al və gücünün çatdığı qədər onu etməkdən çəkin”.
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur “Yaxşılığa çağırıldığınız zaman qəbul edin, yaxşılığa çağırın. Pislikdən çəkindirin və siz də çəkinin”.
-
İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur:: “Həqiqətən yaxşılığa çağırmaq və pislikdən çəkindirmək əcəli yaxınlaşdırmaz, ruzini əksiltməz. Ancaq savabı artırar, mükafatı ucaldar. Bunlardan daha üstünü isə, zalım rəhbərin qarşısında haqqı söyləməkdir” (“Ğurərul-Hikəm”, “Yaxşılığa dəvət etmək və pis işlərdən çəkindirmək” bölməsi).
Allaha doğru çağırış
Hər bir məsuliyyətli və məfkurə sahibi olan müsəlmanın insanları Haqqa çağırmasının vacib bir mükəlləfiyyətlərdən olması yuxarıdakı ayə və hədislərdən aydın oldu. Bu haqqa çağırış missiyası hər bir müsəlmanın var olan ömrü davam etdikcə davam etməlidir.Bu çağırışda yorğunluq göstərmək olmaz. Bizə əmanət verilən bu fani ömrü bizə həyat verənin yolunda xidmətdə keçirməklə, insanları O varlığa doğru, O varlığın qanunları əsasında yaşamağa dəvət etməliyik. Çünkü bu yol, yəni İslam yolu nəzəriyyəyə yox, vəhyə əsaslanır. İlahi məktəb olan İslam məktəbi başqa ideoloji məktəblərdən çox fərlidir. Burada hər şeyin insan üçün, insanın isə Allah üçün yaşaması həqiqəti mövcuddur. Şüur sahibi olan müsəlman isə bu həqiqəti anlayır və Allahın görmək istədiyi bir insan olmağı qarşısına məqsəd qoyur. O, bu hədəf ilə yaşayır və insanları bu yola dəvət edir və nəticədə məfkurə sahibi olan belə müsəlman son nəfəsinə qədər bu dəvətdən əl çəkmədən həyatına davam etdirir. Beləliklə də, o, İlahi həqiqətə şahid olaraq dünyasını dəyişir.
قُلْ هَـذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّهِ عَلَى بَصِيرَةٍ أَنَاْ وَمَنِ اتَّبَعَنِي
(Ey Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq (Yusif/108).
Bu çağırışda vahid metod açıq-aşkar bir dəlillə insanları Allaha doğru çağırmaqdan ibarətdir. Cəmiyyəti bürüyən çirkinlik və pozğunluqlara qarşı müsəlmanın susması doğru deyildir. Zülm və tağut qarşısında müsəlmanın sükut mövqeyini tərcih etməsi doğru deyildir.Bu sükut, zaman və məkana müvafiq olaraq hər hansı bir işlə əvəz edilməlidir.Yəni gücü çatan ölçüdə əməli,dili,qəlbi ilə buna etiraz etməlidir. Şəxsi potensialına əsasən bu istiqamətdə bir iş görməlidir. Qələm sahibi öz qələmi, silah sahibi isə öz silahı ilə bu mübarizədə öz sözünü deməlidir. Məkanından, millətindən, məzhəbindən, irq və rəngindən asılı olmayaraq zülmə uğrayan müsəlmanın fəryad səsini eşidib ona cavab verməyən şəxs İslam dinindən hesab olunmur. Allah rəsulu və müsəlmanların rəhbəri olan Həzrət Muhəmməd (Ona və ailəsinə Allahın salamı olsun) buyurmuşdur: “Müsəlmanların problemlərinə diqqət yetirmədən sabahlayan müsəlman müsəlman deyildir”.
Ustad Şəhid Həsən Əl-Bənna “Allaha doğru çağırış” adlı məqaləsində belə demişdir: “...Bu səmimi və içdən gələn çağırışı, mənim kimi ümmətin xəstəliklərini hiss edən, iztirabını və sıxıntısını ürəyində duyan və ruhunda yaşayan hər bir kəsə çatdırıram. Ümmət bu vəziyyətdə olduğu bir halda müsəlmanın sükut etməsi, səhər xəstəliklərlə oyanan və axşam iztirablarla yatan müsəlmanın hərəkətə gələrək qurtuluş üçün fəaliyyət göstərməməsi haramdır...
Şübhəsiz ki, Allaha doğru çağırış üzərimizə vacibdir. Boynumuzun borcudur. Çağırışda bu ümmətin xeyir və hidayətinə vəsilə olma zəfərinə qovuşsaq, Allahın yardım və dəstəyi ilə məqsədimiz reallaşacaq...
Ey möminlər! İslamın xaricində sağ da, sol da sapqınlıqdır. Doğru və orta yol yalnız İslamdır. Bu ümmət qanına qarışan və ruhu ilə qaynaşan Muhəmmədi İslam çağırışından başqa bir yola boyun əyməyəcək”.
“Haqq çağırış” prinsipi geniş mənası ilə İslami dəvətin mühüm hədəflərindən biri olaraq, Quranın dəfələrlə və bir çox üslubla qeyd etdiyi dəyərli prinsiplərdəndir. Bu prinsipin güclü bir üslubla Məkkədə nazil olan bu surədə yer alması, onun, risalətin əhəmiyyətli əsaslarından biri olduğunu göstərir.
Səbrə dəvət etmək
Səbir Quranın mədh etdiyi ən böyük səciyyəvi hallardandır. Səbrə dəvət Quranın təqribən yetmiş yerində təkrar olmuşdur. Bu ayələrdən bəziləri aşağıdakılardır:
وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيم
“Və bu (xislət) yalnız səbir edənlərə verilir və ancaq böyük qismət (müjdə) sahiblərinə əta olunur!” (Fussilət/35)
قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ لِلَّذِينَ أَحْسَنُوا فِي هَذِهِ الدُّنْيَا حَسَنَةٌ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ
“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”” (Zumər/10)
وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلاَّ عَلَى الْخَاشِعِينَ
“(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir” (Bəqərə/45). .
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ
“Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)” (Bəqərə/153) Allah-Təala bu ayələrdə səbrin önəminə diqqəti çəkmişdir.
Səbirsiz İlahi yolu getmək qeyri mümkündür. Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai(r.ə) səbir haqqında belə buyurmuşdur: “Səbir-bəla yetişdiyi vaxt çaşqınlığa düşməmək, süstlüyü aradan aparıb tədbir tökmək və hasil olan nizamsızlıqdan qorunmaqdır” (“Əl-Mizan”, Əllamə Muhəmməd Hüseyn Təbatəbai, c.1.səh.484). Allahın Rəsulu (Ona və ailəsinə Allahın salamı olsun) buyurmuşdur: “İman səbir və güzəştdir” (Kənzul-Ümmal, hədis 57). Hədisdən də aydın olur ki, səbir imandır. İmam Əli (Ona Allahın salamı olsun): “Hər kimdə üç şey olsa, imanı kamildir: Ağıl, səbir və elm” (Ğurərul-Hikəm, hədis 4658). İmam Səccad (Ona Allahın salamı olsun) duasında belə buyurmuşdur: “Salam olsun o mələklərə ki, cənnət əhlinə belə deyərlər: “Səbrinizə görə salam olsun sizə! Axirət dünyası (sizin üçün) necə də gözəldir” (Səhifeyi Səccadiyyə, 3-cü dua).
Təfsir:
-
İnsanları haqqa çağırdığımız zaman bizlərdən yüksək səbir tələb olunur. Səbir olmadan haqqa çağırış missiyasının icraçısı olmaq mümkün deyildir.
-
Haqqa tövsiyənin daxilində səbir mövcuddur.Sadəcə burada “səbrə tövsiyə”-nin “haqqa tövsiyə”-dən ayrı işlədilməsi səbirin xüsusi üstünlüyünü göstərmək üçündür.
Muhəmməd Əli Əs-Sabuni “Safvətut-Təfasir” adlı təfsirində bu haqda belə demişdir: ““Haqqı tövsiyə edənlər"-dən sonra "Səbri tövsiyə edənlərin" gəlməsi ilə, ümumdan sonra xüsus qeyd edilmişdir. Çünki səbir, haqqın ifadə etdiyi ümumi mənaya daxildir. Ancaq uca Allah səbrin fəzilətinin ucalığını ifadə etmək üçün onu əlavə qeyd etmişdir” (“Safvətut-Təfasir”, Muhəmməd Əli Əs-Sabuni, Əsr surəsinin təfsiri).
Səbir insanda təvəkkül yaradır. Bunun nəticəsində də insanın Allaha bağlılığı daha da artır. Uca Allah Kitabında belə buyurur: “Ey iman gətirənlər! Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbir edənlərlədir” (Bəqərə/153).
Prof. Dr. Şəhid Seyyid Qütb belə demişdir: “Nəfslə cihad üçün və başqaları ilə cihad üçün səbir. Çətinlik və əziyyətlərə qarşı səbir. Qərbin ərköyünlüyü, pisliyin hücumlarına qarşı səbir. Yolun uzunluğuna, mərhələlərin gecikməsinə, yol işarələrinin naməlumlaşmasına və sonun uzaqlığına qarşı səbir” (“Fi Zilalil-Quran”, Seyyid Qütb, “Əsr” surəsinin təfsiri.).
Səbir bir neçə növdür:
-
Müsibətlər qarşısında səbir:
“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman/17) Bu ayədə müsibətlərə qarşı səbir etmə tövsiyə olunaraq, səbrin əzmə söykənən böyük işlərdən olması izah olunmuşdur.
-
Nəfsani istəklər qarşısında səbir:
Səbir, çirkinlik və pisliklərdən çəkinmək üçün məşəqqətə təhəmmül etmə qüvvəsidir.
Mömin bir insan bu qüvvə ilə İlahi qadağalardan (haramlardan) və xoş görünüb sonu puç olan aldadıcı, təhlükəli, maddi və ya mənəvi zərər verici şeylərin zərərlərindən çəkinmiş olur.
Bütün bu deyilənlər insanın təkamül və tənəzzül xüsusiyyətlərini açıqlayan izahlar idi.
Ən doğrusunu Allah-Təala bilir.
Qəlblərimizin Quran nuru ilə nurlanmasını Uca Yaradandan təmənna etməliyik. Çünki Quranın açarı mənəviyyatdır. Həqiqətlərə açıq olan bir qəlb, mənəviyyatla dolar. Belə bir qəlb Quran dünyasının açarıdır.
Səy etmək bizdən, müvəffəqiyyət Allahdandır.
Anar İmanzadə
a.imanzade@hilal.az
Qeyd: Müəllif və saytın ünvanı göstərilmədən tədqiqatdan istifadə qadağandır.
Ədəbiyyat:
“Əl-Mizan”, Əllamə Təbatəbai,
“Safvətut-Təfasir”, Muhəmməd Əli Əs-Sabuni,
“Təfsiri Kəbir Məfatihul-Ğeyb”, Fəxrəddin Razi,
“Əlmalılı M uhəmməd Hamdi Yazır Təfsiri”,
“Safvətut-Təfasir”, Muhəmməd Əli Əs-Sabuni,
“Əsbabi-Nüzul”, Bədrəddin Çətiner,
“Təfsiri Təbəri”, Əbu Cəfər Muhəmməd ibni Cərir ət-Təbəri,
“Ət-Təfsirul-Hədis”, İzzət Derveze
“Ğurərul-Hikəm”, c.1, Əbdülfəth Əbdülvahid Amidi,
“Səhifeyi Səccadiyyə”, İmam Səccadın (ə) duaları,
“Əmri məruf və nəhyi munkər”, Ustad Möhsin Qiraəti.
Dostları ilə paylaş: |