MƏTANƏT MURADOVA
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
metanet20102010@mail.ru
MƏHƏMMƏD BİN MAHMUD ŞİRVANİNİN ELMİ İRSİ
Məhəmməd bin Mahmud Şirvaninin həyatı haqqında qaynaqlarda verilən məlumatlar azdır və ya da başqa bir Şirvani ilə qarışdırılmışdır. Məhəmməd bin Mahmud Şirvani, Osmanlı hökmdarları Çələbi Məhməd və II Muradın dövrlərində yaşamış və hər iki hökmdarın adına əsər yazmışdır. Bunlara söykənərək, alimin XIV əsrin sonlarında anadan olması təxmin edilir. Nisbəsinin Şirvani olmasından onun Azərbaycanın Şirvan bölgəsində anadan olması və yaxud da Şirvandan Anadoluya köçən bir ailədə dünyaya gəldiyi düşünülür. Şirvaninin harada doğulması, Anadoluya nə vaxt getdiyi haqqında heç bir dəqiq məlumat yoxdur (1, s.28).
15 avqust 1627 (3 zilhiccə 1036)-ci ildə vəfat edən Şirvani öz vəsiyyəti ilə Üsküdarda dəfn edilmişdir.
Bəzi qaynaqlarda Şirvani haqqında yanlış məlumatlar vardır. Bu qaynaqların bir qismində bildirildiyi kimi adı və əsərləri Şirvaniyə aid olduğu halda müəllifin yaşadığı dövr doğru müəyyən edilməmişdir. Müəllifin adı bu qaynaqlardan İsmail Paşanın “Hədiyyətül-arifin Əsmaül-müəllifin və Asarul-musannifin əsərində (2, II, s.225) “Şükrüllah Şirvani, Muhammed bin Mahmud el-Konstantini er-Rumi; X.Ziriklinin “əl-Əlam qamusu Təracim li-Əşhərir-rical vən-nisa minəl-Ərəb vəl-mustaribin vəl-müştarikin” (3, VII, s.309-310) əsərində “Muhammed bin Mahmud bin Hacı Şirvani sümme Konstantini”; Ömər Rza Kehalinin “Mucəmul-müəllifin”də (4, XI, s.312) “Muhammed Şirvani, Muhammed bin Mahmud bin Hacı eş-Şirvani sümme el-Konstantini” kimi qeyd edilmişdir.
“əl-Əlam” və “Mücəmul-müəllifin”də verilən məlumatlar eynidir. “əl-Əlam”da məlumatlar belədir: “Ərəbləşmiş təbib, Buxaranın Şirvan şəhərindəndir. İstanbula gəlib, tibbi biliyi ilə Sultan Məhəmməd Xana (v. 886/1481) xidmət etmişdir. Bununla bərabər təfsiri, hədisi və ərəb dilini də gözəl bilirdi. Həccə getdikdən sonra bir müddət Misirdə qalmış, həmin müddətdə bəzi alimlərdən də dərs almış və Anadoluya qayıtmışdır. Əsərləri arasında tibbə aid mövzuda olan ən dəyərli kitabı “Rəvzatul-ıtr”dır. Başlığı olmayan ərəbcə tibbə aid daha bir kitabı Florensiyada saxlanılır.
İlk təhsilini atası Molla Sədrəddindən alan alim, eyni zamanda Əllamə Hüseyn Xalxalidən əqaid, məntiq və başqa elmləri də öyrənmişdir. Bu elmlərə aid çoxlu sayda əsərlər yazmışdır. Onun ərəb, fars və türk dillərində bir çox əsərləri vardır. Həmin əsərlər dünyanın müxtəlif əlyazma xəzinəsi, kitabxana və muzeylərində qorunub saxlanılır. Əsərləri elmlərə görə aşağıdakı bölmələrdə verilir:
Təfsir, hədis və məntiq: “Haşiyə alə Təfsiril-Beyzavi”, “Təfsiru surətil-Fəth”, “Təfsiru surəti Yasin”, “Təfsiru suretil-İxlas”, “İrabül-Ayətil-kürsi”, “Təfsirül-Ayətil-kürsi”, “Rəsail”, “Haşiyə alə cüzin-Nəbə min Təfsiril-Beyzavi”, “Risalə fil-hadis”, “Risalə fil-ibadə”;
Kəlam və əqaid: “Şərhu qavaidil-əqaid lil-Qəzzali”, “Risalə fi təhqiqil-məbdə vəl-məad”, “Risalə fi məsələtil-iman”, “Haşiyə alə dibacəti Şərhid-Dəvvani aləl-əqaid”, “Risalə fi işqali kəvnil-vahdəh fî Kəlimətiş-şəhadəh”, “Tərcümanül-üməm”;
Məntiq; “Şərh alə Cihətil-vahdə lil-Fənari”.
Araşdırmalarımıza görə, Məhəmməd bin Mahmud Şirvani altı əsərini XV əsrin birinci yarısında yaşamış dövlət adamları və Osmanlı hökmdarlarına təqdim etmişdir. Bunlar aşağıdakılardır: Menteşeoğlu İlyas Bəyə (1403-1421) “İlyasiyyə”, Gərmiyanoğlu Yaqub Bəyə (1402-1429) “Yaqubiyyə”, Osmanlı sultanı Çələbi Məhmədə (1413-1421) “Sultaniyyə”, Timurtaşoğlu Umur Bəyə (öl. 1461) “Cövhərnamə”, Kazaskər Vəliyüddinə “Rövzətül-ıtr” və II Murada (1421-1451) “Tuhfe-i Muradi” (2, II, s.289)..
Şirvaninin əsərlərindən altısını ərəbcə yazması onun ərəb dilini yaxşı bildiyini göstərir. Bundan başqa, kitablarına nəzər saldıqda görərik ki, özündən əvvəl yaşamış klassik yunan həkimlərinin kitablarını da mütaliə etmişdir. Bunlarla yanaşı, dini elmlərə aid əsəri də vardır.
Yazdığı əsərlərdən aydın olur ki, Şirvani tibb, din, ətriyyat, dəyərli daşlar kimi mövzulara maraq göstərmişdir. Türk tibb tarixində Şirvani qədər çox əsər yazan başqa bir həkim olmamışdır. XV əsrin ilk yarısında Türk tibbinin inkişafında onun yazdığı əsərlərin də böyük köməyi olmuşdur. Türk dilində yazdığı altı kitabla sadə Türk nəsrini elmi əsərlərə gətirmiş və türk dilinin XV əsrdə tibb kitablarının yazılmasında istifadə olunan bir elmi dil olduğunu göstərmişdir. Hətta ərəbcə olan tibb terminlərinin bəzilərinin türkcə tərcümələrini də verərək türk dilinin inkişafına xidmət etmişdir.
Katib Çələbinin “Kəşf əz-Zünun”da Mahmud Şirvaninin “İlyasiyyə” adlı tibbə aid bir kitabından bəhs edilir. “Kəşf əz-Zünun”da qeyd edildiyinə görə, Şirvani İlyas bin Məhməd Bəyin şərəfinə ərəb dilində “İlyasiyyə” adlı əsərini yazmış, sonra isə İlyas bəyin əmri ilə bu əsəri Türk dilinə tərcümə etmişdir (6, I, s.115).
Məhəmməd bin Mahmud Şirvaninin tibbə aid olan daha bir kitabı “Sultaniyyə” adlanır. maraqlı budur ki, tibb tarixçiləri ilk tibbə aid əsərlərin siyahısını tərtib edərkən bu əsərdən bəhs etməyiblər. Amma Süleymaniyyə Kitabxanasında saxlanılan iki nüsxədən ilk dəfə 1984-cü ildə nəşr edilən İslami tibb yazmaları kataloqunda bəhs edilmişdir (7, s.267).
Şirvaninin qiymətli daşlardan bəhs edən ilk əsəri “Cövhərnamə” adlanır. Türkiyədə bu əsərdən ilk dəfə Fuad Köprülü bəhs etmişdir (8, s.358). Əsərin tək nüsxəsi Almaniyada Leipzig Senato kitabxanasında K.231 şifrəsi altında saxlanılır.
Şirvaninin ərəb dilindən tərcümə etdiyi, yeməklərdən bəhs olunan “Kitabüt-təbih” əsəri də müəllifin maraq doğuran əsərlərindəndir. Əsərin əsli 623/1266-cı ildə Həsən əl-Bağdadi tərəfindən qələmə alınmışdır. Əsərin ərəb dilində adı “Kitabül-tabih minəl-ətimə fi Qəblət-tibb”dir. Bu əsər həm də ərəbcə yeməyə aid yazılan ən qədim kitabdır.
Şirvaninin əsərləri arasında ilk diqqəti çəkən “Tuhfe-i Muradi” adlı əsəridir. Bu əsərdə qiymətli daşlar, gözəl ətirlərdən bəhs olunur.
“Tuhfe-i Muradi” əsəri 833/1429-cu ildə Bursada yazılmış və Osmanlı hökmdarı II Murada təqdim edilmişdir.
Şirvani “Tuhfe-i Muradi”nin müqəddiməsində Bəsmələdən sonra Osmanlı soyunu tərif edir, II Murada hər zaman dua etdiyini, onun neməti ilə bəsləndiyini, inam və ehsanından məmnun qaldığını söyləyir, II Muradın atası Çələbi Məhmədin onun üzərində olan haqlarından da bəhs edir. Əsər Şirvaninin 831/1427-ci ildə yazdığı və Timurtaş Paşaoğlu Umur Bəyə təqdim etdiyi “Cövhərnamə” əsərinin genişləndirilmiş və əlavələr edilmiş şəklidir (8, s.39).
“Tuhfe-i Muradi” əsəri bir müqəddimə və otuz iki babdan ibarətdir. Hər bab müxtəlif cövhərlərin xüsusiyyətinə, faydasına, qiymətinə və saxlanmasına aid edilmişdir.
“Tuhfe-i Muradi” əsərinin dünya kitabxanalarında saxlanan 6 nüsxəsini aşkarlamışıq. Bu abidənin ən qədim nüsxəsi Türkiyədə Arxeoloji Muzeyi Kitabxanasında 728 şifri altında qorunub saxlanılır. Əsər 140 vərəqdən ibarətdir. Nəsx xəttilə, başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Cildi qəhvəyi rəngdir, Əsərin üzü 929/1522-cu ildə Qasım adlı şəxs tərəfindən on beş gün ərzində köçürülmüşdür. Bu nüsxədə müəllifin adı “Mahmud bin Mahmud-ı Şirvani” kimi qeyd edilir (8, s.44).
Bu abidə “Tuhfe-i Muradi” əsərinin aşkar etdiyimiz nüsxələri içərisində ən qədimidir. Nüsxənin hərəkəli olması cövhərlərin adlarını təsbit etməyi asanlaşdırır.
2. Süleymaniyyə Kitabxanasında saxlanan nüsxəsi 1493 şifri altındadır. Kitab 241 səhifədən ibarətdir. Hərəkəsiz, təliq xətti ilə yazılmışdır. Hər səhifədə 15 sətir var. 14x21 (8x5) sm ölçülərində, ahərli kağıza yazılmışdır. Cildi qəhvəyi rəngli, başlıqlar qırmızı mürəkkəblədir. Bu nüsxədə müəllifin adı “Məhəmməd bin Mahmud Şirvani” kimi verilmişdir. Əsər kitabxananın kataloqunda “Cövhərname-i Şirvani” adı ilə qeyddədir. Köçürülmə tarixi yoxdur (8, s.44).
3. Bursa Eski Harfli Yazma ve Basma Eserler Kütüphanesi, Haraççıoğlu Bölümü. 1098/2 şifri altında saxlanılır. 52b-150a vərəqləri arasında 98 səhifəlik bir nüsxədir. Hərəkəsiz təliq xətti ilə yazılan bu nüsxənin hər səhifəsində 15 sətir var. 20,4x11,8 sm ölçüsündə, hamar kağız üzərində qara mürəkkəblə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəblədir. Nüsxədə müəllifin adı “Məhəmməd bin Mahmud bin Şirvani”, əsərin adı isə birinci səhifənin əvvəlində “Kitab-i Cövhərname-i Türki” kimi verilmişdir. Kitab 979/1571-cu ildə köçürülmüşdür. Katibi haqqında məlumat yoxdur (8, s.45).
4. Süleymaniyyə Kitabxanası Ayasofya Bölümündə 3577 şifrəsi altında saxlanılan nüsxə 99 səhifədən ibarətdir. Hərəkəli nəsx xəttilə yazılmışdır. Hər səhifədə 13 sətir var. 23x15 sm ölçüsündə, ahərli kağıza yazılmışdır. Cildi qəhvəyi rəngli kartondur. Köçürülmə tarixi və katibi bilinmir. Müəllifin adı bu nüsxədə “Məhəmməd bin Mahmud Şirvani” kimi verilmişdir (9, s.19).
5. Paris, Bibliotheque Nationale kitabxanasında S.1302 şifrəsi altında saxlanılır. 153 səhifədən ibarətdir. Nəsx xətti ilə yazılmışdır. 21x16 sm ölçüdədir. Müəllifin adı “Məhəmməd bin Mahmud Şirvani” kimi verilmişdir. Əsər zilhiccə 1234-cü ildə Kiprdə köçürülmüşdür. Katibi Seyyid Cəfər bin Seyyid Əbdürrəhim bin Şeyx Əli əş-Şiadır (10).
6. Atatürk Kitaplığı, M.Cevdet Yazmalarında K.281 şifrəsi altında saxlanılır. 56 vərəqdən ibarətdir. Riqə xətti ilə yazılmış, başlıqlar qırmızı mürəkkəblədir. Hər səhifədə 16 sətir var. 20x12,5 sm ölçüdədir. Cildi çəhrayı rəngli kartondur. Köçürülmə tarixi və katibi bilinmir. Birinci səhifədə kitabın adı “Cəvahirnamə”, müəllifin adı isə “Məhəmməd bin Mahmud Şirvani” kimi yazılmışdır.
Tibb tarixçilərinin çoxu Anadoluda yazılan türkcə ilk tibb kitablarını sadalayarkən “Tuhfe-i Muradi”ni də o siyahıya daxil etmişlər. Ancaq gəldiyimiz nəticəyə görə, “Tuhfe-i Muradi” tibbə aid bir kitab deyildir. Kitab qiymətli daşlar, müxtəlif dərmanlar və ətirlərdən bəhs edir. Kitabın içində qismən tibbə aid məlumatlar var. Cövhərlərin faydaları qeyd edilərkən onların tibbdə istifadələrinə də yer verilmişdir (11, s.29).
Məhəmməd bin Mahmud Şirvaninin həyatı, yaradıcılığı və əsərləri üzərində tədqiqatımızı davam etdiririk.
Ədəbiyyat:
-
Ali Haydar Bayat. “XV Yüzyıl Osmanlı Tıbbının Büyük Ustadı Muhammed bin Mahmud Şirvani (1375-1450) Hayatı ve Eserleri”. Kubbealtı Akademi mecmuası. Yıl: 25. - S.4 (Ekim 1996).
-
Bağdadlı İsmail Paşa. “Hediyyetül-arifin Esmaül-müellifin ve Asarul-musannifin” C.2. - İstanbul, 1955.
-
Hayreddin ez-Zirikli. El-Alam Kamusu Teracim li-Eşherir-rical ven-nisa minel-Arab vel-mustaribin vel-muştarikin, c.7, Beyrut.
-
Ömer Rıza Kehhale. Mucemul-muellifin, C.11. - Dimişk, 1960.
-
Katib Çələbi. Keşfüz-Zünun. C.1. - Bulak, 1274. - S.115.
-
Cataloque of Islamic Medical Manuscripts.
-
F.Köprülü. Türk edebiyatı Tarihi.
-
Muhammed b. Mahmud-ı Şirvani. Tuhfe-i Muradi. - Ankara, 1999.
-
Vecihe Kılıcoğlu. Cerrahiyye-i İlhaniyye, TTK Yay. - Ankara, 1956.
-
Bk.Balcı Orhan. Şirvanlı Mehmed bin Mahmud. Tuhfe-i Muradi fi ilmil-cevahir (İnceleme-Metin-Sözlük). - Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. Ankara, 1995.
-
Bayat, agm.
Matanat Muradova
MUHAMMED BİN MAHMUD SHİRVANI`S SCIENTİFİC HERİTAGE
Summary
Muhammed bin Mahmud Shirvani is a scientist who was born at the end of XV century and had have encyclopedic knowledge. İt become known from his works that he was interested in medicine, religion, perfume, precious stones.
SAMİRƏ MƏMMƏDOVA
Azərbaycan Dillər Universiteti
samiramammadova23@gmail.com
İNGİLİSDİLLİ TƏDQİQATDA AZƏRBAYCAN KLASSİK ŞAİRLƏRİNİN
MİLLİ MƏNSUBİYYƏTİ PROBLEMLƏRİ
Minillik şərəfli bir tarixi yol keçmiş Azərbaycan klassik poeziyası bu dövrlər ərzində dünya korifeyləri ilə bir sırada duran, əsərləri ilə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, sonrakı dövrlərdə Qazi Bürhanəddin, İmaddəddin Nəsimi, Şah İsmayıl Xətai, Füzuli və digər kamil təfəkkürlü şairlər yetirmişdir.
Ta qədimdən klassik Şərq öz zəngin milli dəyərləri və ideal gözəlliyi ilə Avropanı fəth etmiş, dünya səyyahları, alimləri, filosofları, yazarları, bu dillərdən yaranmış olan siyasi və mədəni ənənələr marağı ilə Şərqə üz tutmuş, bu sirli və füsünkarlığı ilə hər bir kəsi cəlb edən diyarı daha yaxından tanımağa, öyrənməyə cəhd etmişlər. Təbii ki, bu təmas Qərb və Şərq dünyası arasında mədəni və ədəbi əlaqələrin yaranması və inkişafı üçün şərait yaratmış, sonrakı mərhələdə sərhədləri aşaraq dünyaya yayılmışdır.
Klassik Azərbaycan ədəbiyyatı bütün çağlarda istər türk ədəbiyyatı və istərsə də fars ədəbiyyatı adı ilə Avropa şərqşünaslığının diqqətində olmuşdur. “Məşhur ingilis şərqşünası Q. Auslinin 1846-cı ildə Londonda nəşr etdirdiyi“Biographical notes of Persian poets; with critical and explanatory remarks “ (“Fars şairləri haqqında tərcümeyi-hal qeydləri; Tənqid və şərhlərlə”) adlı araşdırması müəyyən cəhətləri ilə diqqəti cəlb edir.Biz Azərbaycan klassik poeziyasının Qərb qaynaqlarında öyrənilməsindən bəhs edərkən daha ilkin qaynaqlara müraciət etmiş Q.Auslinin bu geniş tədqiqatının təhlilinə çalışmışıq. Şərqşünasın tədqiqatı ilə bağlı ilk dəfə maraqlı tənqidi qeydləri ilə tanınmış ədəbiyyatşünas alim Vilayət Quliyev” Nizamidən Saib Təbriziyə qədər” adlı məqaləsində məlumat vermişdir .Məqaləni geniş təhlil etdikdən sonra deyə bilərik ki, V.Quliyev araşdırmaya daxil edilmiş Yaxın və Orta Şərq ölkələrinin otuz bir ustadının tərcümeyi-hal qeydləri içərisində bir sıra görkəmli Azərbaycan şairləri haqqında mətnləri də ciddi təhlil etmiş, Q.Ausli araşdırmasının məziyyətlərini göstərmişdir.O, N. Gəncəvi, X.Şirvani, Ş. Q. Ənvar, Məğribi, Katibi, Şahi, Ə. Təbrizi, Saib Təbrizi kimi Azərbaycan şairlərinin həyat və yaradıcılığına həsr edilmiş oçerklərə münasibətini bildirmişdir. Q.Auslinin kitabında diqqəti cəlb edən əsas cəhət klassik Azərbaycan poeziyasına və bu poeziyanın yaradıcılarına münasibətidir. Və əminliklə deyə bilərik ki,bir sıra Qərb şərqşünaslarının yolunu davam etdirərək özünün bir çox müasirləri kimi Q.Ausli də “fars poeziyası” ilə “farsdilli poeziya” anlayışlarını fərqləndirə bilməmişdir.
Həqiqətən də, bir çox orta əsr Azərbaycan şairlərinin – N.Gəncəvi, F.Şirvani, X.Şirvani, M. Beyləqani, Z.Şirvani, Ə. Marağayi , S. Təbrizi və s. kimi böyük sənətkarların fars dilində yazdıqlarına görə fars şairi kimi təqdim olunması təəssüf doğurur və hal-hazırda bir çox müasir ingilisdilli qaynaqlarda bu yanlış fikir hökm sürməkdə davam edir. Əlbəttə, bu yanlış fikirlər bir sıra ingilisdilli tədqiqatçıların klassik Azərbaycan ədəbiyyatı qaynaqlarına dərindən bələd olmamasından irəli gəlir.
Avropa alimlərinin bir qismi özlərinin sivilizasiya monopoliyası, siyasi qurumu ilə yanaşı özlərinə xas düşüncə tərzinin olduğunu bütün dünyaya yaymaq üçün Şərq təsəvvürlərinə qarşı çıxmışdır. Buna etirazını ifadə edən E.Braun “A literary history of Persia” (“ İranın ədəbi tarixi”) adlı araşdırmasında Şərq həqiqətlərinin əsil bilicisi kimi çıxış etmişdir”.“Şərq ruhunun dərk olunması” məramı ilə İranın ədəbi tarixini araşdıran müəllifin böyük əzab-əziyyətləri, yuxusuz gecələri hesabına başa çatdırıb nəşr etdirdiyi bu tədqiqatı Şərq mədəniyyəti və ədəbiyyatı tarixi üçün çox qiymətli bir abidədir. Lakin müəllifin klassik Azərbaycan ədəbiyyatının böyük şəxsiyyətlərini və onların əsərlərini İran ədəbiyyatı adı altında tədqiqata cəlb etməsi təbii ki, müəllifin kitab üzərində işləyərkən fars alimləri ilə məsləhətləşməsi ədəbiyyat tariximizin yanlış adla təhlil və şərhinə meylini artırmışdır.Bu barədə Braun özü də əsərində etiraf etmişdir:
“I wish I could have profited more by the counsel of my Persian friends , especially Mirza Muhammad Khan of Qazwin and Hajji Mirza Yahya of Dawlatabad ,during the progress of this work”.Tərcüməsi belədir: “Kaş ki,mən bu işimi yazarkən fars dostlarimdan, xüsusən Qəzvinli Mirzə Məhəmməd Xan və Dövlətabadlı Hacı Mirzə Yəhyanın məsləhətlərindən daha çox yararlanaydım” E.Braunun kitabının müəyyən bölümlərində türk ədəbiyyatının bəzi ciddi problemlərinin elə onun adı ilə verilməsi müəyyən dövrlərdə ədəbi nümunələrimizin məhz doğma dilimizdə yazılması ilə bağlı olmuşdur. Müəllif araşdırmasının II kitabının son cümləsində türk atalar sözündəki əsil həqiqətin sevgisi ilə kitabını tamamlaya bilməsinin sirrini açmışdır. Həmin atalar sözü türkcə belə ifadə olunur:
“Eyibsiz yar istəyən yarsız qalar”. Və ya : “Qüsursuz dost axtaran dostsuz qalar”. Onun ekvivalentini isə ingilis dilində E.Braun tərcüməsində daha dəqiq vermişdir:
“Surely he remaineth friendless who requires a faultless friend ” .
Bu araşdırmanın ən böyük nöqsanı Orta əsrlər dövründə tarixi, ədəbi ənənələr üzərində daha böyük inkişaf yolu ilə Yaxın və Orta Şərq mədəniyyətində ,o cümlədən ədəbiyyatında özünə məxsus yeri olan Azərbaycan klassik irsinin farslaşdırılmasıdır .Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, tək E.Braun deyil, bir çox Avropa şərqşünaslarının araşdırmaları bu kimi nöqsanlardan xali deyildir. Azərbaycan klassik ədəbiyyatı nümunələrinin farsca və ya ərəbcə yazılması mövcud ictimai-siyasi, tarixi şəraitlə bağlı olsa da , həmin əsərlərin fars yaxud ərəb ədəbiyyatı nümunələri kimi təqdim olunması tarixi həqiqətlərin saxtalaşdırılması deməkdir. Lakin Azərbaycan türkcəsinin fars dilinin ləhcəsi kimi qələmə verilməsi ,eləcə də Azərbaycan klassiklərinin əsərlərini fars dilində qələmə aldıqları üçün fars şairi kimi adlandırılması ən böyük fitnəkarlıqdır.
Azərbaycan klassik poeziyasının Qərb şərqşünaslığında öyrənilməsi ilə bağlı geniş tədqiqat aparan, Azərbaycan ədəbiyyatşünaslığında öz dəsti-xətti olan tanınmış alim, şair, tərcüməçi Şahin Xəlillinin Azərbaycan-ingilis ədəbi əlaqələrinin tədqiqi ilə bağlı əsərləri böyük maraq doğurur. Alim çoxsaylı yazılarında klassik Azərbaycan poeziyasının XI-XVIII əsrlərdə yaşamiş şairlərin əsərlərinin ingilis dilinə tərcüməsi və tədqiqi tarixini aydın və dinamik şəkildə araşdırmağa səy göstərmişdir.Alimin ”Klassik poeziya və ədəbi əlaqələr”adlı tədqiqatından aşkar olur ki, klassik Azərbaycan ədəbiyyatına, onun görkəmli yaradıcılarının həyat və ədəbi irsinə dair ingilis şərqşünaslığında araşdırmalar əsasən iki istiqamətdə aparılmışdır. Birincilər İran ədəbiyyatı tarixi kontekstində azəri-türk ədəbiyyatının klassiklərinin əsərlərini fars dilində yazdıqlarına əsaslanaraq onları yanlış olaraq fars ədəbiyyatının nümayəndələri kimi təqdim etmişlər. Bunlara Q.Ausli, E .Braun, A .Arberi və b. daxildir. Alimin fikrincə, ikincilərdə yenə İran ədəbiyyatı kontekstində ədəbiyyatımızın bu və ya digər tanınmış simalarının həyat və yaradıcılığını tarixi hadisələr və həmin dövrün ictimai-siyasi ab-havası fonunda daha əhatəli tədqiqat obyektinə çevirmişlər.Məsələn, R.Nikolson, R.Seyvəri, H.Həsən və b .
Tədqiqatçı (Ş.Xəlilli - S.M) ingilis şərqşünası E. Braunun “İranın ədəbi tarixi” adlı dördcildlik əsərini də geniş xarakterizə edir və ingilis şərqşünasının farsdilli Azərbaycan klassiklərini İran ədəbiyyatının şairləri adlandırmasına tənqidi yanaşır. Alim yazır: “Azəri türk ədəbiyyatı klassiklərinin əsərlərinin fars dilində yazmaq məcburiyyətində qaldığını “görə bilməyən” müəlliflər həmin əsərlərin və onların müəlliflərinin İran ədəbiyyatı tarixinə daxil edilməsinin fərqinə varmamışlar”. Ona görə də tədqiqatçı E.Braunun özündə fars dövrləşdirmə sistemini əks edən təsnifatını Azərbaycan-ingilis qarşılıqlı ədəbi əlaqələrinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsinə daha əsaslı təminat verə biləcək bir bölgüyə ayırır:
-
Eramızdan əvvəlVII əsrdən eramızın VII əsrinə qədər olan dövr;
-
VII əsrdən XVII əsrə qədər olan dövr;
-
XVII əsrdən XXI əsrə qədər olan dövr.
Qeyd edək ki, indiyədək Nizaminin milli mənsubiyyəti mübahisələrə səbəb olmuşdur. Buna görə də, şairimizin həyat və yaradıcılığının araşdırılmasına keçməzdən öncə, bu məsələyə münasibətimizi bir daha bildirmək istərdik. Təəssüf ki, hələ də informasiya kasadlığından əziyyət çəkən bəzi elmi dairələrdə məlumatsızlıqdan, ya da qəsdən Nizamini İran şairi kimi qələmə vermək ənənələri və cəhdləri özünü göstərir. Bu cür cəhdlərin qarşısını almaq yolunda ən yaxşı vasitə - dahi azərbaycanlının əsərlərinin onun doğma həmvətənləri tərəfindən müntəzəm olaraq araşdırılması, qiymətləndirilməsi, nəşri, təbliği və tərcüməsidir ki, nizamişünaslıq sahəsində bu cür vüsətli iş, İran da daxil olmaqla, Azərbaycandan başqa heç bir ölkədə aparılmır. Bununla yanaşı, Nizaminin Azərbaycan torpağının yetirməsi, Azərbaycan şairi olduğunun sübutu bir neçə başqa arqumentə də söykənir ki, onlardan bəzilərini aşağıda təqdim edirik: İstər şairin özü, istərsə də ondan sonra Nizami haqqında yazmış bütün orta əsr qaynaqları, bu böyük sənətkarın 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda – Gəncədə yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir. Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətraflarında yaşayan əhalinin əsas kütləsini türklərin təşkil etdiyi, Cənubi Qafqazın mədəni, ictimai və siyasi proseslərində mühüm rol oynadığı da, eramızın II yüzilliyindən, yəni Nizami dövründən hələ min il əvvəl Roma tarixçiləri və coğrafiyaçıları, V əsrdən başlayaraq isə Bizans, gürcü, erməni və ərəb tarixçiləri tərəfindən təsdiq edilmişdir. Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Həm də Gəncə türk oğlu türk olan Azərbaycan Atabəylərinin paytaxtı idi .651-ci ildə dövlətçiliyini itirən İran (irandilli xalqların dövlətçiliyi nəzərdə tutulur-S.M) bir də onu 1300 ildən sonra Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndə bərpa etmişdi. Uzun əsrlər boyu hakimiyyətdə olmuş türk sülalələri tabeliklərindəki bütün xalqlara tolerant münasibət bəsləmiş, hətta fars dilində yaranan poeziyaya mesenatlıq etmişdilər. Tarixi arqumentləri bir kənara qoyub, yalnız onu göstərmək kifayətdir ki, Nizaminin iki poemasında – “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərlərində İranda dara düşən Xosrov və Bəhramın qurtuluş üçün Azərbaycana qaçdıqları təsvir edilmişdir. Orta əsrlər tarixindən məlumdur ki, bir ölkədə dayaqlarını itirmiş, yaxud qəzəbə gəlmiş hökmdar və ya şahzadələr özlərini qurtarmaq üçün başqa ölkədə sığınacaq tapardılar. Əgər Gəncənin də yerləşdiyi Azərbaycan İran ərazisi olsaydı, onda İrandan İrana qaçmağın nə mənası var idi? Nizaminin avtobioqrafik materiallarla ən zəngin poeması “Leyli və Məcnun”da şair öz anasının kürd qızı olduğunu bildirmiş, “Xosrov və Şirin” poemasında isə özünü saf türk sözü ilə “ikdiş”, yəni “metis” (iki müxtəlif millətin nümayəndələrinin nikahından doğulan uşaq) adlandırmışdır:
“Yeddi gözəl” poemasının başqa bir yerində isə “Torkiyəmra dər in Həbəş nə xərənd” (Mənim türklüyümü bu Həbəşdə almırlar) deyən Nizami yenə də öz etnik mənsubiyyətinə birbaşa işarə vurmuşdur .Fars poeziyasının ən böyük nümayəndələrindən biri olan İran şairi Əbülqasim Firdovsidən fərqli olaraq Nizaminin poetik dilində çoxlu türk sözlərindən istifadə edilmişdir. “Alaçuq”, “uşaq”, “ikdiş”, “çalış”, “xan”, “xatun”, “ozan”, “sancaq”, “muncuq”, “qılavuz”, “gərdək”, “tutuq”, “yaylaq”, “toz”, “tapança” və s. türk sözlərini Nizami öz əsərlərində həvəslə işlətmişdir ki, bu da onda Firdovsi kimi fars təəssübkeşliyinin olmadığını göstərir. Halbuki, təmiz qanlı fars olan Firdovsi təmiz fars dilində yazmaq məqsədini o qədər güclü ifadə etmişdir ki, öz “Şahnamə”sində hətta ərəb sözlərindən də istifadə etməməyə çalışmışdır. Nizamidə və onunla eyni poetik məktəbə - Azərbaycan poeziya məktəbinə daxil olan başqa şairlərdə isə ərəb və türk sözlərindən geniş istifadə edilmişdir. Təsadüfi deyildir ki, farslar Nizami və Xaqani şeirlərindən danışanda “buye tork miayəd” deyirlər”,”türkün ətri gəlir”deyirlərmiş.
Fars şairləri kimi təqdim edilən Azərbaycan klassik şairlərinin əslən Azərbaycan türkü olduqları istiqamətində hal–hazırda dövlətimiz yüksək addımlar atır. Buna bariz nümunə kimi 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzini misal gətirə bilərik. Bu təşəbbüs Amea-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri,Oksford Universitetinin adı çəkilən mərkəzinin Azərbaycan tərəfdən sədri Nərgiz xanım Paşayeva tərəfindən irəli sürülmüşdür. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk elmi-tədqiqat ocağıdır.Qeyd edək ki,İngiltərə alimlərini Mərkəzin məhz Nizami Gəncəvinin adını daşımağına razı olmalarında və onun türkmənşəli, Azərbaycan şairi olmasına inandırmaqda Nərgiz xanımın əvəzolunmaz rolu vardır.
Dostları ilə paylaş: |