Kara sub. Bu leksem haqqında tədqiqatçıların müxtəlif mülahizələri vardır. Belə ki, S.Q.Klyaştornı eyni hərfi işarələri ümumi isim kimi tərcümə etdiyi halda, T.Tekin, bizcə, haqlı olaraq Terxin abidəsi cənub tərəfi 29-cu sətrindəki ... etmiş esinizde küç Kara sub ermiş ifadəsini Muhtac olduğunuz qüdrət Kara sudur (dedilər) şəklində tərcümə etməkdədir (165, s. 809). Müəllif bu hidronimin Şimali Monqolustanda yerləşən bir çay və ya gölün adı olduğunu təsbit etmişdir (165, s. 815). Alim bu hidronimi həmin bölgədəki Har us nuur (Kara su gölü) ilə eyniləşdirməyə çalışmışdır. Məlumdur ki, kara leksemi qədim və müasir türk xalqlarının hidronimlərinin tərkibində tez-tez təsadüf edilir. Təsadüfi deyildir ki, Orxon abidələrində də Kara köl (KTşm2) hidronimi işlənmişdir.
Kanyüy və Künyüy hidronimləri Ötükənin şərqində yerləşən çayların adlarıdır. Terxin abidəsinin qərb tərəfi V sətrini T. Tekin: yaylağım Ötüken kuzı kidin uçı Tez başı öndün Kanyuy Küünüy. “- Yaylağım Ötükenin şimal yamaclarının qərb ucu Tez çayının başı, şərqi Kanyuy və Künyüy çayları" şəklində oxuyaraq buradakı Kanyüy və Künüy hidronimlərini təsbit etmişdir. Müəllifin fikrincə abidədəki Kanyuy bugünkü Xanuy çayının adıdır. Künyüy isə bukünkü Huni çayının qədim adı ola bilər (165, s. 819). Kanyüy hidroniminin apelyativi bizcə titul bildirən xan sözündən ibarətdir. Eyni zamanda türk hidronimləri tarixində kan leksemi əsas, baş, böyük coğrafi obyekt mənasında, bir də ümumiyyətlə çay mənasında işlənmişdir (99, s. 74).
Uçuz köl hidronimini S.Q.Klyaştornı “mənasız” şəklində, “niçtojnıy Kyul” şəklində tərcümə etmişdir (59, s. 88-89). Lakin sonrakı tədqiqatçılar Tes abidəsinin IX sətrini bu şəkildə oxumuş və tərcümə etmişlər: ... buzuk başın ... Ucuz kölke... töke barmış. - bozokların başçısını Uçuz gölə tökmüş (38a, s. 4). Qeyd etmək lazımdır ki, bu hidronimin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır.
Dostları ilə paylaş: |