Azərbaycan miLLİ elmlər akademiyasi


İstanbul limanına daxil olduq



Yüklə 2,9 Mb.
səhifə20/27
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#82678
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

İstanbul limanına daxil olduq.

h.q. 1293-cü il, 18 məhərrəmül-həram, düşənbə (1876, 16 fevral) İsfənd ayının əvvəlinə təsadüf edən bu gün Allahın inayəti ilə gecədən keçmiş, Mərmərə dənizi xeyli sakit idi. Gəmi də yaxşı hərəkət edirdi.

Günortadan 4 saat keçmiş Allahın köməyi ilə salamat İstanbul limanına çatdıq.

Qalipolidən İstanbuladək 114 mildir. Saatda 9 mil hərəkətlə 13 saat vaxt sərf olunur. İnşaalah, o gün gələr ki, səfər gündəliyimi yazaram. Bu da Ənzəli limanına sağ-salamat yetişdikdən sonra baş tutar, inşallah.

Cənab Vəziri-Muxtar gəmiyə gəldi, qayıqla gəldiyi üçün biz də onunla əyləşib İran dövlətinin səfirliyinə gəldik. Şəvval ayının 18-də İstanbuldan ayrılmışdım və 18 məhərrəmdə yenidən qayıtdım İstanbula. İki ay idi ki, hamama getməmişdim. Axşam getdim və gecə gəminin yorğunluğundan möhkəm yatdım və Allaha şükür elədim ki, buraya qədər bizi qoruyub, salamat çatdırıb, inşallah buradan da Vətənə sağ-salamat çatdırar.
Yarəbb, aman dəh ta baz binənd,

Çeşme mohebban ruye həbiban.


* * *
Xab bəs ey bəxte-xofte şəb be sər aməd,

Xiz ke sobh əst-o- afitab bər aməd.

Ayağa qalxdım və Xudavəndə şükür elədim.
İstanbulda dayandıq.

Osmanlı dövləti Sədr-əzəmin Fərhad Mirzə ilə görüşü.

h.q. 1293-cü il, 19 məhərrəmül-həram, seşənbə (1876, 17 fevral). Nahardan əvvəl Sədr-əzəmin müstəşarı Mahmud paşa təbrik üçün gəldi. Günəşin batmasına 6 saat qalmış Xarici işlər vəziri, Osmanlı dövlətinin təbirincə, Xarici İşlər Naziri cənab Raşid paşa görüşə gəldi. O, xeyirxah insan təsiri bağışlayırdı. İran dövləti-əliyyənin Vəziri-Muxtarı da ondan razılıq edirdi.

Axşam Rusiya dövlətinin səfirliyinin mütərcimi müsyö Ovni Səfiri-Kəbir tərəfindən təbrik üçün gəlmişdi və səfirin təklifini bizə söylədi: Səfir gələn cümə günü bizi dəvət edirdi ki, bizim gəlişimiz onun quracağı məclisi ziynətləndirsin. Mən dedim ki, Səfiri-Kəbir cənablarına bizim salamımızı yetirsin. Biz gələn cümə, on iki gün sonra ehtimal ki, həzrəti-canişini-Qafqazın dəvəti ilə burada olmayacağıq. Əlbəttə, əgər nə vaxtsa İstanbula gəlsəm, sizinlə mütləq görüşəcəyəm.

İstanbulda Şərif Əbdülmətləblə görüş və Sultan Əh­məd­ Camesinə tamaşa.

h.q.1293-cü il, 20 məhərrəmül-həram çəharşənbə. (1876, 18 fevral). Gecədən 5 saat yarım keçmiş Əskidar məhəlləsində, Qislə Səlimiyyə tərəfdə atəş düşdü, türklərin istilahı ilə yanğın baş verdi. Yanğını 2-3 saata söndürdülər.

Səhər Xarici İşlər Vəziri Raşid paşanı görməyə getdim. Evdə yox idi. Kart verib qayıtdım.

Cənab Vəziri-Muxtar dedi: “Şərif Əbdülmətləbin evi yaxındadır, əgər istəsəniz görüşünüzü təşkil edə bilərəm”.

Dedim: “O dəfə müşarileyh görüşmək üçün xəbərdarlıq etmişdi, indi mən də xəbərdarlıq edəcəyəm”.

Onu görməyə getdim. Yarım saata qədər oturdum, nahar­dan qabaq qayıtdım. Axşam Nəcib Molla Qazi Əsgər Vəziri-Muxtarı görməyə gəlmişdi. Mən imarətin aşağısına getdim, orada idi. Xoşxasiyyət bir insandır, fransız dilini yaxşı bilir.

Müşarileyh getdikdən sonra, mən Sultan Əhməd Camesinin tamaşasına getdim, Ayasofiya məscidinin yaxınlığındadır. Məscid özü yaxşıdır, geniş örtülü-həyəti vardır. 26 daş sütunu vardır. İki tərəfdə 10 sütun, iki tərəfdə 6 sütundur. Məscidin xarici üç tərəfi açıq geniş fəzadır. Burada həftəbazarı olur.

Məscidin çox böyük tağı 4 hündür dirəkləri üzərindədir. Bu dirəklərin hər birinin ətrafı 20 zərdir. Bu bina çox möhkəm və səfalıdır. 2 su dolu hovuz dini ayinləri icra etmək üçündür. Minbər üzərində yazılmış qitənin tarixi hicri 1026-cı ildir (1617-?). Bu Sultan Əhməd xan, III Sultan Məhəmməd xanın oğludur və onun şairlik təbi var idi. O, özünə “Bəxti” təxəllüsü götürmüşdü. Təsadüfən “Bəxti” onun taxta əyləşdiyi tarix idi, “Hifzətüllah” isə anadan olduğu 999-cu hicri ilini bildirir.13 zilqədəül-həram 1026-cı il hakimiyyətə başladığı tarixdir.

Sultan Əhməd xan 14 yaşında hakimiyyət taxtına əyləşmiş, 14 il səltənəti idarə etmişdir.

Bəziləri İldırım Bəyaziddən sonra Əmir Süleymanı və Musa Çələbini Sultan bilmədiyi üçün Sultan Əhmədi XIV Sultan hesab edirlər. O, iki 14 il, 28 il yaşamışdır və öz Camesinin yaxınlığında dəfn edilmişdir.

Axşam təşrifatçıbaşı Kamil bəy və Xarici İşlər müstəşarı (məsləhətçi-T.H.) məni görmək üçün gəlmişdilər. Mən isə Cameyə tamaşa etməyə getmişdim.
İstanbulda dayandıq. Sultan Osman məscidinə tamaşa.

h.q.1293-cü il 21 məhərrəmül-həram, pəncşənbə (1876, 19 fevralı). Günorta vaxtı Rusiya səfirliyinin I mütərcimi müsyo Enov əhvalımı soruşmağa gəldi və xəbər verdi ki, şənbə günü ayın 23-də kompaniyanın o qədər də yaxşı olmayan gəmisi Potiyə gedir, cənab şahzadə bir az yubansa, gələn şənbə daha yaxşı gəmi olacaq.

Mən cavab verdim ki, əgər Böyük səfir məqsədəuyğun sayırsa, bu yaxşıdır. Axşam Sultan Osman məscidinə tamaşa etməyə getdim. Bu məscid səfirliyin yaxınlığında idi. Məscidin günbəzi Sultan Əhməd xanın Camesindən də hündürdür. Məscidin bir böyük qübbəsi vardır, yanında mədrəsə tikilmişdir.

Məscidin özülü əvvəlcə I Sultan Mahmud xan zamanında qoyulmuşdur. Sultan Osman başa çatdırmışdır və məscid Osmanın adına adlandırılır. Məscidin tarixi bəllidir, 1169-cu il. Bu tarix Sultan Osmanın taxta əyləşməsinin 2-ci ilinə təsadüf edir. Sultan Osman II Sultan Mustafa xanın oğludur. Qardaşı I Sultan Mahmud xandan sonra səltənət taxtına əyləşmişdir.

Onun hakimiyyəti 3 il davam etmişdir. Bu came hal-hazırda Nuri Osman camesi kimi məşhurdur.
İstanbulda dayandıq.

Görməli yerlərə baxış.

h.q. 1293-cü il 22 məhərrəmül-həram, cümə (1876, 20 fevral) Keçən cümə günündən xəstəlik səbəbindən Əlahəzrət Sultan Əbdüləziz xan cümə namazına təşrif buyurmamışdır və bizim nəzərimizə xeyli qəribə gəlirdi.

Top sədaları eşidildikdə, məlum oldu ki, Sultan qayığa əyləşərək dəniz tərəfdən Cameyə təşrif buyurur və top məhz bu səbəbə atılmışdır.

Axşamüstü II Sultan Mahmud xanın türbəsinə getdim, fatihə oxudum. Mərhum Sultan Əbdülməcid onun üçün çox yaxşı bir məzar və məqbərə düzəltmişdir. Həmişə başına qoyduğu fəsin ortasında olduğu kimi qəbrinin yuxarısındakı fəsin üzərinə də cıqqa bərkidilmişdir. Burada 8 böyük gümüş şamdan vardır və çox böyük və yaxşı çilçııraq asılmışdır.

Həmin məqbərədə Sultanın başqa ailə üzvləri dəfn edilmişlər. O cümlədən, Sultan Əbdülməcid xanın validəsi və Sultanın iki qızı buradadır və onların hər birinin ayaq və baş tərəflərində də gümüşdən böyük şamdanlar qoyulmuşdur. Bu, II Sultan Mahmud xan Sultan Əbdülhəmid xanın oğludur. O, h.q. 1209-cu ilin ramazan-il-mübarək ayında doğulmuşdur və h.q. 1229-cu il (1814, 25 may) cumadəlaxırın 4-də taxta əyləşmiş, h.q. 1255-ci il rəbiul-axırın 19-da, düşənbə günü (11 iyul, 1839) dünyasını dəyişmişdir. Onun hakimiyyəti 31 il, 2 ay, 14 gün davam etmişdir. Müşarileyh qətiyyətli və ağıllı padşah idi. 70 min yeniçəri tayfası illərlə saysız-hesabsız sultanları qətlə yetirmiş, hakimiyyətdən salmışdılar. II Sultan Mahmud xan bir günün ərzində onların hamısını qətlə yetirdi, od vuraraq evlərini yandırdı. Onların hamısı tamamilə zəlil və məhv oldular. Bu böyük vaqiəyi-tarixi h.q. 1241-ci ildə baş vermişdir (1825). Osmanlı dövlətinin nizami ordusunun yaranması tarixi onun adı ilə bağlıdır, nikçərilərin məhv edilməsi ilə əsası qoyuldu və tarixi buradan başlayır. Sultan Mahmudun məzarı yaxınlığında Çənbərlitaş minarəsi ucalır, onu kiçik daşlardan düzəltmişdilər. Yuxarısı girdə daşlardandır, hissə-hissədir və bəzisi sınmışdır. Sonra dəmirlə bərkidilmişdir. Ona görə də Çənbərlitaş adlandırılır.

Əvvəllər ortada bir meydan olmuşdur. İndi onun hər tərəfi evlərdən ibarətdir. Əgər İstanbulun fəthindən sonra dağıdılmışdırsa, “Tarixi-həşt-behişt” də əlbəttə, zikr olunardı. Məlumdur ki, islamın fəthindən əvvəl dağıtmışlar, ya da zəlzələ nəticəsində dağılmışdır.



İstanbulda dayandıq. Osmanlı dövlətinin sədr-əzəmi Mahmud paşa ilə görüş.

H.q. 1293-cü il, 23 məhərrəmül-həram, şənbə günü (1876, 21 fevral) Bu gün Şəms Huta (balıq) təhvil verilir.

Səhər alman şirkətini tələb edərək, gəminin II kapita­nın­dan şikayət etdim. Dedim: “Heç belə kapitan sizə layiq deyil, o, insanların sizdən inciməsinə şərait yaradır, sizdən narazı salır. Sizin xəbəriniz yoxdur onun hərəkətlərindən”. Şirkətin rəhbəri çox xəcalət çəkdi və dedi: “Onun haqqında lazımi tədbirlər görəcəyəm. Sərkarın xidmətində onun bu rəftarına görə xəcalət çəkirik”.

Günəşin qürubuna 5 saat qalmış Osmanlı dövlətinin Sə­d­ri-əzəmi cənab Mahmud paşa bizim görüşümüzə gəldi. Akif pa­şa da səfirlikdən gəlmişdi. Yarım saata yaxın əyləş­dik­dən son­ra getdilər. Mən cənab Sədri-əzəmə dedim: “Hərəmi-şərif­də bə­zi nöqsanları gördüm, hamısını yazmışam və cəlali-ali­nin hüzuruna göndərdim ki, Əlahəzrət Sultana çatdırasınız. Hətta və­ziri-muxtarın da xəbəri yoxdur.Bu, səfirliyin haqqı deyildir ki, siz bilmiş olasınız”.

Sədri-əzəm buyurdu: “Əlbəttə, itaət edirik”.

Sonra saat dördə yaxın Rusiya dövlətinin səfiri-kəbiri cənab İqnatyev də görüşə gəldi. Səfir xeyli zirək, mehriban, ağıllı bir insandır. Onunla Məkkədə tanış olmuşduq. Mən dedim: “On bir gün ehramda olduq. Siz o vaxt dediniz ki, şərab içmirsiniz, donuz əti yemirsiniz, müsəlmansınız.” O dedi: “Çox zəhmət tələb edir ki, müsəlman olum”. Mən dedim: “Əgər müsəlman olmaq istəsəniz, mən zəhməti boynunuzdan götü­rə­rəm. Dedi: “Qorxuram ki, müsəlman olam, siz zəhməti götürə bil­məyəsiniz”. Osmanlı dövləti barədə xeyli söhbət oldu.

Onlar vəziri-muxtar Müinülmülkdən razılıq edirdilər. Bir müd­dət oturduqdan sonra getdilər.

Axşamüstü, qüruba yaxın Ayasofiya məscidinə getdim. Ona çox baxdıqca, gözəlliyi daha da artır, çoxalır. İnsafən, çox əlçatmaz, çox ucadır. Yaxınlıqdakı mehrab üç mərtəbəlidir, hər mərtəbəsinin hündürlüyü təxminən yarım zər, bəlkə də bir az aşağı olar. Məscidin ortasında, məscidə daxil olan qapıların yanında iki daş su qabı (hovuz) düzəldilmişdir. Onların birinin dairəsi 4 yarım zərdir.


İstanbulda dayandıq. Hərbi nazirlə görüş və hərbi gəmiyə tamaşa

H.q. 1293-cü il, 24 məhərrəmül-həram, yekşənbə (1876, 22 fevral). Günortadan 5 saat keçmiş cənab vəziri-muxtarla cənab Mahmud paşa Sədri-əzəmin görüşünə getdim.

Evdən İran dövlətinin səfirliyinə qədər xeyli məsafə var­dır. Səfir çox prinsipial bir insandır, o, bizi pilləkənin yanında qarşıladı və müşayiət etdi. O, cənab vəziri-muxtardan razılıq edirdi. Mən dedim ki, o, özünü sizin övladınız hesab edir və sizinlə birlikdə İran dövlətinin işlərində ittifaqda olduğundan razılıq edirdi. Bu əsnada çubuq gətirdilər, mən çəkmirdim, bu səbəbdən onlar da çəkmədilər.

Söhbət qaban (donuz) ətindən düşdü, vəziri-muxtar dedi: Avropalılar deyirlər ki, bu istidə ətin faydası yoxdur və Ərəbistanda hamı cüzam xəstəliyinə mübtəla olmuşdur. Sizin peyğəmbər hikmət, elm sahibidir ki, haram buyurmuşdur. Mən dedim: “Bizimlə Rusiya səfirliyinin həkimi Qade söhbət edirdi ki, qulaq əməliyyatında aşkar etdik ki, Xudavəndi-Aləm bir sümüyü ox formasında, digər sümüyü zindan formasında yaratmışdır. O iki sümük zədələnməmişdir. Qulağın eşitdiyi eyib deyil, yəni qulaq nə eşidir, eyib deyil. Mən dedim: Bu barədə Əmir-əl-möminin buyurmuşdur: “O adam yazıqdır ki, qulağı ilə danışır, sümüyü ilə eşidir, kirli görür.” Mən bu sözlərin mənasını həkim Qadeyə dedim. O isə inanmadı ki, bu sözlər Əmir-əl-möminindir. Mən “Nəhcül-bəlağə”ni yadına saldım ki, 800 il bundan əvvəl bu hədis həmin kitabda yazılmışdır. O, çox təəccüb etdi və dedi: “Ədəbsizlik olmasın, bu sözləri ərəbcədən tərcümə edib mənə verin ki, Avropada bu sözü eşitsələr, çox təəccüb edəcəklər. Mən bu hədisi həm ərəbcə, həm də tərcümə edib yazdım və ona verdim. Bir müddət bu fikirlərin təsiri altında oldu. Əmir-əl-mömininin dərin bilik, elm sahibi olduğunu söylədi. Həkim bunu allahın vergisi olduğunu bilmirdi.

Xülasə, günortadan sonra Xarici Vəzarət müstəşarı Ratin əfəndi, üzvlərdən Qriqori əfəndi görüşmək üçün gəldilər. Ratin əfəndi deyirdi ki, o, bir dəfə də gəlmişdir, çox səmimi, təmiz ürəkli insandır.

Onlar getdikdən sonra sultanın validəsinin işlər müdiri Halət paşa görüşmək üçün gəldi. O, çox xoşxasiyyət insandır və şeir yazmaq təbi vardır, həm də ərəbcə savadlıdır. O deyirdi: “Sizin gəlişinizdən xəbərim olmayıb. Dünən qəzetdə oxudum, istədim ki, gəlim, gec idi. Bu gün baxmayaraq ki, işim var, vaxt tapıb sizin görüşünüzə gəldim”.

Onlar bizim yanımızda olan vaxt sərəsgər Rza paşa da gəldi. Necə də həyat eşqi ilə zəngin, xoşsima, bir pirmərddir! Qəhvə içdilər. Rza paşa dedi ki, mənim gəlişimi dünən axşam eşitmişdir. “Günah vəziri-muxtardadır ki, sizin gəlişinizi mənə xəbər verməmişdir”.

Mən dedim: “Gec gəldiyinizə görə təqsiri vəziri-muxtarın boynuna atmaq istəyirsiniz?” Dedi: “Mən sərəsgərəm. Gərək hər yerdə gizli casusum olsun. Əgər burada casusum olsa idi, əl­bət­tə ki, onlar sizin gəlişinizi xəbər verərdilər. Mən də agah olar­dım. Gəlməməyimin səbəbi də xəbərsiz olmağıma sübut­dur”.

Mən dedim: “Casusu təhlükəli yerdə qoyarlar. Bu səfirlik si­zin üçün və Osmanlı dövləti üçün təhlükəsiz bir yerdir, casus la­zım deyil”.

Dedi: “Siz necə deyirsiniz, elədir. Vəziri-muxtar əmin­dir”.­

Mən dedim: “ Belə məlum olur ki, sizin xidmətinizi qəzet yaz­mır.” Dedi: “Yazır, lakin vaxt hardadır ki, oxuyam? Mən və­­­ziri-muxtardan gileyləndim ki, niyə xəbərdar etməmişdir”. Son­ra israrla dedi: “Biz Məkkeyi-Müşərrəfi ziyarət etmirik. O kəslər ki, Sizin kimi himmət edirlər, onlar ziyarət edirlər. Bizim ziyarət yerimizdir. Gərək Sizin əlinizi öpək ki, o əl Hə­cə­r­üləsvədə toxunmuşdur”.

Mən hər nə qədər etiraz elədimsə, qəbul etmədi, əlimi zor­la tutub öpdü, mən də onun üzündən öpdüm.

O, zarafatla dedi: “Məkkədən gələn hər bir kəs nəsə bir şey gətirir və Həcc əlaməti olaraq başına ağ dəsmal bağlayır. Bilmirəm, Şahzadə əfəndi nə gətirmişdir?”

Mən dedim: “Məkkəyə müşərrəf olmaq vacib əməllərdən biridir, gərək bəzi vacib əməllərdən imtina edəsən. Hər bir insanın borcu ömründə bir dəfə həcc ziyarətini yerinə yetirməkdir. Zəmzəm suyu və Hərəm torpağından, Kəbənin pərdəsindən, zeytun yağı, saqqıza oxşar bu kimi şeylər satılır, sadə xalqın işidir.

O, xeyli güldü və dedi: “Düz buyurursunuz. Sizin halətinizdə heç dəyişiklik görmədim”.

Onlar burada olanda cənab Cövdət paşa, Ədliyyə vəziri buyurdular. O cənablar alim təbəqədən idilər. Savadlı və elmli insan idi Cövdət paşa. Osmanlı dövlətinin tarixini türkcə yazmışdır. Qəhvə və siqardan sonra Sərəsgər dedi: “Sizin qayığınızı dəniz kənarında gördüm. “Məsudiyyə” paroxoduna tamaşa etməyə gedirsiniz? Gecikərsiniz”.

Mən söylədim: Sizinlə söhbət etmək paroxodu görməkdən daha yaxşıdır”. O, təşəkkürünü bildirdi. Çay içil­dik­dən sonra hamı getdi və Günəşin batmasına 4 saat qalmışdı ki, vəziri-muxtarla qayığa oturub əvvəl Çırağan sarayına ta­ma­şa etməyə getdik. Çırağan şahlara, sultanlara layiq bir ima­rət­dir. Çox gözəl hamamı vardır. Həqiqətən, lazımlı və layiqli im­a­rətdir. Belə deyirlər ki, bu imarətə 1 trilyon (min milyon) xərc çəkil­­­mişdir. Bu imarətdən bəylər bəyinin ima­rə­ti­nə getdik, bu, Əs­kidar tərəfdədir.

Bu imarətdə əlahəzrəti-şahənşah Nəsrəddin şah Qacar Avropaya ilk səfərindən qayıdarkən İstanbulda dayanmış və burada qalmışdır.

Bu imarət Çırağandan kiçik olsa da, lakin ağacdan və mozaikalı bəzəkli imarətdir. Binanın gözəl, üst-üstə düzəldilmiş bağçaları vardır ki, bunlar binanı Çırağandan da üstün edir.
Cahan gülüstanında hər ikisinin bənzəri yoxdur.

Oradan “Məsudiyyə” gəmisinə tamaşa etməyə gəldik. Bu gə­mi h.q. 1292-ci il zilhiccə ül-həram ayında (1815, dekabr) İs­tan­bul limanına daxil olmuşdur. Sultanın hərbi zirehli gəmi­lə­ri­nin komandanı Arif paşa rəsmi libasda, İran dövlətinin nişanı ta­­xılmış geyimdə hazır oldu. Arif paşanın əsli Moredəndir. O mü­hacirlərdəndir və 40 ildir ki, dənizdə xidmət edir. Bu zirehli gə­mi Londonda 470 min ingilis lirəsinə başa gəlmişdir. Londondan İstanbuladək gətirilməsinə 20 min lirə xərclənmişdir. Qüvvətli toplar və hərbi ləvazimatlar 620 min mə­ci­di lirəsinə başa gəlmişdir. On iki araba iri topa malikdir. Topların lülələrinin diametri 10 ingilis düymünə bərabərdir (1 düym 23 millimetrə bərabər ölçü vahididir).

Hər bir topun çəkisi 17 tondur, bu, ingilis ölçüsüdür. Bu, 100 fransız kiloqramına bərabərdir. Burada biz təxmin və tədqiq etdik ki, 1 ingilis tonu 3 xarvar yarım Təbriz ölçüsüdür. 17 ton isə 63 xarvara bərabərdir.

Bu toplardan başqa gəmilərdə olsa da, 3-4 arabadan artıq deyildir. Gəminin divarı 3 İran çərəyinə yaxındır. Divar bayır­dan dəmirlə, sonra taxta ilə tikilmişdir. Sonra yenə də daxildə dəmir işlənmişdir.

Gəminin uzunluğu 333 fut, eni 59 fut, hündürlüyü isə 40 futdur. Gəminin mühərriki 1200 at gücünə malikdir. Gəminin uzunluğu başqalarından fərqlənmir, lakin belə enli gəmini az-az görmək olar. Gəminin iki buxar borusu vardır. Bir qazan gəminin öhdəsindən gəlmir. Daş-kömür anbarı 400 mil məsafəni qət etmək üçün gəmiyə kifayət edir.

Kapitan deyirdi: “Başqa gəmilər də 200-300 mildən artıq məsafəlik anbara malik deyillər”.

Bu gəmi möhkəm, istehkam qalaya bənzəyir. Arif Paşa deyirdi: “Dənizdə fırtına tüğyan edərkən bu gəmi 12 dərəcə sağa və sola hərəkət edirdi, ağır olduğu üçün ariflər kimi onu da güclü küləklər yerindən tərpədə bilmədi. Yəni, arif insan – xoşagəlməz hadisə qarşısında əsməz, müqavimət göstərər”.

Arif paşa zirehli gəmilər komandanıdır. Farsca yazmağı bacarır, ingilis və fransız dillərini bilir. Xəritədə dənizləri gördüm. Ağrı Buz adasını ondan soruşdum ki, ona ingiliscə necə deyirlər? O dedi: “Həmin Neğri Pund adasıdır ki, dar boğazla Morecdən ayrılmışdır və həm Şimalda, həm də Şərqdə yerləşmişdir”. Sonra mən xəritədə Rodos adasından İzmirədək gəldiyimiz yolları ona göstərdim.

Arif paşa çox təəccübləndi və vəziri-muxtara dedi: “Heç bu yolları iki-üç dəfə gələnlər, kiçik adaların arası ilə olan yolları belə tanımırlar. Cənabın bu əyri-üyrü yolları yaxşı tanıdığına heyran oldum”.

Mən cavab verdim: “Siz əgər mənim yanımda otursanız, tam əminliklə deyə bilərəm ki, buradan Ciddəyə qədər gəmi ilə gəldiyimiz yolları xəritədə və kompasla sizə göstərə bilərəm”.

O dedi: “Rodosdan İzmirədək olan yol bu kiçik adalar arası xeyli çətindir, yaxşı ayırdınız və xətt çəkildi. O tərəf ki, böyük dənizdir, belə çətin deyil”. O dedi: “Sizin buyurduğunuz kimi qəbul edirəm ki, hər kim sizin yanınızda olsa, öhdəsindən gələcək”. Topçular məşq etməyə başladılar, yəni böyük topları maşınla gətirərək doldurdular, irəli apardılar və çarx vasitəsilə güllələri topun ağzına qoydular. Gəminin hər tərəfini nişan aldılar.

Hərbi gəmilərin pillələri gəminin ortasında olur və düz­dür. Qalxıb-enmək bir az çətindir. Günəş batan vaxt Cəlilə səfir­liyinə qayıtdım.


Sultan Bayezid məscidinə tamaşa

H.q. 1293-cü il, 25 məhərrəmül-həram, düşənbə (1876, 23 fevral) saat 5-də sərəsgər Rza paşanın görüşünə getdim, Müşarileyh evdə yox idi. Kart verib qayıtdım.

Axşam günəşin batmasına yaxın bazar tərəfdən II Sultan Bayezid xan Camesinə baxmağa getdim. Bu Camedən Ümuri-Əsgəriyyə idarəsi və Əsgəriyyə karvansarası görünür.

Sultan Bayezid xan camesi kiçikdir. Həyətinə daş döşənmiş iyirmi sütundan ibarətdir.


II Sultan Bayezid Sultan Məhəmməd xan Fatehin oğludur. O, 886-cı ilin rəbiul-əvvəl ayında (1481, aprel) cüluş etmiş və 980-ci ilin məhərrəm ayında (1572 may) vəfat etmişdir.

İdris bin Hüsaməddin əl-Bidlisi “Tarixe-həşt Behişt” əsərini onun adına ünvanlamış oğlu Sultan Səlim xanın taxta əyləşdiyi tarixdə bitirmişdir. Came 903-cü ildə (1497) inşa edilməyə başlanmış, 911-ci ilin zilhiccə ayının (1505, aprel) axırlarında tamamlanmışdır. Bu, islamda ikinci Camedir ki, İstanbulda inşa edilmişdir.

Məğrib namazını məsciddə qıldıqdan sonra səfirliyə qayıtdım.

Seşənbə günü (həftənin 2-ci günü, çərşənbə axşamı) Arnavut məhəlləsində yenə yanğın baş verdi, gecədən keçmiş Böyük Dərə adlanan məkanda da yanğın olmuşdur.

Hesablayıblar ki, bu həftə İstanbulda və onun xaricində 20 yerdə yanğın baş vermişdir.
İstanbulda dayandıq. İran vəziri-muxtarının Fərhad Mirzənin şərəfinə verdiyi ziyarət

H.q. 1293-cü il, 26 məhərrəm-ülhəram, şeşənbə (1876, 22 fevral). Axşamdan keçmiş Rusiyanın səfiri-kəbiri şənbə günü baş tutmalı qonaqlıqla əlaqədar göndərdiyi xəbərə görə üzr istəyib bildirdi ki, İmperatorun həmşirəsi vəfat etmişdir. Ona görə də qonaqlıq mərasimi ədəbdən kənardır (İmperatorun bacısı Mariya Nikolaevna İmperatordan 1 yaş kiçik idi və o, 1876-cı il 21 fevralda vəfat etmişdir).

Vəziri-muxtara dedim: “Səfiri-kəbiri görmək lazım idi. Səfirliyə gedərək əzadarı etmək münasibdir”. Hamı mənimlə razılaşdı, qəbul edildi. Nahardan əvvəl Nazim əfəndi görüşə gəldi. O dedi ki, bununla üçüncü dəfədir ki, gəlir, lakin mən yuxarıda, hərəmdə olduğum üçün narahat etməyiblər.

Söhbət camelərdən düşdü. Nazim əfəndi mənim Sultan Məhəmməd Fateh camesini görmədiyimə təəssüf etdi və çox təriflədi. O getdikdən sonra cənab şərif Abdullanın, Məkkeyi-müəzzəmənin böyük şərifinin qardaşı, cənab Hüseyn paşa gəldi. O deyirdi ki, mənim gəlişimdən dünən xəbər tutmuşdur və xeyli heyfsilənmişdir ki, gec xəbər bilib. O, çox ağıllı insandır. Məkkə ilə Ciddənin arasında yerləşən Hiddə kəndini xeyli abadlaşdırmış, yaxşı arxlar çəkdirmişdir.

Müşarileyh getdikdən sonra, Günəşin qürubuna dörd saat qalmış Rusiya dövlətinin Böyük səfirini görməyə getdim və Beşiklitaş sarayının arxasından və Təşviqiyyə məhəlləsindən keçib, Qalataya getdim. Bu məhəlləni Sultan camaata bağışlamışdır, burada çoxlu evləri vardır. Hazırda çox yaxşı görünür. Ona görə də Təşviqiyyə adlanır.

Bu məhəllədən qabaqda Sultan öz oğlu üçün (adı İzzəddin Yusif əfəndidir) bir gözəl imarət tikdirmişdir. Əlqissə, Rusiyanın Səfiri-kəbirini görməyə getdim. Orada Almaniyanın səfiri-kəbirini də gördüm. Məni pilləkənin aşağısında qarşıladılar. Səfir məndən üzr istədi ki, İmperatorun bacısının vəfatı barədə deməyə imkan olmamışdır. Söhbət Məkkə, ehram və bununla əlaqədar təkliflərdən oldu. Sonra səfir dedi: “Siz Tiflisə yaxınlaşan vaxt teleqraf göndərəcəyəm ki, barənizdə lazımi hörmət və ehtiram göstərilsin”.

Mən dedim: “Təəssüflər olsun ki, Canişin hüzrlüdür”. Sonra müxtəlif mövzularda söhbət etdik. Cənab İqnatyev gəldi və getdiyi vaxt bizə xüsusi olaraq ona məxsus olan dəftərxananı göstərdi. Burada əksər məşhurların və sultanların şəkilləri vardı və əlahəzrət Sultan Əbdüləziz xanın şəkli onu hərbçilərin arasında təsvir edirdi. Səfiri-kəbir güldü və dedi ki, Sultan harda, hansı döyüşdə olmuşdur və bu şəkil harada çəkilmişdir?

Səfirin öz otağında da Kürdüstan xalçalarından nümunə­lər və qədim İran silahlarından asılmışdı.

Qayıdarkən hadisə baş verdi: Körpünün yanında fay­to­nun atı yıxıldı və faytonun oxu sındı, az qalmışdı ki, at faytonun altına düşsün. Faytonçu dərhal yerə düşərək faytonun qapısını açdı və biz faytondan düşdük. Mən və vəziri-muxtar körpünün axırına qədər piyada getdik. Körpünün o tərəfində fayton kirayə edib, Günəş batan zaman səfirliyə gəldik. Cənab vəziri-muxtar çəharşənbə axşamı, ayın 27-də xarici dövlətlərin səfirləri üçün ziyafət təşkil etdi. Axşamdan bir saat keçmiş Osmanlı dövlətinin əyanlarından cənab sədri-əzəm Mahmud paşa, Xarici işlər vəziri cənab Raşid paşa, təşrifatçıbaşı Kamil bəy gəldilər. O cümlədən Avropa dövlətlərinin digər səfirləri də iştirak etdilər. Süfrə başında mənim sağ tərəfimdə ingilis Səfiri-kəbirinin xanımı əyləşmişdi, onun yanında Raşid paşa, onun yanında Fransanın Səfiri-kəbiri əyləşmişdi, sol tərəfimdə Fransanın Səfiri-kəbirinin xanımı əyləşmişdi, onun yanında isə İngiltərənin səfiri-kəbiri əyləşmişdi. Onun yanında alman müstəşarının xanımı və mənimlə üzbəüz İran dövləti-aliyyəsinin vəziri-muxtarı, onların sağ tərəfində Sədri-əzəm cənab Mahmud paşa, onun yanında Almaniyanın səfiri-kəbiri, onların sol tərəfində İsveçin və Norveçin xanım vəziri-muxtarı, onların yanında da nemsə səfiri-kəbiri əyləşmişdi. Rusiya dövlətinin Səfiri-kəbiri bacısı vəfat etmiş Əlahəzrət İmperatorun əvəzinə üzr istədi.

Onların adları belədir:

Süfrənin başında mən idim. Mənim sağ tərəfimdə:

1. İngiltərənin səfiri-kəbirinin xanımı

2. Xarici işlər vəziri cənab Raşid paşa

3. Fransanın cənab səfiri-kəbiri

4. Amerika elçisinin qızı

5. İsveç və Norveçin daimi nümayəndəsi (vəziri-müqim)

6. İspaniyanın müvəqqəti işlər vəkili

7. Fransanın səfiri-kəbirinin xanımı

8. İngiltərənin cənab səfiri-kəbiri

9. Alman müstəşarının (məsləhətçi) xanımı

10. İtaliyanın səlahiyyətli nümayəndəsi

11. Təşrifatçıbaşı Kamil bəy

12. Fransanın səfiri-kəbiri Kont Riçi

13. Naibi-əvvəli-səfarət və Baş Konsul Mirzə Cavad xan.

Mənimlə üzbəüzdə cənab səlahiyyətli nümayəndə Mü­i­nü­l­mülk, onun sağ tərəfində Osmanlı dövlətinin sədri-əzəmi cə­nab Mahmud paşa, Bağdad valisi Nəcib paşanın oğlu, Al­ma­ni­yanın cənab səfiri-kəbiri, Yunanıstanın səlahiyyətli nüma­yən­də­si, Hollandiyanın vəziri-müqimi (daimi nümayəndəsi), İngil­tə­rənin Səfiri-kəbirinin oğlu.

Sol tərəfdə: cənab vəziri-muxtar (səlahiyyətli nüma­yən­də),­ İsveç və Norveçin səlahiyyətli nümayəndəsinin xanımı

Almaniyanın cənabi-səfiri-kəbiri

Belçikanın vəziri-muxtarı

Amerikanın vəziri-muxtarı

Nemsə səfirliyinin məsləhətçisi

Mrzə Möhbəli, Nazimi-səfarət

Mirzə Rza baş mütərcim

Şam yeməyindən sonra İngiltərənin səfiri-kəbirinin xanımı, vəziri-muxtara dedi ki, əgər Fərhad Mirzə icazə verər­sə, şahzadə xanımının görüşünə gedib söhbətləşərək əhvalını so­ru­şardı. Mən dedim ki, əgər söhbət etmək istəyirsə, bu­yur­sun, lakin o qadın nə türkcə, nə də fransızca bilmir, ona görə də bir tərcümə edən lazımdır ki, onunla getsin.

Hərəmə gedərək türkcə bilən həkim Bəgməzin bacısını vəziri-muxtarın zövcəsi ilə birlikdə tərcüməçi kimi yola saldıq. Məclis çox yaxşı keçdi. Xanımlar 1 saat söhbət etdikdən sonra razı qaldılar, geri qayıtdılar. Axşamdan beş saat keçdikdən sonra səfirlər və vəzirlər getdilər. Sədri-əzəm cənab Mahmud paşa şam yeməyindən sonra gələrək, axşam söhbətinə qoşuldu və çox maraqlı vaxt keçirtdik, məclisdə xoş əhvali-ruhiyyəli vəziri-muxtar da iştirak etdiyi üçün şən keçdi.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin