Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə49/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   45   46   47   48   49   50   51   52   ...   72
Ədəbiyyat
1. Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı, Azərnəşr. 1956.

2. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, «Elm» nəş­riy­ya­tı, 1980.

3. Aslanov A.Ə. Evfemizmlər\\Müasir Azərbaycan dili. I cild, «Elm» nəş­riy­yatı, Bakı, 1978.
H.A. MİRZƏYEV
POEZİYADA ÜSLUBİ AXTARIŞIN ESTETİK SƏCİYYƏSİ

(H. Arif poeziyasının materialları əsasında )
Açar sözlər: janr, poeziya, şeir, üslub, dil.

Ключевые слова: жанр, поэзия, стихотворение, стиль, язык.

Key words: genre, poetry, poem, style, language.
Poeziya janrında söz duyumu, ondan münasib mətn mühitində sərrast isti­fa-də böyük estetik hadisədir. Söz şeir janrında daha ciddi poetik vəzifələr yerinə ye­ti­rir. Onun yeni-yeni məna çalarlarını kəşf etmək gərgin yaradıcılıq səylərinin nə­ti­cəsi kimi meydana çıxır. Görkəmli yazıçımız Mirzə İbrahimovun təbiri ilə desək, “Bə­dii yaradıcılıq- kəşfiyyatçılıqdır, həmişə yeni söz deməkdir. Bir adam ki, yeni söz axtarmağın iztirabını çəkməyə, ondan sənətkar olarmı?” (3,12)

Poeziyanın ilkin materialı kimi sözün elastikliyindən yararlanmaq olduqca mürəkkəb bədii prosesdir. Adi danışıq funksiyasından fərqli olaraq şeir nitqindəki sözdə, onun daxili semantikasında əsrarəngiz mənalar gizlənir. Onun aşkarlanması poeziyanın spesifik cəhətlərini və estetik fəallığını təşkil edir. Xüsusi bədii sənət növü kimi poeziya sözün məğzinə və təbiətinə daha dərindən nüfuz edib onun poetik enerjisini üzə çıxarmaqda, obrazlı mahiyyətini orijinal söz işlətmə məharəti ilə aşkarlamaqda müstəsna rol oynayır. “ Üslubi kamillik ifadə vasitələrinin özünə məxsusluğunu, hər bir konkret məqamda onların seçimini tələb edir” (5,81). Sərrast seçim forma əlamətləri sisteminin mükəmməlliyinin təminatçısı kimi çıxış edir. Sözün yeni üslubi-semantik mənalarını kəşf etmək mühüm bədiilik qaynağı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu məziyyətli əlamət Hüseyn Arifin poeziya dilində xüsusi çalarlarla təzahür edir.

H. Arifin şeir dilində sözün üslubi elastikliyi bütün incəlikləri ilə görünür. Onun istifadə etdiyi hər bir sözün semantik mütəhərrikliyi poetik forma ka­mil­li­yi­nə yönəldilir. Mətn mühitində gözlənilməz üslubi rənglər ifadə edən adi ümu­mişlək leksik vahidlərdən o dərəcədə məharətlə istifadə olunmuşdur ki, öz tə­ra­vəti ilə həmin sözlər ilk dəfə səslənməsi təəssüratı formalaşdırır. Düşdüyü nitq mü­hi­tin­də fikir və duyğuların poetik şərhini yerinə yetirmə vəzifəsini uğurla yeri­nə ye­tirir. Bədii obrazın həyati cizgilərini, təsvir obyektinin xarakterik xüsusiyyətlərini, po­etik təəssüratları dolğun canlandırmaq üçün şair sözün semantik imkanlarını hə­rə­kətə gətirir. Sözə həssas münasibət onun obraza keçid imkanlarına yol açır. Bu­nu H.Arifin dilində işlədilən “ötmək ” feilinin işlənmə məqamlarının oriji­nal­lı­ğın­da aydın sezmək olur. Şairin əsərlərindən götürülmüş fraqmentlərdən aydın- aşkar gö­rünür ki, müxtəlif illərin məhsulu olan şeirlərdə bu söz şairin ifadə etmək is­tə­di­yi mənaları incəliklərinə qədər açmağa qadirdir.

H.Arif “ötmək” felinin omonimliyindən, onun şeir nitqində yaratdığı üslubi ef­fektdən yararlanmış, fonetik tərkibcə üst-üstə düşən sözün imkanlarından bə­dii­lik meyarları dairəsində sənətkarlıqla faydalanmışdır.

Mövzuya, şeirin mündəricəsinə və emosional-ekspresiv mahiyyətinə uy­ğun­laş­dırmaqla müəllif omonimlərin yaratdığı səs ahənginə, musiqililiyə xüsusi diq­qət yetirmişdir. “Ötmək” omoniminin uğurlu formalarda işlədilməsi H.Arif üslu­bun­da səs və məna əlaqələrinin birliyindən xəbər verir, dilin rəvanlıq və axıcılıq im­kan­larını nəzərə çarpdırır. Şairin “Günlər olaydı” şeirində bu söz rədifdən əvvəl müx­təlif məna yükü daşımaqla işlədilməsi forma gözəlliyi, bədii mükəmməllik ba­xımından da diqqətəlayiqdir:

Fikir haralarda gəzdirir məni

Hər kəsin ilk yurdu, əzəl məskəni.

Qazaxdan çıxanda Daşkəsəməni

Yel kimi ötdüyüm günlər olaydı
Xoşladım şənliyi, eşqi, məzəni,

Sevmədim sənətə ağız büzəni,

Aşkara dinləyib Aşıq Mirzəni

Xəlvəti ötdüyüm günlər olaydı (1,152)


İki müxtəlif mənada – “bir yerin , sahənin ortasından, içindən keçmək ” və “oxu­maq, cəh-cəh vurmaq ” (7,556) anlamında omonimliyinin bədii nitqə daxil edil­məsi yaradıcılıq aktı kimi daha güclü təəssürat doğurur. Omonimin fəallığı təs­vir obyektini dərindən duyumun spesifik ifadə formasına çevrilir. Bu söz şeir­dən- şeirə keçdikcə digər məna yükü ilə dolğunlaşır, yeni çalarlar, poetik məzmun əks edir.

Xüsusi qeyd etmək lazımdır ki, H. Arif “ötmək” feli ilə daha çox canlı danı­şıq­da işlənən “keçmək”, “aşmaq”, “sovuşmaq”, “addamaq”, “qurtarmaq” anla­m­la­rı­nı ifadə edir. Zaman, mövsüm, yaş, ömür haqqında bədii mühakimələr və düşün­cə­­lərin təsvirində bu sözə tez- tez müraciət edir:

Həftə ötdü, il dolandı,

Vədə çatdı, neyləyəsən?!

Bar töküldü, meyvə yandı,

Bağın batdı, neyləyəsən?! (1,48)


Ötən çağımı düşünək,

Gələn çağımı, ay oğul.

Möhnət solumu qurudub

Həsrət sağımı, ay oğul. (1,80)

Qövr edir yaramda min yara yeri

Ay ötən günlərim, ötən günlərim. (1,150)


Dedilər: - Ay Hüseyn

Qınama təbiəti.

Bu sirri, bu hikməti

Yaş ötüb, yaşdan soruş (1,146) və s.

Sözün mətn mühitinə semantik- üslubi uyğunluğu şeir janrının dili üçün olduqca çevik, rasional və təsirli ifadə üsuludur. Məna rənginin kontekstə müvafiqliyi lirik strukturda incə detaldır və buna görə də H. Arifin qələmində eyni sözün rəngarəng üslubi çalarları şeir dilinin ayrılmaz xassəsidir.

Söz duyğusu, dil faktlarının seçimi və onun ayrı- ayrı mətn müstəvisində mü­x­t­əlif mənalarda işlədilməsi H.Arif yaradıcılığının əsas atributlarındandır. Bu mənada “ötmək” feli də öz kommunikativ funksiyasını saxlamaqla estetik gücə yiyələnir, mətnə xüsusi ifadəlilik verir. Sözün estetik- emosional funksiyası daha qabarıq şəkildə təzahür edir. Onun çoxmənalılığı, mütəhərrikliyi müxtəlif asso­si­a­tiv təsir oyadır, şairanə mətn mühitinin yaranması üçün stimul rolunu oynayır. Aşa­ğıdakı nümunələrdə “ötmək” feilinin hər misradakı mənaya uyğun üslubi bo­ya­sı vardır. Ümumi dominant məna “ötüb keçmək”, “keçib- getmək”, “geridə bu­rax­maq” və s. mənalarla bağlı olsa da, bu söz hər misrada ifadə olunan poetik hiss və ahənglə bağlanır, daxilən bir-birini tamamlayan sözlərin ümumi ahəngində xü­su­si mövqe qazanır. Bu söz həm poetik nitqin ritmik struktur əsasında mühüm möv­qeyə malik olduğu kimi, üslubi- poetik ifadə vasitəsi kimi də əhəmiyyət kəsb edir. Məsələn,

Karvanım ötmədi səssiz- səmirsiz

Harayım bir ümman, ünum bir dəniz (1,149)

Şeirin istək və ehtiyaclarını ödəmək işinə xidmət göstərən sözün yararlılıq dərəcəsi əhatəsindəki linqvistik vahidlərlə üslubi ahəngdarlığından irəli gəlir. Şeir dilində sözün forma gözəlliyinin əsas ünsürü olması üçün onun digər elementlərlə struktur- funksional bağlılığı, əsas amildir. Buna görə də sözün heç bir nüansı poeziyaya biganə deyil:

Tükənən istəyim, bitən sevincim

Çəkilən marağım, ötən sevincim

Tapılan kədərim, itən sevincim

Gövdədən süzülən budağım mənim (1,74)

Buradakı mükəmməl bir üslubi şəbəkədə “ötmək” feli “tükənmək”, “bitmək”, “itmək” situativ sinonimlərlə bir cərgədə “tapmaq” sözü ilə antonim mövqedə qərarlaşmış, sintaktik paralelizmin tərtibində fəal iştirak edərək poetik sistemin vacib bir komponentinə çevrilmişdir. Bununla da şair mətnin liqvistik quruluşu ilə fikri istiqamətini bir- birinə möhkəm tellərlə bağlamağa müvəffəq olmuşdur.

H. Arifin dilində sözün məcazlaşması da olduqca diqqətçəkən üslubi prosesdir. Bu, dil şeiriyyətinin gözəlliklərini nümayiş etdirməklə yanaşı bədii qayəni kamil formalarda canlandırmaq tələbindən doğur. Məcazlaşan söz poetik kontekstin hissi- emosional əsasını təyin etdiyi zaman müstəsna assosiasiyalar törədir, sezilən cizgiləri ilə şairin lirik düşüncəsinin strukturuna daxil olur. “Ötmək” feili də gözlənilməz üsülubi mənalarla poetik mətnə daxil olmaqla yığcam ifadə formalarına sığışdırılan misraların fəallığını artırır.

Şairin əsərlərindən gətirilən bədii nümunələrdən yəqin etmək mümkün olur ki, “metaforikləşmənin özü də həm ümumdil səciyyə daşıyır, həm də müəllifin fərdi yaradıcılıq məhsulu kimi çıxış edir ” (6,22)

Nizami kamına yetmədi getdi,

Füzuli başadək ötmədi getdi,

Vaqiflə, Vurğunla bitmədi getdi

Bitməz Hüseynlə sözü dünyanın (1,110)


Qurbani, Abbası, Əmrahı anıb,

Kərəmlə alışıb, Dilqəmlə yanıb,

Tütəklə uyuyub, sazla oyanıb

Kamanla dil açıb ötdü babalar (1,147)


Dedilər: - Gözləmə o gülyanağı

Dedim: - Ürəyimə çəkməyin dağı,

Dedilər: - Toyudur bu axşam çağı

Dindi saz, ötdü tar, mən inanmadım (1,65)

Göründüyü kimi, sözün obrazlı bünövrəsi şairin düşüncə tərzindən qay­naq­la­nır. Şair sözü bədii mətnin ovqatına müvafiq tənzimləyir. Xalq danışıq dilinin adi sözlərinə dərindən nüfuzetmə H. Arif poeziyasına rövnəq, onun fərdi üsuluna zənginlik gətirir. Bu keyfiyyət H. Arif üslubunun əsas atributu kimi , onun bədii dil özünəməxsusluğu kimi qəbul edilir. Çünki “müğənni öz səsi ilə doğulduğu kimi, hər bir söz sənətkarı da özünəməxsus dili ilə dünyaya gəlir” (4,59)

Poeziya dilinin canlı ünsiyyət dili ilə yaxınlaşması olduqca mürəkkəb pro­ses­dir. Bu problem H. Arifin şeir təcrübəsinin timsalında özünün mühüm cəhət­lə­ri­nə aydınlıq gətirmişdir. Onun şeir poetikasının qaynaqları və bədiilik sirləri söziş­lətmə ustalığının özünəməxsusluğu fonunda meydana çıxmışdır.

“Şeir dili onu yaradanlardan zərgər işi gözləyən zərif bir aləmdir” (2,58). Məhz bu zəriflik sayəsində H. Arif poeziyası bədii təfəkkir və dilin qarşılıqlı dia­lektik əlaqəsini əks etdirən çox vacib faktordur.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin