İ.M. TAHİROV
QLOBALLAŞMA VƏ DİL: AZƏRBAYCAN DİLİNİN
QORUNMAĞA EHTİYACI VARMI?
Açar sözlər: dil, qloballaşma, Azərbaycan dili, KİV
Key words: language, globalization, the Azerbaijani language, mass media
Ключевые слова: язык, глобализация, азербайджанский язык, СМИ
XX yüzilliyin sonu və XXI yüzilliyin qovşağında dünya “qloballaşma” adlanan prosesin təsirini üzərində hiss edir. Dünyanın elmi və digər ədəbiyyat nümunələrində, kütləvi informasiya vasitələrində “qloballaşma” termini müxtəlif cür izah olunur və bu izahlar o qədər rəngarəngdir ki, onlar bəzən bir-biri ilə daban-dabana ziddiyyət təşkil edir. Buna baxmayaraq, bir şey şübhəsizdir: qloballaşma çağdaş dünyanın iqtisadiyyatı, siyasəti, mədəniyyəti və kütləvi informasiya vasitələri üçün açıq-aşkar reallığa çevrilmişdir.
Qloballaşma şəraitində artıq bir neçə onillikdir ki, dünyada universal ünsiyyət vasitəsi olaraq ingilis dili çıxış edir. Bunu müasir dünyada sənədləşmədə, ədəbiyyatda, elmi forumlarda, müxtəlif formatlı siyasi və iqtisadi danışıqlar prosesində görmək olar. Və əlbəttə ki, müasir dünyanı hörümçək toru kimi sarmış İnternet özünün ilkin ingilisdilli leksikası ilə də buna əyani nümunədir. Dünya tarixi beynəlxalq ünsiyyət vasitəsi kimi bu və ya digər dilin liderliyindəki dəyişməni nümayiş etdirir. Yadımıza salaq, antik dövrdə yunan dili, sonra Avropada latın dili, Asiyada ərəb dili, XIX yüzillikdə fransız dili belə missiya yerinə yetirmişdi. XX yüzillikdə isə ingilis dili.
Heç şübhə yoxdur ki, yaşadığımız dünya gündən-günə daha çox qloballaşan bir məkana çevrilir və bu fenomenin hərəkətverici qüvvəsi internet, peyk televiziyası, mobil telefon və saysız-hesabsız informasiya kommunikasiya vasitələrinin meydana çıxmasıdır. Qloballaşma elə bir prosesdir ki, onun sürətlə genişlənməsi minlərlə dilin söykəndiyi təməlləri sarsıtmağa yönəlib. Çağdaş dövrdə müşahidə edilən tendensiya ondan ibarətdir ki, qloballaşma milli dillərin özünüqoruma reflekslərini inkişaf etdirmək, qlobal şəbəkələr erasının, yeni iqtisadiyyat və İnternetin “linqva franka” statusunu qazanmış, siyasi, iqtisadi, mətbuat, reklam, radio, televiziya, turizm, kommunikasiya sistemləri, təhlükəsizlik, elm və təhsil sahəsində dominat mövqeyə sahib olan ingilis dilinin hərtərəfli təzyiqinə və “işğal”ına qarşı dayanma strategiyalarını işləyib hazırlamaq problemini ortaya qoymuşdur. Bu problem yalnız Azərbaycan kimi müstəqilliyini yeni qazanmış gənc dövlətləri deyil, dünyada oturuşmuş iqtisadiyyata, dünya siyasətinə təsir gücünə sahib olan Çin, Almaniaya, Fransa, Rusiya və b. ölkələri də narahat edir.
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin vəziyyəti cəmiyyəti narahat edən məsələlərdəndir. Cəmiyyətin dil məsələsi ilə bağlı narahatlığının əhatə dairəsini təxminən belə cızmaq olar: Azərbaycan dilində səlis danışanların sayının azalması, Azərbaycan dilini bilmə səviyyəsinin pisləşməsi, Azərbaycan ədəbi dilinin yad ünsürlərin hesabına kifayət qədər zibillənməsi, onların üzə çıxarılması və qarşısının alınması, mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, elmi, bədii və publisistik əsərlərin tərcüməsinin sönük və yarıtmaz olması, reklam və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması və bir sıra digər mənfi hallar.
Bütün bunlar xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə edilir: dilimizi qorumağa ehtiyac varmı? Müzakirələrin çoxçaxəli və coşğun olmasını mətbuatdan, televiziya və radio kanallarından müşahidə etmək mümkündür. Müşahidələr göstərir ki, müzakirənin aparılma istiqamətini genişləndirmək və onu həm ölkədaxili kontekstdə, həm də qloballaşma müstəvisində yanaşmaq lazımdır.
Qloballaşmanın iki aspekti barədə bəhs edilir. Bunlardan biri hadisələrin obyektiv, təbii gedişidir. İkincisi isə süni aspektdir ki, bu, siyasi, iqtisadi şərait və ideologiya vasitəsilə yeridilir. Hər bir millət özünün dilini, mədəniyyətini, tarixini qorumaq üçün qloballaşmanın süni şəkildə gedişinə təsir göstərməli, onun gedişini zəiflətmək istiqamətində, bu nə qədər çətin olsa belə, addımlar atmalıdır. Cəmiyyətin virtuallaşması, qloballaşmanın sürəti dilin inkişafına öz təsirini göstərdiyi kimi, dilin inkişafını və dəyişməsini də sürətləndirir. Bütün bunlar dillərin və dillərarası əlaqələrin inkişafında ümumi qanunauyğunluqların meydana çıxmasına səbəb olur. Dildəki dəyişmələr və inkişaf təkcə linqvistik yönümdən deyil, eyni zamanda cəmiyyətdə və dünyada baş verən sosial, siyasi və iqtisadi meyillər yönümündən müzakirə edilməlidir.
Problemin dərk edilməsi üçün dilin tətbiqini tənzimləməyə imkan verən sahələrə bölmək vacibdir. Tənzimlənməyə imkan verən sahələri elmi tədqiqat işləri, qanunvericilik fəaliyyəti, işgüzar yazışma, KİV-in dili kimi sahələrə olar. Tənzimlənmək imkanından kənarda qalan sahələrə dildən məişət səviyyəsində gündəlik istifadə, sosial şəbəkələri daxil etmək olar. Tənzimlənməsi mümkün olan sahələr üçün “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbacan Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir.
Dövlətlərin təhsil siyasəti dillərin fəaliyyəti üçün taleyüklü nəticələrə səbəb ola bilər. Xarici dillərdə tam və ya qismən təhsil verilməsi, nə qədər mütərəqqi addım olsa belə, milli dillərin elm və təhsildə rolunu qoruyub saxlamağa yönəlmiş addımlardan saymaq çətindir. Gündəlik danışıq, ədəbi və elmi dil arasında qarşılıqlı əlaqənin mövcudluğu məlum həqiqətdir. Əgər milli dil elmi sahədən geri çəkilirsə, onun digər mövcudluq formaları da kasıblaşır, sıradan çıxır.
Azərbaycanda dil quruculuğu dövlətin strateji cəhətdən mühüm problemlərindəndir. Dil quruculuğunun həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kənarda rəvan getməsi üçün vacib olan tərəfləri vardır.
Ölkə daxilində dil quruculuğu məsələləri daha ciddi xarakter daşımalıdır. Bura ölkədə təlimin ilk pilləsindən, yəni məktəbəqədər səviyyədən ali məktəb səviyyəsinə qədər dilin öyrədilməsini təmin edən ciddi iyerarxiya sisteminin yaradılması daxil ola bilər. Bu zaman hər bir pillə üçün dilin saflığının saxlanılmasına yönəlmiş ciddi tələblər işlənib hazırlanmalıdır. Ölkə daxilində Azərbaycan dilini qorumağa ehtiyac varmı? Əgər varsa, onda sual doğur: Dili kimdən qoruyaq? Həmin dildə danışanlardanmı? Belə çıxır ki, dilimizi özümüzdən qorumalıyıq. Məlum həqiqətdir ki, dil bizim özümüzü əks etdirir. Başqa sözlə, biz necə varıqsa, səviyyəmiz necədirsə, dilimiz də onu göstərir. Əgər dildə bizi qane etməyən nəyinsə baş verməsi bizi narahat edirsə, onda dillə yox, özümüzlə bağlı baş verən proseslərlə məşğul olmaq lazımdır. Ona görə də, dilimizi qorumağa yox, öz səviyyəmizi qaldırmağa çalışmalıyıq. Sözün geniş mənasında savadsızlıqdan, biliksizlikdən qurtulmalıyıq. Məhz savadsızlıq ümumi mədəni səviyyəni aşağı düşürür. Təsadüfi deyildir ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının, reklamlar və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması kimi halların “təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə” çevrilməsi olaraq səciyyələndirilmişdir.
Dil mədəniyyətinin KİV-də, xüsusilə televiziyada, qəzet mətbuatında aşağı düşməsinin müxtəlif səbəbləri vardır. Bu səbəblər üzündən son vaxtlarda Azərbaycan dilinin jarqon ifadə və əcnəbi alınmalarla zibillənməsi barədə danışılır. KİV-in, xüsusilə müstəqil qəzetlərin dilinin ümumi etik məsələləri (kobudluq, bayağılıq, həbsxana-dustaq jarqonu və s.) barədə daim müzakirələr gedir.
Bəzi nümunələrə diqqət yetirək: Bakida 30 kriminal avtoritet həbs olundu, (http://www.azpolitika); “Zon”dakı “razborka”lar... (http://azadliq.info); Son həftələrdə də “Kurtlar vadisi”ni hərləyirdilər (http://azadliq.info), Tele kanalizasiyalar virus mənbəyi kimi ((http://qubalilar.biz/mehman-memmedov-tele-kanalizasiyalar-virus-menbeyi-kimi-196y.html))
-
Mən təkrarçılıq olmasın ... içindəki nifrətin mənbəyini az-çox başa düşürəm. Ancaq hər söz başı, işlətdiyi ...... ifadələr göstərir ki, bu adam xəstədir, manyakdır. Nifrətin, qəzəbin də bir həddi var. Beləsindən nəinki yazıçı, ziyalı, heç adam da olmaz. Bu yekəbaş, zırrama deyir ki:.... Tam səmimi deyirəm ki, hər cürə zırrama, yekəbaş görmüşəm, ancaq zırramalığın, yekəbaşlığın bu "doza"sına ilk dəfədir ki, rast gəlirəm. Bu tin uşaqlarının danışıq tərzidir. Bu qədeş düşüncəsi, cayıl təfəkkürü ilə Alı Əkbər Avropanın nəyinə lazımdır..? ((http://www.m5pressa.com/haber-6834-Bu-qdes-tfkkuru-il-li-kbr--Avropanin-nyin-lazimdir.html))
Belə halların meydana çıxması ilə bağlı aparılmış sosioloji sorğularda, müzakirələrdə ilk sırada göstərilən səbəblərdən biri budur ki, dəyişikliklər və təhsil sisteminin birindən digərinə keçid dövründə formalaşmış insanlar bu sahələrə axın etmişlər. Bu axın xeyli qeyri-peşəkarı mətbuat sahəsinə gətirmişdir. Qeyri-peşəkarlıq və dilin qayda-qanunlarına nabələdlik, eləcə də ümumi mədəni səviyyənin aşağı olması həmin qeyri-peşəkarların fəaliyyət göstərdiyi mətbuat orqanlarının dilində də əksini tapmışdır.
Dilin qayda və qanunlarından xəbərsizlik ona gətirib çıxarır ki, heç bir zəruri ehtiyac olmadan mətbuatda əcnəbi sözlərdən istifadə olunur. Bu zaman mətbuatın dilində Eurovision, Embawood, Star city, Michael, Human Rights Watch, Gabriel Garcia Marquez, Facebook, The New York Times, Volkswagen, Hyatt Regency kimi əcnəbi sözlər yalnız dırnaq içərisində yazılmaqla güya dil normalarına uyğunlaşdırılır. Bu, onu göstərir ki, belə qaydanı tətbiq edən mətbuat orqanlarında fəaliyyət göstərənlər xarici dillərdəki xüsusi adların Azərbaycan dilində verilməsindən ümumiyyətlə xəbərsizdirlər.
Vəziyyət elə bir həddə çatıb ki, alınma sözlərin dilimizin qayda-qanunlarına zidd olan bu cür yazılışlarda bəzən müasir türk dilində olduğu kimi xüsusi isimlərdə hal şəkilçilərini ayırmaq üçün apostrof işarəsindən də isifadə edilir. Məsələn: Azadlıq.org belə yazır: Ermənistan müxalifəti H.Clinton'dan narazı qaldı; Clinton'un rəyi çox vacibdir (http://www.azadliq.org/ content/ article/24608743.html).
Mətbuat nümayəndələri bilməlidirlər ki, Azərbaycan dilinin dil norrmalarının dəyişməsində fəal proseslər məhz KİV-də baş verir. KİV-in dilinin həyat və fəaliyyətimizlə bağlı daima dəyişməkdə olan reallıqlara daha tez uyğunlaşması, insanların şüuruna və davranışlarına təsiri ilə xarakterizə olunur. Sosial şərait və mühitin dəyişməsi isə insanların özünün dəyişməsinə, nəticədə isə dilin dəyişməsinə səbəb olur.
Ölkə hüdudlarından kənarda Azərbaycan dilinin dünya məkanına daxil olması probleminin aspektləri nəzərə alınmalıdır. Bu zaman Azərbaycan dilinin beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsinin nəzəri və praktiki yönləri işlənib hazırlanmalıdır. Azərbaycan dilinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasəti, bir sözlə, Azərbaycanla maraqlanan insanların ünsiyyət vasitəsinə çevrilməsi üçün onun xaricdə öyrənilməsini stimullaşdıran zəruri proqramların, vəsaitlərin, elektron dərslik və digər vasitələrin yayılmasına və təbliğinə geniş imkan yaratmaq, Azərbaycan dilinin xarici dil kimi təbliği və öyrədilməsi üçün qrantlar təsis etmək, müsabiqələr, festivallar konfranslar və digər tədbirlər keçirmək lazımdır. Bu sahədə dilin qorunmasına dövlət qayğısı lazımdır.
Dostları ilə paylaş: |