AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ VƏ TƏRCÜMƏ
S.Ə. ABDULLAYEVA
İNNOVATİV İNKİŞAFLA ƏLAQƏDAR AZƏRBAYCAN DİLİNİN XARİCİ DİL KİMİ ÖYRƏDİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ
Açar sözlər: Azərbaycan dili, beynəlxalq standartlar, xarici dil, tədris
Ключевые слова: Aзербайджанский язык, международные стандарты, иностранный язык, обучение
Key words: the Azerbaijani language, international standarts, a foreign language, teaching
«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin inkişafının dövlət siyasətinin ayrılmaz hissəsi olmasının bariz nümunəsidir. Sərəncamda deyilir: «Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir». Prezidentimizin sərəncamında Azərbaycan dilinin dövlətçiliyimizin başlıca rəmzlərindən biri kimi qiymətləndirilməsi qürur hissi doğurur.
«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamında dilimizin və dilçiliyimizin inkişafını təmin etmək məqsədi ilə Dövlət proqramının hazırlanması nəzərdə tutulur. Sərəncamda dövlətimizin rəmzlərindən biri kimi ana dilimizin tədrisinə xüsusi diqqət yetirilir. Bunun üçün elektron və interaktiv dərsliklərin yaradılması və Azərbaycan dilini öyrənmək istəyən xarici vətəndaşlar üçün tədris vəsaitlərinin hazırlanması məsələsi bir məqsəd kimi qarşıya qoyulur. Proqramın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən dərs vəsaitlərinin, elektron və interaktiv dərsliklərin, danışıq, sorğu, məlumat kitabçalarının, minimum lüğətlərin hazırlanması, onların elektron versiyalarının yaradılması zəruridir. Nəzərdə tutulan tədbirlər daxilində beynəlxalq standartlara uyğun dərsliyin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Dərsliyin Avropa Şurası tərəfindən qəbul olunmuş metodik göstərişlərə uyğun tərtib olunması nəzərdə tutulur ki, bu da onun yüksək səviyyədə ya-zılacağına təminat verir. Bu layihənin diqqət çəkən məqamı odur ki, artıq Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi üçün şərait yetişmişdir.
Struktur-semantik cəhətdən bu dərslik ənənəvi təlim vasitəsi kimi ümümtəhsil standart və proqramlarına uyğun olaraq tədris materialının sistemli şəkildə izahı ilə xarakterizə olunmalıdır. Dərslik vasitəsilə həm tədris prosesi təşkil edilir, həm də dərsin mənimsənilməsi təmin edilir.
İnnovasion yanaşma xarici dillərin tədrisi və öyrədilməsi prosesində obyektiv ölçüyə gələn və kommunikasiya bacarığının formalaşma səviyyəsi şkalasına uyğunluq nəzərdə tutulur. Bu səviyyə şkalasına görə dil 3 səviyyədə - A1, A2, B1, B2, C1,C2 səviyyələrində öyrədilir. Bu cəhətdən dərslik, yuxarıda qeyd olunduğu kimi, mühüm əhəmiyyət daşıyır, belə ki, dərslik:
- istifadə olunan tədris materialları kompleksində daha sabit komponentdir;
- xarici dilin öyrədilməsi və tədrisində bütöv müəllif konsepsiyasını əks etdirir.
Dərsliyin modul quruluşuna malik olması nəzərdə tutulur. Burada modul dedikdə, təlimin qoyduğu məqsəd və tapşırıqlara görə Azərbaycaq dilinin praktik kursunun müəyyən məntiqi bitkinliyə malik olan bir bölməsi nəzərdə tutulur.
Hər bir modula ünsiyyətin bir mövzusu - situasiyası ilə birləşən bir neçə dərs daxildir.
Hər bir modulun əvvəlində biliklər – vərdişlər – bacarıq xətti üzrə onun məqsəd və məzmunu müəyyənləşdirilir; burada biliklər və vərdişlər fənnin bölmələrinə (fonetika, qrammatika, leksika, üslubiyyat) görə fərqli, ancaq bacarıq hissəsi nitq fəaliyyətinin bütün növləri (dinləmə, danışma, oxuma, yazma) üzrə verilməlidir. Ayrı-ayrılıqda «təlim bacarığı» və bunun verilmiş modul çərçivəsində formalaşma dərəcəsi təsvir edilir. Bura dili ünsiyyət vasitəsi kimi inkişaf etdirmək üçün sorğu kitabları, xüsusi lüğətlər, fonolaboratoriya, kompyuter proqramları və s. ilə müstəqil işləmək, öz nailiyyətlərini düzgün qiymətləndirmək bacarığı daxildir.
Modulun quruluşu və məzmunu onun konkret məqsəd və vəzifələrindən asılıdır. Müəllif dərsliyin bütün modullarını və onları təşkil edən dərsləri dəqiq və vahid formada tərtib etməyi nəzərdə tutmalıdır. Bu modullardan hər birinin yerinə yetirilməsi üçün saatların miqdarı tədris planı ilə müəyyənləşdirilməlidir.
Birinci modul bir semestr üçün nəzərdə tutulur, kompleks şəkildə giriş kursundan ibarətdir, sonrakı modullar əsas kursu təşkil edir.
Təlimin başlanğıc mərhələsində (giriş modulu) bütün qaydalar və onların izahları 2 dildə, həm rus dilində (və ya hər hansı xarici dildə), həm də sətiraltı tərcümədə azərbaycanca verilir.
Hər bir dərs məhsuldar lüğət siyahısı ilə müşayiət olunur; burada bütün yeni sözlərin mənaları və işlədilmə xüsusiyyətləri verilir.
Dərsliyin sonunda rus dilində qısa qrammatik materialın verilməsi nəzərdə tutulur; burada proqramda nəzərdə tutulmuş fonetik, leksik və qrammatik mövzularının məniməsnilməsi üçün zəruri olan məlumat verilməlidir.
Dilin müxtəlif aspektləri üzərində iş aşağıdakı kimi xarakterizə edilir:
A) kompleksliliklə – bir tərəfdən, ünsiyyətin müxtəlif vasitələrinə – fonetik, qrammatik və leksik normalara eyni zamanda yiyələnmək nəzərdə tutulur; digər tərəfdən, şifahi və yazılı ünsiyyət bacarığı formalaşdırılması həyata keçirirlir.
B) polifunksionallıqla - xarici dil həm təlimin məqsədi, həm də müxtəlif bilik səhələrində məlumat əldə etmək vasitəsi kimi nəzərdən keçirilir.
Son məqsədi mütəxəssisin mədəniyyətlərarası kommunikasiya bacarığının inkişafı olan dərsliyin hazırlanmasında aşağıdakılar innovasiondur:
- nitq qabiliyyətinin formalaşdırılmasında dil materialını mənimsəməklə tələffüzdə aksentin aradan qaldırılması;
- tədris materiallarının sosialinqvistik və sosiamədəni məzmununun nəzərə alınması;
- kommunikativ situasiyanı şəkillərlə əks etdirən oxu materiallarının olması;
- real ünsiyyətə həvəsləndirən çalışma və tapşırıqların üstünlük təşkil etməsi;
- xarici dildə şifahi və yazılı nitqin imkanlarını mənimsəyərkən təhsil alanların ana dilindəki nitq təcrübəsindən istifadə etmək;
- müxtəlif mədəniyyətlərdə milli dəyərlər haqqında təsəvvürləri təhlil və dərk etməyi tələb edən tapşırıqlara meyl edilməsi.
Dərsliyin hazırlanması zamanı əsasən kommunikativ yönüm üstün tutulmalıdır, xüsusən:
- autentik mətnlərin üstünlüyü;
- dil öyrənənlərdə xüsusi maraq oyadan mətnlərin problematikasının rəngarəngliyi;
- şifahi və yazılı kommunikasiyaya alışdırmaq üçün mətnlərdən istifadə edilərkən balansın gözlənilməsi;
- dərsliyin tərtibatında qrafikadan istifadə edilməsi;
- ölkə haqqında informasiyasının seçilməsi, sistemləşdirilməsi, yüksək səviyyədə şərh edilməsi və onun dil öyrənənlər üçün anlaşıqlı olması;
- dərslikdə geniş şəkildə təqdim olunmuş mədəniyyətlərarası ünsiyyət situasiyalarından istifadə etməklə tələbələrin maraq dairələrinin genişləndirilməsinə meyil;
- dərslikdəki tapşırıq və çalışmaların kommunikativ yönümünün yüksək səviyyəsi; bu da özünü, hər şeydən əvvəl, məşq çalışmalarına nisbətən kommunikasiya yönümlü çalışmaların çoxluğunda, mahiyyət etibarilə fonetik, qrammatik və leksik vərdişlərin formalaşdırılması zamanı kommunikativ yönümə əməl edilmədə göstərir.
Azərbaycan dili dərsliyinin yaradılması zamanı verilmiş ünsiyyət situasiyalarının rəngarəngliyinə (rəsmi və qeyri-rəsmi ünsiyyət normaları çərçivəsində), nitq fəaliyyətinin reseptiv və məhsuldar dil vahidlərinin fəaliyyət spesifikasının nəzərə alınmasına, xüsusən də təhsil alanların kreativ bacarıqlarına təkan verən spesifik problem tapşırıqların yaradılmasına xüsusi diqqət yetiriləcək.
Dərsliyin tələbədə müstəqil işləmə bacarığını formalaşdırma meyli özünü aşağıdakılarda göstərir:
- dərsliyin məqsəd və məzmununun tələbə və müəllimlər üçün şərhlərlə müşayiət edilməsi;
- tələbələrin ölkəşünaslıqla bağlı informasiyalarının seçilmə və sistemləşdirilməsini nəzərdə tutan tapşırıqların olması;
- tələbələrin maraq və tələbatlarını nəzərə alan tapşırıqların daxil edilməsi;
- tələbələrin hər bir konkret dərsin materialını mənimsəmələri üçün zəruri olan, eyni zamanda əldə olunan biliklərin vərdişə keçmə ardıcıllığını müəyyənləşdirən tapşırıqların olması;
- əldə edilmiş nəticələrin tələbələr tərəfindən qiymətləndirməsini nəzərdə tutan tapşırıqların olması.
Xüsusi «qiymətləndirmə cədvəli» mövcuddur. Özünüqiymətləndirmə üçün yoxlama aparılır. Müxtəlif ünsiyyət situasiyalarında (dinləmə, danışma, oxuma və yazma) əsas kommunikativ bacarıq formalaşdırılması səviyyəsini müstəqil qiymətləndirmək üçün XD bilik səviyyəsinə müvafiq parametr-deskriptorlar daxil edilir ki, bu aşağıdakı meyarlarla edilir:
- «Mən bunu asanlıqla edə bilirəm.»
- «Mən bunu edə bilirəm, ancaq çətinlik çəkirəm.»
-«Bu mənim məqsədimdir».
Refleksiv özünüqiymətləndirmə üçün tapşırıqlar, bir qayda olaraq, bu terminlərlə ifadə olunur: «Mən bacarıram…», «Mənə …lazımdır», «Ünsiyyət prosesində mənim çətinliklərim / problemlərim ….. ilə bağlıdır» və s. Məsələn:
Mənə müraciət olunan zaman tanış sözləri və çox sadə ifadələri başa düşürəm: a); b); c).
a) asanlıqla;
b) əgər mənim müsahibim asta-asta, aydın, fasilələrlə danışırsa;
c) pis başa düşürəm, mən öz üzərimdə işləməliyəm və s.
Bu dərslik mədəniyyətlərin qarşılıqlı öyrənilməsi zəminində yazılmalıdır. Belə hesab edirik ki, yeni layihə ilə yazılacaq bu dərslik Azərbaycan dilinin xarici dil kimi öyrədilməsində ilk addımlardan biri olacaq. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» sərəncamın qarşıya qoyduğu məsələləri həyata keçirmək dilçilərin vəzifəsidir.
Dostları ilə paylaş: |