AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə12/16
tarix17.01.2017
ölçüsü1,08 Mb.
#581
1   ...   8   9   10   11   12   13   14   15   16

S.A. SADIQOVA
MƏTBUATIN ƏDƏBİ DİLİN İNKİŞAFINDA ROLU
Açar sözlər: termin, beynəlxalq söz, beynəlmiləl termin, ümumişlək söz, kom­munikativ akt.

Ключевые слова: термин, интернациональное слово, ин­те­р­на­ци­о­наль­ный термин, общие слова, коммуникативный акт.

Key words: term, international word, international term, common word, communicative act.
Ədəbi dilin inkişafında, xüsusən də lüğət tərkibinin zənginləşməsində mət­bu­atın rolu olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, funksional üslublarla mü­qa­yisədə son dərəcə dinamik fəaliyyət göstərən publisistik dil öz inkşafı ilə ədə­bi dilin ayrıca üslubuna çevrilir. Bu baxımdan kütləvi informasiya va­si­tə­lər­in­dən olan mətbuat ədəbi dilin inkişafına, yazının cilalanmasına, yeni sözlərin ya­ran­ma­sına çox böyük təsir göstərir. Cünki, qəzet gündəlik zəruri hadisələri əks et­dir­diyindən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, el­mi-texniki tərəqqi ilə bağlı mühüm yeniliklər öz əksini tapır. Yeni dövrün ha­di­sə­lə­­r­ini əks etdirən dil vahidləri kütləvi informasiya vasitələrinin köməyi ilə daha tez ümumxalq xarakteri alır. Məsələn, müstəqilliyimizin ilk illərində müsavat, azad­­lıq, iqtidar, müxalifət, demokratiya tipli sözlər mətbuat vasitəsilə ümumişlək söz­­lərə çevrildi. Deməli, mətbuat ədəbi dilin formalaşması və inkişafı uğrunda mü­­barizənin önündə gedir. Xalq dili xəzinəsinin zənginliyi milli-mədəni inkişaf mət­­buatda daha aydın öz əksini tapır. Eləcə də keçmiş ictimai quruluşla bağlı bir sı­­ra dil vahidləri işləklikdən qalması, (sovet, kommunist, pioner, manqa və s.) ye­ni ic­ti­mai quruluşla bağlı dil vahidlərinin ya­ran­ması birinci növbədə qəzetlərdə öz ək­­sini tapır. Ümumiyyətlə, kütləvi təbli­ğat va­sitələrindən olan mətbuat ədəbi di­lin üs­­lublarının differen­siallaşmasında, qram­matik normalaşmada, lüğət tər­ki­bi­nin zən­­ginləşməsində, alınmaların mənimsənil­mə­si prosesində mühüm rol oynayır.

Qəzetlərin sayının getdikcə artması mətbuat dilinin inkişafına böyük təkan vermiş oldu. İctimai həyatda baş verən dəyişikliklər, hadisələr jurnalistlərdən həm çe­vik­lik, həm də milliliyə söykənməyi tələb edir. Əlifbanın dəyişməsini, rus, Avro­pa, türk mənşəli sözlərin paralel işlənməsini nəzərə alsaq, bu illərin mətbua­tının dili ən ziddiyyətli dövr kimi qiymətləndirilməlidir. Bununla razılaşmamaq olmur. Belə ki, mətbuat dilində alınmaların çoxluğu, dialekt sözlərinin paralelliyi, imla texnikasındakı qüsurlar, üslublarda fərqli formalar özünü göstərir. 1988-ci ildən azadlıq uğrunda başlanmış mübarizə Azərbaycanda mətbuatın da xarakterini dəyişməyə başladı. Uzun illər sovet cəmiyyəti və onun ideologiyasına xidmət göstərən mediada artıq müstəqillik, demokratik prinsipləri əks etdirən yazılar dərc olun­mağa başlandı. Bu illər ərzində Azərbaycanda «Ədalət», «Olaylar», «İki sa­hil», «Şərq», «Səs», «Palitra», «Kredo», «Yeni zaman», «Üç nöqtə» ümu­miy­yət­lə, 700-ə yaxın qəzet, «Xatun», «Xəzər», «Kaspi», «İşıq», «Xəzər», «El», «Kə­lam» kimi jurnallar «Turan», «Frend», «APA» kimi informasiya agentlikləri, «ANS», «Xəzər», «Lider», «Spece», «ATV», «AzTV» kimi müstəqil televiziyalar fə­aliy­yətə başladı. Təbii ki, kütləvi informasiya vasitələrinin çoxluğu dilə təsir gös­tərməyə bilməzdi. Bu təsirlər birinci növbədə dilin lüğət tərkibində, xüsusilə onun terminologiyasında öz əksini tapır. Bununla yanaşı mətbuatda baş verən hər han­sı dəyişikliklər və inkişaf təbii ki, dil normalarına da təsir edir. Əslində in­ki­şa­fın özü ədəbi dilin qayda-qanunlarından yan keçmir. Milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı: «Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyildi. Elə ki, qaranlıq otağın qapısı açıldı qeyri tayfalar elə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişdi, təzə sözlərin qədəri günü-gündən artacaqdır belə söz­lə­rin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olur­lar» (1,148).

Bununla belə mətbuat dilində baş verən müstəqillik meyli ənənəvi qaydaları arxa plana keçirdi. Yeni nəşrə başlamış qəzetlər materialların təqdimatı zamanı mümkün qədər sadələşdirilmiş yeni dil-üslub elementləri tətbiq etməyə başladı. Bu isə yazılan materialların daha çox gündəlik həyat, məişət ilə bağlı olması idi. Bu zaman daha çox mətbuat dilini xeyli dərəcədə inkişaf etdirərək xalq dilinə yaxınlaşdıran, yeniləşmiş qəzet üslubunu formalaşdıran bu proses özlüyündə irəliyə doğru bir inkişafdır. Lakin bununla yanaşı forma və janr xüsusiyyətlərinə gəldikdə, bu gün əksər mətbuat orqanlarında, bir sıra janrlardan imtina edilməsi dilin inkişafına da təsir edir (feleyton, oçerk, elmi məqalələr). Eyni zamanda, mətbuat dilində özünü göstərən bir sıra proseslər mövcuddur: 1) Müasir mətbuatın dilində dialektlərdən istifadə; Ədəbi dilin lüğət tərkibinin ana dili hesabına zənginləşməsində dialekt və şivələrin mühüm cəhətlərindən biri xalq danışıq di­li­nə maksimum yaxınlaşmaqdır. XX əsrin əvvəllərində də mətbuatda özünü bü­ru­zə ve­rən bu yaxınlaşma hər şeydən əvvəl müəyyən dialekt və şivələrdə işlənən söz­lə­rin dilə axını və tədricən kütləviləşməsi ilə müşahidə olunur. Dialekt və şivələrdən mü­əyyən sözlərin publisistik üslub vasitəsilə ədəbi dilə keçməsi özlüyündə müs­bət hadisədir. Lakin bütün bu hallarda olduğu kimi, bu məqamlarda da ifrata var­maq düzgün deyil. Daha çox qarşılığı olmayan dialekt sözlərdən istifadə etmək la­zım­dır ki, bu da dilimizin bütün sferaları üzrə artan termin yaradıcılığında xalq di­li­nə əsaslanmağa şərait yaradır. Bu barədə M.Adilov yazır ki, qəzet dilində da­nı­şıq dili ünsürlərinin rolu bir başqadır, dialektizmlərin rolu bir başqa. Ümumi ədəbi di­limizdə olmayan geniş oxucu kütləsinə qaranlıq qalan dialekt sözlərinə və ya ədə­bi dil sözlərinin dialekt (məhəlli) variantlarına qə­zet­də yer vermək, zən­ni­miz­cə, ümumiyyətlə, lazım deyil…. Əlbəttə, qəzet dilin­də di­a­lektlərin hamısına bir öl­çü ilə yanaşmaq və qəzetdə hər hansı dialektizmin şö­lə­lənməsi əleyhinə çıxış et­mək düzgün deyil.

Bəzən isə dilçi alimlərimiz alınmaların funksiyasını azaltmaq üçün dialekt­lər­dən istifadəni yeganə çıxış yolu hesab edirlər.

Bildiyimiz kimi müəllif sözlərdən istifadə edərkən sərbəstdir. Lakin müəl-lif­lərin dilin qayda-qanunlarını, ədəbi dil normalarını unudaraq dialektlərdən mənası ol­mayan kor-koranə istifadə etməsi qüsur kimi qiymətləndirilməlidir.

Məsələn: Dərhal bir siyasi gənəşik məclisi düzəldir. (Azadlıq, dekabr 1997). Yal­taqlıq sözü ucuzlaşdırır, onu urvatsız edir. (Yeni müsavat, 15 oktyabr 1996) Ve­rilən misallarda işlədilən «urvat», «gənəşik» sözlərinin yalnız müəyyən dialekt­lər­də işlədilir, ona görə də onun mənası geniş oxucu kütləsinə məlum deyil. Belə söz­lərin mənasının elə cümlə daxilində aydınlaşdırılması. Dia­lekt sözlərinin çox vaxt işləklik qazanıb ədəbi dildə işlək edir.

Xüsusilə, termin yaradıcılığında dialektlərdən istifadə olunur və son dövrlərdə mətbuatda işlənən bir çox dialekt sözləri, müxtəlif sahələrdə termin kimi işlənir. Məsələn, «yelcəkər», «çiyə», «tutma», «nəfəslik», «yel», «selbasar» kimi dialekt sözlərinin müvafiq sahələrin terminologiyasında istifadə edilməsi məqsədəuyğundur. M.Cəfər bu barədə yazır: Dünyanın bütün söz ustaları məhz ləh­cə və dialektlərdən münasib sözlər alıb işlətməklə ədəbi-bədii dilin zəngin­ləş­mə­sinə kömək etmişlər. Belə bir axtarış seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz, əcnəbi söz, ifadə tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş üstü örtülmüş xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən Azərbaycan yazıçısının, aliminin lazım olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir” (2,36).

Bu gün bu fikirlər dövrlə səsləşir. T.Hacıyev yazır: “Bir yazıçı, bir şair bü­tün ömrü boyu üç-beş münasib söz hazırlaya bilsə, xalq dilinin boynuna böyük min­nət qoymuş olar – bu, əvəzsiz xidmətdir, dəyəri heç nə ilə ölçülməyən böyük iş­di” (3,14).

Dialekt sözlərinin də mətbuatda işlənməsini müəyyən mənada təbii hesab etmək olar. Bu sözlər işləndiyi mənada geniş şəkildə işlənsə də heç şübhəsiz ki, ədəbi dildə işlənə bilər. Lakin lazım olmayan dialekt sözlərini (mənası dərk edilməyən) mətbuata işlənməsi ədəbi dil normalarına təsir edir. Ona görə də dialektdən götürülmüş söz daha geniş ərazidə işlənən, anlaşılan söz olarsa, onun ədə­bi dilə daxil olması da aşağı olur. 2. Mətbuatda alınmalar daha çox işlənir. Alınma sözlərin mətbuatda işlənməsi haqqında müxtəlif fikirlər diqqəti cəlb edir. Bu fikirlərdə iki meyl- alınma sözlərin işlənməsinin vacibliyi və belə söz-terminlərdən imtina daha qabarıq şəkildə özünü göstərir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı elmi-texniki tərəqqi dövründə alınmalardan qaçmaq qeyri-mümkündür. Çünki ötən əsrin axırlarından ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslər mətbuat dilində alınma sözlərin mövqeyini daha da genişləndirmişdir. Aydınlıq qəzetində yazıldığı kimi «Nə deyirlər desinlər, varam aşkarlığa». Bu ömrü uzun olmuş, el-obaya qədəm qoyandan qulaqlarımızın pası açı­lıb – kim nə istəyir, danışır, kim nəyi neçə istəyir yazır. Hələ löyün-löyün söz­lər də düşüb ağızlara: konsolidasiya, alternftiv, konsensus nə bilim partokratiya, demblok, komblok… Çoxunu da adam qannamır ki, nə deməkdir» (15.04.1991).

Göründüyü kimi ictimai-siyasi hadisələrlə əlaqədar mətbuatda işlənən ter­min­lərin daha çox hissəsini alınma terminlər təşkil edir. 90-cı illərdən baş­layaraq mət­buatda işlənən alınmaları iki mənbəyə ayırmaq olar. 1) türk dilin­dən; 2) ingilis və Avropanın başqa dillərindən. Birinci mənbəyə meyl sürətlə başlamışdır. Bu dövr­də özək, nəşnə, ulus, yaşaq, suclu, orman, məmləkət, cümhuriyyət, qayğı, bil­gi­sayar, dönəm, ün, toplum, durum, önəmli, toplu türk sözlərinin bir çoxu geniş şə­kildə işlənməyə başlandı. Bu proseslə bağlı alınan bir çox sözlər işləklik qa­zan­ma­ğa başladı.

Onu da qeyd edək ki, türk dilindən alınan sözlərin dilimizdə variantlılığı möv­cuddur. Məsələn, gərəkli (lazımlı), öndər (lider), öncül (başcı, öndə gedən), önəm­li (əhəmiyyətli), özəl (xüsusi), öncə (əvvəlcə), yetərsay (kvorum), elçi (səfir), elçilik (səvrlik), dəstək (müdafiə), acıqlama (izah etmə, şərh etmə), anlaş­ma (müqavilə), amac (məqsəd), anayasa (konstitutsiya), basqı (təzyiq), baxım (nöq­eyi-nəzər), yasa (qanun), yasaq (veto, qadağa), sonuc (nəticə), «sorun» (prob­lem). Kütləvi informasiya vasitələrində işlənən bu dil vasitələrinin 90%-i demək olar ki, kütləvilik qazanmış və Azərbaycan dilinin lüğət tərkibinə daxil olmuşdur. Ona görə ki, işləklik qazanan bu terminlərin böyük əksəriyyəti ekvivalent variantından daha anlaşıqlıdır. Hər hansı ictimai-siyasi hadisələrin təbliğində belə ifadələrin rolu əvəzsizdir. Bu prosesdə diqqəti cəlb edən odur ki, mətbuat dilində ərəb və fars, o cümlədən rus və Avropa mənşəli terminlərlə türk mənşəli terminlər paralel şəkildə uzun müddət işləndikdən sonra işləklik qazanır. Yəni, türk dilindən alınan terminlər dilimizdə vaxtilə işlənmiş terminlərlə uzun müddət dublet (ikili) şəkildə işlənsə də işləklik qazanır, digər terminlər dilin passiv fonduna daxil olur.

İ.Mirtalıblı yazır: «Cəmiyyətdə gedən dəyişikliklər, sosial-iqtisadi vəziyyət, siyasi proseslər cəmiyyət üzvlərini ətrafda gedən prosesləri qavramağa məcbur edir. İctimai-siyasi terminlərlə kütləvi əlaqə də bu səbəbdən baş verir. Digər sahə terminlərindən fərqli olaraq ictimai-siyasi terminlər daha çox kütləviliyə meyllidir. Burada obyektiv və subyektiv amillər sosiolinqvistik amillərlə birgə çıxış edir (4,75)».

Məhz buna görə də mili mənşəli ictimai-siyasi terminlərin yaranmasında cə­miy­yətdə gedən prosesləri təhlil edən, kütləyə çatdıran informasiya vasitələrinin qə­zet, jurnal, televiziya və radionun rolu böyükdür. Bununla yanaşı belə ter­min­lə­rin kütləvilik qazanmasında obyektiv və subyektiv amillər də ona təsir edir. Çünki ye­ni anlayışların ifadəsində xüsusilə neologizmlərin meydana gəlməsi fərdi ya­ra­dı­cılıqla bağlıdır. Bu zaman yeni yaranan terminlərin cəmiyyətə, kütlələrə çıxış yo­lu informasiya vasitələridir. Burada yeni terminlərə münasibət həmin dil va­hid­lə­­rinin işləklik qazanması üçün başlıca amildir.
Ədəbiyyat


  1. Zərdabi H. Seçilmiş əsərləri. B., 1966, s.148.

  2. Cəfərli M. Həmişə bizimlə. B., Yazıçı, 1980.

  3. Hacıyev T. Şerimiz, nəşrimiz, ədəbi dilimiz. B., Yazıçı, 1990.

  4. İlhamə Mirtalıblı. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. B., 2003.



Z.Ə. SƏFƏROVA

AŞIQ YARADICILIĞINDA OYKONİMLƏR,

ASTİONİMLƏR, KOSMONİMLƏR
Açar sözlər: Aşıq poeziyası, onomastik vahidlər, toponim, oykonim, astio­nim, kosmonim

Ключевые слова: Поэзия ашуков, ономастические единицы, топоним, ой­ко­ним, астионим, космоним

Key words: Poetry of tuning peg, onomastik unique, toponim, oykonim, astionim, kosmonim
Aşıqlar öz şeirlərində müəyyən və müxtəlif hadisələrin təsviri, tərənnümü zamanı kənd, şəhər, ölkə adlarını bildirən toponimlərdən də məqsədəuyğun şəkildə istifadə etməli olmuşlar. Oykonimlər təbiətin, gözəllik məskənlərinin təsviri prosesində aşıq şerinin leksikasının zəruri tərkib hissələrinə çevrilmişdir. Xüsusi adlardan Azərbaycan ərazisinin və dünyanın müəyyən bölgələrinin aşığın mövzusuna müvafiq istiqamətdə təsviri məqamında istifadə edilmişdir. Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Musanın və başqa aşıqlarımızın yaradıcılığında kənd adlarına çox rast gəlirik:

Alının gəzdiyi üç Gözəldərə,

Şəqaylı, çiçəkli xoş Gözəldərə,

Şahdağdan görünür Bağözəldərə,

Üç dağ bizim o dağlara bənzərsən.

Və yaxud:

Bir gözəl görmüşəm Çayqılınclıda,

Toy-büsatı, hər novrağı şirindi.

Aşıq Musa deyir:

Bir yanda yaylardı Keçili, Dəllər,

Bir yanda yurd salır o ağır ellər.

Çayqılınclı, Keçili, Dəllər kənd adları uzaq tarixi keçmişi olan kənd ad­la­rı­dır və bu yerlərin sakinlərinin qədimdən bəri türk tayfalarından ibarət olduğunu bir daha təsdiq edir. Dəllər – İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı olmuşdur. 1918-ci ildə əhalisi ermənilər tərəfindən qovulmuş və kənd da­ğıl­mış­dır. Qədim türk tayfasının adını əks etdirir.

Keçili - İrəvan xanlığının Sərdarabad mahalında və Rəvan əyalətində Ağ­ca­qa­la nahiyəsində kənd adları olmuşdur. 1828-1832-ci illərdə azərbaycanlılardan iba­rət əhalisi qovulmuş və kənd dağılmışdır. Keçili tayfası kəngərlərin bir qolu he­sab olunur.

Tərənnüm edilən yerin, mahalın, kəndin öz sərvəti ilə məşhur olduğunu gös­tər­məklə yanaşı, aşıq bir sıra toponimlərdən sənətkarlıqla cinas yaratma vasitəsi ki­mi istifadə etmişdir:

Çən gəlsə dağlara yellər əsdirər,

Qış da çətin gəlsə, dağ əyər-əyər.

Aşıq deyər Əyərdən,

Nə gətirdin Əyərdən?

Laçın getdi şikara,

Gətirirsə əyər dən.

Qurbanidən başlayaraq, X1X əsrdə, XX əsrin əvvəllərində el sənətkarları da­im Bərdə, Gəncə, Şəki, Şirvan və s. kimi qədim şəhər adlarını zikr etmiş, xatır­lat­mış, əhalisi, təbiəti və təbii sərvətləri barədə söz açmışlar.

Aşıqlar bəzən gözəlin tayı-bərabəri olmadığını demək, onu yüksəltmək üçün təş­beh əvəzinə, toponimlərdən istifadə edərək böyük şəhərləri, ölkələri sevgilinin bir telinə qurban demişlər.

Misallar göstərir ki, toponim təsvir obyektinin relyefi, şəraiti, quruluşu, təbii sər­vət­ləri və s. haqqında məlumat verir. Tərənnüm olunan şəxsin hansı yerə, han­sı torpağa mənsub olduğunu bildirmək üçün işlədilir. Obrazı xarakterizə və tə­rən­nüm etmək, yüksəltmək məqsədilə onu öz nemətləri, gözəllikləri və s. ilə məş­hur olan yerlərlə müqayisə edirlər.

Azərbaycan torpaqları səkkiz yerə bölünmüş olsa da, el sənətkarları müx­tə­lif ölkələrin sərhədləri içərisinə salınmış ərazilərini, şəhərlərini daim özününkü bil­miş, öz qədim yurdu kimi tərənnüm etmişlər:

Bütün Azərbaycan odlar ölkəsi,

Səsinlə ucalır ellərin səsi,

Sarabın, Ürmünün igid nərəsi,

Kürdüstan tək var qardaşın, Qaradağ.


Bir yanı Naxçıvan, bir yan Dərələyəz,

Xof eylər səcdənə kimsənə gəlməz,

Alı qoynundasa, qəddi əyilməz,

Narəs qalar, olmaz qoca, Dəlidağ.


Qarışdırma Şəmsəddini, Göyçəni,

Kəndindən kəndinə yaz, şair Nağı!

Hərca dilin salar bəlaya səni,

Çox da bilsən, danış az, şair Nağı.



Azərbaycan, Sərab, Urmiya, Qaradağ, Naxçıvan, Dərələyəz, Şəmsəddin, Göy­çə bir-birindən uzaq, lakin tarix boyu bir-birinə doğma olmuş ölkə, vilayət, şə­hər adlarını bildirən sözlərdir.

Aşığın lirik qəhrəmanı bəzən daha uzaq ərazilərə nəzər salır, bütün Şərqi, Ön və Kiçik Asiyanı dilə gətirir, qəhrəmanını mübaliğəli şəkildə tərənnüm edər­kən toponimlərdən ustalıqla istifadə edirlər:

Misir, İstanbul, Şam tamam yerisə,

Tək qabağa duran qoç Koroğluyam.

Aşıqlar tərənnüm etdikləri qızın, gəlinin həddindən artıq gözəl olduğunu vermək üçün onu ayrı-ayrı ölkələrdə, şəhərlərdə olan gözəllərlə müqayisə edir və bu zaman həmin toponimlərdən söz açırlar.

Həsrətini çəkir Hələb, Bağdad, Çin,

Camalı bir günəş, özü göyərçin,

Ağ üzündə siyah zülfü çinbəçin

Tərlan, avın alısından bəllidir.

«Həsrətini çəkir Hələb, Bağdad, Çin» sözləri güclü metaforadır. Adları qeyd olu­nan ölkələrin əhalisi, gözəllik vurğunu olan insanları nəzərdə tutulur, Hələb, Bağ­dad, Çin həsrətini çəkir – deyilir.

Aşığın yaşadığı dövrdə beynəlxalq hadisələrə münasibət ayrı-ayrı ölkələrdə, döv­­lətlərdə baş verən tarixi hadisələr aşığın gəzmədiyi, görmədiyi ölkələrin, şə­hər­lərin də qələmə alınmasına imkan yaratmışdır. Məsələn:

Necə oldu Serbiya, Çornuqoriya?!

Əl-ayaq altında itdi İtaliya.

German bomba atdı, qan oldu dərya,

Qırıldı, dünyada insan qalmadı.

Tədqiq edilən dövrün sənətkarları bir sıra mifoloji hadisələrlə bağlı to­po­nim­ləri də qələmə almışlar. Mifoloji toponimin necə və kim tərəfindən yaranması, ma­hiyyəti barədə aşığın fikirləri də maraqlıdır. Aşıqlar bu barədə öz mü­əl­lim­lə­rin­dən ətraflı dərs almış olduqlarından bu bilikdən öz rəqiblərini qıfılbəndlər va­si­tə­si­lə və ya insanları düşündürmək vasitəsi kimi istifadə etmişlər.

Aşıq dini-mifoloji mahiyyət daşıyan yerləri özünün qibləgahı, pərəstişgahı ki­mi tərənnüm edir. Ona görə də belə yerlərin adlarını daşıyan toponimlər aşıqla­rın nəzərində müqəddəs məkan kimi qiymətləndirilir:

Bu təzə kalamdı, olsun yəqini,

Kəbə-qibləm, dinim Məhəmməd dini,

Atam Alməmməddi, Göyçə sakini,

Adım Ələsgərdi, yaxşı bil, tanı.

Qəhrəmanın qorxmaz, yenilməz, hər şeyə qadir olduğunu göstərmək üçün şa­ir dini rəvayətlərdə daha çox zikr olunan toponimlərdən istifadə etmişdir. Məsə­lən:

Dərs alıb o Əliüyyü-əladan,

Xof eləmir Xeybər kimi qaladan,

Gəzən zəlzələdən, yaman bəladan,

Hifz eyləsin Kərəm kanı, Dəli Alı!

Müqəddəs yer adları, təbii ki, aşıq üçün cinas vasitəsi kimi də yararlı olmuş­dur:

Aşıq gəzər Salsalı,

Yar qəddini sal salı,

Canan canı nəzərdən,

Əyər yaxşı salsalı.

Aşıqlar müqəddəs tarixi-dini toponimləri, xüsusən həzrət Əlinin adı ilə birgə zikr olunan Xeybər qala adını dərdlərin dərmanı, çətin işlərin açarı kimi qiymətləndirirlər. Çünki onların nəzərində Şahi-Mərdan həzrət Əli orada bütün dərdlərin qarşısında bir sipər kimi dayanmışdır:

Alıya can birdi, dərd ara verməz,

Malı beytül açar, dərd ara verməz.

Yoxsa Şahi-Mərdan, dərd ara verməz,

Saysız o Xeybərə yad əli dəysə.

Bu son bənddə toponimlər müəyyən coğrafi sərhədin – dağla aranın son nöqtəsi kimi verilir.

Heç şübhəsiz, aşıq poeziyasında işlənmiş xüsusi adların bir qismi tədricən ar­­xaikləşmiş, sıradan çıxmışdır. Kəndlərin dağılması, adların dəyişdirilməsi ilə bağ­­lı unudulmuş yer adları da vardır. Bunların hamısı toplu şəkildə toponimlərin öy­­rənilməsi işini zəruriləşdirir. Həm də arxaikləşən, işləklikdən düşən sözlər aşıq po­e­ziyasında vaxtilə xalq arasında deyildiyi kimi, qorunub saxlanmışdır. Hətta bə­zən öz adını yaşadan toponimin başqa bir qədim variantına da təsadüf edilir. Mə­sə­lən:

Durur nişanəsi Ağrı dağında,

Nuhun qiyaməti qaldı ki, qaldı.

Nümunə göstərilmiş dil faktlarından aydın olur ki, aşıq poeziyasında digər onomastik vahidlərlə yanaşı. toponimlərdən də geniş istifadə edilmişdir. Gözəldərə, Başgözəldərə, Çayqılıclı, Keçili, Dəllər, Kəlbəcər, Bərdə, Gəncə, Şəki, Şirvan, Dərbənd, Bayazid, Türkman, Şirazlı, Qaramanlı, Dərələyəz, Tufarqanlı, Alxatın, Bağdad, Ərəş, Savalan, Gürcüstan, Azərbaycan, Sarab, Urmu, Qaradağ, Naxçıvan, Dəlidağ, Şəmşəddin, Göyçə, Tovuz, Gülüstani-Rəm, Misir, İstanbul, Şam, Osmanlı, Hindistan, Firəngistan, İran, Turan, Hələb, Alosman, Çin, Kəbə, Xeybər, Salsal, Sarıyer və s. yer adları nə qədər rəngarəng ölkə, vilayət, şəhər, kənd ad­larını birləşdirir. Bunlar bizim el sənətkarlarının gəzdikləri, gördükləri, eşitdikləri, öyrəndikləri, arzu­ladıqları yer adlarıdır. Azərbaycan ərazisi ilə bağlı toponimlərin hər biri, əksəriyyət etibarilə, bir tayfa adını özündə yaşatmaqdadır və tarixi izləri qoruyub saxlayır. Bunlar həm də bədiilik faktı kimi müxtəlif üslubi məqamlarda müəyyən məqsədlərlə işlədilmişdir.

Ağrı, Qaf, Bisütun, Mozə kimi dağ adlarının, Pitlis kimi yer adının aşıq poe­zi­yasında qorunub saxlanması daha qədim izlərdən xəbər verir. Göründüyü kimi, aşıq poeziyasında toponimlər müxtəlif və rəngarəng olmaqla yanaşı, həm də in­ten­siv şəkildə tez-tez işlənmişdir.

Beləliklə, Azərbaycan aşıq poeziyasının qədimliyini, zənginliyini təs­diq­lə­yən dil vasitələri içərisində onomastik vahidlər xüsusi yer tutur. On­omastik va­hid­lər dedikdə bir-birindən fərqli müxtəlif leksik laylar nəzərdə tutulur. Toponimlər aşıq poeziyasında çox işlənən həmin leksik laylardan biridir. Bu leksik lay keç­mi­şi öyrənmək, qorumaq üçün çox şey deyir.

Azərbaycan aşıq poeziyasının materialları üzrə axtarışlar, elmi müşahidələr gös­tərir ki, aşıq­lar, el şairləri dövrün bütün əsas məsələlərinə öz münasibətlərini bil­dirmişlər. Onlar gəzmiş, gör­müş, nəğmələr, mahnılar qoşmuşlar. Aşıqlar adətən gə­zəri həyat keçirmiş, vətənin bütün hüdudlarını qarış-qarış gəzmiş, doğma yur­du­muzun gözəl şəhərləri ilə, kəndləri, uca dağları, buz bulaqları, sərin yaylaqları, bö­yük tarixi qalaları, əzəmətli, coşğun çayları, sənətkarlıqla tikilmiş körpüləri ilə fəxr etmişlər. Həmin səbəbdən də Azərbaycanda və onun hüdudlarından kənarda bir çox toponimlər el nəğməkarlarının ilham mənbəyinə çevrilmişdir. Araş­dır­ma­da toponimlərin müqayisə, mübaliğə və təşbehlər üçün zəngin materiallara da to­xu­­nulmuşdur. Ayrı-ayrı aşıqların seçmə bəndlərindən verdiyimiz nümunələrə əsas­lanıb deyə bilərik ki, aşıq poeziyası onomastik leksikanın zəngin yata­ğıdır. Us­tad aşıqlarımız el həyatının ensiklopedik təsvirini verərkən onun zəngin tə­bi­ə­ti­nə, qədim ya­şa­yış məntəqələrinə, dəniz, göl və çaylarına, tarlalarına, düzlərinə və yay­laqlarına biganə qala bilməzdilər. Bu səbəbdən də biz aşıq poeziyasında Azər­bay­canın varlığı ilə bağlı xüsusi adların zə­­n­gin, çoxcəhətli qalereyası ilə üzləşirik. Yer­lərimizin bir hissəsi düşmən tapdağı altında qalsa da, onların adları aşıq poe­zi­ya­sında qorunub saxlanılır. Həmin adlar bizi yurdumuzun toxunulmazlığı uğ­runda mü­barizəyə səsləyərək vətənpərvərlik hisslərimizi coşdurur, doğma torpağa mə­həb­bətimizi artırır.

Klassik söz ustası Aşıq Alının “Təbriz gözəli” gəraylısında Təbriz oyko­ni­mi­nin adı çəkilir. Aşıq Alı bir çox ölkələri gəzməyi arzulayır:

İstərsən gəzərəm İran, Turanı,

Qürbət diyarlara yollanım Bəsti.

Bu şeirdə bizə ən çox maraqlı olan Turan oykonimidir. Turan oykoniminin, da­ha doğrusu, bu onomastik vahidin etnooykonim olması türkologiyada artıq qə­bul olun­muş­dur. Bu söz qədim türk lüğətində Alturan, Turanlıq - Turanın sakin­lə­ri kimi qeyd olunmuşdur.


S.V. ŞƏRİFOVA
MONOLOJİ VƏ DİALOJİ NİTQDƏ MÜRƏKKƏB CÜMLƏLƏR
Açar sözlər: M.F.Axundzadə, nitq, mətni mürəkkəb cümlə

Ключевые слова: М.Ф.Ахундзаде, речь, контекстное сложное пред­ло­же­ние

Key words: M.F.Axundzadeh, speech, the text of the compound sentence
Tabeli mürəkkəb cümlələrin komponentləri arasındakı asılılıq, tabesiz mü­rək­kəb cümlələrin komponentləri arasındakı məna əlaqəsi vahid sintaktik struk­tu­run formalaşmasında əsas rol oynayır.

Bütöv bir kompleksə çevrilən mürəkkəb cümlələr yeri gələndə tam bir mətni təşkil edə bilir. M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan bəzi mətnlər bu baxımdan maraq doğurur. Personajın özünəməxsus danışıq tərzi ilə onun fərdi keyfiyyətlərini göstərməyə, xarakterini açmağa çalışan M.F.Axundzadə real şifahi nitqi – monoloji və dialoji nitqi yazıya gətirmişdir.

“Hekayəti - xırsi - quldurbasan” əsərindən bir parçaya nəzər salaq:

Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!

Divanbəyi. Necə təqsirlisən? Nə danışırsan?

Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.

Divanbəyi. Niyə?

Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.

Divanbəyi. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib).

Bayram. Bəli, budur, başına dönüm!

Tarverdi. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir dinc ada­mam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz de­mə­sin­lər quldurluğa getdim.

Divanbəyi. Axmaq, sənə axmaq deyəndə nə olacaq idi ki, özünü xataya sal­dın?

Tarverdi. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mə­nim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq elə­mə­sən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, qul­durluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim.

Semantik-sintaktik əlaqə baxımından Bayram→Divanbəyi dialoqunda tabeli mü­rəkkəb cümlənin komponentlərinin parçalandığını görmək mümkündür. Di­van­bə­yinin dili ilə verilmiş sual cümlələri çıxarılarsa, Bayramın ifadə etdiyi cümlə be­lə alınar: “Ağa, təqsirli mənəm, Tarverdini mən öyrədib quldurluğa göndərdim, on­dan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın”. Bu, qarışıq tipli mürəkkəb cüm­lədir. “Ağa, təqsirli mənəm” hissəsi baş cümlədir. Qalan hissə isə baş cüm­lə­yə intonasiya ilə bağlanan səbəb budaq cümləsidir. Budaq cümlənin tərkibində üç kom­ponent birləşmişdir. 1-ci komponent – “Tarverdini mən öyrədib quldurluğa gön­dərdim” baş cümlədir. 2-ci (“istirdi”) və 3-cü (“mənim sevgilimi əlimdən al­sın”) komponentlər isə birlikdə yenə səbəb budaq cümləsi yaradır (mənim sev­g­il­i­mi əlimdən almaq istədiyi üçün). Bu səbəb budaq cümləsinin tərkibində isə in­ver­si­­yaya uğramış tamamlıq budaq cümləsi (mənim sevgilimi istirdi əlimdən alsın − is­təyirdi ki, mənim sevgilimi əlimdən alsın) işlənmişdir.

Deməli, bu dialoqda əsas fikir Bayrama məxsusdur. Divanbəyi isə yardımçı ro­lu oynayır.

Divanbəyi→Tarverdi dialoqunda isə fərqli bir mətnlə qarşılaşırıq. Di­van­bə­yi­nin dilində işlənmiş “Axmaq, sənə qorxaq deyəndə nə olacaqdı ki, özünü xataya sal­dın?” cümləsində əvvəl sual əvəzliyi və köməkçi fellə işlənmiş baş, sonra isə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış nəticə budaq cümləsi işlənmişdir. Di­a­loqun qarşı tərəfini təşkil edən nitqdə isə (Tarverdinin nitqində) “A başına dö­nüm, onda mənə qız gəlmirdi” cümləsi işlənmişdir. Bu cümlənin yarımçıqlığı, bir kom­ponentinin çatmadığı aşıq-aşkar hiss olunur: hansı halda? nə zaman? sualı or­ta­­ya çıxır. Bunun cavabı isə Divanbəyinin “sənə qorxaq deyəndə” ifadəsindədir.

Bayram→Divanbəyi dialoqunda əlaqələndirmə möhkəm olduğu halda, Di­van­bəyi→Tarverdi dialoqunda əlaqələndirmə zəifdir. Bunu müəllifin ob­raz­ya­rat­ma üslubu ilə bağlamaq olar.

Mürəkkəb cümlə komponentlərinin müasir ədəbi dil baxımından yer­də­yiş­mə­si kimi anlaşılma halları da müşahidə olunur:

“Divanbəyi. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdlikdə təq­si­rini iqraq elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş elə­mə!”

Bu dördkomponentli cümlənin tərəfləri arasında (1-ci və 3-cü, 3-cü və 4-cü kom­ponentləri arasında) qarşılaşdırma əlaqəsi var: Sən çox pis iş eləyibsən, amma mən sənin günahından keçirəm. Mən sənin günahından keçirəm, amma bundan son­ra belə iş eləmə. 2-ci komponentin iki bağlayıcı ilə − həm tabesizlik (amma), həm də tabelilik (çünki) bağlayıcısı ilə başlaması da maraqlıdır. Burada Di­van­bə­yi­nin özünəməxsus ifadə tərzi ilə “amma” deməsi; bir qədər fasilədən sonra mü­a­sir ədəbi dildəki indi ki bağlayıcısının müqabiində işlənən çünki sözünü işlətməsi nə­zərdə tutulan fikri oxucu üçün daha aydın edir: “Çünki (indi ki) mərdliklə təq­si­ri­ni iqrar elədin, mən sənin günahından keçirəm” deməklə Divanbəyi sanki Bay­ra­mın qarşısında şərt qoyur. Belə olduqda birinci tərəf şərt budaq cümləsi, ikinci isə baş cümlə kimi anlaşılır. Halbuki budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağ­lanmışdır. Əgər bu cümlə müasir ədəbi dildəki səbəb bağlayıcısı çünki kimi an­laşılsa və səbəb budaq cümləsi hesab olunsa, gərək cümlə bu şəkildə işlənə: Mən sənin günahından keçirəm, çünki mərdliklə təqsirini iqrar elədin. Halbuki bu cüm­lənin tərəfləri arasında inversiya yoxdur.

Əslində şərt anlayışı yaransa da, cümlədə səbəb və nəticənin olması daha qabarıqdır. Birinci komponentdə səbəb (çünki mərdliklə təqsirini iqrar elədin), ikinci komponentdə isə nəticə (mən sənin günahından keçirəm) olduğu daha aydın görünür. Bunun nəticə budaq cümləsi hesab etmək olmaz, çünki asılı tərəfdə (birinci komponentdə) səbəb var. Müasir ədəbi dildə indi ki şərt bağlayıcısı kimi qəbul edilsə də, hər halda əgər, hərgah bağlayıcıları ilə tam sinonimlik yaratmır. Ona görə də yeri gələndə məna baxımından səbəb anlamı da verə bilir.

Azərbaycan dilinin şifahi xalq ədəbiyyatı nümunələrində də indi ki//çünki paraleli müşahidə olunur. “Koroğlu” dastanının müxtəlif variantlarında indi ki//çünki paraleli bu şəkildədir:



  1. İndi oldıy dəgirmançi,

Hey çağır sən dən, Koroğlu (“Koroğlu”, Bakı, “Folklor İnstitutu”, 2009, səh. 47)

  1. Çünki oldun dəyirmançı,

Çağır gəlsin dən, Koroğlu (“Koroğlu”, Bakı, “Gənclik”, 1982, səh. 125)

M.F.Axundzadənin əsərindən verilən nümunədə olduğu kimi, burada da indi ki//çünki bağlayıcıları sinonim variant kimi çıxış edərək birinci cümlədə səbəb, ikin­ci cümlədə isə nəticə anlayışını yaratmışdır. Asılı tərəf səbəb anlamında ol­du­ğu üçün bu cümlələr səbəb budaq cümləsi hesab olunur.

Bu müqayisəyə nəzər saldıqda M.F.Axundzadənin əsərindəki cümlənin “çün­ki təqsirini iqrar elədin” komponentinin səbəb budaq cümləsi, “mən sənin gü­na­hından keçirəm” komponentinin isə baş cümlə olduğu anlaşılır.

“Tarverdi. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz de­məsinlər, qulluğa getdim” – cümləsində 1-ci və 2-ci komponentlər tərəfləri bir-bi­rinə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm­lə­dir, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir (mənə dedilər ki, qor­xaq­san). 3-cü, 4-cü komponentlər isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir: “mən də qorxumdan ki mənə ürəksiz deməsinlər” komponenti səbəb budaq cüm­lə­si, “qulluğa getdim” komponenti isə baş cümlədir. Tərəflər bir-birinə intonasiya ilə bağlanmışdır. Burada işlənən ki ədatı bağlayıcı vasitə olmasa da, cümlənin oxu­nuşunda və anlaşılmasında xüsusi rol oynayır.

M.F.Axundzadə personajların dili ilə müxtəlif xarakterli obrazlar yarat­mış­dır. Dil, cümlə quruluşu, fikrin ifadə tərzi oxucuya çox mətləbləri, mənəvi keyfiy­yət­ləri aşılamış olur. Bu cəhətdən Pərzadın dili ilə verilmiş cümlələr daha dolğun və tamdır: “Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər mə­ni ona verməli olsalar, şəksiz özümü öldürrəm!”

Bu cümlə quruluşu müasir Azərbaycan ədəbi dilində işlənən mürəkkəb cümlələrdən heç də fərqlənmir. Birinci cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləsi, ikinci cümlə əgər şərt bağlayıcısı və -sa şərt şəkilçisi ilə baş cümləyə bağlanmış şərt budaq cümləsidir.

Monoloji və dialoji nitqdəki cümlə modellərinin mətni sintaksisi semantik-sintaktik aspektdə daha düzgün anlaşılır. Bu cəhətdən mətni mürəkkəb cümlələrin tədqiqi vacib məsələdir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin