AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə13/16
tarix17.01.2017
ölçüsü1,08 Mb.
#581
1   ...   8   9   10   11   12   13   14   15   16

İ.M. TAHİROV
QLOBALLAŞMA VƏ DİL: AZƏRBAYCAN DİLİNİN

QORUNMAĞA EHTİYACI VARMI?
Açar sözlər: dil, qloballaşma, Azərbaycan dili, KİV

Key words: language, globalization, the Azerbaijani language, mass media

Ключевые слова: язык, глобализация, азербайджанский язык, СМИ
XX yüzilliyin sonu və XXI yüzilliyin qovşağında dünya “qloballaşma” adlanan prosesin təsirini üzərində hiss edir. Dünyanın elmi və digər ədəbiyyat nümunələrində, kütləvi informasiya vasitələrində “qloballaşma” termini müxtəlif cür izah olunur və bu izahlar o qədər rəngarəngdir ki, onlar bəzən bir-biri ilə daban-dabana ziddiyyət təşkil edir. Buna baxmayaraq, bir şey şübhəsizdir: qloballaşma çağdaş dünyanın iqtisadiyyatı, siyasəti, mədəniyyəti və kütləvi informasiya vasitələri üçün açıq-aşkar reallığa çevrilmişdir.

Qloballaşma şəraitində artıq bir neçə onillikdir ki, dünyada universal ünsiyyət vasitəsi olaraq ingilis dili çıxış edir. Bunu müasir dünyada sənədləşmədə, ədəbiyyatda, elmi forumlarda, müxtəlif formatlı siyasi və iqtisadi danışıqlar prosesində görmək olar. Və əlbəttə ki, müasir dünyanı hörümçək toru kimi sarmış İnternet özünün ilkin ingilisdilli leksikası ilə də buna əyani nümunədir. Dünya tarixi beynəlxalq ünsiyyət vasitəsi kimi bu və ya digər dilin liderliyindəki dəyişməni nümayiş etdirir. Yadımıza salaq, antik dövrdə yunan dili, sonra Avropada latın dili, Asiyada ərəb dili, XIX yüzillikdə fransız dili belə missiya yerinə yetirmişdi. XX yüzillikdə isə ingilis dili.

Heç şübhə yoxdur ki, yaşadığımız dünya gündən-günə daha çox qloballaşan bir məkana çevrilir və bu fenomenin hərəkətverici qüvvəsi internet, peyk tele­vi­zi­ya­sı, mobil telefon və saysız-hesabsız informasiya kommunikasiya vasitələrinin mey­dana çıxmasıdır. Qloballaşma elə bir prosesdir ki, onun sürətlə genişlənməsi min­lərlə dilin söykəndiyi təməlləri sarsıtmağa yönəlib. Çağdaş dövrdə müşahidə edi­lən tendensiya ondan ibarətdir ki, qloballaşma milli dillərin özünüqoruma ref­leks­lərini inkişaf etdirmək, qlobal şəbəkələr erasının, yeni iqtisadiyyat və İnter­ne­tin “linqva franka” statusunu qazanmış, siyasi, iqtisadi, mətbuat, reklam, radio, te­le­viziya, turizm, kommunikasiya sistemləri, təhlükəsizlik, elm və təhsil sahəsində do­minat mövqeyə sahib olan ingilis dilinin hərtərəfli təzyiqinə və “işğal”ına qarşı da­yanma strategiyalarını işləyib hazırlamaq problemini ortaya qoymuşdur. Bu prob­lem yalnız Azərbaycan kimi müstəqilliyini yeni qazanmış gənc dövlətləri de­yil, dünyada oturuşmuş iqtisadiyyata, dünya siyasətinə təsir gücünə sahib olan Çin, Almaniaya, Fransa, Rusiya və b. ölkələri də narahat edir.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin vəziyyəti cəmiyyəti narahat edən məsələlərdəndir. Cəmiyyətin dil məsələsi ilə bağlı narahatlığının əhatə dairəsini təxminən belə cızmaq olar: Azərbaycan dilində səlis danışanların sayının azalması, Azərbaycan dilini bilmə səviyyəsinin pisləşməsi, Azərbaycan ədəbi dilinin yad ünsürlərin hesabına kifayət qədər zibillənməsi, onların üzə çıxarılması və qarşısının alınması, mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, elmi, bədii və publisistik əsərlərin tərcüməsinin sönük və yarıtmaz olması, reklam və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması və bir sıra digər mənfi hallar.

Bütün bunlar xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə edilir: dilimizi qoru­ma­ğa ehtiyac varmı? Müzakirələrin çoxçaxəli və coşğun olmasını mətbuatdan, televi­zi­ya və radio kanallarından müşahidə etmək mümkündür. Müşahidələr göstərir ki, mü­za­kirənin aparılma istiqamətini genişləndirmək və onu həm ölkədaxili kontekst­də, həm də qloballaşma müstəvisində yanaşmaq lazımdır.

Qloballaşmanın iki aspekti barədə bəhs edilir. Bunlardan biri hadisələrin obyektiv, təbii gedişidir. İkincisi isə süni aspektdir ki, bu, siyasi, iqtisadi şərait və ideologiya vasitəsilə yeridilir. Hər bir millət özünün dilini, mədəniyyətini, tarixini qorumaq üçün qloballaşmanın süni şəkildə gedişinə təsir göstərməli, onun gedişini zəif­lətmək istiqamətində, bu nə qədər çətin olsa belə, addımlar atmalıdır. Cəmiy­yə­tin virtuallaşması, qloballaşmanın sürəti dilin inkişafına öz təsirini göstərdiyi ki­mi, dilin inkişafını və dəyişməsini də sürətləndirir. Bütün bunlar dillərin və dillə­r­a­­rası əlaqələrin inkişafında ümumi qanunauyğunluqların meydana çıxmasına sə­bəb olur. Dildəki dəyişmələr və inkişaf təkcə linqvistik yönümdən deyil, eyni za­man­da cəmiyyətdə və dünyada baş verən sosial, siyasi və iqtisadi meyillər yö­nü­mün­dən müzakirə edilməlidir.

Problemin dərk edilməsi üçün dilin tətbiqini tənzimləməyə imkan verən sa­hələrə bölmək vacibdir. Tənzimlənməyə imkan verən sahələri elmi tədqiqat iş­ləri, qanunvericilik fəaliyyəti, işgüzar yazışma, KİV-in dili kimi sahələrə olar. Tənzimlənmək imkanından kənarda qalan sahələrə dildən məişət səviyyəsində gündəlik istifadə, sosial şəbəkələri daxil etmək olar. Tənzimlənməsi mümkün olan sahələr üçün “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbacan Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir.

Dövlətlərin təhsil siyasəti dillərin fəaliyyəti üçün taleyüklü nəticələrə səbəb ola bilər. Xarici dillərdə tam və ya qismən təhsil verilməsi, nə qədər mütərəqqi ad­dım olsa belə, milli dillərin elm və təhsildə rolunu qoruyub saxlamağa yönəlmiş ad­dım­lardan saymaq çətindir. Gündəlik danışıq, ədəbi və elmi dil arasında qar­şı­lıq­lı əlaqənin mövcudluğu məlum həqiqətdir. Əgər milli dil elmi sahədən geri çə­ki­lirsə, onun digər mövcudluq formaları da kasıblaşır, sıradan çıxır.

Azərbaycanda dil quruculuğu dövlətin strateji cəhətdən mühüm problemlə­rin­dəndir. Dil quruculuğunun həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kə­nar­da rəvan getməsi üçün vacib olan tərəfləri vardır.

Ölkə daxilində dil quruculuğu məsələləri daha ciddi xarakter daşımalıdır. Bu­ra ölkədə təlimin ilk pilləsindən, yəni məktəbəqədər səviyyədən ali məktəb sə­viy­yəsinə qədər dilin öyrədilməsini təmin edən ciddi iyerarxiya sisteminin ya­ra­dıl­ması daxil ola bilər. Bu zaman hər bir pillə üçün dilin saflığının saxlanılmasına yö­nəlmiş ciddi tələblər işlənib hazırlanmalıdır. Ölkə daxilində Azərbaycan dilini qo­rumağa ehtiyac varmı? Əgər varsa, onda sual doğur: Dili kimdən qoruyaq? Hə­min dildə danışanlardanmı? Belə çıxır ki, dilimizi özümüzdən qorumalıyıq. Mə­lum həqiqətdir ki, dil bizim özümüzü əks etdirir. Başqa sözlə, biz necə varıqsa, sə­viy­yəmiz necədirsə, dilimiz də onu göstərir. Əgər dildə bizi qane etməyən nəyinsə baş verməsi bizi narahat edirsə, onda dillə yox, özümüzlə bağlı baş verən pro­ses­lər­lə məşğul olmaq lazımdır. Ona görə də, dilimizi qorumağa yox, öz səviyyəmizi qal­dırmağa çalışmalıyıq. Sözün geniş mənasında savadsızlıqdan, biliksizlikdən qur­tulmalıyıq. Məhz savadsızlıq ümumi mədəni səviyyəni aşağı düşürür. Təsadüfi de­y­ildir ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun is­ti­fadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azər­bay­can Respublikası Preziden­ti­nin Sərəncamında mətbuat orqanlarında, radio və te­leviziya kanallarında ədəbi dil normalarının, reklamlar və afişalarda Azərbaycan di­linin leksik və qrammatik qaydalarının pozulması kimi halların “təkcə dil mə­də­niy­yətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə” çev­ril­mə­si olaraq səciyyələndirilmişdir.

Dil mədəniyyətinin KİV-də, xüsusilə televiziyada, qəzet mətbuatında aşağı düş­məsinin müxtəlif səbəbləri vardır. Bu səbəblər üzündən son vaxtlarda Azər­bay­can dilinin jarqon ifadə və əcnəbi alınmalarla zibillənməsi barədə danışılır. KİV-in, xüsusilə müstəqil qəzetlərin dilinin ümumi etik məsələləri (kobudluq, ba­ya­ğılıq, həbsxana-dustaq jarqonu və s.) barədə daim müzakirələr gedir.

Bəzi nümunələrə diqqət yetirək: Bakida 30 kriminal avtoritet həbs olundu, (http://www.azpolitika); “Zon”dakı “razborka”lar... (http://azadliq.info); Son həf­tə­lərdə də “Kurtlar vadisi”ni hərləyirdilər (http://azadliq.info), Tele ka­na­li­za­si­ya­lar virus mənbəyi kimi ((http://qubalilar.biz/mehman-memmedov-tele-kanalizasiyalar-virus-menbeyi-kimi-196y.html))



  1. Mən təkrarçılıq olmasın ... içindəki nifrətin mənbəyini az-çox başa dü­şü­rəm. Ancaq hər söz başı, işlətdiyi ...... ifadələr göstərir ki, bu adam xəstədir, man­yak­dır. Nifrətin, qəzəbin də bir həddi var. Beləsindən nəinki yazıçı, ziyalı, heç adam da olmaz. Bu yekəbaş, zırrama deyir ki:.... Tam səmimi deyirəm ki, hər cürə zır­rama, yekəbaş görmüşəm, ancaq zırramalığın, yekəbaşlığın bu "doza"sına ilk də­fədir ki, rast gəlirəm. Bu tin uşaqlarının danışıq tərzidir. Bu qədeş düşüncəsi, ca­­yıl təfəkkürü ilə Alı Əkbər Avropanın nəyinə lazımdır..? ((http://www.m5pressa.com/haber-6834-Bu-qdes-tfkkuru-il-li-kbr--Avropanin-nyin-lazimdir.html))

Belə halların meydana çıxması ilə bağlı aparılmış sosioloji sorğularda, müzakirələrdə ilk sırada göstərilən səbəblərdən biri budur ki, dəyişikliklər və təhsil sisteminin birindən digərinə keçid dövründə formalaşmış insanlar bu sahələrə axın etmişlər. Bu axın xeyli qeyri-peşəkarı mətbuat sahəsinə gətirmişdir. Qeyri-peşəkarlıq və dilin qayda-qanunlarına nabələdlik, eləcə də ümumi mədəni səviyyənin aşağı olması həmin qeyri-peşəkarların fəaliyyət göstərdiyi mətbuat orqanlarının dilində də əksini tapmışdır.

Dilin qayda və qanunlarından xəbərsizlik ona gətirib çıxarır ki, heç bir zəruri ehtiyac olmadan mətbuatda əcnəbi sözlərdən istifadə olunur. Bu zaman mətbuatın dilində Eurovision, Embawood, Star city, Michael, Human Rights Watch, Gabriel Garcia Marquez, Facebook, The New York Times, Volkswagen, Hyatt Regency kimi əcnəbi sözlər yalnız dırnaq içərisində yazılmaqla güya dil normalarına uyğunlaşdırılır. Bu, onu göstərir ki, belə qaydanı tətbiq edən mətbuat orqanlarında fəaliyyət göstərənlər xarici dillərdəki xüsusi adların Azərbaycan dilində verilməsindən ümumiyyətlə xəbərsizdirlər.

Vəziyyət elə bir həddə çatıb ki, alınma sözlərin dilimizin qayda-qanunlarına zidd olan bu cür yazılışlarda bəzən müasir türk dilində olduğu kimi xüsusi isim­lər­də hal şəkilçilərini ayırmaq üçün apostrof işarəsindən də isifadə edilir. Məsələn: Azad­lıq.org belə yazır: Ermənistan müxalifəti H.Clinton'dan narazı qaldı; Clinto­n­'un rəyi çox vacibdir (http://www.azadliq.org/ content/ article/24608743.html).

Mətbuat nümayəndələri bilməlidirlər ki, Azərbaycan dilinin dil norrmalarının dəyişməsində fəal proseslər məhz KİV-də baş verir. KİV-in dilinin həyat və fəaliyyətimizlə bağlı daima dəyişməkdə olan reallıqlara daha tez uyğunlaşması, insanların şüuruna və davranışlarına təsiri ilə xarakterizə olunur. Sosial şərait və mühitin dəyişməsi isə insanların özünün dəyişməsinə, nəticədə isə dilin dəyişməsinə səbəb olur.

Ölkə hüdudlarından kənarda Azərbaycan dilinin dünya məkanına daxil ol­ma­sı probleminin aspektləri nəzərə alınmalıdır. Bu zaman Azərbaycan dilinin bey­­nəlxalq ünsiyyət vasitəsinə çevrilməsinin nəzəri və praktiki yönləri işlənib ha­zır­lanmalıdır. Azərbaycan dilinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, iq­ti­sa­diyyatı, siyasəti, bir sözlə, Azərbaycanla maraqlanan insanların ünsiyyət va­si­tə­si­nə çevrilməsi üçün onun xaricdə öyrənilməsini stimullaşdıran zəruri proq­ram­la­rın, vəsaitlərin, elektron dərslik və digər vasitələrin yayılmasına və təbliğinə geniş im­kan yaratmaq, Azərbaycan dilinin xarici dil kimi təbliği və öyrədilməsi üçün qrantlar təsis etmək, müsabiqələr, festivallar konfranslar və digər tədbirlər ke­çir­mək lazımdır. Bu sahədə dilin qorunmasına dövlət qayğısı lazımdır.

K.A. VƏLİYEVA
EHTİMALİ-STATİSTİK METODLARIN

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ TƏTBİQİ
Açar sözlər: Ehtimal metodları, riazi statistika, tezlik lüğəti

Ключевые слова: частотные словари, вероятностный метод, вы­бо­ро­ч­ный метод, математическая статистика

Key words: frequency word-book, probabilistic methods, sampling method, mathematical statistics
Statistik metodların dilçilik tədqiqatlarında istifadəsi hələ 1905-ci ildən məşhur dilçi İ.A.Boduen de Kurtene tərəfindən irəli sürülmüş, ondan sonra A.M.Peşkovskiy, M.N.Peterson, E.D.Polivanov, V.V.Vinoqradov və s. alimlər davam etdirmişlər. 1938-ci ildə Vinoqradovun dildə tezlik göstəricilərinin rolu haqda mülahizəsi böyük maraq doğurmuşdur. “Müasir rus dili” kitabında o yazır ki, “müxtəlif kitab üslublarında və danışıqda, o cümlədən bədii ədəbiyyatda müxtəlif üslub və janrlarda sözlərin işlənmə tezliyi müxtəlifdir. Bu müxtəlifliklər, üslublar arasındakı struktur-qrammatik və eləcə də semantik fərqləri tədqiqat prosesində üzə çıxarmaqda kömək edir (1, 155-156).

Bu barədə V.V.İvanovun fikri ilə razılaşmaq olar ki, sözlər, hecalar və fonemlər arasındakı kəmiyyət münasibətlərinin tədqiqi dillərin təsnifatının tarixi aspektdə öyrənilməsinə zəmin yaradır. Misal üçün dildə təkhecalı sözlərin orta uzunluğu morfemlərə ayrılmırsa, bu tipli dillər musiqi vurğulu dillərə mənsub olur (vyetnam, klassik çin, mərkəzi Afrika dillərindən bəziləri və s.)... Digər mövcud qanunauyğunluqlardan biri də fonemlərin sayı ilə morfemlərin uzunluğu arasındakı əlaqədir. Misal üçün abxaz dilinin bzib şivəsində 81 fonem vardır. Bu asılılıqları da tarixi müqayisəli dilçilikdə dillərin müqayisəli-tipoloji səpgidə öyrənilməsində tətbiq etmək olar (2, 176-177).

Müşahidələr göstərir ki, sözdəki fonemlərin sayı (həm fonoloji və həm də struktur-semantik cəhətdən) morfemlərin keyfiyyətinə təsir edir (3,8). Bundan başqa dilləri kəmiyyətcə öyrənərkən aşkar olunur ki, dildəki elementlərin tezliyinin müxtəlifliyi müəyyən statistik qanunauyğunluqlarla bağlıdır. Bu sahədə aparılan tədqiqatlarda A.A.Markovun XIX-XX əsrlərdəki yazıçıların əsərlərində işlənən ümumişlək sözlərin orta tezliyinin müəyyənləşdirib müəllifləri bir-biri ilə müqayisə etməklə maraqlı nəticələrə gəlməsidir (4,142). Müşahidələr göstərir ki, dilçilik ədəbiyyatında statistik metoddan istifadədə də üstünlük tezlik lüğətlərinin tərtibinə verilmişdir. Tezlik lüğəti haqqında qısa məlumat verək.

Tezlik lüğətləri adı altında xüsusi tip lüğətlər nəzərdə tutulur. Burada adi iki dilli lüğətlərdən fərqli olaraq sözlərin siyahısı və onun ixtiyarı seçilmiş mətnlərdəki işlənmə tezliyi göstərilir.

Dilçiliyə statistik metodların tətbiqi mətnlərdə sözlərin işlənmə tezliyinə əsasən tərtib olunmuş tezlik lüğətlərin meydana gəlməsi ilə başlandı. Dünya dilçiliyində ilk statistik lüğət 1898-ci ildə tərtib edilmiş alman dilinin tezlik lüğətidir (5,113). Müəllif bu lüğətin tərtibi üçün 11 mln. sözdən ibarət mətnlər seçmişdir. Bundan sonra yüzlərlə müxtəlif sistemli dillərin tezlik lüğətləri meydana gəlmişdir. Bu lüğətlərin geniş tərtibatı və tarixi Frumkina (6, 5-8) tərəfindən verildiyindən burada onun şərhinə ehtiyac duymadığımızdan, yalnız Azərbaycan dilçiliyində statistik üsulla aparılan tədqiqatları nəzərdən keçirəcəyik.

Qeyd etməliyik ki, tərtib edilmiş tezlik lüğətlərinin dəqiqliyi mətnlərin həcm və seçimlərindən asılıdır. Bu seçim aşağıdakı elementar statistik düsturla təyin olunur.

Burada N – sistemin həcmi

 – nisbi xəta

P – tezlik

Zp – konstata

Lakin əksər lüğətlərdə həcm seçimi üçün bu düsturda istifadə edilmir. Adətən müəlliflər intuisiya yolu ilə həcmi müəyyənləşdirməklə məhdudlaşırlar.

Ehtimal nəzəriyyəsində seçim – ümumi  çoxluğundan ehtimal metodları ilə seçilmiş obyektlərdən ibarət, sonlu altçoxluqdur. S-dəki obyektlərin sayı seçimin həcmi adlanır. Əksər hallarda statistik seçim və seçimi təşkil edən obyektlərin xarakteristikalarının qiymətlər toplusu eyniləşdirilir. Obyektlər toplusunun (məs., istehsalatda ədədi məlumatları, demoqrafiyada əhaləni araşdırmaq üçün statistik seçimlərin yaradılmasında müxtəlif ehtimali metodlar istifadə olunur (seçim araşdırma metodu bax. Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası, s. 2010, s. 803-804).

Qaytarmamaq şərtilə təsadüfi seçim -  -dan ixtiyari qaydada obyektlərin bir-bir ardıcıl surətdə götürülməsi ilə aparılır və seçilmiş obyektlər sonrakı seçmədə iştirak etmir, seçilməmiş bütün obyektlər sonrakı seçmədə iştirak etmir, seçilməmiş bütün obyektlərin seçilməsi ehtimalları eyni hesab olunur.  n elementli çoxluqdursa, onda qaytarmamaq şərtilə v həcmi seçimlərin sayı n (n-1) ... (n –r +1), (1  r  n) olacaqdır. Bu halda n elementli çoxluqdan r həcmli seçim qaytarmamaq şərtilə sxemi üzrə aparılır.

Qaytarmaq şərtilə təsadüfi seçim - -dan ixtiyari qaydada seçilən obyektlər hər dəfə məhz bu çoxluqdan götürülür. Belə ki, eyni bir obyekt təkrar götürülə bilər.  n elementli çoxluq olarsa, qaytarmaq şərtilə n həcmli seçimlərin sayı

n

.n... n = n

r dəfə

olacaqdır. Bu halda n elementli çoxluqlar r həcmli seçimi qaytarmaq şərtilə sxemi üzrə aparılır.

Əgər seçimdə hər bir obyektin hər hansı bir qaydadan asılı olmadan eyni p ehtimalı ilə seçilməsi qərarı qəbul edilirsə, onda alınan statistik seçim binominal seçim adlanır. Riyazi statistikada sonlu sayda obyektlərdən ibarət çoxluqlardan statistik seçimlərlə yanaşı, sonsuz çoxluqlardan ibarət seçimlərə də baxılır. Bax seçim metodu (7, 801-802).

R.M.Frumkinaya görə həcmi müəyyən seçimlə əsaslandırılmış lüğətlərdən Qarsiya Os tərəfindən hazırlanmış ispan dilinin lüğəti və Yosselsonun rus dilinin tezlik lüğətidir. 100 000 sözdən ibarət bu lüğətlər haqqında geniş məlumatı Frumkinanın yuxarıda adı çəkilən kitabından almaq olar. Leksikanın statistik metodla öyrənilməsində ən önəmli məqamlardan biri “Sipf qanunu” ilə tezliyin empirik asılılığının öyrənilməsidir.

Pr = k r Y

Burada r – siyahıda sözün azalan tezliyinin nömrəsidir.

Pr – r nömrə altında sözün nisbi tezliyi.

K, Y – isə sabit parametrlərdir (3, 16).

Azərbaycan dilçiliyinə gəlincə isə burada statistik metodla yazılı abidələrin öyrənil­məsi və uyğun tezlik lüğətlərin hazırlanması qarşıya məqsəd qoyulmuşdu.

Məlumdur ki, statistik yolla linqvistik materialların araşdırılması, yazılı abidələrin öyrənilməsi tədqiqatçıdan yüksək dəqiqlik tələb edir. Bu istiqamət üzrə Azərbaycan dilçiliyində 60-cı illərdə tədqiqatlar aparılmış, müasir Azərbaycan dili saitlərinin ümumi statistik təhlili edilmişdir. Kök və şəkilçilərdə işlənən saitlərin nisbəti araşdırılmış, sözün axırında, əvvəlində, ortasında işlənən saitlərin faiz göstəriciləri uyğun cədvəllərdə əks olunmuşdur (10, 18-20).

Dialektlərdə fonemlərin sözlərdəki mövqeyi ilk dəfə olaraq A.H.Vəliyev tərəfindən statistik metodla tədqiq edilmişdir (11, 44-57).

Klassik ədəbi irsimizdən yalnız Molla Vəli Vidadinin əsərlərindəki leksik vahidlərin işlənmə tezliyi müəyyənləşdirilmişdir (12).

Qeyd etməliyik ki, böyük zəhmət tələb edən bu statistik məlumatlar maşınsız, yalnız əl üsulu ilə görülmüşdür.

Azərbaycan dilçiliyində ilk dəfə olaraq 1979-cu ildə EHM vasitəsilə qəzet materialları əsasında “Azərbaycan dilinin tezlik lüğəti” tərtib olunmuşdur (13). Bu lüğətdə ikidilli lüğətlərdən fərqli olaraq lüğəvi vahidlərin mənası deyil, onun mətndə işlənmə tezliyinin göstəricisi qeyd olunmuşdur. Son illərdə tezlik lüğətinin elektron versiyası tərtib olunmuşdur (14). Bu lüğətin annotasiyasına nəzər saldıqda onun tərtibi üçün “Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuşdur. Elmi, bədii, publisistik, rəsmi, məişət və s. üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlığına imkan yaratmışdır. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur (14, 2).

Türkologiyada ilk dəfə tərtib olunmuş bu lüğət sanballılığı ilə seçilir və leksikanın statistik modeli kimi nəzəri və tətbiqi dilçiliyin, ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həlli üçün əvəzsiz mənbə rolunu oynayır. Bundan başqa, Azərbaycan dilçiliyində Azərbaycan dilində söz formalarının statistik distributiv təhlili qrafem və fonem səviyyəsində tədqiq edilmiş, onların mətndə işlənmə tezliyi müəyyənləşdirilmişdir (15).

Qeyd etməliyik ki, bütün bu məsələlərin daha asan həlli üçün elektron hesablayıcı maşınların köməyindən istifadə olunur.


Ədəbiyyat


  1. Виноградов В.В. Современный русский язык, вып. 1, М., 1938, стр. 155-156.

  2. Иванов В.В. Некоторые проблемы современной лингвистики – На­ро­ды Азии и Африки, 1963, 4.

  3. Головин Б.Н. Из курса лекции по лингвистической статистике. Горь­кий, 1966, стр. 8.

  4. Марkов А.А. Об одном применении статического метода. Изв. имп. Акад. Наук, 1916, 6-ая серия, Х.И. стр. 242 (Çıxarış Qolovinin yuxarıda adı çəkilən əsə­rindən götürülmüşdür. Bax.: Yenə orada, s. 9).

  5. Kaeding F. Häufigeitswörterbuch der Deutschen Sprache Steiglizbei Ber­lin, 1898. (Ədəbiyyat aşağıda adı çəkilən müəllifin kitabından götü­rülm­üş­d­ür. Bax: s. 113).

  6. Фрумкина Р.М. Статические методы изучения лексики. М., 1964, стр. 5-8.

  7. Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası, B., 2010, s. 798, s. 801-802.

  8. Garcia Hor.Vocabulsrio usual, comuny fundamental. Madrid, 1953.

  9. Josselson H. The Russian word count. Detroit, 1953.

  10. Ахундов А.А. Некоторые вопросы применения прикладной ма­те­м­а­ти­­чес­кой лингвистики к тюркским языком (на материале азер­байд­жанс­ко­го язы­ка) – В кн. «Питание прикладной лингвистики» Чернову, 1960, 18-20; Axun­dov A.A. Riyazi dil­çilik. B., 1979.

  11. Vəliyev A.H.Azərbaycan dialektologiyasında praktikum. B., ADU, 1978; Ве­лиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД. Б., 1975, стр. 44-57.

  12. Ахмедов Ф.З. Язык М.В.Видади АКД, Б., 1978; Əhmədov F.Z. Azər­bay­can di­li tarixi leksikologiyanın tədqiqində tezlik lüğətlərinin rolu (Vidadi şeir­lə­rinin sözlüyü əsa­sında) Azərb. EA “Xəbərləri” Ədəbiyyat, dil və incəsənət se­ri­ya­sı, 1, 1983.

  13. Vəliyeva K.A., Mahmudov M.Ə. Pines V. Azərbaycan qəzet dilinin tez­lik (söz kök­ləri) lüğəti. B., 2004

  14. Mahmudov M.Ə., Fətullayev Ə., S. Məmmədova, Fətullayev, R.Hü­seyn­li, B.Talıbov, G.Əzimov, N.Abdullayev. Azərbaycan dilinin tezlik lüğəti (söz kök­lə­ri). I cild. B. 2010.

  15. Рахманов Дж. Ф. Статистико-дистрибутивный анализ азер­байд­жанс­кого текс­та (на уровне графем и фонем). Автореферат канд. дисс. Б., 1981.


AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ VƏ TƏRCÜMƏ



S.Ə. ABDULLAYEVA
İNNOVATİV İNKİŞAFLA ƏLAQƏDAR AZƏRBAYCAN DİLİNİN XARİCİ DİL KİMİ ÖYRƏDİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ
Açar sözlər: Azərbaycan dili, beynəlxalq standartlar, xarici dil, tədris

Ключевые слова: Aзербайджанский язык, международные стандарты, инос­тран­ный язык, обучение

Key words: the Azerbaijani language, international standarts, a foreign language, teaching
«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun isti­fa­dəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azər­bay­can Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı Azərbaycan Res­publikasının dövlət dili olan Azərbaycan dilinin inkişafının dövlət siyasətinin ay­rılmaz hissəsi olmasının bariz nümunəsidir. Sərəncamda deyilir: «Azərbaycan di­li xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz tə­məli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir». Prezidentimizin sə­rəncamında Azərbaycan dilinin dövlətçiliyimizin başlıca rəmzlərindən biri kimi qiy­mətləndirilməsi qürur hissi doğurur.

«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun is­ti­fa­­­­dəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azər­bay­can Respublikası Prezidentinin sərəncamında dilimizin və dilçiliyimizin inkişafını tə­­min etmək məqsədi ilə Dövlət proqramının hazırlanması nəzərdə tutulur. Sə­rən­cam­­da dövlətimizin rəmzlərindən biri kimi ana dilimizin tədrisinə xüsusi diqqət ye­­­ti­rilir. Bunun üçün elektron və interaktiv dərsliklərin yaradılması və Azərbay­can di­lini öyrənmək istəyən xarici vətəndaşlar üçün tədris vəsaitlərinin hazır­lan­ma­­sı mə­sələsi bir məqsəd kimi qarşıya qoyulur. Proqramın qarşıya qoyduğu məq­səd­­­lə­rin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən dərs vəsaitlərinin, elek­­­tron və interaktiv dərsliklərin, danışıq, sorğu, məlumat kitabça­la­rının, minimum lüğətlərin hazırlanması, onların elektron versiyalarının yaradılması zə­ru­­ri­dir. Nə­zərdə tutulan tədbirlər daxilində beynəlxalq standartlara uy­ğun dərs­li­yin ha­­­­­­­­z­ır­lan­ması xüsusi əhəmiyyət kəsb edir.

Dərsliyin Avropa Şurası tərəfindən qəbul olunmuş metodik göstərişlərə uy­ğun tərtib olunması nəzərdə tutulur ki, bu da onun yüksək səviyyədə ya-zılacağına tə­minat verir. Bu layihənin diqqət çəkən məqamı odur ki, artıq Azərbaycan dilinin xa­rici dil kimi öyrədilməsi üçün şərait yetişmişdir.

Struktur-semantik cəhətdən bu dərslik ənənəvi təlim vasitəsi kimi ümüm­təh­sil standart və proqramlarına uyğun olaraq tədris materialının sistemli şəkildə iza­hı ilə xarakterizə olunmalıdır. Dərslik vasitəsilə həm tədris prosesi təşkil edilir, həm də dərsin mənimsənilməsi təmin edilir.

İnnovasion yanaşma xarici dillərin tədrisi və öyrədilməsi prosesində ob­yek­tiv ölçüyə gələn və kommunikasiya bacarığının formalaşma səviyyəsi şkalasına uy­ğunluq nəzərdə tutulur. Bu səviyyə şkalasına görə dil 3 səviyyədə - A1, A2, B1, B2, C1,C2 səviyyələrində öyrədilir. Bu cəhətdən dərslik, yuxarıda qeyd olunduğu ki­mi, mühüm əhəmiyyət daşıyır, belə ki, dərslik:

- istifadə olunan tədris materialları kompleksində daha sabit komponentdir;

- xarici dilin öyrədilməsi və tədrisində bütöv müəllif konsepsiyasını əks et­di­rir.

Dərsliyin modul quruluşuna malik olması nəzərdə tutulur. Burada modul dedikdə, təlimin qoyduğu məqsəd və tapşırıqlara görə Azərbaycaq dilinin praktik kursunun müəyyən məntiqi bitkinliyə malik olan bir bölməsi nəzərdə tutulur.

Hər bir modula ünsiyyətin bir mövzusu - situasiyası ilə birləşən bir neçə dərs daxildir.

Hər bir modulun əvvəlində biliklər – vərdişlər – bacarıq xətti üzrə onun məq­­səd və məzmunu müəyyənləşdirilir; burada biliklər və vərdişlər fənnin böl­mə­lə­­rinə (fonetika, qrammatika, leksika, üslubiyyat) görə fərqli, ancaq bacarıq his­sə­si nitq fəaliyyətinin bütün növləri (dinləmə, danışma, oxuma, yazma) üzrə veril­mə­­li­dir. Ayrı-ayrılıqda «təlim bacarığı» və bunun verilmiş modul çər­çivə­sin­də for­­ma­laşma dərəcəsi təsvir edilir. Bura dili ünsiyyət vasitəsi kimi inkişaf etdir­mək üçün sorğu kitabları, xüsusi lüğətlər, fonolaboratoriya, kompyuter proq­ram­la­rı və s. ilə müstəqil işləmək, öz nailiyyətlərini düzgün qiymətləndirmək bacarığı da­xil­dir.

Modulun quruluşu və məzmunu onun konkret məqsəd və vəzifələrindən ası­lı­dır. Müəllif dərsliyin bütün modullarını və onları təşkil edən dərsləri dəqiq və va­hid formada tərtib etməyi nəzərdə tutmalıdır. Bu modullardan hər birinin yerinə ye­ti­ril­məsi üçün saatların miqdarı tədris planı ilə müəyyənləşdirilməlidir.

Birinci modul bir semestr üçün nəzərdə tutulur, kompleks şəkildə giriş kur­sun­dan ibarətdir, sonrakı modullar əsas kursu təşkil edir.

Təlimin başlanğıc mərhələsində (giriş modulu) bütün qaydalar və onların izah­ları 2 dildə, həm rus dilində (və ya hər hansı xarici dildə), həm də sətiraltı tər­cü­mədə azərbaycanca verilir.

Hər bir dərs məhsuldar lüğət siyahısı ilə müşayiət olunur; burada bütün yeni söz­lə­rin mənaları və işlədilmə xüsusiyyətləri verilir.

Dərsliyin sonunda rus dilində qısa qrammatik materialın verilməsi nəzərdə tutulur; burada proqramda nəzərdə tutulmuş fonetik, leksik və qrammatik mövzularının məniməsnilməsi üçün zəruri olan məlumat verilməlidir.

Dilin müxtəlif aspektləri üzərində iş aşağıdakı kimi xarakterizə edilir:

A) kompleksliliklə – bir tərəfdən, ünsiyyətin müxtəlif vasitələrinə – fonetik, qrammatik və leksik normalara eyni zamanda yiyələnmək nəzərdə tutulur; digər tərəfdən, şifahi və yazılı ünsiyyət bacarığı formalaşdırılması həyata keçirirlir.

B) polifunksionallıqla - xarici dil həm təlimin məqsədi, həm də müxtəlif bilik səhələrində məlumat əldə etmək vasitəsi kimi nəzərdən keçirilir.

Son məqsədi mütəxəssisin mədəniyyətlərarası kommunikasiya bacarığının inkişafı olan dərsliyin hazırlanmasında aşağıdakılar innovasiondur:

- nitq qabiliyyətinin formalaşdırılmasında dil materialını mənimsəməklə tələffüzdə aksentin aradan qaldırılması;

- tədris materiallarının sosialinqvistik və sosiamədəni məzmununun nəzərə alınması;

- kommunikativ situasiyanı şəkillərlə əks etdirən oxu materiallarının olması;

- real ünsiyyətə həvəsləndirən çalışma və tapşırıqların üstünlük təşkil etməsi;

- xarici dildə şifahi və yazılı nitqin imkanlarını mənimsəyərkən təhsil alanla­rın ana dilindəki nitq təcrübəsindən istifadə etmək;

- müxtəlif mədəniyyətlərdə milli dəyərlər haqqında təsəvvürləri təhlil və dərk etməyi tələb edən tapşırıqlara meyl edilməsi.

Dərsliyin hazırlanması zamanı əsasən kommunikativ yönüm üstün tutulma­lı­dır, xüsusən:

- autentik mətnlərin üstünlüyü;

- dil öyrənənlərdə xüsusi maraq oyadan mətnlərin problematikasının rənga­rən­gliyi;

- şifahi və yazılı kommunikasiyaya alışdırmaq üçün mətnlərdən istifadə edilərkən balansın gözlənilməsi;

- dərsliyin tərtibatında qrafikadan istifadə edilməsi;

- ölkə haqqında informasiyasının seçilməsi, sistemləşdirilməsi, yüksək səviyyədə şərh edilməsi və onun dil öyrənənlər üçün anlaşıqlı olması;

- dərslikdə geniş şəkildə təqdim olunmuş mədəniyyətlərarası ünsiyyət situ­a­si­ya­la­rından istifadə etməklə tələbələrin maraq dairələrinin genişləndirilməsinə me­y­il;

- dərslikdəki tapşırıq və çalışmaların kommunikativ yönümünün yüksək sə­viy­yəsi; bu da özünü, hər şeydən əvvəl, məşq çalışmalarına nisbətən kom­mun­ika­si­ya yönümlü çalışmaların çoxluğunda, mahiyyət etibarilə fonetik, qrammatik və lek­sik vərdişlərin formalaşdırılması zamanı kommunikativ yönümə əməl edilmədə gös­tərir.

Azərbaycan dili dərsliyinin yaradılması zamanı verilmiş ünsiyyət si­tu­a­si­ya­la­rının rəngarəngliyinə (rəsmi və qeyri-rəsmi ünsiyyət normaları çərçi­vəsində), nitq fəaliyyətinin reseptiv və məhsuldar dil vahidlərinin fəaliyyət spesifikasının nə­zərə alınmasına, xüsusən də təhsil alanların kreativ bacarıqlarına təkan verən spe­sifik problem tapşırıqların yaradılmasına xüsusi diqqət yetiriləcək.

Dərsliyin tələbədə müstəqil işləmə bacarığını formalaşdırma meyli özünü aşa­ğı­dakılarda göstərir:

- dərsliyin məqsəd və məzmununun tələbə və müəllimlər üçün şərhlərlə mü­şa­yiət edilməsi;

- tələbələrin ölkəşünaslıqla bağlı informasiyalarının seçilmə və sis­tem­ləş­di­ril­­məsini nəzərdə tutan tapşırıqların olması;

- tələbələrin maraq və tələbatlarını nəzərə alan tapşırıqların daxil edilməsi;

- tələbələrin hər bir konkret dərsin materialını mənimsəmələri üçün zəruri olan, eyni zamanda əldə olunan biliklərin vərdişə keçmə ardıcıllığını müəyyən­ləş­di­rən tapşırıqların olması;

- əldə edilmiş nəticələrin tələbələr tərəfindən qiymətləndirməsini nəzərdə tutan tapşırıqların olması.

Xüsusi «qiymətləndirmə cədvəli» mövcuddur. Özünüqiymətləndirmə üçün yox­lama aparılır. Müxtəlif ünsiyyət situasiyalarında (dinləmə, danışma, oxuma və yazma) əsas kommunikativ bacarıq formalaşdırılması səviyyəsini müstəqil qiymət­lən­dirmək üçün XD bilik səviyyəsinə müvafiq parametr-deskriptorlar daxil edilir ki, bu aşağıdakı meyarlarla edilir:

- «Mən bunu asanlıqla edə bilirəm.»

- «Mən bunu edə bilirəm, ancaq çətinlik çəkirəm.»

-«Bu mənim məqsədimdir».

Refleksiv özünüqiymətləndirmə üçün tapşırıqlar, bir qayda olaraq, bu terminlərlə ifadə olunur: «Mən bacarıram…», «Mənə …lazımdır», «Ünsiyyət prosesində mənim çətinliklərim / problemlərim ….. ilə bağlıdır» və s. Məsələn:

Mənə müraciət olunan zaman tanış sözləri və çox sadə ifadələri başa düşürəm: a); b); c).

a) asanlıqla;

b) əgər mənim müsahibim asta-asta, aydın, fasilələrlə danışırsa;

c) pis başa düşürəm, mən öz üzərimdə işləməliyəm və s.

Bu dərslik mədəniyyətlərin qarşılıqlı öyrənilməsi zəminində yazılmalıdır. Be­lə hesab edirik ki, yeni layihə ilə yazılacaq bu dərslik Azərbaycan dilinin xarici dil kimi öyrədilməsində ilk addımlardan biri olacaq. Azərbaycan Respublikası Pre­zi­dentinin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» sə­rən­camın qarşıya qoyduğu məsələləri həyata keçirmək dilçilərin vəzifəsidir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin